Trabzonda “Qafqazın səsi-2”



Aprel ayının sonlarında Türkiyənin Trabzon şəhərində həyata keçirilən ikinci Beynəlxalq Trabzon Ədəbiyyat Festivalına (UTEF-2) qatılarkən ölkəmizin həmin şəhərdə daha bir uğurlu təmsilçiliyinin şahidi olduq. AYB-nin gənclərlə iş üzrə katibi Rəşad Məcidlə dinləyicisi olduğumuz musiqi proqramını həmyerlilərimiz hazırlamışdılar. “Qafqazın səsi-2” adlandırılan Trabzon konsert proqramı aprel ayının 24-də baş tutdu. Bu konsert proqramının həyata keçirilməsində 1992-ci ildən Türkiyədə çalışan musiqi estetikası üzrə fəlsəfə elmləri doktoru Babək Qurbanovun böyük əməyi olmuşdur. Hazırda Qaziaptep Universiteti Türk Musiqisi Dövlət Konservatoriyası qurumunda çalışan Babək müəllim işlədiyi vaxtlardan Türkiyə və Azərbaycanın mədəni əlaqələrinin genişlənməsində yaxından iştirak etmişdir. 2011-ci ildə Türkiyə-Azərbaycan musiqi əlaqələrinin elmi sahədə güclənməsi üçün Qaziantep Universiteti ilə Bakı Musiqi Akademiyası arasında protokol imzalanmışdır. Bundan sonra Türkiyənin dörd müəllimi ixtisası üzrə elmi dərəcə almışdır ki, onun da üçünün elmi rəhbəri Babək müəllimdir. Bunlar Gültekin Şener, Savaş Ekici, Hakan Tatyüzdür. Digər bir elmi dərəcə alan Əli Dağıstanlının da elmi rəhbəri azərbaycanlı ziyalı Səadət Abdullayevadır. Onların elmi dərəcələrinin son mərhələsi 2014-cü ildə YÖK-dən dənklik (diplom) almaqla rəsmən təsdiqlənib.

Bununla kifayətlənməyən həmyerlilərimiz 2016-cı ildə Qaziantep Universiteti ilə Azərbaycan Musiqi Konservatoriyası arasında tələbə mübadiləsi və milli alətlərin təbliği üzrə protokol imzalamışlar.

Qırx bir kitabın müəllifi olan Babək Qurbanovun son kitabı “Canqar” kalmık qəhrəmanlıq dastanına həsr edilib. Aprelin 24-də olan konsertdə də Babək müəllim “Azərbaycan Muzik Kültürünün Bazı Sanatsal-Estetik Sorunları Üzerinə” məruzə ilə çıxış etdi. Həmin konsertdə Babək Qurbanovla yanaşı 2000-ci ildən Türkiyədə fəaliyyət göstərən sənətşünaslıq üzrə elmlər doktoru, professor İlqar İmamverdiyev də iştirak edirdi. O, sazda bir neçə Azərbaycan musiqisi ifa edərək “Osmanlı Divani”lə “Bugünki dəvətə xoş gəlibsiniz” şeirini səsləndirdi. Bununla belə, onların tələbələri olan Ahmet Baş və Fatma Işık da Azərbaycan musiqilərini ifa etdilər. Bu ifalar içərisində “Qarabağ”, “Çırpınızdı Qara dəniz”, “Azərbaycan-Türkiyə” kimi əsərlər də yer almışdı. Bunlardan əlavə, Azərbaycan şairlərindən Osman Sarıvəlli, Bəxtiyar Vahabzadə, Cəfər Cabbarlı, Tofiq Bayram, Fikrət Qoca, Əhməd Cavad, Firuz Təbrizli, İlqar Cəmil və başqalarının şeirlərinə bəstələnmiş mahnılar ifa olundu. Konsertdə Azərbaycan bəstəkarlarından Üzeyir Hacıbəyli, Ələkbər Tağıyev, Tahir Əkbər, Qulu Əsgərov, Şəfiqə Axundova, Ramiz Mirişli, Fikrət Əmirov, Bəhram Nəsibov və.s korifeylərin əsərləri təmsil olunurdu.

Həmin musiqi proqramında onları müşayiət edən drijor Nurgül Kervan xanım İMKB Anadolu Liseyində piano müəllimidir. Nurgül xanım 2003-cü ildə Amasiyada İlqar İmamverdiyev və Tamella Qasımova ilə birgə Türkiyə-Azərbaycan dostluq konserti hazırlamışlar. Daha sonra 2013-cü ildə Trabzonun ilçəsi olan Akçaabatda professor Əfqan Salayevlə birlikdə ikinci Türkiyə-Azərbaycan dostluq proqramını reallaşdırmışlar. Aprelin 24-də gerçəkləşdirilən üçüncü proqranın əvvəlkilərdən fərqi onda idi ki, bu proqramda Mansur Cəfərovun musiqi də sərgisi açıldı. Qeyd edək ki, Nurgül Kervan azərbaycanlı müəllimləri Babək Qurbanov, İlqar İmamverdiyev və Tamella Qasımovanın yetirməsi kimi 2002-ci ildə məzun olmuşdur.

Həmyerlilərimizin Türkiyədə uğurlu fəaliyyəti müntəzəm olaq davam edir. Onlar həm də aprelin 25-dən 28-nə kimi Niğdə də təşkil olunan Uluslararası Türk Dünyası Simpoziumunda da iştirak etdilər. Bu simpoziumda İlqar müəllim “Xalq mahnıları adı ilə ifa olunan aşıq mahnıları” adlı məruzə ilə çıxış etmişdir. Onlara uğurlarının davamlı olmasını arzulayırıq.

Gülnar Səma
скачать dle 10.6фильмы бесплатно


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi