Gülnarın nağlındakı Göyçək Fatma




(esse)

Biri var idi, biri yox idi... Günümüzün ədəbi mühitində bir Gülnar Səma vardı. O, illərlə necə varsa olduğu kimi yaşayan və ədəbiyyat tarixinə zərifliyinin yetdiyi qədər öz töhfəsini verən “həmin Gülü” idi.

Bir dəfə gözəl şairimiz, “şeir-anam” deyə qürurla müraciət etdiyim Fərqanə Mehdiyeva mənə demişdi ki, illərlə insan daxilən dəyişdiyi kimi, zahirən də dəyişir... Mənə elə gəlir ki, sən də, Gülnar da neçə il əvvəl necə tanımışamsa, eləcə də qalmısınız...

Hə, Gülüdən danışırdım axı. Ədəbiyyat sevdalısı bu qız həmişə çalışır ki, Azərbaycan ədəbiyyatında gözündən qaçırdığı nə bir misra olsun, nə də bir cümlə. O oxuduğu bir misranın da nağılını yaza bilir, bir cümlənin də rəvayətini söyləyə bilir.

Gün o gün olur ki, bu Gülnar Səma öz nağlını da danışmaq istəyir. Hansı ki, bu nağıl onunla birgə dünyaya göz açıb, böyüyüb, üzü sonsuzluğa doğru gedir. Qız istədi ki, bu nağlı danışıb bitirsin, göydən üç almasını yerə gətirsin, bu almaları da misra-misra bölüb oxuculara paylasın.

Təbii ki, Azərbaycan ədəbiyyatının dünəninə vurğun, bu gününə əmin, sabahına ümidli olan Gülü nağlında milli folklorumuzdan, bizi var edən dəyərlərimizdən uzaq anlamlardan danışa bilməzdi. Odur ki, başladı nağıla...

Mən Göyçək Fatmayam, düşüb başmağım,
Sizin küçənizin o tərəfinə...

Gülnarın nağlındakı Göyçək Fatma qızıl başmaq geyinmir. O, sadəliyi sevir. Sadə, rəngsiz-boyasız bir başmağı var ki, küçənin o tərəfində; sevdiyi yaşayan evin darvazası yanında düşüb qalıb. Sevdiyi də sevgisinə əmin olmağı bacarmadığından Göyçək Fatma onu qınamağa cəhd edir:

Bir sevgi nəğməsi zümzümə etdin,
Düşdü həyatının qu tərəfinə...

Lakin tezcə də sevdiyini qınamaq əvəzinə günahı başqa yerdə axtarır:

İlk və son nəğməni dilə gətirdin,
Amma bir dinləyən olmadı onu.

Sonra da düşüncələrini bir-bir gilasdan sırğa edib taxır xəyalının qulağına... Barmağının ucuyla xəfifcə toxunub o yana yellədir, bu yana yellədir... Qəti qərara gəlir:

Mənimçün ölərək düşdü tarixə-
O boyda ömrünün tək bircə anı.

Qərar verilib: tarix özündə ölümsüzləşən anları yaşadır... Daha Gülü ürəklə başmağının taleyini danışa bilər:

Mən Göyçək Fatmayam, itən başmağım
Getdi şahzadənin əlinə keçdi.

Öz sevgisinə yenilmək əvəzinə bu ilahi hissi ürəyindəcə boğub arzularının əlində əsir - yesir qalmaq istəməyən o biri nağıl “obrazı” isə qorxaqlığına-qarı nənənin fitnə-feilinə qurban gedir. Və yelqanadlı nağılda Göyçək Fatma hər şeydən xəbərdardır:

Sənin arzuların qarı nənənin
O bitli-birəli telinə keçdi.


Beləcə, nağıl yarımçıq xoşbəxtliyi anladaraq sonsuzluğa doğru gedən yoldaca qalır. Onun bundan sonrakı yolçuluğu zaman adlı sehrli bir qocanın barmağını silkələməsindən asılıdır. Və Gülünün nağılı bu cümləylə zamanın yolçuluğuna doğru növbəti cığırda iz salır: Göydən üç alma düşdü, amma yeyilməyərək öz yetişməyini gözləməkdədir.

Şəfa Vəli (Gəncə)
скачать dle 10.6фильмы бесплатно


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi