• 14:45 – Kənd Təssərrüfatı Nazirliyinin əməkdaşı bazarda vətəndaşa hədə-qorxu gəldi-Ona bu səlahiyyəti kim verib-Videoda izlə 
  • 23:56 – Araz Əlizadənin atası 75-ci ildə Əbülfəz Elçibəyin üzünə durub - Tanınmış şairdən açıqlama 
  • 19:43 – Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevin xəstəxanadakı fotosu yayıldı 
  • 17:44 – "Fidan” MTK sakinlərə göz verir işıq vermir-Sakinlərin etirazı hələ də cavabsızdır 
  • 15:30 – Vahid Əhmədov:"Energetika Nazirliyi nə ilə məşğul olur? 
  • 13:59 – Xeyrəddin Qoca :"Araz Əlizadənin Milli Məclisdə oturması Paşinyanın Xankəndinə getməsi kimi bir təxribatdır” 
  • 10:46 – Kökdən düşən Ələsgərin sazı və ya falçının sazla meydan sulaması 
  • 02:22 – 1 yaşlı Kamalın yaşaması üçün kömək edək – Təcili ilik köçürülməlidir 

Səidə Quliyeva:"Ayaqqabım su çəkib, pulum olmayıb,amma..."

Səidə Quliyeva:"Ayaqqabım su çəkib, pulum olmayıb,amma..." Səidə Quliyeva:"Ayaqqabım su çəkib, pulum olmayıb,amma..."
Akademik Milli Dram Teatrının aparıcı səhnə ustası, xalq artisti Səidə Quliyevanın APA-ya müsahibə verib.Analoq.az həmin müsahibəni təqdim edir

- Səidə xanım, dediniz, radioda “Bulaq” verilişinin səsyazmasından gəlirsiniz. Vaxtilə populyar olan bu verilişə indi qulaq asanların sayı çoxdurmu, reaksiyalar olurmu?

- Artıq 15 ildir, “Bulaq” verişi ilə əməkdaşlıq edirəm. Məhluqə Sadıqova dünyasını dəyişəndən sonra çox böyük müsabiqə oldu. Təsəvvür edin, radio və televiziyanın diktorları da həmin müsabiqəyə qatılıbmış. Mənim də xəbərim yox. Elə oldu, məni də dəvət etdilər və İlham Əsgərovla bir yerdə mətn oxumağımız qəbul olundu. Bu veriliş mənim üçün çox doğmadır. İstərdim, məşqlərə, çəkilişlərə də eyni həvəslə gedim. Özü də reaksiyalar həddən artıq çoxdur. Xaricdən o qədər adamlar zəng edir ki... Kanadadan, Finlandiyadan, İsveçdən, İrandan azərbaycanlılar zəng edir, xoş sözlər deyirlər. Hətta İlham Əsgərovla bizə şeirlər də yazırdılar. İlhamdan sonra on gün verilişi ağlaya-ağlaya yazdım.

- Verilişin mətnlərini əvvəllər Mövlud Süleymanlı yazıb. İndi kimlər yazır?

- Tahir Talıblı radioda xalq yaradıcılığının baş redaktorudur. Həm də “Bulaq” yazır. Ondan başqa Əhməd Oğuz, Ənvər Çingizoğlu çox gözəl yazırlar. Biz indi də Mövlud Süleymanlını yad edirik, ondan sitatlar çəkirik. Mənim üçün böyük məktəb olan “Bulaq”ın təməlini Mövlud Süleymanlı qoyub.

- Yolda məşhurluqla bağlı söhbətimiz oldu. Bəzən məşhur aktyorlar da deyir ki, artıq bizi tanımayan nəsil yetişir. Sizi də tanımayanlar çoxdur?

- Şükürlər olsun, bu gün şəhərdə olanda, məclisə gedəndə hətta uşaqlar da məni tanıyır.

- Seriallar tanıdıb...

- Əlbəttə. Məni indiki nəslə teatr tanıtmayıb. Teatrla gəncliyimdə öz yaşıdlarıma, orta yaşlı insanlara tanınmışam. Çünki cavan vaxtı çox məhsuldar, ardıcıl işləyirdim. Amma mənə elə gəlir yenə az iş görmüşəm. İndi gənclər teatra az gəlirlər. Onları cəlb etmək lazımdır. Ailədə valideynin teatra marağı yoxdursa, uşağın da olmayacaq. Mənim oğlum Mədəniyyət və İncəsənət Universitetinin operatorluq kursunda oxuyur. Ondan yaxşı həkim olardı.

Amma həmişə çəkilişlərdə yanımda olub deyə, kinoya həvəsi böyükdür. Həmişə deyirəm, Fərhadın operatoru olduğu filmdə rol alsam, xoşbəxt olaram. Aydın məsələdir ki, bizim evdə yalnız sənət söhbətləri gedir. Mənim atam o qədər teatr həvəskarı olub ki, Ələsgər Ələkbərov rəhmətə gedəndə dedi ki, bir də o teatra gedə bilməz. Yəni Ələsgər Ələkbərova matəm saxlayırdı. Mənim ürəyimdə teatr sevgisini valideynlərim yaradıb.

- Amma sənədlərinizi universitetə verəndə razı olmayıblar...

- Atamın yanında söhbət gedə bilməzdi ki, qız uşağı aktrisa olsun. Anam mənə kömək etdi. Ona çox minnətdaram. İnstituta girəndə dayağım o idi. İnstitutda Ədil İsgəndərovun kursunu bitirdim. Ədil müəllim üç il məni aktrisa kimi qəbul etmədi. Çünki utancaq və gərgin idim. İndi də mənim sinif yoldaşlarım deyir ki, Səidə, sən necə aktrisa oldun? Çox məşhur insanlarla bir yerdə oxumuşam. Ramiz Novruz, Nurəddin Mehdixanlı, Bəxtiyar Xanızadə, Rafiq İbrahimov, Şəfəq Əliyeva ilə tələbə yoldaşı olmuşuq. Mən Akademik Milli Dram Teatrına Nurəddin Mehdixanlı ilə bir gündə işə qəbul edilmişik. O vaxt gur saçlarım, hündür boyum var idi.

“Milli bomba” filminə çəkiləndə Vaqif Mustafayev təklif etdi, mən də onun sözü ilə saçlarımı kəsməyə məcbur oldum. Anam görəndə ağladı. Evlənən gündən yoldaşım deyib ki, saçını uzun-qısa kəs, mənim üçün fərqi yoxdur, amma rəngini dəyişmə. Mən də saçımın rəngini dəyişmirəm, ona verdiyim sözə sadiqəm. (Gülür). Həmişə demişəm ki, ailəsini sənətinə qurban verən adamları heç cür qəbul etmirəm.

- Sizi Vaqif Mustafayevin filmlərindən sonra kəşf edənlər də olub...

- Vaqif Mustafayev “Space”yə prezident gedəndə onu təbrik etmədim. Bir dəfə dedi, hamı məni təbrik elədi, səndən başqa. Dedim, hə, etmədim. İstəmirdim Vaqif Mustafayev “Space”yə rəhbər getsin. Çünki o, dünya səviyyəsində olan, dünya kino standartına uyğun gələn rejissordur.

Mən onun aktrisasıyamsa, istərdim, onun filmlərində yenə çəkilim, daha məşhur olum. Amma Vaqif müəllim gedib oturdu “Space”də...

- ... ziyanı da sizə dəydi?

- Nəinki mənə, bütün Azərbaycana dəydi. Televiziya onun vaxtını çox alır, oturub orda, film çəkmir-eləmir. O vaxt deyirdi, filmlər çəkəcəm, narahat olma. İndinin özündə də deyir, dörd filmim var, Səidə, dördündə də varsan. Allah ömür versin, təki istədiyi filmləri çəksin. Bircə onu bilirəm, məni kino tərəfdən Vaqif Mustafayev kəşf edib.

- Özünü təsdiq edən aktyorların epizodik rollarda çıxış etməsi məsələsinə toxunmaq istəyirəm. Aktyorlar arasında belə bir yazılmayan qanun varmı ki, müəyyən yaşa və titula sahib olandan sonra epizodlarda görünmək ayıb sayılsın...

- Əksinə. Şəxsən mən tamam fərqli düşünürəm. Bunu bəyan edirəm ki, bu gündən sonra epizod oynayacam.

“Xanuma” tamaşasında mənim rolum balacadır. Amma yaddaqalan obrazdır. Demirəm ki “salam-sağ ol” kimi epizodlarda çıxış edəcəm. Yox! Xarakteri olan epizodlarda görünmək istəyirəm. Baş rol oynamaq istəmirəm.

- İnanım səmimiyyətinizə?

- İnanın!

- Niyə, imkanlarınız tükənib, yoxsa özünüzə əmin deyilsiniz?

- Bəli, mən bu gün teatrda özümə əmin deyiləm. Çünki problemlərim var. Məsələn, təzyiqim olur. Şəkərəm. Bir dəfə “Anamın kitabı” tamaşasında oynayırdım, təzyiqim çox qalxdı. Onundan sonra məndə fobiya yarandı. Amma mənim bu etirafım tükənmək kimi anlaşılmasın.

- Tükənmək nədir sizin üçün?

- Tükənmək səhnədə yükü çəkə bilməməkdir. Sürünə-sürünə, nəfəsim darala-darala baş rolda oynamağı özümə rəva bilmərəm.

- Sənətdə sizi tənqid edənlər çox olub?

- Daha çox tərifləyiblər məni. İnanın səmimiyyətimə. Bütün rejissorlarla işləmişəm. Deməli, inanıb dəvət ediblər.

- Akademik Milli Dram Teatrında xasiyyətcə çətin, “kapriz”li aktrisalar kimlər olub?

- Hökumə Qurbanova. Çox “kapriz”li idi. O qədər ki, arxivində bu günə qədər materialı yoxdur. Jurnalistlərə müsahibə vermirdi, çəkilişlərə getmirdi. Hamısını başından edirdi. Onun kimi böyük sənətkar haqqında normal materiallar yoxdur ki, adamlar daha yaxından tanısınlar. Yaxud Nəcibə Məlikova. O da “kapriz”li aktrisa idi. Rahat insan idi Ətayə Əliyeva. Azərbaycan teatrının ana simvolu... Bilirsiniz, necə gözəl aktrisa idi? Vaqif Səmədoğlunun “Yayda qartopu oyunu” tamaşasında onunla bir yerdə oynadıq, mən bildim tərəf müqabili olmaq nə deməkdir.

- Sirr deyilsə, maddi vəziyyətinizdən danışmağınızı istərdim...

- Hamı necə, mən də elə. Şikayət etməyi sevmirəm, qənaətlə yaşamağı bacarıram. Azərbaycan aktrisası necə dolanırsa, mən də elə dolanıram. Bilirsiniz ki, Azərbaycanda qonorar çox aşağı səviyyədədir. Son vaxtlar çəkilən serialların heç birində yoxam. Heç çəkilmək fikrində də deyiləm. Hətta su ilə çörək də yesəm, o seriallara çəkilmərəm. Bax, bunu birinci dəfədir deyirəm: ayaqqabım su çəkib, pulum olmayıb, amma o səviyyəsiz filmlərə getməmişəm.

Təkliflər də olub. Niyə getməmişəm? Birində rejissor xoşuma gəlməyib, o birində ssenari. Maddi tərəf də bizdə heç vaxt yaxşı olmayıb. Elə başa düşməyin ki, çox pula yıxılanam. Amma zəhmətinin haqqını istəyən insanları hər zaman yüksək qiymətləndirmişəm. Olub ki, tələbə rejissorun filmində pulsuz çəkilmişəm. Bu gün məni seriala dəvət etsələr və rejissordan, ssenaridən razı olsam, ayı 1500-2000 min manatdan aşağı çəkilmərəm. Çünki “Aramızda qalsın” serialından bu məbləği almışam. Bəlkə ondan da çox. Elə onunla da getdi. Çünki biz onda türklərlə işləyirdik. Sonra elə oldu ki, onlar getdilər, azərbaycanlılar gəldi, pul qıtlığı oldu, böhran yarandı, serial bağlandı. O gündən sonra heç bir serialda çəkilməmişəm.

- Yəni təkliflər gəlib, imtina etmisiniz...

- Bəli, təkliflər gəlib. Hətta “Space”də 6-7 seriyalı filmə çəkildim. Normal qonorara danışmışdım, bu günə qədər həmin pulu verməyiblər. Mən də dayandırdım. Vaqif müəllimin adı var idi deyə, razılıq vermişdim. Amma pul məsələsi Vaqif müəllimlik yox, sponsorluq idi. Günü iki yüz manata danışmışdıq, bu günə qədər 140 manatımı verməyiblər. Hələ pulları az idi, Vaqif müəllimin adına görə güzəşt elədim.

- İntriqalardan qorunmağın resepti necədir? Yəqin bildiniz bu sualı nəyə görə verdim...

- Bildim. Bir dəfə də intriqaya düşməmişəm. Mənim öz fikrim var. Məni öldürsələr də ki, filan şeyə qol çək, çəkmərəm. Kampaniyaçılığı sevmirəm. İnsanları sevirəm, onlarla ortaq məxrəcə gəlməyi bacarıram. Ailədə də beləyəm. İntriqa təkcə teatrda deyil. İntriqa hər yerdə var. Həkimlərin də arasında var, jurnalistlərin də, müəllimlərin də. İntriqa olmasa, o həyat, yaşayış tərzi deyil ki. (Gülür).

- Nuriyyə Əhmədova ilə bir çox filmlərdə tərəf müqabili olmusunuz. Necə xatırlayırsınız onu?

- Nuriyyə haqqında danışmaq mənim üçün o qədər çətindir ki... (Sükut). Onun başına gələn bütün hadisələrin içində olmuşam. Heyf, çox heyf... Nuriyyə çox böyük sənətkar idi. Nuriyyə ailəsinin qurbanı oldu. İki bala itirən ana idi. Qızı öldürüləndə biz “Yerlə göy arasında” filminə çəkilirdik. O film onu xilas etdi. Nuriyyə deyirdi, qızımın əri narkoman idi, ona görə öldürmüşdü. Amma yox... Orda ad məsələsi olub. Qız uşağın adını Faiq qoymaq istəyib. Oğlan da başqa ad istəyirmiş. Qısqanclıq olub. Deyib ki, sən niyə Faiq adını qoymaq istəyirsən, qız da cavab verib ki, xoşum gəlir. İndi bəlkə biz bunu adi sözlərlə, adi dillə danışırıq. Bəlkə başqa səbəblər olub, deyə bilmərəm.


- Bir az da kitabdan, ədəbiyyatdan danışaq. Nə oxuyursunuz?

- Hər şeyi oxuyuram. Akademik Güllü Əlibəyli iki-üç il əvvəl mənə kitab bağışlamışdı. Bu yaxınlarda əlimə keçdi, çox böyük maraqla oxudum. Dünya və Azərbaycan ədəbiyyatını vaxtilə çox oxumuşam. Mən ikinci sinifdə “Koroğlu” dastanını oxumuşam. Atam kitabı çox sevirdi, ona görə biz kitab içində böyümüşük. 5-ci sinifdə Maksim Qorkinin bütün külliyyatını oxumuşdum. Sonra atam dedi, Maksim Qorkinin həyatı haqqında gözəl film çəkilib, ona da bax. Başqa nə deyim? Məsələn, Çexovu çox sevirəm. Azərbaycan ədəbiyyatından isə ağlınıza gələn bütün müəllifləri oxumuşam.

- Sonda nə sözünüz var?

- Allah oğlumu mənə gec verib. Anaların istəyi ancaq övladla bağlıdır. Həm də o arzular tükənmir. Allahımdan möhlət istəyirəm ki, oğlumun toyunu görüm, nəvəm olsun.





скачать dle 10.6фильмы бесплатно

Rəy yazın:
ANALOQ TV