“Yalınayaq şeirlər” kitabını oxuyarkən düşüncələrim



Tərcüməçilik mən belə başa düşürəm ki, özü də bir peşədir. Yəni burada hər hansı dili bilməklə yanaşı bir peşəkarlıq da lazımdır. Hər dil bilən, ədəbiyyatı, qramatikanı bilən tərcümə edirəm anlamına gələ bilməz. Yəni bu peşənin də öz incəlikləri var ki, bunu tərcüməçilər daha yaxşı bilər. Bu öz yerində.

Ancaq, məncə, mətinlərin seçiminin də öz özəllikləri olur. Bir var nəsir əsərlərin və ya digər bu kimi yazıların tərcüməsi. Burda peşəkar, bu sahənin adamlarına çox da çətin olmaz, yəni burda duyğusallıq, həssas olub- olmamaq da önəmli deyil. Sadəcə peşəkarlıq.

Şerlərin tərcüməsində isə peşəkarlıqla yanaşı daha çox həssaslıq, duyğusallıq, insani, incə düşüncələr də yer alır. Məncə bunlarsız istədiyinə nail olmaq mümkünsüz. Tərcüməçi şeirləri başqa dilə və yaxud öz dilinə o vaxt mükəmməl çevirməyi bacarar ki, o şeirləri öz iç dünyasından keçirə bilir, o hissləri yaşayaraq onu özününkü edərək çevirə bilir. Bu zaman görülən iş çox təbii, gözoxşayan, səni həqiqi mənada düşündürən, ovsunlayan, duyğulandıran bir aləmə aparır.
Bu fikirləri məndə yaradan, bu cümlələri yazmağa məcbur edən bu günlərdə oxuduğum Ayişə xanımın tərcümə şeirləri oldu.

Mən burada peşəkarlıqdan çox danışa bilmərəm. Çünki bu sahədə olmadığıma və ixtiyarım çatmadığına görə. Ancaq öz hisslərimə, düşüncələrimə dayanaraq deyə bilərəm ki, bu kitabda tərcümədən çox mənə elə gəldi ki yazıçının öz duyğuları, hissləri də bu şeirlərə hopub...

Yəni şeirlərin tərcüməsində yazıçının özünə yaxın olan, onun hisslərinə hakim kəsilən mətinlər uğur qazana bilər. Əgər bu belə olmasa istədiyin alınmaz, yazacağın şeirlər kimisə özünə çəkməz, çəkə bilməz.

Ayişə xanımın tərcümələrində bu dediklərim öz yerin alır, oxucuda şeirləri oxuduqca “darıxmamaq”, əksinə yeni şeirləri oxumaq həvəsi yaradır. Eyni zamanda məncə (səhf ya düz) burada həssaslıqla yanaşı bir qadın incəliyi, gözəlliyi də hiss olunur.

Mövzuların rəngarəngliyi, XVIII- XIX əsirlərdən bəri seçilmiş, bir çox xalqların dilindən çevrilmiş bu yazılar oxucunu dünya xalqlarına yaxınlaşdıraraq, tanış edir . Bununla yanaşı Ayişə xanım çox peşəkarcasına bu tərcümələri başa çatdıraraq, eyni zamanda öz duyğularını, hisslərini də bura elə qatır ki, oxucu bu şirinliyi duymaya bilmir...

“...Səni düşündükcə
Gül əkirəm əlimin dəydiyi yerə
Atlara su verirəm
Daha da sevirəm dağları.”

“...Bir dəfə etibar eləyərək sən
Mənim ürıyimdə yuxuya getdin.
Çökdüm həyatına sonra mən sənin,
Dərin bir yuxuya daldım mən orda.”

Mövzu baxımından da şerlər çox dəyişkəndir...
Burada hər sahəyə, hər kəsə aid şerlər tapa bilərsən...
Ana, şeir yazıram
sənə bəzək- düzəksiz.
Qafiyəsiz.
Həm zərfsiz.
Deyirəm elə ,ana, ən yaxşısı beləcə
Ayaqyalın şeirdir.

(bu arada kitabın adı mənə maraqlı gəlmişdir. “Ayaqyalın şeirdir” !)

“... Mənim uca məbədim sənin doğma evindir.
Bu həyat dəryasında mənim buzqıran gəmim
bir tək sənin adındır. ..”

“ Gün sulara düşəndə,
Sən yadıma düşürsən.
Ay dağlarda gəzəndə ,
Sən yadıma düşürsən...”

Yəni bu Alman bayatısıdır, şeiridirmi ?! Bu qədər yaxınlıq, doğmalıq elə mən düşündüyüm kimi, şairin öz şirinliyidi!...

Bir neçə vaxtdır Ayişə xanımın müxtəlif səpkidə yazılmış yazıların—məqalələrin, hekayələrin, şeirlərin, tərcümələrin izləyirəm. Hər birində vətənə, xalqa, insanlığa, mənəvi təmizliyə, insanlar arasında dinin doğru, düzgün yönəldilməsinə və eyni zamanda haqsızlığa etiraz kimi müxtəlif yazılara, söylənmiş fikirlərə rast gəlirəm. Və alqışlayıram da.

Çünki dünyamızın bu qarışıq, mürəkkəb zamanında hər kəsin bu cürə yazılara ehtiyac duyduğu, çoxlarının ən çətin anında bir təsəlli ala biləcək məsləhətləri bu yazılarda tapa bilər. Bəzən mənə elə gəlir ki, bu yazıların arxasında gənc bir yazar deyil, müdrik, yaşlı bir qadın dayanıb...

Vətənpərvərlik hissləri sonralardan da müəyyən dərəcədə qazanıla bilər. Dünyagörüş, təhsil, tərbiyyə öz yerində. Məncə bu hamısı deyil. İnsanın öz “qabında” da nə isə olmalıdır. Yəni demək istəyirəm ki, Ayişə xanım həm də “qabında” olanlardandı.

Ölkədə baş verən hər hansı bir haqsızlıq, narahatçılıq olarsa anında bu xanımın bir yazar olaraq təpkisini, həyacanını görürük. Yazılarıyla nə isə deyir, ünvanlara lazımı mesajlarını ötürərək vətəndaşlıq borcunu laiqincə ödəmiş olur.

Ayişə xanımda ən çox bəyəndiyim, haqq verdiyim sahələrdən biri də itirilmiş ata- baba yurdlarının təəssübkeşliyi, tez- tez yazılarında xatırlamalar, o insanlarla ünsiyyətdə olmaq, nə isə etməyə çalışaraq çaba göstərmək...

Bir şey də diqqətimi aldı... Oxşar, bəlkə də daha çox sözlərin biz tərəfin dialektinə uyğun gəlməsi, üst- üstə düşməsin görürəm. Bəlkə də eyni arealda—Kiçik Qafqaz dağlarında yerləşməyimizdən irəli gəlir...

Ayişə xanım, bu yazı içdən gələn, ürəyimdən keçən duyğular, fikirlərdi ki, yazdım.

Bu yolda, ən başlıcası isə həyat yolunda büdrəməməyi, şux, məğrur yeriməyi uca Yaradandan diləyir və maraqlı əsərlərini oxumaq arzusu ilə “sağ olun” deyirəm.

26.05. 2019.
Tahirə Bədəlova

Analoq.az




“Yalınayaq şeirlər”  kitabını  oxuyarkən düşüncələrimскачать dle 10.6фильмы бесплатно


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi