Aynurə Paşayevanın “Azərbaycan” jurnalında publisistika məsələləri (1953-2010)” monoqrafiyası haqqında



Azərbaycan milli mətbuatının örnəklərindən biri olan “Azərbaycan” jurnalı mənsub olduğu adını daşıyana qədər siyasi-ideoloji sahədə baş verən dəyişikliklərlə bağlı olaraq “Maarif və mə¬də¬niy¬yət” (1923-1927), “İnqilab və mədəniyyət” (1928-1936), “Revolyusiya və kultura” (1936-1941), “Vətən uğrunda” (1941-1946), “İnqilab və mədəniyyət” (1946-1952) sərlövhəsi ilə işıq üzü görmüşdür.

“Azərbaycan” jurnalı 1923-cü ildən bəri Azərbaycan ədəbiyyatının təbliği ilə məşğuldur – həm klassik ədəbiyyat, həm də müasir ədəbiyyat bu jurnal vasitəsilə minlərlə oxucuya çatdırılmışdır.

“Azərbaycan” jurnalı, nəinki Azərbaycanda, bütün Şərq aləmində ən uzunömürlü bir ədəbi dərgidir və bu jurnal əbəs yerə Azərbaycan ədəbiyyatının güzgüsü adlandırılmayıb. Neçə ədəbi nəsil ilk dəfə bu jurnalda öz sözünü demiş, ədəbi istedadını nümayiş etdirmişdir. XX əsrin elə bir yazıçısı tapılmaz ki, “Azərbaycan” jurnalının qapıları onun üzünə açılmasın.

“Azərbaycan” jurnalının keçdiyi yollar, onun tarixi müxtəlif illərdə ayrı-ayrı tədqiqatlarda öz elmi şərhini tapmışdır.

“Azərbaycan” jurnalında dərc olunan bədii və publisistik materiallar bir çox tədqiqatların obyektinə çevrilmişdir.

Ancaq “Azərbaycan” jurnalının Sovet dövrü və Müstəqillik dövrü publisistikası indiyədək fundamental və kompleks tədqiqatlardan kənarda qalmışdır.

Filologiya üzrə fəlsəfə doktoru Aynurə Paşayevanın bu yaxınlarda elmi ictimaiyyətin diqqətinə təqdim etdiyi “Azərbaycan” jurnalında publisistika məsələləri (1953-2010)” monoqrafiyasında məhz bu aktual və vacib məsələlər öz elmi təhlilini tapmışdır.

Monoqrafiyanın elmi redaktoru filologiya elmləri doktoru, professor Asif Rüstəmli, rəyçiləri isə filologiya elmləri doktoru, professor Cahangir Məmmədli, filologiya elmləri doktoru, professor Şirindil Alışanov və filologiya elmləri doktoru, professor, Əməkdar jurnalist Allahverdi Məmmədlidir.

Aynurə Paşayevanın “Azərbaycan” jurnalında publisistika məsələləri (1953-2010)” adlı monoqrafiyası mətbuat tariximizin çox mühüm bir səhifəsinin işıqlandırılmasına həsr olunmuşdur.
Monoqrafiyada “Azərbaycan” jurnalının 57 illik bir zaman müddətində çap olunmuş publisistika nümunələri araşdırılmışdır.

Amma müəllif təkcə bununla kifayətənməmiş, jurnalın keçdiyi tarixi mərhələlərə, onun zəngin mövzu və problematikasına da xüsusi diqqət yetirmişdir. Monoqrafiya üç mükəmməl fəsildən və on dörd yarımfəsildən ibarətdir.

Müəllif hər yarımfəsildə qarşıya qoyulan problemi geniş şəkildə təhlilə cəlb edir.

“Giriş” hissəsi müəllifin qarşıya qoyduğu məqsədi ümumi şəkildə aydınlaşdırır. I fəsil “Azərbaycan” jurnalında Sovet dövrü publisistikası (1953-1991)” adlanır.

Mövzular da düzgün müəyyənləşdirilib. Sovet dövrü publisistikasının xarakterik xüsusiyyətləri jurnalda çap olunan yazıların təhlili ilə yozulur, təkcə bədii ədəbiyyatda deyil, publisistikada da reallaşan “müsbət qəhrəman” məsələsinə xüsusi məna verilir, yəni bu məsələ böyük ədəbiyyatın bir qanunauyğunluqları kimi şərh edilir. Konkret olaraq publisistikada o dövr üçün çox xarakterik olan yetərli obrazların təhlilinə xüsusi diqqət yetirilir.

“Azərbaycan” jurnalında “Molla Nəsrəddin” ənənələri də unudulmur, çünki bu ənənələr sovet dövrü publisistikasını zənginləşdirirdi.

“Müstəqillik dövrü “Azərbaycan”ında publisistika: problemlər, perspektivlər (1991-2010)” adlı II fəsildə müstəqillik dövrü “Azərbaycan” jurnalında publisistika nümunələrinə diqqət yetirilir. Üç əsas problem, doğrudan da, 1991-2010-cu illərin “Azərbaycan”ı üçün səciyyəvidir.

Jurnalda Qarabağ probleminə aid yazılara xüsusi yer verilir, əslində, təkcə bədii publisistikada deyil, eləcə də jurnalın göstərilən dövrdə bütün saylarında, digər janrlarda yazılmış əsərlərə də Qarabağ problemi əsl vətənpərvərlik missiyasına xidmət edir.

“Milli kökə qayıdış və türk dünyasının publisistikada bədii əksi” adlı III fəsildə müəllif daha aktual və əhəmiyyətli məsələləri diqqət mərkəzində saxlamışdır.

Bu baxımdan “Bədii publisistikada Türkiyə mövzusu”, “Orta Asiya və İraq türkləri araşdırmalarda”, “Azərbaycan” jurnalında soyqırım, repressiyalar, deportasiyalar”, “Cənubi Azərbaycan mövzusunun publisistikada bədii təcəssümü” mövzuları monoqrafiyada daha geniş şəkildə işıqlandırılmış və Aynurə Paşayeva bu mövzuları elmi şəkildə şərh etmişdir.

“Azərbaycan” jurnalı publisistikasında sənətkarlıq xüsusiyyətləri” adlı yarım-fəsildə publisistik yazılarda janr və struktur problemləri, bədiilik məsələləri də təhlil obyektinə çevrilir, publisistikanın bir çox nəzəri müddəaları irəli sürülür.

Ümumiyyətlə, filologiya üzrə fəlsəfə doktoru Aynurə Paşayevanın “Azərbaycan” jurnalında publisistika məsələləri (1953-2010)” adlı monoqrafiyası mətbuat tariximizin araşdırılması baxımından əhəmiyyətlidir və bu tədqiqat əsəri mətbuat tarixi mütəxəssisləri, tarixçilər, filoloqlar və digər geniş oxucu auditoriyası üçün böyük maraq kəsb edə bilər.


Gülbəniz Babayeva

AMEA Nizami Gəncəvi adına Ədə¬biyyat
İnstitutunun Mətbuat tarixi və publisistika
şöbəsinin müdirinin müavini,
filologiya üzrə fəlsəfə doktoru

Analoq.az
скачать dle 10.6фильмы бесплатно


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi