XIX əsr Azərbaycan hərb işi obyektiv mühakimə işığında



Azərbaycanın şimal torpaqlarının Rusiya imperiyası tərəfindən işğal edilməsindən sonra bu diyarda çarizmin yeritdiyi müstəmləkəçi hərbi-siyasi və sosial-iqtisadi siyasət və bununla bağlı digər məsələlər Azərbaycanda istər sovet hakimiyyəti illərində, istərsə də müstəqillik dönəmində müəyyən qədər araşdırılsa da, göstərilən mövzu, bütövlükdə, XIX-XX əsrin əvvəlləri kimi böyük xronoloji dövrün kompleks halında öyrənilməsi baxımından hələ də xüsusi tədqiqat obyektinə çevrilməmişdir. Hərbi irsin öyrənilməsinin metodoloji, elmi-praktiki, mənəvi-tərbiyəvi əhəmiyyəti vardır.

Çar Rusiyasının tərkibində olduğu vaxt Azərbaycanda hərb işinin yeni bir mərhələ başlamışdır. Bu dövrün səciyyəvi cəhəti ondan ibarət idi ki, Çar Rusiyasının tərkibində olarkən azərbaycanlılar hərb işinə cəlb edilmirdilər. Bunun əsas səbəblərindən biri o idi ki, Çar Rusiyası bu rejimin işğalına qarşı qətiyyətli mübarizə aparmış Azərbaycan xalqının övladlarına etibar etmirdi və əmin deyildi ki, azərbaycanlılara paylanmış silahlar rejimin özünə qarşı çevrilməyəcəkdir. Rusiya işğalına qarşı belə bir barışmaz mövqe əhali arasında kifayət qədər güclü idi. Bununla belə, artıq o dövrdə yetişməkdə olan azərbaycanlı ictimai-maarifpərvər xadimlər Azərbaycan xalqının hərb işindən yadırğadılmasının xalq üçün ziyanlı tərəflərini də görür və narahatlıq hissi keçirirdilər. Ona görə də azərbaycanlıların da hərb işinə cəlb edilməsi dövrün azərbaycanlı əsilzadələri çox düşündürürdü.

Qeyd edək ki, XIX əsrdə azərbaycanlıların hərb işinə cəlb edilməsi, onlardan ayrı-ayrı alaylar təşkil edilməsi halları da mövcud idi. Həmin alayların iştirak etdikləri müharibələrdə xüsusi şücaət göstərmələri haqqında da müfəssəl mənbə məlumatları mövcuddur. Lakin bütünlükdə XIX əsrdə, eləcə də XX əsrin əvvəllərində azərbaycanlıların Rusiya ordusunda xidmətə cəlb edilməsi daha çox istisna xarakteri daşıyırdı. Azərbaycanlılardan formalaşdırılan alaylar daha çox xüsusi hallarda, müharibə dövründə istifadə edilirdi. Azərbaycanlı əhali arasında xidmətə cəlb edilmə xristian əhali arasında olduğu kimi daimi deyildi.

2018-ci ildə Moskvada Eldar İsmayılovun "Azərbaycanlılar rusiyalı imperatorları konvoyunda" monoqrafiyası nəşr edilib. XIX əsrdə Azərbaycan hərb işinin inkişafını izləmək baxımından bu əsər çox sanballı monoqrafiyadır. Bu əsərdə Azərbaycan tarixinin tərkib hissəsi olan milli hərb tarixinin müxtəlif dövrlərində öz fəaliyyəti ilə seçilmiş hərbi xadimlərimizin bir çoxu haqqında ətraflı məlumat vardır. Eldar İsmayılov xidmətləri və hünərləri ilə adlarını tarixə yazmış bir sıra layiqli hərbçiləri, onların hərbi və ictimai fəaliyyətini, xeyirxah əməllərini lazımınca tədqiq etmişdir.

Mən Eldar İsmayılovu şəxsən tanıyıram. Onun faktlara necə məsuliyyətli yanaşmağını dəfələrlə görmüşəm. Onun üçün "lazımsız fakt" anlayışı yoxdur. Əsərdə təqdim edilən bütün sənədlər və faktlar müvafiq şərh və izahlarla müşayiət olunur.

Əsər Çar Rusiyasının ordusunda azərbaycanlılar, müsəlmanlar xidmət etmədikləri halda Azərbaycan oğulları rus ordusunun yüksək səviyyəli hərbi məktəblərini bitirib, döyüşlərdə böyük peşəkarlıq, qəhrəmanlıq örnəkləri sərgiləyib, general rütbələri alıb, yüksək ordenlərlə təltif ediliblərsə, bunlar Azərbaycan xalqının, oğullarının nəyə qadir olduğunu göstərir.
Müəllif tədqiqatların nəticəsi olaraq bu qənaətə gəlir ki, çar üsul-idarəsi dövrü Azərbaycan dövlətçiliyinin və xalqının taleyində oynadığı rol baxımından tariximizin ən mühüm mərhələlərindən birini təşkil edir.

Monoqrafiya imperator həzrətlərinin bölmələrindən birinin - 1839-cu ildə formalaşmış və 1856-cı ildə Leyb-Qvardiyanın Qafqaz eskadronunun 4-cü taqımına (müsəlman) yenidən formalaşdırılmış konvoyun (müsəlmanların komandası) tarixi, ənənələri, dislokasiyası, seçim prinsipləri və şəxsi heyətindən bəhs edir.
1881-ci ildə Leyb-Qvardiyası Qafqaz eskadronu ləğv edilənə qədər 42 il boyunca rus qvardiyasının bu bölməsində azərbaycanlılar xidmət keçib.

Kitabın mühüm hissəsini zabitlər haqda bioqrafik oçerklər, komandada xidmət keçən aşağı rütbəlilər, həmçinin müsəlmanların taqımına dair bilgi yer alıb. Bu bölmələrdən rus ordusunun zabitləri sırasına 200-dən çox aşağı rütbəli zabit göndərilib.
Yeni tarixi kitabda 100-ə yaxın unikal illüstrasiya təqdim edilib. Bunlar Rusiya və Azərbaycanın arxiv və muzeylərində aşkar edilib. Onların çoxu ilk dəfə dərc edilir.

Kitab "Qədim Seyxhauz"un kitabxanası" tarixi seriyası silsiləsindən dərc edilib. Tirajı 1000 nüsxədir. Rus dilində qələmə alınıb.

Eldar İsmayılov öz nümunəsi ilə göstərir ki, bütün hallarda tarix olduğu kimi yazılmalıdır və bu, tarixçilərin əsas missiyasıdır.
Hərbi şəxsiyyətlərin həyatı, hərbi və ictimai fəaliyyətinin araşdırılması müharibə şəraitində yaşayan gənc nəslin hərbi vətənpərvərlik, Vətənə sədaqət ruhunda tərbiyə olunmasında, həmçinin qəhrəmanlıq tariximizin tədqiqi baxımından da böyük maraq kəsb edir.

Ənvər Çingizoğlu

скачать dle 10.6фильмы бесплатно


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi