Rəsul dayının maşını

Rəsul dayının maşını
Tarix: 27-02-2016, 22:39 Oxunma Sayı: 181 dəfə oxundu. Toplam: nəfər paylaşdı.


 Rəsul dayının maşını



Gülnarə SADİQ,
DGTYB - nin üzvü, “Qızl qələm” mükafatı laureatı

Bəzən adamın ürəyi ucqar kənd yollarını, at nallarının səsini, yağışdan sonra otlardan gələn zərif ətri duymaq, bir az sakitliyə qaçmaq istəyir. İnsan xisləti nə qədər təmtəraq dəlisidirsə, bir o qədər ruhunun dincəlməsinə ehtiyacı var...
Nəsə, fəlsəfəni buraxıb keçim əsas mətləbə. Bizim bir Rəsul dayımız var. Mən uşaq ikən Gəncədə qonşuluğumuzda yaşayırdı. Zarafatları ilə hamıya doy gəlirdi. Amma maşınını yaman sevirdi. Hər yağış yağanda kişinin dərdi təzələnərdi. Bağmanlar yaşayış sahəsindəki küçələrdə palçığın dizə çıxdığı vaxtlarda Rəsul dayının maşını tər-təmiz qalardı. “Ay kişi, bu maşını servantdamı saxlayırsan? Heç təkəri də bulaşmır ki bunun?” – deyə küçənin kişiləri soruşardı. Rəsul dayı da bununla elə fəxr edərdi ki, gəl görəsən. Elə bil ki, kişiyə fəxri fərman-zad veriblərmiş. Sonralar mən böyüyəndə eşitdim ki, Rəsul dayının oğlu Cavid Bakıda işə düzəlib. Beləliklə, onlar ailəliklə Gəncədəki, Bağmanlardakı evlərini satıb paytaxta köçdülər. Neçə illər sonra yolum Bakıya düşdü. Təsadüfən iştirak etdiyim bir tədbirdə Rəsul dayının qızı Səidə ilə qarşılaşdım. Xeyli söhbət etdik, hal-əhval tutduq. Söz Rəsul dayıdan düşən kimi Səidəni gülmək tutdu:
-Eh, ay, bacı, atamdı daa. Kişi belə baxanda qocalıb. Amma “it oynadan ki, it oynadan”...
Səidənin bu sözünə ikimizdə gülüşdük. Birdən Səidə nəsə düşünüb dedi:
-Heç bilirsən bizim “qoca avtoş” indi haradadı?
-Haradadı? – deyə təəccüblə soruşdum.
-Cici maşınını park etməyə yer axtarır. Yəqin tədbirin sonuna qədər ancaq tapar. İnan ki, ay Gülü, bu atam maşın sevdasından dəli-divanədi.
Bu sözlər bizi bir xeyli güldürdü. Rəsul dayı həqiqətən də tədbirin sonuna yaxın gəlib çıxdı. Üzdən qocalmışdısa da, amma, daxilən gənc qaldığı şıx geyimindən və inamlı, sərt addımlarından bəlli idi. Tədbirdən çıxandan sonra məni qonaq dəvət etdi. Lakin həmin günü Gəncəyə yola düşəcəyimdən Rəsul dayının dəvətini başqa zamana saxladıq.
Bu söhbətin üstündən də bir xeyli keçmişdi. Düzdür, o gündən sonra bir neçə dəfə Bakıya yolum düşsə də Rəsul dayı gildə olmaq qismət olmamışdı. Bircə harada yaşadıqlarını bilirdim. Həmişə də düşünürdüm ki, Dərnəgül prospektində, Ağa Nemətulla küçəsində Rəsul dayı necə yaşayır. Nəzərə alsaq ki, o prospekt günün çox vaxtı tıxac olur, axşamlar o küçədə maşını yaxşı yerdə park etmək müşkül məsələdi...
Vallah mat qalmışam. Növbəti Bakı səfərimdə özümə söz verdim ki, mütləq Rəsul dayını və ailəsini ziyarət edəcəm. Elə də etdim. Yolumu Dərnəgül prospektindən saldım. Qapını döyən kimi Rəsul dayının gəlini məni qarşıladı. İçəri keçdim. O evdən Gəncə qoxusu gəlirdi. Tahihə xalanın, yəni Rəsul dayının ömür-gün yoldaşı, mehribançılığı və səmimiliyi məni illər öncəyə - uşaqlığıma götürdü. Uşaqlıqdan Tahirə xalanın bişirdiyi göyərti qutabı, gəncəlilərin dili ilə desək, “göy kətəsi”nin dadı damağımdan getməmişdi. Həmin gün də o qutabdan bişirmişdi. Elə yenicə süfrə açılmışdı ki, qapı döyüldü. Gələn Rəsul dayı idi.
-Ay kişi, Rəsul! Sən nə əcəb belə tez qalxdın? Yəqin bu dəfə maşına tez yer tapmısan, hə?
-Yox, arvad, nə yer?
-Ata, sənə nəsə olub?
Bu dəfə evdəki gəlin dilə gəldi.
-Yox, a bala, maşını yol polisi əlimdən aldı.
-Boyyy, başşıma xeyr. Evin yıxılsın, ay kişi, niyə aldı polis maşını?
-Aldı da...
Rəsul dayı ayaqqabılarını çıxarıb, evə keçdi. Tahirə xala da Allah göstərməsin, o qədər “booyyy” elədi ki, kişini nəfəs almağa ikman vermədi eləcə danışdı. Evin gəlini qarışıq məni də heyrət bürüdü ki, Rəsul dayı necə olub ki, belə sakitcə maşınını polisə verib. Kişi bir çay-filan içən kimi sözə girişdi:
-Ay qız, Tahirə, mənə neçə ildir demirsən ki, səni bir kurorta, ya sanatoriyaya aparım?
-Hə demişəm, aparmırsan da. Bir maşının üçün məni qurban verirsən. Hər dəfə deyirsən ki, bəs biz getsək maşını harda saxlayacam? Canım ağrıyır, sən də məni lap qocaltdın, ay Rəsul...
Tahirə xala elə xoda düşmüşdü ki, susmaq bilmirdi. Vəziyyətin nə qədər gərgin olduğunu hiss edən Rəsul dayı çıxış yolu axtarmaqda idi.
-Ay qız, dur ayağa! – Rəsul dayı üzünü gəlininə tutub dedi. Mənim də arvadın da çamadanını yığ. Sabaha bilet almışam. Arvadı sanatoriyaya aparıram.
Elə Rəsul dayı bunu demişdi ki, Tahirə xala çaşqınlıq içində susdu. Bayaqdan canım ağrıyır deyib sızlayan arvad indi iki ayağı bir-birinə dolaşa-dolaşa gəlinə kömək etməyə başladı. Evdə hamının başını qarışıq gördüm. İstədim ki, Tahirə xalaya kömək edim, amma, içimdəki maraq hissi məni Rəsul dayının yanında saxladı.
-Rəsul dayı, maşını polis niyə aldı səndən? Hansı səlahiyyətlə?
-Qaydanı pozdum. O da maşınımı iki aylıq cərimə meydaçasına apardı...
-Rəsul? Ay kişi, sən qayda pozmusan?
Tahirə xala yenə hücuma keçmişdi ki, Rəsul dayı onu tez qabaqladı.
-Ay arvad, mənə bax, de görüm sən kurorta gedirsənmi, ya yox?
-Bunun işə nə dəxli?
-Yaxşıca dəxli var.
Rəsul dayı əlini stola vurub dilləndi:
-Ay arvad, neçə vaxtdı ki, maşın üçün qaraj axtarmıram?
-Hə!
-Tapdım da, dövlətin nəzarət məntəqəsindən güvənli yer? Orda nə oğru yoxdu, nə də maşını cızıb, ləkə salacaq dəcəl məhlə uşaqları...
Rəsul dayı xoş bir təbəssümlə Tahirə xalaya baxdı. Tahirə xala da çaş-baş qalmış şəkildə gözlərini dikmişdi Rəsul dayıya.
-Bir şey başa düşdümsə adım batsın mənim.-Tahirə xala əli üzündə sakitcə dilləndi.
Tahirə xala lap mat qalmışdı, amma işin əsli mənə aydın idi. Bir neçə dəqiqə sonra Rəsul dayıgildən çıxdım. Amma çox xoş təəsüratlarla...
Halal olsun sənə, Rəsul dayı! Vallah qırx il düşünsək belə bir çözüm tapmazdıq...
скачать dle 10.6фильмы бесплатно

Rəy Yazın



0 Valid XHTML 1.0 Transitional ILK-10