Psixoloq:"Qadının içində iblis də var,mələk də"



Son illər dünyada, eləcə də ölkəmizdə psixoloji durum kəskin şəkildə dəyişib. Bu mənada psixoloqlar həyəcan təbili çalırlar. İnsanlardakı bu aqressiyanın, səbrsizliyin, əsəbin, depressiyanın səbəbi nədir?

Müsahibim psixoloq, psixoterapevt Könül Cəfərova ilə psixologiyanın təbliğatından, cəmiyyətimizin psixoloji durumundan, ailədaxili münasibətlərdən, mental dəyərlərdən və başqa mövzulardan söz açdıq:

- Könül xanım, niyə məhz psixologiya? Kimdir psixoloq?

- Məsuliyyəti həddindən artıq çox olan, bütün peşələrdən seçilən, bütün peşə sahiblərinin ehtiyac duyduğu bir insandır psixoloq. Bizim sahə bilavasitə insanlara, insanlığa xidmət edir. Müəllimimiz mərhum Ağabəy Sultanov həmişə deyirdi ki, o qədər fikirli, həyəcanlı girirəm ki, bu auditoriyaya. Biz də təəccüblənirdik ki, axı, Ağabəy müəllim, biz həyəcanlanırıq, çünki sizin kimi insandan dərs alırıq, bəs siz niyə həyəcan keçirirsiz? O da gülümsəyib deyirdi: “Bax, uşaqlar elə ona görə həyəcan keçirirəm ki, sizin məsum baxışlarınız mənə zillənib, siz mənim ağzımdan çıxan bir kəlməyə bəndsiniz. Hansı ki, o söz sizin gələcək həyatınızda rol oynayacaq”. Baxın, psixoloq da belədir. İnsanlar onların sözlərindən, məsləhətlərindən mədəd umurlar. Buna görə də psixoloqda davranış, danışıq, mimika, geyim, bir sözlə, hər şey ölçü-biçidə olmalıdır. Psixoloq güzgüdür. İnsan kimsədə tapmadığı ümidi məhz onda tapmaq üçün gəlir. Həqiqi psixoloq bu ümidi yaxşı dəyərləndirməlidir.
- Həqiqi psixoloq deyəndə nəyi nəzərdə tutursunuz?

- İndi bu sahəyə böyük bir axın var. Bir zamanlar vəziyyət daha acınacaqlı idi. Heç bir təhsili olmayan insan belə bir kurs keçib, özünə psixoloq mərkəzi açırdı. Tez-tez televiziyalarda “aqressiv” psixoloqlarla qarşılaşırıq. Öz ailəsi olmayan insan ailə dəyərindən danışır, üç dəfə intihara cəhd etmiş şəxs “psixoloqam” deyib insanlara məsləhətlər verir. Belələrindən insanlar hansı faydanı qazanacaqlar axı? Mən həm də universitetdə dərs deyirəm. Həmişə öz tələbələrimə deyirəm ki, kim olursunuzsa olun, öz işinizin peşəkarı olun. Bu mənada siz jurnalistlərin, KİV-in üzərinə çox böyük məsuliyyət düşür. Hazırda ölkəmizdə barmaq sayı qədər həqiqi psixoloq var. Qalanları isə psixoloq adına ləkədirlər.
- Cəmiyyətimizin hazırkı psixoloji vəziyyətini necə qiymətləndirirsiniz?

- Tələbə vaxtı psixologiyada oxuduğumuzu deyəndə bizə “dəlilərlə işləyəcəksiniz?”-deyə suallar verilərdi. İndi isə cəmiyyətimiz bu sahəni anlayır və qəbul edir. Bugünkü cəmiyyətimizi biz psixoloqlar daha aydın, hətta çılpaq şəkildə görürük. Cəmiyyətimizdə aqressiya çoxdur, insanlarımız “mənəmlik” duyğusu ilə yaşayır. Hətta dost dediyimiz, doğma dediyimiz insanlarda da ilk olaraq, “mən” kateqoriyası üzə çıxır. Bunu da iqtisadi vəziyyətlə, insanların özünü tapa bilməməsi ilə əlaqələndiririk. Həmçinin, uşaqlıqdan ailə basqısı gənclərimizin tam şəkildə cəmiyyətə adaptasiya olmağına imkan vermir. İnsan sevməyi, hər şeydən zövq almağı bacarmalıdır. Bu gün cəmiyyət hər şeyə maddiyyat aspektindən yanaşır. Buna görə də boşluqlar həddindən artıq çoxdur.
- Ölkəmizdə ailə münasibətlərində yeni meyillər, tendensiyalar varmı?

- Təəssüf ki, boşanmaların sayı durmadan artır. Şablon səslənsə də, deməliyəm ki, ailə çox müqəddəsdir. Karl Marks deyirdi ki, ailəsini idarə edə bilməyən insan, həyatda heç nəyi idarə edə bilməz. Bir qadın olaraq deyirəm ki, ailəni idarə edən qadındır. Qadın çox böyük qüvvədir. Qadının içində iblis də var, mələk də. Qarşındakı hansını oyadacaqsa, onunla da qarşılaşacaq. Qadınlar emosional varlıqlardır, onu ancaq sevgi ilə ram etmək mümkündür. Qadın sevilmədiyini, lazımsız olduğunu biləndə qorxulu varlığa çevrilir. Bəli, ailə müştərəkdir, amma daha çox yük qadının öhdəsinə düşdüyündən hər şey onda bitir.
- Dediniz ki, həm də müəllimsiniz. Gənclərimizdə hansı davranış problemlərini müşahidə edirsiniz?

- Gənclərin ən böyük problemlərindən biri ünsiyyət problemidir. Bu problem istər şəxsiyyətlərarası, istər ikili, istərsə də cəmiyyətlə münasibətlərində özünü göstərir. Bir də onlarda vaxtın səmərəli bölünə bilməməsi problemi var. Lazımsız məşğuliyyətlərə vaxt ayırmaqla özlərini lazımlı şeylərdən məhrum edirlər. Bunun üçün də maariflənmək, dünyagörüşünü artırmaq əsas şərtdir. Bəli, savadlı, cəmiyyətimiz üçün faydalı işlərlə məşğul olan gənclərimiz də az deyil. Amma onların sayı daha çox olsa, daha sağlam cəmiyyət yaranar.
- Sanki son zamanlar gənclərin ailə qurmağa marağı azalıb. Sizcə, səbəb nədir?

- Gənclərimiz həddindən artıq rahat münasibətə meyilləniblər. Artıq gənclər açıq şəkildə münasibət qururlar. Buna görə də ailə dəyərləri azalıb. Ənənələr, dəyərlər tam şəkildə olmasa da, müəyyən mənada dəyişib. Bu gün gənclərimizin beynində “avropalılaşma küləyi” əsir. Ancaq bunu da qəbul etməliyik ki, biz nə qədər avropalaşsaq da, bizim şüuraltımızda şərqli psixologiyası var. Biz şərqliyik, müsəlmanıq.
- Elə söz bundan düşmüşkən, son zamanlar cəmiyyətimiz mental dəyərlərdən uzaqlaşmaqla onları sahiblənməyin arasında qalıb. Sizcə, bu toqquşma nədən yarandı və cəmiyyət hansını seçməlidir?

- Ümumiyyətlə, insan öz etnosuna, etnik dəyərlərinə, etnik psixologiyasına sadiq qalmalı, qoruyub saxlamalıdır. Ancaq təəssüf ki, bəzi insanlar bunu unudur. Azərbaycan inkişaf etməkdə olan və dünya ölkələri arasında özünə yer tutan bir dövlətdir. Xüsusən, turizm sahəsində inkişaf danılmazdır. Əlbəttə, bunun da təsiri qaçılmazdır. İnsan pisi görməlidir ki, yaxşının qədrini bilsin. Çox rahatlıq, sonsuz azadlıq bəzən insan həyatının dadını qaçıra bilər. İnsan daima arzulamalıdır, elə istəkləri olmalıdır ki, ona gec çatmalıdır. Gəncləri qınamağı sevmirəm. Böyüklər onlara dəyərləri ötürməlidir, ancaq aqressiya ilə yox, sevgi ilə, anlayışla.
- Sosial şəbəkələr, televiziya bizim asosiallaşmağımıza nə dərəcədə təsir göstərir?

- Bunlar hər birimizin hər gün istifadə etdiyimiz vasitələrdir. Amma bıçaq var ki, cərrahın əlindədi, bıçaq da var ki, caninin əlindədir. Cərrahın əlindəki bıçaq həyat qurtardığı halda caninin əlindəki bıçaq həyat bitirir. Sosial şəbəkələr də belə bir şeydir. Əgər sən ondan doğru istifadə edə bilmirsənsə, əgər sən özünü aparmağın qaydasını bilmirsənsə, onda əlbəttə ki, ziyanını görəcəksən. Hər kəs ona nəyin xeyir, nəyin ziyan olduğunu bilməlidir. İnsan özünü cəmiyyətlə tənzimləməlidir.
- İnsanlar sizə ən çox hansı problemlərlə müraciət edirlər?

- Son zamanlar ipoxondriya (“xəstəlik xəstəliyi”), panik-atak, həyəcan, təşviş pozuntusu, ailə münasibətlərində problemlər, daha çox isə xəyanətlə bağlı müraciətlər olur. Bundan başqa da problemlər olur əlbəttə. 600-dən artıq terapiya növü var. Biz insana və onun probleminə görə terapiyanın növünü seçirik. İnsan özü özünün psixoloqu olmağı bacarmalıdır. O, özünün həm dostu, həm də düşməni ola bilər. İnsanları reaktiv və preaktiv deyə iki qismə ayırırıq. Reaktiv insan başına gələn bütün işlərdə özünü günahlandırıb, səhvlərini görə bilən, preaktiv insan hər şeydə cəmiyyəti günahlandırıb düşmən olan insandır. Ən çox da insanların yeniyetməlik dövründə yaşadığı travmaların qalıqları olur ki, bir zamandan sonra artır və problemə çevrilir. Təəssüf ki, bəzi insanlar ən son etapda bizə müraciət edirlər.
- Bəzən psixoloqlara “falçı” kimi baxırlar. Bu fikrin formalaşmasına səbəb nə olur?

- Bunun əsas səbəbi bayaq da dediyim kimi, bu sahəyə tamamilə yad insanların özünə psixoloq deməsidir. Məsələn, ekstrasens, fala baxan insan efir, qazanc, şan-şöhrət xətrinə özünə psixoloq adı verir. Ancaq onlar anlamırlar ki, insan psixoloq kimi doğulub, elə o cür də yetişməlidir. Sonradan psixoloq olmaq mümkün deyil. Bu günlərdə efirlərin birində özünə psixoloq deyən birisi qarşındakı ilə o qədər aqressiv, əsəbi tonla danışırdı ki, mən düşündüm yəqin efir olmasaydı, onu vura da bilərdi. Xəstəni xəstə edən məqamlar var. Biz əvvəlcə o nüansı araşdırıb üzə çıxarmalıyıq. Bu sahə hər insanın öhdəsindən gələ biləcəyi sahə deyil. Zaman keçdikcə kimin kim olduğu bilinir. Vaxtilə üzdə olan elə insanlar vardı ki, indi itiblər, yoxdular.
- Məktəblərdə psixoloji xidmətin səviyyəsindən razısınızmı?

- Xeyr, bu sahədə hələ çox axsamalar var. Məktəblərdə psixoloji xidmət heç yaxşı vəziyyətdə deyil. Bölgələrimizdə demək olar ki, ümumiyyətlə, yoxdur. Psixoloqların özləri psixoloji cəhətdən hazır deyillər. Əgər bir psixoloq müəllimin əvəzinə dərsə girirsə, ondan hansı xidməti gözləmək olar? Psixoloq bir az əlçatmaz olmalıdır. O, ətrafdakı hər kəsdən fərqlənməlidir. Uşaq hiss etməlidir ki, mən psixoloqla söhbət edirəm.
- Kitab oxuyursunuzmu? Psixoloji romanlarla tanışsınızmı?

- Əslində, öz dilimizdə çox nadir hallarda oxuyuram. Çünki tərcümə yaxşı vəziyyətdə deyil. Oxumağı sevirəm və düşünürəm ki, insan doğulandan ölənə qədər oxumalıdır. Dünya hər gün dəyişir, inkişaf edir. Bu inkişafa qoşulmağın tək yolu mütaliədən keçir. Düzünü desəm, işlə, ailəylə, çəkilişlərlə əlaqədar mən istəyən səviyyədə oxuya bilmirəm. Amma əminəm ki, elə zaman gələcək ki, bütün qayğılardan qurtulub mütaliəyə daha çox vaxt ayıracağam. O da yəqin qocalanda olacaq.
- İnsanlara bu sahədə tövsiyələriniz nələrdir?

- İnsanı idarə edən hissləridir, o, hisslərilə formalaşır, cəmiyyətə uyğunlaşır. Düşüncələrimiz hisslərimizə, hisslərimiz vərdişlərimizə, vərdişlərimiz həyat tərzimizə, həyat tərzimiz xarakterimizə təsir göstərir. Düşüncələrimizi idarə edək, neqativ düşüncələri özümüzə yaxın buraxmayaq. Bir halda ki, bu həyatda aldığımız nəfəsi belə geri qaytarırıqsa, onda “mənimdir” deyə biləcəyimiz heç bir şey yoxdur. Demək ki, bu anımızı yaşamağı bacarmalıyıq. Nə dünəndə ilişib qalaq, axı adında da var, keçmiş keçib gedib artıq, nə də ki, sabahı həddən çox planlayaq. Bu günü doya-doya, ağıllı, müdrik, başqalarına faydalı şəkildə yaşayaq. Düşünək və sevək. Hər şeydən xilasın tək yolu sevgidir. Ürəyi sevgi ilə oldu olan insan ətrafına da bu sevgini saçacaq. Əvvəlcə özümüz xoşbəxt olaq ki, ətrafımızı da xoşbəxt edək.
Şahanə MÜŞFİQ
525.az





скачать dle 10.6фильмы бесплатно


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi
#

JeaIndege

написал 0
Stendra Tablets Medicine Torsemide For Sale Real Levaquin 750mg Tablets Without Dr Approval Mastercard viagra Brand Levitra Online Pharmacy Pediatric Keflex Dosing