ŞAİR TAHİR TALIBLI İLƏ «BULAQ» BAŞINDA SÖHBƏT



«Əcnəbi dillərdə fəaliyyət göstərən məktəblər ümum­təhsil sisteminnən,statusunnan kənarlaşdırılmalıdı. Əcnəbi dillərdə fəaliyyət göstərən məktəblər dövlət büdcəsinə xüsusi qaydada vergi ödəməlidi».

-Tahir müəllim,uzun müddətdi ki,mətbuatda çalışırsınız.Belə deyək ki,sözlə işləyirsiniz, işlətdiyiniz material sözdü.Yaxın vaxtlarda Azərbaycan prezidenti H.Əliyevin dillə,əlifba ilə bağlı fərmanı oldu.Bu fərman necə həyata keçirilir.Mətbuatın,özəl telekanalların dili sizi qane edirmi?Əcnəbi dillərdə yayılan reklamlara münasibətinizi bilmək istərdik.


Dil hər bir millətin,fərdi şəkildə desək hər bir kəsin təfəkkür tərzi,dünyanı dərk etmə instinkti,özünü ifarə vasitəsidi.Dilin məhsulu sözdü.İnsan özünü söznən ifadə hətta təsdiq edir.Söz insanın içinə,iç dünyasına varmaq üçün bir yoldu.

Söz çox bağlı qıfılların açarıdı.Dünya binnət olandan sözdən tuta-tuta gəlir,söznən gəlir,bəlkə də sözün yedəyində gəlir desək,daha dəqiq olar.

Söz canlı tarixdi.Sözün nizamı pozulanda dünyanın mizanı pozulur.Türklər dünyanın söz qədər qədim xalqıdı.Biz sözü içimizdən keçirə-keçirə keçib uzun bir yol gəlirik.Zamanın ovxarında neçə-neçə daş qalalar uçulub dağılsa da,söz qalalarını fələklər də uçura bilməyib.Mən bu sözləri ona görə söylədim ki,biz sözümüzün qədərini-qiymətini bilən bir xalqıq.

Biz ağızdan çıxan sözə görə adamı tanıyan,sözün qiymətinə görə hər bir kəsi urvatlandırmağı bacaran qövmük.Sözün canı səsdi.Səs sözü canlandırır.Sözün damarlarıynan axan qandır, səsdi.Səsi olmayan söz əslində olmayandı. Hər millətin öz sifəti,öz torpağı,öz məişət tərzi, yaşam qaydaları olduğu kimi,səsi də özünə məxsusdu,özünə oxşayır.Səs bəlkə də millətin pasportudu, tanrıdan verilən,möhürlənən pasportu.

Bu mənada hər kəndin,qəsəbənin,şəhərin görünüşü,üzü öz səsiynən bəllidi,Baş kəndimiz Bakının ab-havası,adamı ilk vuran nəfəsi,səsi nə qədər qarışıq,nə qədər amorf bir vəziyyətdə idi.Səsimiz boğulacaq qədər zəif çıxırdı.Bu şəhərin üstünə çökmüş bir yad səs qatı tüstü kimi bizi boğmaqda,içimizi dumanlandırmada idi.Danılmaz həqiqətdi ki,milli mənəviyyatı olan hər bir kəs gözəgörünməz,daxili bir hissiyatla,genetik bağlılıqla öz səsinə,öz dilinə sarı köklənmiş olur.

Bir acı həqiqəti unutmamalıyıq ki,İrəvan kimi bir yörəmizi beləcə yad səslərə təslim elədik.Sonra da elə bildik ki,erməni şəhəridi. Sözümüzün canı odu ki,hər bir millətin şəhəri,yeri,yurdu öz səsiynən doğmadı.Gürcülərə Tiflis,ərəblərə Hələb,yaponlara Tokio,çinlilərə Pekin,fransızlara Paris doğma olduğu kimi.Açığını etiraf eləmək gərəkdi ki,qonşu Tiflis öz səsiynən əsl gürcü şəhəriydi,bu şəhərin küçələrində külək yerinə gürcü səsi uğuldayanda,canımız,qanımız Bakıda bu uğultunu görmürdük.Bu səs sısqa bir sızıltıydı.Amma çox şükürlər ki,səsimizi yad səslər boğa bilmədi,batıra bilmədi.Səsimiz ayağa durdu, bərkidi.İndi Bakının üstündəki öz səsidi,indi Bakı dah çox özümüzə oxşayır.Ağac yarasını öz qabığı ilə bağladığı, sağaltdığı kimi əyər-əskiklərimizi bir millət kimi yavaş-yavaş sağalda biləcəyik.

Bu gün mətbuatın,özəl televiziyaların dili nə yerdədi?

Bu doğrudan da bu gün qoyulmalı sualdı.İndi mətbuatda,televiziya kanallarında çoxlu sayda yetişmiş jurnalistlər,qələm adamları,sözün qeyrətini çəkənlər nə qədər desən çoxdu.İndi elə jurnalistlər yeişib ki,onları oxumadan,dinləmədən inkişafda olmaq mümkün deyil.

Təbii ki,yerini tutmayanlar çoxdu.Bu günkü özəl televiziya aparıcılarının çoxu bir-birini yamsılayır, özü də bayaq dediyimiz kimi yad səslə,yad tələffüzlə.Bu,Azərbaycan dilini yad səslə təqdim etmədi.Bu,dilin kökünə balta çalmaq kimi bir şeydi.

Əslində elə kanallar bizimki deyil,yadındı.Xalq dili ilə yaşayır.Sözün,dilin yükü,haqqı çiynimizdə böyükdü.Bu haqqı gözümüz kimi qoruya bildikcə millət oluruq.Mən dünyanın tarazlığının pozulmağını sözün tarazlığının pozulmasında görürəm.

Bu gün Azərbaycan bir addım geri çəkilirsə,bu əslində sözün geri çəkilməyidi,yəni sözün məğlubiyyətidi.Tarix-tarix olaraq dəfələrlə sübut elədi ki,sözümüz qalxışdıqca,özümüz qalxışdıq, dövlətçiliyimiz qalxışdı,sözümüzün yiyəsi olduqca, torpaqlarımızın yiyəsi olduq,imperatorluqlar yarada bildik.Sözün düzünü desək,biz bu gün uduzuruqsa,sözümüz uduzur,sözümüz yerində deyil,sözü öz yerinə,öz yuvasına qaytarmalıyıq.

Söz var deyir:köç geri qayıdanda axsaq irəli düşər.İndi sözün yerini hay-küy tutub,təbii ki,bu da keçib gedəcək.Efirdə alaq otu kimi əyri-üyrü bitən müğənnilər də,cızma-qaraçı şairlər də,onlara bol-bol efir vaxtı verənlər də, qəzetdə,jurnalda tirajlayanlar da.Bizim dilimiz sağlam bir dildi.Onu yaralamaq,ləkələmək qeyri-mümkündü.

Bu günkü danışıq dilimizin ən azı min illər formalaşma tarixi mövcuddu.Bu tarix Dədə Qorqud abidələrinin dilindən,Orxon Yenisey, Gültəkin,Tonyukuq yazılarından,daş kitabələrin zamanından,böyük xalq şeirindən,klassiklərin sözünnən,səsinnən keçib gəlir.

Bir dəfəlik latın əlifbasına keçid haqda prezidentin qərarı böyük əhəmiyyət kəsb elədi.Artıq yazı-pozuyla bağlı çətinliklər arxada qalıb.Bu çoxdan belə olmalıydı. İndi keçmiş sovet məkanında yaşayan türk respublikaları da latın qrafikalı əlifbaya keçib və yaxud keçmək ərəfəsindədi.Bu dünya türkləri arasında mənəvi,maddi,siyasi sədlərin darmadağın edilməsidi.

Böyük yaradana dualar eləyək ki,bu əlifba dəyişmə taleyimizdə sonuncu olsun.Dünyada ən qədim əlifba məhz babalarımızın yaratdıqlarıdı.Orxon Yeniseydə tapılan türk-runik əlifbası,daş kitabələr dünyanın ən qədim yazıları olsa da taleyin hökmüylə dəfələrlə əlifbadan-əlifbaya keçməli olduq.

-Keçid dövrünü yaşayan bir millətin ziyalısı kimi sizi daha çox hansı ictimai məsələlər narahat edir?

-Rahilə xanım,sizinlə bu söhbətimiz daha çox dillə,sözlə bağlı oldu.Bu da təbiidi.Çox sağ olun.Dillə,söz-sovla bağlı fikirlərimi deməyə imkan yaratdınız.Əslində sualınıza qismən cavab verdim, narahatçılıqlarımı söylədim.Əgər fikirlərimi yığcam şəkildə bir də söyləsəm,deməliyəm ki,dilə olan laqeydlik,sözə edilən xəyanət cinayətlərin ən ağırıdı.

Şah İsmayıl Xətai vəsiyyətində xatırladırdı:«Sizə üç şeyi əmanət qoyüb gedirəm dilimizi,qeyrətimizi, vətənimizi».Tarix-tarix olaraq dəfələrlə sübut elədi ki,dilimizin təşəkkülü,sözümüzün qalxışması, dövlətçiliyimizin təşəkkülü ilə üst-üstə düşüb.Üzü Şumerdən bu yana «Bilqamış»,«Şu»,«Böyük köç dastanları»,«Koroğlu”,«Dədə Qorqud»,«Manas», «Altun-Aruq» türk varlığının dünya üstündə təsdiqi,möhürüdü.Bu böyük abidələrin,eposların yaranışı, dövlətçiliyimizlə,dövlət qurmaq mədəniyyətimizlə,hələnəklərimizlə üst-üstə düşür.


Şifahi xalq ədəbiyyatının,bütün janrlarının təşəkkülü,aşıq şeirinin yüksəlişi dövlətçilik ənənələrimizlə bağlıdı.Bu günlər söz bazarında ucuzluq yaradanlar,hay-küylə efiri dolduranlar qrip virusu yayanlar yumşaq desək ən azı lənətə layiqdi.Bu rəzalət, xəcalət,ən azı dövlətçiliyimizə xəyanətdi.Yuxarıda qeyd elədiyimiz kimi dil hər bir kəsin,hər bir millətin özünümüdafiə vasitəsidi.Öz milli dili,mədəniyyəti bahasına başqa dildə təhsil almaq,başqa bir mədəniyyətə dartınmaq,bəlkə də ən ağır şikəstlikdi. Mən başqa dildə təhsil almağın qətiyyən əleyhinə deyiləm.Öz dilinin bahasına,öz mədəniyyətinə arxa çevirmək hesabına olmamalıdı.Bu günlər respublikanın təhsil sistemində rus dilindəki məktəblərin sayı olduqca çoxdu.Bu metod ümumtəhsil sistemimizdə əsl yanlışlıqdı. Rus dilində fəaliyyət göstərən məktəblər ümumtəhsil sistemindən,statusundan kənarlaşdırılmalıdı. Rus,eləcə də başqa dillərdə fəaliyyət göstərən məktəblər dövlət büdcəsinə xüsusi qaydada vergi ödəməlidilər.Bu məsələlər təhsil haqqında qanunda nəzərdə tutulmalıdı.

-Siz uzun müddətdi ki,Azərbaycan radiosunda «Xalq yaradıcılığı» redaksiyasına rəhbərlik edirsiz.«Bulaq» verilişinin ssenarı müəlliflərimizdənsiniz.Bir qədər işinizlə bağlı…

-Bu dildə həm yazılı,həm şifahi,ağız ədəbiyyatında yaranan nümunələr insan təfəkkürünün ən dərin qatlarından xəbər gətirir. Fikrimizə söykək olaraq deməliyik ki,təkcə üzü 15-ci əsrdən bu yana yaranan Abbas Tufarqanlının,Xəstə Qasımın,Qurbaninin, Misgin Abdalın,Qaracaoğlanın dilindəki,təfəkküründəki zənginlik,dünyəvilik heyrətamiz dərəcədədi.Bu deyiliş tərzinə,obrazlar sisteminə,dildəki uğurun yüksəkliyinə fikir verin:

Qafil,gəl qürbətə varma
Ya gəlinər,ya gəlinməz.
Hər gözələ könül vermə
Ya sevilər,ya sevilməz.

Şami-şərifdi zatımız
Yorğadı ərəb atımız
Qürbət eldə urvatımız
Ya bilinər,ya bilinməz.

Qaracaoğlan çıxsa yola
Xızır yardım edərmi ola?!
Yar dediyin Dəmir qala
Ya alınar,ya alınmaz.

17-ci əsrdə Qaracaoğlanın könlündən süzülmüş,canından qopmuş bu gəraylının dilinin yaşı bir neçə əsri keçsə də.Bütün Osmanlı imperiyasının sərhədlərinin hər yerində Anadoludan tutmuş Bağdada qədər,Orta Asiyadan Sibirə çatanacan işlək olan bu dil,elə bil indi yaşadığımız vaxtın şirəsidi.Qaracaoğlanın bu gəraylısı bütöv bir abidədi.Ayrı-ayrı sözdə,ifadədə indiliklərdə olduğu kimi,obrazlıq oyunu yoxdu,gəraylının özü bütöv bir obrazdı,bütöv bir sistemdi.Bu sistem,bu obrazlılıq bütün klassiklərimizdə, dastanlarımızda,sözümüzdə-sovumuzdadı.Amma bu gün efirdə görün nələr oxunur,kimlər oxunur?Azərbaycan radiosu millətin danışan dilidi.

Bu mənada radiomuz ərsəyə gəldiyi vaxtdan etibarən bu adı doğrulda bilib,əsl məktəb rolunu oynayıb.Mən də gec-tez bu məktəbi keçməliydim.Şükürlər ki,keçirəm də,burda çalışıram.Təbii ki, mənim çalışdığım Xalq Yaradıcılığı redaksiyasının işindən geniş danışmaq istəmirəm.İşimiz göz qabağındadı.Verilişlərimizin coğrafiyası böyükdü.Folklorumuzun tədqiqində,təbliğində redaksiyamız gərəkli işlər görür.Dünyanın bir başından o bəri başınadək böyük bir ərazidə yaşayan,torpağa sancılan türk soylarının sözünün-sovunun, folklorunun eyni kökdən qidalanması, eyni genetik qan qovuşuğunnan qaynaması verilişlərimizin əsas deyəcəyidi,çatdıracağı informasiyalardı.

Bu genetik qovuşuq hər birimizin içinnən, torpağınnan,havasınnan,suyunnan keçir. «Bulaq» artıq 32 ildi ki,efirdədi.Belə bir qanla, nəfəslə,səslə dünyaya gəlib.«Bulaq» dilimizin yüksəkliyi, düşüncəmizin genişliyidi.

-Dil həm də geniş mənada böyük vətəndi,kiçik anlamda sığındığımız bir parça torpaqdı,əslində hər şeydi.


-Obrazlı deyilsə də belədi.Dil insanın bütün varlığıdı,özüdü,yaşayış tərzidi,hətta axirətidi.Yeri gəlmişkən,deyim ki,dilinə arxa çevirənlər,son məqamda axirətinə də arxa çevirir.Belə bir deyim var:Türklər tarix yaratsa da,tarixi yazmayıblar.Bu dünya klassiklərindən kiminsə fikridi.Amma həqiqət budu ki,türklər həm də tarixi yazıblar: sözləri ilə,dilləri ilə.Xalq həm də öz tarixini danışığında qoruyub saxlayır.Bu mənada Dədə Qorqud dastanları dilimizin,millətimizin ən böyük tarixidi.Bəlli olduğu kimi, Dədə Qorqudda adıçəkilən,yəni dastanın formalaşmasında, yaranmasında bir yörə kimi Dərbənd xüsusi seçilir.

Bu gün dərbəndlilər danışıqlarında Dədə Qorqud dilinin qədim çalarlarını qoruyub saxlayırlar.Hətta dilin semantik xüsusiyyətləri, sintaktik quruluşu özünün qədim variantını bu gün də qoruyur.

Bir dəfə dərbəndlidən soruşdum ki,deyirlər bu kəndin 5000 il yaşı var,elədi?Dərbəndli qayıtdı ki,olsa da yarar.Bu sistem Dədə Qorqudda qurdla,suyla, çobanla,köpəklə xəbərləşmədə də eynidi: «Qurd qaçan xəbər versə gərək».Yeri gəlmişkən, bunu da deyək ki,bu günlər Dərbəndin demoqrafik vəziyyəti,soydaşlarımızın ziyanına zərbə altındadı.

-Tahir müəllim,söhbət üçün oxucularımız adından təşəkkür edirik.

-Sağ olun,var olun.Dilimiz,sözümüz qədər ömrünüz olsun.

Rəhilə

«Palitra» qəzeti, 7 mart 2002-ci il



скачать dle 10.6фильмы бесплатно


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi
#

JeaIndege

написал 0
Letrozole cialis Keflex Shelf Life Viagra Levitra Et Cialis Canada Drug Store