• 14:45 – Kənd Təssərrüfatı Nazirliyinin əməkdaşı bazarda vətəndaşa hədə-qorxu gəldi-Ona bu səlahiyyəti kim verib-Videoda izlə 
  • 23:56 – Araz Əlizadənin atası 75-ci ildə Əbülfəz Elçibəyin üzünə durub - Tanınmış şairdən açıqlama 
  • 19:43 – Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevin xəstəxanadakı fotosu yayıldı 
  • 17:44 – "Fidan” MTK sakinlərə göz verir işıq vermir-Sakinlərin etirazı hələ də cavabsızdır 
  • 15:30 – Vahid Əhmədov:"Energetika Nazirliyi nə ilə məşğul olur? 
  • 13:59 – Xeyrəddin Qoca :"Araz Əlizadənin Milli Məclisdə oturması Paşinyanın Xankəndinə getməsi kimi bir təxribatdır” 
  • 10:46 – Kökdən düşən Ələsgərin sazı və ya falçının sazla meydan sulaması 
  • 02:22 – 1 yaşlı Kamalın yaşaması üçün kömək edək – Təcili ilik köçürülməlidir 

Natavan Dəmirçioğlu:" Yazıçılıq mənim üçün bir zərurətdir, həyat tərzi deyil."

  • Tarix: 13.12.2017, 15:33,
  • Bölmə: Müsahibə
  • Baxılıb: 5179
Natavan Dəmirçioğlu:" Yazıçılıq mənim üçün bir zərurətdir, həyat tərzi deyil." Natavan Dəmirçioğlu:" Yazıçılıq mənim üçün bir zərurətdir, həyat tərzi deyil." Müsahibə almaq çətin və məsuliyyətli bir işdir. Üstəlik, müsahibin həm yazıçı, həm pedaqoq, həm də jurnalistdirsə, bu məsuliyyətin yükünü üzərində daha çox hiss edirsən. Beləliklə, Xeberle.com-un budəfəki qonağı yazıçı, filologiya elmləri üzrə fəlsəfə doktoru, Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin televiziya və radio jurnalistikası kafedrasının müəllimi, Dövlət İmtahan Mərkəzinin (DİM) eksperti, Azərbaycan Teleradio Verilişləri QSC-də Beynəlxalq radionun şöbə müdiri Natəvan Dəmirçioğludur.

HAŞİYƏ:Atamoğlanova Natəvən Dəmirçi qızı 1963-cü il noyabr ayının 1-də Qazax rayonunun Daşsalahlı kəndində anadan olub, orada orta məktəbi bitirib. 1984-89-cu illərdə Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsində təhsil alıb. Universiteti bitirdikdən sonra Azərbaycan Teleradio Verilişləri QSC-də (AzTV) əməkdaş, redaktor, böyük redaktor olub. 1995-ci ildən indiyə qədər şöbə müdiri kimi fəaliyyət göstərir. İlk hekayəsi «Bir ovuc torpaq» 1983-cü ildə Qazax rayonunun «Qalibiyyət bayrağı» adlı qəzetində çap edilib. 90–cı illərdə isə ədəbi gəncliyin istedadlı nümayəndəsi kimi povestləri ardıcıl olaraq əsas ədəbi orqanda - "Azərbaycan” jurnalında dərc olunub. 1999-cu ildə ulu öndər Heydər Əliyevin, 2010-cu ildə isə dövlət başçısı İlham Əliyevin imzası ilə prezident təqaüdünə layiq görülüb. Bir pyesin, bir neçə povestin, onlarla hekayənin müəllifidir. Mütəxəssislər onun əsərlərini milli və dünyəvi nəsr nümunələri kimi dəyərləndirirlər. 2003-cü ildə nəşr olunan «Yetim» povesti xanım yazarı aydın, oxunaqlı dili, orijinal yazı texnikası, gözlənilməz və qəribə maneraları olan yazıçı kimi tanıdıb. 2004-cü ildə əsər Azərbaycan Yazıçılar Birliyi Ədəbiyyat Fondunun «Qılınc və qələm» mükafatına layiq görülüb. 2014-cü ildə Azərbaycanlı yazıçı Natəvan Dəmirçioğlunun "Yetim” əsəri Türkiyədə "Ölmədən öncə okumanız gərəkən 1001 kitab” seryasından "İlin ən yaxşı 50 romanı" siyahısında nəşr edilib. Povest və hekayələrindən ibarət nəşr olunan «Birinci kitab»ı mütəxəssislər tərəfindən son illər ədəbiyyatımızın ədəbi hadisəsi kimi qiymətləndirilib. Kitaba müəllifin "Yetim”, "Səbət”, "Üç nöqtə” povestləri və "Dözüm”, "Avey əfsanəsi”, "Kələğayı” adlı hekayələri daxildir. Natəvan Dəmirçioğlunun əsərləri türk, fars, rus, ingilis dillərinə tərcümə olunub. Moskvada, Ankarada kitabları, İstanbulda, Amerikada-Kanadada əsərləri nəşr olunub. Yüzlərlə radio verlişi ilə bərabər, "Üç nöqtə” və "Səbət” povestləri əsasında radiotamaşa hazırlanıb və Dövlət Radiosunun qızıl fondunda saxlanılır. Ailəlidir, iki övladı, bir nəvəsi var.

- Həm müəllim, həm jurnalist, həm də yazıçı kimi fəaliyyət göstərməklə yanaşı, gözəl anasınız. Bu qədər işi bir arada görmək sizi yormurmu?
- Bu sualı mənə dəfələrlə veriblər. Deyərdim ki, bu, əsasən insanın təbiətindən asılıdır. Mən dəfələrlə müşahidə etmişəm, əgər insanın bir işə qabiliyyəti varsa, onun bu qabiliyyəti hər sahədə özünü göstərəcək. Sadəcə olaraq işləri düzgün planlaşdırmaq və vaxtdan doğru, səmərəli istifadə etməyi bacarmaq lazımdır. Əgər vaxt itkisinə yol verilməsə, hətta mənim gördüyüm bu işlərin iki misli qədərini də həyata keçirmək mümkündür.

Əsərlərinizin demək olar ki, hamısını oxucularınız bəyənsə də, "Yetim" povesti onların şahı hesab olunur. Bəs siz jurnalist kimi öz yaradıcılığınızı araşdırsaydınız, hansı əsərinizi yaradıcılığınızın şah əsəri hesab edərdiniz?

- Mən arzu edərdim ki, hazırda tamamlamaq üzrə olduğum "Açar” romanı mənim şah əsərim olsun. Düzdür, oxucular "Yetim” povestini daha çox bəyənirlər və onu bütün əsərlərimin zirvəsi hesab edirlər. Hətta türkiyəlilər də onu bəyənərək öz dillərinə uyğunlaşdırıblar və ayrıca kitab kimi nəşr ediblər. Onu da deyim ki, bəzən psixoloji səpkidə yazıldığından "Səbət”i üstün dəyərləndirənlər də var. Amerikada nəşr olunmaq üçün məndən əsərlərimi istəmişdilər. Onlar daha dünyəvi mövzuya həsr edilən əsər kimi "Səbət”i seçdilər. İndi mən çox istəyərdim ki, "Açar” romanım onların hamısını keçə bilsin.

-"Açar" romanında verilən "Hər bir insanın bir psixoloqa, bir psixoloqun iki psixoloqa ehtiyacı var" fikri çox düşündürücüdür. Niyə qəhrəman bu fikrin sosial şəbəkədəki dostları tərəfindən düz anlaşılmayacağından ehtiyat edir?

- Hər bir roman istər-istəməz yazıldığı dövrü əhatə edir. "Açar” romanının yazılışı da ölkəmizdə psixoloqun intihar etdiyi bir dövrə təsadüf etdiyi üçün, onu romana bir xətt kimi daxil etdim. Doğrudan da, baş verən bu hadisə çox düşündürcüdür. Əslində intihar həddinə gələn insanları psixoloqlar o vəziyyətdən çıxarırlar. Yəni bu, depressiyanın bir nəticəsidir və insanları məhz psixoloqlar düşdükləri bu stresdən çıxarmağa qadirdir. Lakin psixoloqun özünün intihar etməsi son dərəcədə düşündürcü hadisədir və mən hətta deyərdim ki, bu cəmiyyətdə bir "SOS”dur. Dediyiniz kimi, əsərin qəhrəmanı o fikri paylaşdığı təqdirdə bunun birmənalı başa düşülməyəcəyindən ehtiyat edir. Burada qəhrəman, insanın gərginləşdiyi məqamda bir psixoloqa ehtiyacı olduğunu, amma bir psixoloqun iki psixoloqa ehtiyacı yarandığını çatdırmaq istəyir. Yəni psixoloq ilə bir psixoloq bacarmaz, onun psixoloji durumu adi insanlarınkından daha gərgindir. Qəhrəman belə qiymətləndirməni psixoloqa rəva bilmir. O, bu hadisənin arxasında başqa həqiqətlər axtarır. Düşünür ki, bəlkə də onu bu hərəkətə təhrik edən səbəblər və ya onun aşa bilməyəcəyi ümumi bir vəziyyət var. Əslində burada çox sirr var, lakin hamısını aça bilmərəm...

- Çox vaxt deyirlər ki, jurnalistika şairlərin, yazıçıların yaradıcılıq imkanlarını oğurlayır. Sizin bu fikrə münasibətiniz necədir?

- Jurnalistika çox vaxt aparır. İnsan jurnalistika ilə məşğuldursa, həyatının çox hissəsini də məhz ona həsr etmək məcburiyyətindədir. Jurnalistikanın istər yazılı, istər virtual, vizual variantı olsun, fərq etmir. Əsas məsələ odur ki, bu peşədə ritm qan dövranına bənzəyir, o dayanmır, gecə-gündüz mütəhərrik olaraq hərəkətdə, fəaliyyətdədir. Əgər bir insanın maddi durumu jurnalistika ilə bağlıdırsa, yəni, "çörəyi ondan çıxırsa”, onda insanın vaxtını, enerjisini, əlbəttə, daha çox aparır. Amma jurnalistika həm də yazar adamı formada saxlayır. Eyni zamanda ən müxtəlif insanlarla sıx münasibətdə olmasına şərait yaradır. Bunlar yaradıcılıq üçün vacib şərtlərdir. Bununla yanaşı, intensiv olaraq bədii yaradıcılıq ilə də məğul olduqda insan dəhşətli dərəcədə yorula bilər. Məsələn, mən intensiv şəkildə deyil, ən zəruri hallarda bədii yaradıcılıqla məşğul oluram. Nə zaman ki, mövzu mənə yaşamağa imkan vermir və mən yazmaqda bir xoşbəxtlik, dinclik, rahatlıq tapıram, onda mən yazaraq ondan canımı qurtarmağa çalışıram. Yəni yazıçılıq mənim üçün bir zərurətdir, həyat tərzi deyil.

- "Ədəbiyyat qəzeti"nin sorğusunda yer alan "Diqqətinizi cəlb edən yeni imzalar varmı?" sualına "əsəri olan gənclər çoxdur, qələmi olan gənclər az" cavabını vermisiniz. Sizin fikrinizcə, qələmi olan gənclərin az olmasına səbəb nədir?

- Əvvəlcə deyim ki, gənclər barəsində çox nikbin düşünürəm və istedadlı, fəal gənclərimizin, ümimiyyətlə, gənclərin sayının daha çox olması arzusundayam. Şükür Allaha ki, bu mövzuda son dərəcə optimistəm. Düzdür, bəzən onlarda iddialar hədsiz dərəcədə çox olur. İddialılıq gəncliyə məxsus keyfiyyətdir və prinsipcə pis deyil. Sadəcə qədərindən artıq olması uçurum yaradır. İnsanın qabiliyyəti çox olanda onda təmkinlilik, daxili rahatlıq, təvazökarlıq formalaşır, yəni insanın qabiliyyəti ilə təvəzökarlığı düz mütənasibdir. Amma qabiliyyəti az olan insanların ifrat dərəcədə səs-küy salmaq, daha çox görünmək, reklam olunmaq, gündəmdə qalmaq kimi səyləri olur. Şifahi xalq ədəbiyyatında bunun deyimi də var: "Boş qazan çox səs salır”. Bu, bəzən nihilizmə də yol açır. Bilirsiniz, nihilizm hər şeyi kor-koranə inkar etmək, nəticədə özünü göstərmək kimi bir meyildir. Latın sözüdür, əslində heç nə deməkdir. Müasir dövrümüzdə hamının qəbul etdiyi dəyərlərə, qayda və qanunlara, prinsiplərə, şəxsiyyərlərə mənfi münasibət bəsləyən ifrat inkarçı adam anlamındadır. Bunu orijinal görünmək üçün edirlər bəzən, amma nihilizm mənfi olduğuna görə bəsitliyə aparır son nəticədə. Özündən əvvəlki dəyərlərə tənqidi yanaşmaq başqadır, nihilizm başqa. Mən istərdim ki, gənclərimiz çox oxusunlar, mütaliə etsinlər, öyrənməyə daha çox həvəs göstərsinlər. Yalnız öz yazdıqlarını oxuyan elə öz çevrəsində hərəkət edəcək, gözü ayağının altından başqa heç yeri görməyəcək. Amma başqalarının yazdıqlarını oxumaq, ünsiyyətdə olmaq, gəzmək, hətta imkan dairəsində dünyanı gəzmək... (bu bir az sonranın işidir), dünyagörüşünü zənginləşdirmək üçün, bilik bazasını artırmaq üçün dünya elmini, ədəbiyyatını, klasikləri oxumaq, ən modern incəsənəti təqib etmək şərtdir. İstənilən gənc özünü daha kamil yetişdirə bilər. Təbiətlə ünsiyyət.., təbiətin qələmin gücünü artırmaq üçün verdiyi enerjinin tayı-bərabəri yoxdur. Təbiəti duyan, dərk edən və yazan qələm zəif ola bilməz.

"Üç nöqtə” povestindəki yaradıcılıq qabiliyyəti olmayan və jurnalistikaya məhz məşhur olmaq üçün həvəs göstərən bir xanım obrazı canlandırmısınız. Fikrinizcə, hazırda ölkəmizdə jurnalistikanı sırf məşhur olmaq üçün sevən insanlar varmı?

- Hazırda çox sayda bu tip insan var. Mən "Üç nöqtə” povestini 1989-92-ci illərdə yazmışam və əsəri böyük yazıçımız Yusif Səmədoğlu 93-cü ildə "Azərbaycan” jurnalında çap edib. O dövrdə Yusif müəllim baş redaktor idi. Həmin dövr üçün qələmi olmasa da, sırf məşhur olmaq üçün jurnalistikaya həvəs göstərən insanlar az idi, amma hazırda bu tip insanlarin sayı daha çox artmaqdadır, onlara tez-tez rast gəlmək olur. Mən 2007-ci ildən indiyə qədər Dövlət İmtahan Mərkəzində jurnalistika üzrə ekspert kimi fəaliyyət göstərirəm. Bu il qabiliyyət imtahanlarının nəticələrindən narazı qalan bir neçə tələbə valideyni ilə birlikdə apellyasiya komissiyasına müraciət etmişdi (Yeri gəlmişkən deyim ki, hələ indiyədək mənim qiymətləndirmə nəticələrimdən şikayət olmayıb). Ekspert kimi həmin komissiyaya dəvət olunmuşdum. Biz belə qərarlaşdırdıq ki, magistratura iddiasında olan tələbələri valideynləri ilə birgə qəbul edək. Bir tələbə xanım valideyni ilə içəri daxil oldu, yazısı qeyd olunan tələblərə cavab verməsə də, valideyn çox xahiş edirdi ki, onun övladını qabiliyyət imtahanından keçirək. Tələbə filologiya fakültəsini bitirmişdi, magistratura pilləsində jurnalistika sahəsini seçməkdə məqsədi isə televiziyada aparıcı olmaq istəməsi idi. Valideyn iddia edirdi ki, qızı magistraturaya qəbul olmağı çox istəyir və qəbul olmadığı təqdirdə o, stress keçirər və depressiyaya düşə bilər, siz onu magistratura imtahanından kəssəniz, onun həyatına qəsd etmiş olarsınız. Mən xanımı sakitləşdirdim və bildirdim ki, o, psixoloji olaraq öz övladına mənfi təsir göstərir, magistratura pilləsində oxumasını isə övladından çox o istəyir. Ona "Qızınız neçənci dəfədir magistratura pilləsinə sənəd verir?" sualını verdikdə cavab olaraq ikinci dəfə sənəd verdiyini dedi. Soruşdum ki, keçən il hara vermişdi, bildirdi ki, qızı bundan əvvəlki il filologiya ixtisası üzrə magistratura pilləsinə imtahan verib. Xanıma dedim ki, əgər sizin qızınız jurnalistikanı bu qədər çox sevsəydi, ötən il də sözügedən ixtisas üzrə sənəd verərdi. Deməli, jurnalistika sizin qızınızın həyatının mənası deyil. Qaldı ki, onun televiziya aparıcısı olmaq istəməsinə, hazırda bitirmiş olduğu bakalvr təhsili ilə də o, buna nail olar bilər. Sözümü ora gətirmək istəyirəm ki, mən real olaraq belə bir insan gördüm. Həmin xanımın görünməkdən, məşhur olmaqdan başqa bir istəyi yox idi.

- Uzun müddət jurnalistika sahəsində fəaliyyət göstərən bir insan kimi jurnalistikamızın hazırkı durumunu necə qiymətləndirirsiniz?

- Əvvəlcə jurnalistikanın yaxşı tərəflərindən danışmaq istərdim. Fikrimcə, hazırda normal qələmi və yaradıcılıq qabiliyyəti olan jurnalistin işsiz qalmaq problemi yoxdur. Çünki radio və televiziya kanallarımızın sayı artıb, onlayn jurnalistikamız kifayət qədər geniş şəbəkə ilə fəaliyyət göstərir. Bu, məsələnin müsbət tərəfidir. Mənfi tərəfi isə jurnalistikada qeyri-peşəkarların sayının artmasıdır. Əlbəttə ki, qeyri-peşəkar dedikdə, mən qeyri-ixtisas sahiblərini nəzərdə tutmuram. Çünki qeyri-ixtisas sahiblərinin bu peşə üzrə fəaliyyət göstərməsi jurnalistika üçün zəruridir. Qeyri-peşəkarlıq isə bu sahədən heç bir anlayışı olmayanların, üstəlik heç bir sahədə ixtisaslaşmayanların jurnalistika sahəsində fəaliyyət göstərməsidir və bu artıq bizim peşəmizin probleminə çevrilib. Çünki biz belə insanlarla nüfüzumuzu, cəmiyyətdə tutduğumuz mövqeni itiririk və bu da bizim sənətimizə olan münasibətin xeyli dərəcədə zəifləməsinə səbəb olur. Amma mən yenə də barını dərdiyim ağacı baltalamaq istəmərəm. Ona görə ki, ortada bu qədər zəhmət var. Keyfiyyət cəhətdən itirdiklərimiz olsa da, müstəqillikdən sonra media sahəsində xeyli dərəcədə qazandıqlarımız da var.

Söhbətləşdi: Elnarə Salamova
Xeberle.com
Natavan Dəmirçioğlu:" Yazıçılıq mənim üçün bir zərurətdir, həyat tərzi deyil."
Natavan Dəmirçioğlu:" Yazıçılıq mənim üçün bir zərurətdir, həyat tərzi deyil."Natavan Dəmirçioğlu:" Yazıçılıq mənim üçün bir zərurətdir, həyat tərzi deyil."скачать dle 10.6фильмы бесплатно

Rəy yazın:
ANALOQ TV