Cavanşir Feyziyev:"Azərbaycan davamlı əməkdaşlıqda maraqlı olan hər bir dövlətlə əməkdaşlıq üçün açıq olan bir ölkədir"



Aİ-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin həmsədri Cavanşir Feyziyev Avropanın EURACTİV xəbər portalına müsahibə verib. Analoq.az müsahibənin tərcüməsini təqdim edir:

Azərbaycanda baş verən bəzi hadisələr haqqında Aİ-də və ya onun bəzi siyasətçiləri tərəfindən qərəzli niyyətlərlə şərh edilir. AP-nin bəzi üzvləri Aİ-Azərbaycan yaxınlaşmasına mane olmaqda maraqlıdırlar. - EURACTIV-ə müsahibəsində Cavanşir Feyziyev belə deyir.

Cavanşir Feyziyev Aİ-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin (PƏK) həmsədridir. İxtisasca dilçi olan cənab Feyziyev, 2010-cu ildə parlamentə üzv seçilməmişdən əvvəl özəl sektorda çalışmışdır. 2015-ci ildə yenidən parlamentə seçilmişdir.

GG: 17 yanvar tarixində AP tərəfindən qəbul edilən və Mehman Hüseynovun işinə sizin ölkə rəhbərliyi tərəfindən yanaşmaya olduqca tənqidi yanaşan “Azərbaycan, xüsusilə Mehman Hüseynov işi” adlı qətnaməyə sizin reaksiyanın nədir? Onun həbs olunma səbəbləriylə bağlı sizin hökumətin versiyası nədir? Ölkənizdə liderin, məsələn prezidentin və yaxud vitse-prezidentin tənqid olunması mümkündürmü?

CF: İlk baxışda belə görünür ki, qəbul edilən Qətnamə sosial şəbəkələrdə yayılmış mənfi məlumatlara verilmiş reaksiyadır. Lakin biz AP üzvlərinin hadisə ilə bağlı doğruluğu yoxlanıla bilən mənbələrdən daha ətraflı məlumat toplamalarını gözləyərdik. Çünki bəzi hallarda, elə bu halda olduğu kimi, sosial şəbəkələrdən alınan ilkin məlumatlar yanlış ola bilir. Bu müzakirələrin təşəbbüskarı olmuş bəzi AP üzvləri Azərbaycandan olan həmkarları ilə əlaqə saxlamağa cəhd etdikləri haqda fikirlər səsləndirdi, halbuki onların azərbaycanlı həmkarları belə bir təşəbbüsdən xəbərdar deyillər. Ancaq bir hal istisna təşkil etmişdir ki, həmkarım, PƏK-in Avropa Parlamentindən olan həmsədri cənab Səccad Kərim mənə zəng etmiş və Mehman Hüseynovun işi ilə bağlı narahatçılığını bildirmişdir və biz öz aramızda məlumat mübadiləsi etmişik. (Səccad Kərim səsvermədə bitərəf qalmışdır – redaksiya).
Azərbaycanda mətbuat üzərində mövcud olan bütün məhdudiyyətlər 1996-cı ildə söz və ifadə azadlığına dair imzalanmış xüsusi bir fərmanla aradan qaldırılıb. O vaxtdan etibarən hər hansı bir şəxsi, o cümlədən hökuməti, prezidenti və yaxud vitse-prezidenti tənqid etmək heç də problem deyil. Elə bu gün də siz Azərbaycan mətbuatında ölkənin siyasi liderləri və hökumət rəsmiləri haqda kifayət qədər tənqidi şərhlər tapa bilərsiniz. Söz və ifadə azadlığı, siyasi pluralism, toplaşma azadlığı qanunla təmin olunmuşdur. Hazırda mənim ölkəmdə 400 çap mətbuatı, 20-dən artıq müstəqil informasiya agentliyi, 11 milli televiziya kanalı, 4 peyk televiziya kanalı, 13 regional televiziya kanalı və 26 IP televiziya kanalı mövcuddur. Əhalinin 80 %-i internet istifadəçisidir. 10 milyon olan əhalimizin 3 milyondan artığı Facebook, LinkedIn, Twitter və digər bu kimi sosial şəbəkələrin müntəzəm istifadəçiləridir. 40-dan artıq internet xidməti göstərən provayderlərlə birlikdə ölkədə müasir IT infrastrukturu qurulmuşdur. Belə bir şəraitdə söz azadlığının məhdudlaşdırılmasından danışıla bilməz.

GG: Qətnamədə “Azərbaycanda vətəndaş cəmiyyətinə qarşı davam edən repressiyalardan və hökumət əleyhinə tənqidi səslərin susdurulması üçün qurama ittihamlardan istifadə edilməsinə dair iddialardan” xüsusi olaraq danışılır. Bu, ölkənizin imici üçün nə deməkdir? Yoxsa siz bu dəyərləndirmələrin ədalətsiz olduğunu deyəcəksiniz?

CF: Əlbəttə, təcili müzakirələrin təşkili və belə mənfi bir qətnamənin qəbul edilməsi ölkəmizin imicinə zərər yetirir. Məni narahat edən də məhz odur ki, ölkəmə qarşı bu hücumun əsas məqsədi vətəndaş cəmiyyətinin hüquqlarının qorunması deyil, ölkənin imicinə mümkün qədər çox xələl gətirilməsidir. Ciddi şəkildə inanırıq ki, bu müzakirələrin təşəbbüskarlarının gündəmində məhz bu məqsəd var idi. Mən əminəm ki, mənim AP-də olan bir sıra həmkarlarım həqiqətən səmimi niyyətlə ədalətə töhfə verməkdir, bununla belə bəzilərinin tamam başqa məqsədləri olduğunu da bilirəm. Müzakirələr zamanı çıxış edənlərin bəziləri isə ölkəmizə qarşı apardıqları davamlı və yaxşı əlaqələndirilmiş əks- təbliğatlarına görə Azərbaycanda kifayət qədər tanınmışlar.

GG: Qətnamə Əfqan Muxtarlı, İlkin Rüstəmzadə, Rəşad Ramazanov, Seymur Həzi, Qiyas İbrahimov, Bayram Məmmədov, Araz Quliyev, Tofiq Həsənli, İlgiz Qəhrəmanov, Əfqan Sadiqov və sair kimi jurnalistlər, insan hüquqları müdafiəçiləri və digər vətəndaş cəmiyyəti fəalları da daxil olmaqla siyasi məhbusların adlarını çəkir və onları şərtsiz azadlığa buraxmağa çağırır. Bu baş verəcəkmi? Əgər baş verməyəcəksə, nəticələrin çox mənfi olacağını düşünmürsünüzmü?

CF: Siyasi məhbus olaraq adlandırılan şəxslərin siyahısı özündə Suriya və İraqa göndərmək üçün döyüşçü toplayan şəxsləri də ehtiva edir. Dolayısı ilə bu, obyektiv siyahı olmaqdan çox uzaqdır. Daha əvvəl də dediyim kimi, tənqid etməklə bağlı heç bir problem yoxdur, ancaq diffamasiya tam başqa bir məsələdir və dünyanın istənilən demokratik cəmiyyətində qanun qarşısında cavabdehlik doğurur. Jurnalist hər hansı bir vətəndaşa aid şəxsi məlumatları qanuna zidd olaraq yayırsa və yaxud hər bir vətəndaşın qanunla qorunan şəxsi həyatına müdaxilə edirsə, qanunu pozmuş olur, mühakimə edilir və məhkum olunur. Yaxud jurnalist öz statusundan başqalarını şantaj etmək üçün istifadə edirsə və ya bu şantajı dayandırmaq üçün rüşvət tələb edirsə, bu halda da mühakimə və məhkum olunur. Azərbaycanda hər hansı bir mətbuat qurumun qeydiyyatdan keçməsi çox sadədir: atmalı olduğunuz yeganə addım Ədliyyə nazirliyinə onlayn qaydada bildiriş göndərməkdir. Bəzi şəxslər bu imkandan jurnalist və ya QHT adı altında immunitet qazanmaq və bununla da qanunazidd aktlar həyata keçirmək üçün sui-istifadə edir. Əgər biz qanunun aliliyindən danışırıqsa, məhkum olunmuş hər bir insan hər hansı bir qurumun siyasi qətnaməsi ilə yox, yalnız məhkəmənin qərarı ilə azadlığı buraxıla bilər.

GG: Düşünürsünüz ki, Aİ və onun bəzi siyasətçilərinin Azərbaycana qarşı mənfi yanaşması var? Sizcə onların motivasiyası nədir?

Azərbaycanda baş verən bəzi hadisələr haqqında Aİ-də və ya onun bəzi siyasətçiləri tərəfindən qərəzli niyyətlərlə şərh edilir. AP-nin bəzi üzvləri Aİ-Azərbaycan yaxınlaşmasına mane olmaqda maraqlıdırlar. Biz onları çox yaxşı tanıyırıq. Bunlar məhz o şəxslərdir ki, dəfələrlə Azərbaycanın işğal olunmuş ərazilərinə səfər etmiş, azərbaycanlıları öz doğma yurd-yuvalarında etnik təmizləməyə məruz qoyan Ermənistan hərbiçilərinə şüurlu şəkildə siyasi dəstək vermişlər. Bu AP üzvləri qondarma “Dağlıq Qarabağ Respublikası”nda keçirilmiş, Aİ və bütün beynəlxalq təşkilatların qeyri-qanuni hesab etdikləri “yerli seçkilər”də müşahidəçi kimi iştirak etmişlər. Onlar Azərbaycanın beynəlxalq imicini zədələmək üçün daimi olaraq AP və AŞPA daxilində daim ölkəmizə hücum edirlər. Anlamaq çətin deyil ki, bu heç də onların altruizmindən (saf niyyətliliyindən) irəli gəlmir. Onların Avropanın müxtəlif ölkələrində, o cümlədən bu şəxslərin öz ölkələrində yuva salmış cinayətkar erməni qrupları tərəfindən maliyyələşdirildiyinə dair faktlar kifayət qədərdir.

GG: Parlament Əməkdaşlıq Komitəsinin Azərbaycan tərəfinin bu Qətnaməyə cavab planı nədir? Bu, daha yaxşı anlaşma və ya mövqelərin aydınlaşdırılması ilə bağlı olacaq yoxsa qarşıdurmaya gətirib çıxaracaq?

CF: Biz Mehman Hüseynovun işi ilə bağlı vəziyyətin aydınlaşdırılması və bu iddialara aydınlıq gətirilməsi ilə daha çox məşğul olacığıq. Qarşıdurma üçün hər hansı bir əsas yoxdur, biz ədalətli əməkdaşlıq tərəfdarıyıq. Təxmin edirəm ki, Qətnamə təşəbbüskarları öz hesablarını məhz bu ssenarinin əksinə qurmuşdular.

Azərbaycan davamlı əməkdaşlıqda maraqlı olan hər bir dövlətlə, ilk növbədə isə Aİ ilə ikitərəfli, qarşılıqlı faydalı əməkdaşlıq üçün açıq olan bir ölkədir. Mənim ölkəmdə son 10-15 ildə icraedici və qanunverici sahələrdə çoxsaylı islahatlar həyata keçirilib ki, onların da böyük əksəriyyəti məhz Avropalı tərəfdaşlarımızla əməkdaşlıq əsasında baş verib. Bu islahatların həyata keçirilməsində nou-hau Avropalı tərəfdaşlarımızın olsa da, siyasi iradə məhz Azərbaycan tərəfinin olub. Ona görə mən əminliklə ölkəmizdə demokratiya və azadlıqların iinkişafı ilə bağlı şübhəsi olan hər bir kəsi Azərbaycana səfər etməyə və reallıqların şahidi olmağa dəvət edirəm.

Analoq.az
скачать dle 10.6фильмы бесплатно


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi