Natavan Dəmirçioğlu:"Əsəd Cahangirin yazdığı monoqrafiyaya ümidim çoxdur"



Natəvan Dəmirçioğlu maraqlı yazıçı, tanınmış publisistdir. Filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi var. Azərbaycan Beynəlxalq Radiosunun şöbə müdiridir. Hal-hazırda Bakı Dövlət Universitetinin jurnalistika fakültəsində dərs deyir. Media üzrə ekspertdir. "Qılınc və Qələm”, "İlin qadın yazıçısı” kimi mükafatlar alıb.
Natəvan xanım 1963-cü ildə Qazax rayonunda anadan olub. "Bir ovuc torpaq” adlı ilk hekayəsi 20 yaşı olarkən dərc olunub. Sonrakı illər bir neçə hekayə və pyes yazıb. 1997-ci ildə "Üç nöqtə”, 98-də isə "Səbət” povestləri "Azərbaycan” jurnalında işıq üzü görüb. Keçən əsrin sonunda Heydər Əliyevin sərəncamı ilə prezident təqaüdünə layiq görülüb. Ədəbi ictimaiyyətdə "Yetim” povesti Natəvan Dəmirçioğlu imzasını daha geniş tanıtdırıb. Mütəxəssislər Natəvan xanımın "Birinci kitab”ını ədəbi hadisə kimi qiymətləndirirlər. Bir neçə dillərdə və müxtəlif ölkələrdə çap olunan Natəvan Dəmirçioğlu ikinci dəfə ölkə başçısı İlham Əliyevin imzası ilə prezident təqaüdünə layiq görülüb. Bir neçə yaradıcılıq birliklərinin üzvü olan Natəvan xanım dəfələrlə fəxri fərmanlarla və diplomlarla təltif olunub.

Onun BakuPost-un əməkdaşı ilə söhbətini təqdim edirik:
- Natəvan xanım, adınızda kişiyə məxsusluq var, elə publisist yazılarınızda, hekayələrinizdə də bunu hiss etmək olur - kişi qələminin məntiqi, gücü var. Hardandır bu kişilik sizdə?
- İlk dəfədir ki, mənə belə sual verilir. Mən qadında sevilməli olan xüsusiyyətlərə üstünlük verirəm. Məsələn, "filankəs kişi kimi qadındır" ifadəsindən xoşum gəlmir. Bir dəfə Rüstəm Kamal da demişdi ki, sənin hekayələrində kişi yazıçısına məxsus olan keyfiyyət var.
Telefon zəng çalır. Natəvan xanım açan kimi bildirir ki, müsahibə verirəm, sonra danışarıq. Tez dilləndim ki, ay Natəvan xanım, səs yazanı dayandırım, danışın, bəlkə kiminsə vacib sözü var. Onun cavabı isə belə oldu: yox, qızımdır, səsindən bildim ki, hər şey qaydasındadır, sadəcə hal-əhval tutmaq üçün zəng edib. Artıq 30 ildir ki, səslə işləyirəm. Səsdən təyin edə bilirəm hər vəziyyəti, özümün həmin adama lazımlıq dərəcəmi. Hə, davam edək – deyib, Natəvan xanım sualımı cavablandırmağa davam edir:
-Hər bir insan mənsub olduğu xalqdan, millətdən kimlərinsə ruhunu daşıyır. Mən bilmirəm kimin ruhunu daşıyıram, ancaq təxmin edirəm ki, böyük kişi ruhudur daşıdığım. İkinci tərəfdən, mən anamı 12 yaşımda itirmişəm. Atam saxlayıb bizi. Kişi tərbiyəsi görmüşəm. Yəqin ki, bütün bunlarla əlaqəlidir, mənim kişi xakterinə bələdliyim, yazılarımdakı kişi ruhu.

- Qazax ədəbi mühiti, belə demək olarsa, Qazax ədəbiyyatı sizi qane edirmi?
- Heç bir mənada mən ədəbiyyatı bölgələrə bölmürəm. Amma bu da qaçılmazdır, təbiət hadisəsidir ki, insanlar bölgələrə ayrılır. Son dövrlərdə sanki məqsədli şəkildə Qazax ədəbi mühitinə qarşı kompleks yaranıb. Bəzi adamlar elə bilir ki, Qazaxdan filan qələm adamı olmasaydı, o, daha çox məşhurlaşardı, daha ciddi yazar hesab olunardı. Məncə, Qazax ədəbi mühitinin nümayəndələrini gözü götürməyən adamlar çoxdur. Ədəbiyyat yeganə sahədir ki, bu ərazidə heç kim, heç kimin yerini tutmur, tuta da bilməz. Ədəbiyyat müstəvisində hamıya yer var və burada hər kəsin öz boyu görünür. Səməd Vurğunun dövründə ona paxıllıq edən çox yazarlar var idi. Elə bilirdilər ki, onların inkişafına Səməd Vurğun mane olur. O adamlar Səməd Vurğun öləndən sonra 30 il yaşadılar, ancaq Səməd Vurğun ola bilmədilər. Bu gün məni öz timsalımda Qazaxdan olan yazarlar məsələsi qane edir. Əlimdən gələni edirəm. Günün 25 saatını işləyirəm. Düzdür, əsərlərdən sona - "Səbət”dən, "Yetim”dən sonra səhhətimdə problemlər yarandı. Ancaq şükür ki, hər şey qaydasına düşdü.
Elə bu vaxt qapı açıldı, orta yaşlı bir xanım çay gətirdi. Müsahibəni dayandırıb çay içməyə başladıq. Otağın küncündə narahat görünən kitablar diqqətimi çəkdi. Hər yan kitab idi. Hətta gödəkçəmi paltar dolabından götürəndə gördüm ki, bura kitabla doludur. Soruşdum ki, ay Natəvan xanım, bu kitabları niyə incidirsiz? Sualım yerində idi. Natəvan xanımın dərdi təzələndi. Birnəfəsə cavab verdi: Oğul, kitablar mənim ürəyimin yarasıdır. İllərlə kirayə evdə qorumuşam onları. İndi də evimizdə yer azdır, kitablarımı yığmağa ayrıca otağım yoxdur. İşdə, atamgildə, bacımgildə, evdə qutularda saxlayıram onları.
Açığı, mən elə bilirdim ki, jurnalistlər binasında Natəvan xanıma da ev verilib. Çünki, buna onun jurnalist təhsili, 30 illik professional jurnalist xidməti, jurnalistikadan dissertasiya yazması, jurnalistikadan dərs deməsi və nəhayət, jurnalistika üzrə ekspert olması əsas verir. Üstəlik, xanım yazar məhdud mənzil şəraitində yaşayır. Kiçik bir zarafat edirəm: Yazacam ki, Natəvan Dəmirçioğluna ev vermirsiz, verməyin, amma onun kitablarına bir ev verin... Çayımızı bitirəndən sonra müsahibəmizə davam etdik.
- Güney Azərbaycanda milli mədəniyyətimizin inkişafına təsir edə bilirikmi?
- Bu mənim dissertasiya mövzumdur: ”Güney Azərbaycanda milli mədəniyyətin inkişafında Azərbaycan Beynəlxalq radiosunun rolu”. Adından da məlum olduğu kimi mövzu Güney Azərbaycan məsələsini gündəmə gətirir. Bu isə müstəqil Azərbaycan dövlətinin siyasəti ilə üst-üstə düşür. Çünki Azərbaycan dövləti azərbaycançılıq ideologiyasına önəm verir, dünyaya səpələnmiş altımış milyonluq Azərbaycan tükünün vahid, müstəqil vətəni kimi öz üzərinə böyük tarixi missiya götürür. Deyilənə görə, bu elmi işdə çox mühüm məsələlərə aydınlıq gətirilib. Güney Azərbaycanda özünü dərk, milli mənsubiyyətini bilmək, milli mədəniyyətinə sahiblik ciddi məsələlərdir. Orada soydaşlarımız fars mədəniyyəti qarşısında öz mədəniyyətini tanımaq, bilmək, yaşatmaq, təbliğ etmək kimi mühüm tarixi vəzifə daşıyır. Toplumu millətə, xalqa çevirən amillər dil ilə bərabər milli iradə, milli-mənəvi dəyərlər sisteminin olması və tarixi keçmişə sahiblikdir. Güneydə doğulub, böyüyən nəsillərin şüurunun altyapısında bu məsələlər diri olmalıdır. Tarixdən çox sayda sübutlar gətirmək olar ki, əgər xalq, millət müəyyən zaman kəsimində bu və ya digər imperiyanın təzyiqi altında yaşamışsa, vaxtı gələndə, siyasi şərait yetişəndə o imperiya buxovlarından azad ola bilir. Milli mədəniyyətin unudulması, könüllü dəyişmə və ya yabançı dəblərə uyma –assimilyasiya toplumu kültür imperializminin buxovuna salır və sonradan xilas çətin olur. O səbəbdən də milli-mənəvi dəyərləri, mənəviyyat yatırını: öncə dili, tarixi, folkloru, ədəbiyyatı, musiqini, geyim və davranış özəlliklərini, mətbəxini qorumaq gərək. Güney Azərbaycanda Azərbaycan dilli mətbu orqanlar yox səviyyədədir. Olanlar da bizim mədəniyyəti fars mədəniyyətinin içərisində əritməyə çalışır. İranda 45 milyonluq Azərbaycan xalqının öz dilində məktəbi, ali təhsil ocaqları, mətbu orqanı, radio, televiziya kanalı yoxdur. Bəzən Azərbaycan dilində veriliş açırlar və dili elə təqdim edirlər ki, bu 70 faiz farslaşmış Azərbaycan dilidir. Sadə vətəndaşlar, aşıq sənəti və folklor dəyərlərimiz dilimizi qoruyub saxlayır. Biz mədəniyyətimizi onlara çatdırmaqla onlara dəstək olmuş, ümid vermiş olarıq.
 Natəvan xanım İran siyasətinin az qala qurbanına çevrilən 45 milyonluq Güney azərbaycanlılardan elə siyasi söhbətlər edirdi ki, bir anlığa özümü dövlət əhəmiyyətli diplomotik danışıqlar aparılan siyasi konfransda hiss etdim. Görünür, Natəvan xanım ciddi qələm sahibi olaraq hər yerdə öz vətəndaş mövqeyini ortaya qoymaqdan çəkinməyən, milli kimliyini unutmayan həm də bir siyasətçidir. Çünki o, siyasi cəhətdən elə məqamlara toxundu ki, şəxsən mən Milli Məclisdə Güney Azərbaycan haqqında belə məntiqli, içdən danışan millət vəkili tanımıram. Ümumiyyətlə, Natəvan Dəmirçioğlu publisist yazılarında da, hekayələrində də içdən danışmağı bacaran yazıçıdır.
- Natəvan xanım, bütün kitablarınız xaricdə çap olunub. Azərbaycanda oxucunuz yoxdur?
- Mənim çap olunmamış xeyli materialım var. Mən ac deyiləm çap olunmağa. Çap olunan əsərlərim məni qane edir. Əsərlərimə görə xeyli zənglər gəlir, internet üzərindən yazırlar, fikirlərini bildirirlər, başqa əsərlərimi istəyirlər. Yeni romanımdan bəzi parçalar dərc etdirirəm. O saat münasibət bildirirlər. Romanı tam şəkildə oxumağa tələsdiklərini söyləyirlər. Yəni kifayət qədər oxucularım var. Ölkə nəşriyyatları ilə də danışıqlar aparırıq. Yəqin ki, əsərlərimi təkrar nəşr etdirəcəm. Ardınca romanı bitirib, ayrıca kitab halında dərc etdirmək istəyim var.
-"Kələğayı” hekayəsəni niyə yazmısız?
- Qazaxda Hacı Mahmud Əfəndi baba pirinə getmişdim. O piri sovet dövründə dağıdılmaqdan Səməd Vurğun saxlatdırıb. Anbar kimi istifadə olunan piri Mədəniyyət Nazirliyində tarixi abidə kimi qeydiyyata saldırıb və nəticədə piri dağıtmayıblar. O vaxt Səməd Vurğun deputat imiş, sözü keçirmiş. O pirin divarlarında Qazi Bürhanəddinin, Mir Həmzə Seyid Nigarinin, Veysəl Qaraninin və başqa övliya-yazarların deyimləri həkk olunub. Pir müqəddəs ocaq olmaqla bərabər, Nəqşibəndilik təriqətinin tarixi abidəsidir. Sonradan Ulu Öndər Heydər Əliyev həmin piri təmir elətdirib. O pirdə olanda bir qadın mənə kələğayı bağışladı. Qadın Hacı Mahmud Əfəndi nəslindəndir və pirdə xidmət edirdi. Əslində, kələğayıları pirə girəndə bağlamalı, çıxanda təhvil verməliydik. Amma kələğayı mənə çox yaraşmışdı deyə qadın onu mənə bağışladı. Sonra da bütün bunlar hekayəyə çevrildi. O hekayədə əsas fikir odur ki, özünün sahib olduğun dəyərləri yaşadıb, inkişaf etdirməyi bacarmalısan, əks halda başqaları ona sahib çıxacaqlar, sən unudulacaqsan. Kürəsəlləşən dünyada ancaq öz milli dəyərlərinlə seçilə və sayıla bilərsən.
- Əsəd Cahangirdən tutmuş Zəlimxan Yaquba qədər çox adam sizin haqqınızda yazı yazıb. Bu yazılardan ən çox bəyəndiyiniz hansı olub?
-Mənim haqqımda bu günə qədər yazı yazan hər kəsə, sözsüz ki, öz təşəkkürlərimi çatdırıram. Dünyasını dəyişənlərin ruhuna, yaşayanların özünə minnətdaram. Zəlimxan Yaqub kimi bir qələm sahibinin mənim haqqımda yazı yazıb, "525-ci qəzet”də çap etdirməsi məni çox sevindirmişdi. Haqqımda yazılan bütün yazılara şad olmuşam. Amma əgər dürüst cavab vermək gərəkirsə, ən çox mənim yaradıcılığım haqqında Əsəd Cahangirin yazdığı monoqrafiyaya ümidim çoxdur. Əsəd müəllim sağ olsun, işi avand olsun.
Natavan xanımın sözü bitib-tükənmir, həyat müşahidələri məntiqi olaraq bir-biri ilə sıx bağlıdır. Məsələn, mən ona "Kələğayı” hekayəsindən sual verəndə o söhbətə Səməd Vurğundan başlayır. Çünki "Kələğayı” hekayəsi pir ziyarətindən sonra yazılıb, o pir dağıdılanda isə Səməd Vurğun qoymayıb. Yəni əlaqələndirib bir sualıma min bir cavab verməyi bacaran Natəvan Dəmirçioğlunun ilhamı, sözü dağ çayı kimi gur, səsli-küylüdür. Azərbaycan qadın yazarları arasında Natəvan Dəmirçioğlu ön sıralarda yer alan yazıçılardandır. Onun hekayələri bəşəriliyə kodlaşıb. Həmişə buludlardan yuxarıda söhbət edir. Obrazlarının içinə girib daxili aləmlərini yazmağı bacarır. Hansı obrazdan yazırsa, o olur.Elşad Barat bakupost.az

Analoq.az
скачать dle 10.6фильмы бесплатно


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi