Arye Qut:"Düşünürəm ki, biz Xocalını yalnız hər il fevralın sonlarında xatırlamamalıyıq"

Arye Qut:
Tarix: 27-02-2016, 23:16 Toplam: nəfər paylaşdı.


Arye Qut:"Düşünürəm ki, biz Xocalını yalnız hər il fevralın sonlarında xatırlamamalıyıq"Müsahibimiz İsrailin “Cəmiyyət üçün beynəlxalq layihələr” qeyri-hökumət təşkilatının rəhbəri, beynəlxalq münasibətlər üzrə ekspert Arye Qutdur.

– Məlumdur ki, İsraildə postsovet ölkələrindən köçmüş çoxlu insanlar yaşayır. Azərbaycanın ən böyük problemi olan erməni təcavüzü, ərazilərimizin tapdaq altında olması İsraildən necə görünür? Hazırlıqlı İsrail vətəndaşı bu münaqişəni necə dəyərləndirir?

– Mən 2000-ci ildən İsraildə yaşayıram. Hələ Israilə köçməmişdən öncə, ivrit dilini öyrənmişdim. İsrailə köçəndə mənim birinci arzum doktoranturanı bu ölkədə oxumaq istəyi idi. Həm də istəyirdim ki, mövzum məhz Azərbaycanla bağlı olsun. Lakin Azərbaycanla əlaqədar mütəxəssis olmadığından, mənimlə çalışmaq istəyən professor tapmağı tövsiyə etdilər. Nəhayət, mənə bir adamı nişan verib dedilər ki, o, keçmiş SSRİ üzrə mütəxəssisdir. Onunla tanış olub, Azərbaycanla bağlı doktorluq işi yazmaq istəyimi söyləyəndə, təəccüblə Azərbaycanın harada yerləşdiyini soruşdu. Yəni sualınıza cavab olaraq demək istəyirəm ki, 2000-ci illə 2016-cı il arasında fərq böyükdür. İndi İsraildə Azərbaycanla bağlı daha çox məlumatlıdırlar.

– Təbii ki, bunda Sizin də iştirakçısı olduğunuz “Xocalıya ədalət” kampaniyasının da böyük rolu var.

– “Xocalıya ədalət” kampaniyasına mən birinci gündən qoşuldum. Yadımdadır 4-5 il öncə bu işə başlayanda İsraildə bəzi indiki siyasətçilər bizi anlaya bilmirdilər. Yaxşı yadımdadır Xocalı ilə bağlı ilk siyasi tədbiri millət vəkili və mənim bacım Qanirə xanım Paşayevanın dəstəyi ilə həyata keçirdik. Sonra bu önəmli işdə bizə Heydər Əliyev Fondu dəstək oldu. Məhz bu fondun real dəstəyi və yardımı ilə bir il ərzində İsrailin ayrı-ayrı şəhərlərində “Xocalıya ədalət” adlı foto-sərgilər keçirdik.Yadımdadır İsrailin şimalında, çoxlu Azərbaycan kökənli insanların yaşadığı qədim Akko şəhər bələdiyyəsinin binasında fotosərgini keçirdik və orada bu şəhərin meri Şimon Lankrinin sözləri yadıma düşür:”Xocalı qətliamına həsr edilmiş bu fotosərgi sadəcə məni sarsıtdı, gördüklərimdən şoka düşdüm. Bu Azərbaycan xalqına qarşı vəhşilik təzahürüdür. Günahsız uşaqlara, qadınlara və qocalara qarşı misli görünməmiş qəddarlıq və barbarlıq heç cür izah oluna bilməz. Azərbaycanlılar və yəhudilər hər zaman qardaş olmuşlar, indi də biz qardaşıq”.

Bu bir daha onu göstərdi ki biz Xocalı qətliamı ilə bağlı işləri daha aqressiv və daha da gücləndirməliyik. Yəhudilər dünyanın ən qəddar genosidini yaşamış Xolokostdan çıxmış xalqdır. Avropa yəhudiləri gettoda, həbs düşərgələrində, “ölüm marşı” zamanı və kütləvi güllələnmə nəticəsində qırılırdılar. Nə üçün minlərlə insanın kütləvi qırğını və öldürülməsi XX əsrin sonu və XXI əsrin əvvəlində bütün problemləri özünə çəkərək toqquşmaların, o cümlədən dini, mənəvi, siyasi qarşıdurmaların əsasında durur? Holokost mənim xalqımın faciəsidir, uzun müddət yasaq mövzu olmuş faciədir. Məhz buna görə də azərbaycanlılara qarşı törədilmiş qanlı Xocalı soyqırımı da mənim şəxsi ağrım və şəxsi faciəmdir. Artıq bu bir tarixi faktdır ki, erməni silahlı qüvvələri və dəstələri şəhəri və onun ətrafını tərk etməyə macal tapmayan heç bir Xocalı sakininə aman verməyiblər. Xocalı şəhərinin mülki əhalisinin qəsdən, kütləvi məhv edilməsinin yeganə səbəbi bu idi ki, onların hamısı azərbaycanlılar idi. XXI əsrin erməni faşistləri XX əsrin 40-cı illərinin alman faşistlərindən nə ilə fərqlənirlər?

– İsrail-Azərbaycan əlaqələrinin bu günkü durumunu necə qiymətləndirərdiz?

– Bu gün İsraildə Azərbaycanı dost və strateji tərəfdaş ölkə kimi tanıyırlar. Bunda siyasətcilərin rolu çox böyükdür. Vaxtilə 1997-ci ildə indiki baş nazir Beniyamin Netanyahunun Bakıya səfərindən və Ulu öndər Heydər Əliyevlə görüşündən sonra bu əlaqələrə daha böyük impuls verildi. Aviqdor Libermanın baş nazirin müavini, xarici işlər naziri kimi çalışdığı dövrdə bu əlaqələr daha da genişləndi. İsrail dövləti Azərbaycan rəhbərliyinin və şəxsən Azərbaycan Prezidentinin İlham Əliyevin yəhudi icmasına səmimi münasibətini yüksək qiymətləndirir. Dünyada bu münasibətin analoqu yoxdur. Biz İsraildə müasir dünyəvi, tolerant və güclü Azərbaycanın həqiqi və keyfiyyətli nümunəsini müşahidə edir və qiymətləndiririk. Bu illər ərzində ölkələrimiz arasında qarşılıqlı diplomatik və iqtisadi münasibətlər sürətlə genişlənib. Ölkələrimiz arasında ticari-iqtisadi əlaqələr tərəqqi edir, İsrail dünya bazarında Azərbaycan neftinin ən iri idxalatçısıdır. İsrailin yüksək texnoloji sənaye məhsulları Azərbaycanın telekommunikasiya infrastrukturu layihələrində tətbiq edilir. Bununla belə, İsrail ilə Azərbaycan arasında, azərbaycanlılarla yəhudilər arasında münasibətləri təkcə qarşılıqlı maraqlarla izah etmək mümkün deyil. Bu gün ümumi dəyərlər və ortaq tarix müasir Azərbaycan-İsrail münasibətlərinə nüfuz edir. Hər iki ölkə onların arasında insani əlaqələr olması və müxtəlif dini-tolerant cəmiyyətlərdə yaşamaq qətiyyəti hesabına zənginləşir. Amma mən həmişə arzulamışam ki, İsraillə Azərbaycan arasında elmi əlaqələr qurulsun və inkişaf etsin. Bununla bağlı müqavilə olsa da, hələlik nə İsrail, nə də Azərbaycan ortaya real bir şey qoya bilməyib. Biz istəyirdik ki, Hayfa Universiteti nəzdində Cənubi Qafqaz Araşdırmaları Mərkəzi yaradaq, lakin müəyyən məsələlər bunun hələlik reallaşmasına mane oldu. Buna baxmayaraq, Xocalı, Qarabağla bağlı tez-tez tədbirlər keçiririk. Düşünürəm ki, biz Xocalını yalnız hər il fevralın sonlarında xatırlamamalıyıq.

– Bəs ermənilik İsraildə nə dərəcədə fəaldır? Başqa sözlə, ermənilik dünyanın əsas intelektual mərkəzlərindən biri olan və qərarları ilə bütün regiona təsir edən İsraildə, onun akademik dairələrində görünürmü, onların fəallığı hiss olunurmu?

– Əlbəttə, hiss olunur, biz onu hiss edirik. Halbuki orada ermənilərin sayı azdır. Təxminən 10-15 min nəfərdirlər. Bunlar əsasən İsrail dövləti yaranandan əvvəl orada yaşayan ermənilərin törəmələridir. Ermənistandan gələnlər də var. Açığı, biz hər zaman onlarla toqquşuruq. Məsələn, keçən il aprelin 24-də ermənilər Facebook-da yazmışdılar ki, həmin gün heç bir erməni işləməməli, Təl-Əviv və Yerusəlimdə nümayişlər keçirməlidir. İnanmazsınız, amma həqiqətən də həmin şəhərlərdə minlərlə erməni nümayiş keçirdi, hətta katolikos da gəlmişdi. Mən polisə müraciət etdim ki, onlara qarşı çıxmaq üçün biz də nümayiş keçirmək istəyirik. Polisin cavabı məni çox heyrətləndirdi: “Bəs indiyə qədər harada idiniz? Axı onlar hər il aprelin 24-də mitinq keçirirlər”. Bu sual mənə çox toxundu. Açığı demək lazımdır ki Azərbaycan kökənli insanları bir yerə yığmaq çox çətindir. Həlledici məqamda hərənin bir “problem”i yaranır. Lakin bununla belə, həmin gün biz təxminən 150 nəfəri bir yerə yığa bildik. Bir sözlə, bizim gəlişimiz ermənilər üçün xoşagəlməz sürpriz oldu. Çünki onlar bizim də həmin gün orada yığışacağımızı gözləmirdilər. Hər halda heç bir təşkilatdan dəstək gözləmədən həmin tədbiri keçirə bildik.

– İnsanı yaşadan onun gələcəyə inamıdır. Ona görə də Azərbaycana yönəlik planlarınız barədə danışmağınızı istərdik.

– Planla yaşayan, ortaya nəsə çıxarmaq istəyən adamlar var. Xaricdə yaşamaq və Azərbaycanın mənafelərini müdafiə etmək çətin olsa da fərəhlidir. Həm də ona görə ki, sən və səninlə olan insanlar yalnız özünü yox, həm də Azərbaycan dövlətini təmsil edirlər. İsraildə Azərbaycanın nə səfirliyi, nə də konsulluğu var. Elə Ermənistanın da diplomatik nümayəndəliyi bu ölkədə yoxdur. Ümumiyyətlə, İsraillə Ermənistan arasındakı əlaqələr sıfır səviyyəsindədir. Ancaq Azərbaycan-İsrail arasında ticarət dövriyyəsi 4 milyard dollara yaxındır.

– Bu il soyqırım tarixlərinin ildönümü ilə əlaqədar hansı tədbirlərin keçirilməsini nəzərdə tutmusunuz?

– Tədbirlər planımız genişdir. Məsələn keçən il biz İsrail-Azərbaycan “Odlar Yurdu” teatral truppa yaratdıq.Burada İsraildə yaşayan gözəl insan və professional rejissor Səadət xanım Şükürovanın və onun ailəsinin bu teatr truppasının yaradılmasında rolu əvəzolunmazdır. Keçən ilin fevralında keçirilən Xocalı qətliamı ilə bağlı tədbirdə “Odlar Yurdu” teatr truppası xüsusi amansızlıqla qətlə yetirilmiş, daha sonra meyitləri təhqir edilmiş xocalıların həyatının son dəqiqələrini böyük həssaslıqla Netanya şəhərinin Mədəniyyət Mərkəzinin səhnəsində canlandırıblar.

Tədbirimizdə çıxış edən İsrail Knesset deputatı Yoel Razvozov tamaşaya baxanda Azərbaycanın Xocalı şəhərində kütləvi qırğının mahiyyətini dərindən hissi etdiyini, başa düşdüyün söylədi. Dedi ki, hu hadisənin XX əsrin sonlarında baş verdiyinə inanmaq olmur. İsrail deputatı bu qorxunc fotoşəkilləri görəndə, Knessetin nümayəndə heyətinin tərkibində Osvensim ölüm düşərgəsinə səfərimi xatırladığını da qeyd etmişdi.

Amma mən hesab edirəm ki, bu məsələlərlə bağlı özümüz deyib, özümüzün eşitməyimizə son qoymalıyıq. Biz bu çərçivədən qurtarmalı, yeni üsullar tapmalıyıq. Məsələn, İsraildə qeyd edirlər ki, bu gün Twitter Facebookdan daha güclüdür. Twitter inqilabı var dünyada. Yəni sosial şəbəkələrin bütün gücündən istifadə etmək lazımdır. Xocalı ilə bağlı dünyada elmi konfranslara böyük ehtiyac var. Mən demək olar ki hər il Xocalı ilə bağlı beynəlxalq konfranslarda iştrak edirəm. Keçən il Stokholmda, Kişinyevda, Moskvada, Ankarada elmi konfranslarda çıxış etdim və Xocalı qətliamı ilə bağlı hərtərəfli sənədli prezentasiyanı təqdim etdim. Amma mən İsrail çərçivəsindən çıxmağın tərəfdarıyam. Çünki bu hadisələri Amerikada da tanıtmalıyıq. Mənim orada yaxşı əlaqələrim var. Amerikada yəhudi diasporunun nəzarətində olan nüfuzlu kütləvi informasiya vasitələri var ki, hətta Konqressə də təsir etmək gücündədir. Çalışıram ki, həmin KİV orqanlarında Azərbaycanla bağlı məqalə, yaxud məqalələr silsiləsi getsin. Azərbaycan çalışmalıdır ki, dünyada dostları çox olsun və bu dünyada həqiqətən də Azərbaycanın dostlar koalisiyası formalaşsın.

– Sizin İsrail mediası ilə real əlaqəniz var və həmin media vasitəsində Azərbaycanla bağlı gedən yazı çox qiymətlidir.

– Keçən ilin yanvar ayında bizim iştirakımızla “Jerusalem Post”, “Yediot Ahranot” qəzetlərinin nümayəndələri Azərbaycana gəlmişdilər. Azərbaycan-İsrail münasibətləri tarixində heç vaxt olmayıb ki, ABŞ Dövlət Departamentində hər gün oxunan nüfuzlu “Jerusalem Post” qəzeti 3 səhifəsini Azərbaycana həsr etsin. Biz birlikdə Qubaya getdik, Qırmızı qəsəbədə olduq. Qırmızı qəsəbədəki sinaqoqda ibadət edəndən sonra jurnalistlərdən biri dedi ki, çox yerlərdə olub, amma burada bənzərsiz aura var, ibadət vaxtı ona elə gəlib ki, Allah daim başının üstündədir. Mayamidə yaşayan bir yəhudi olan həmin jurnalist sonra öz təəssüratlarını elə gözəl qələmə almışdı ki… Bunlar ancaq şəxsi əlaqələr vasitəsilə mümkündür.

– Arye, Sizinlə söhbət ona görə maraqlıdır ki, Azərbaycanı bilən və onu sevən adamsınız. Hansısa bir sual qaldımı ki, Siz onu səsləndirməyimizi istəyirdiniz?

– Mən sadəcə bir başqa misal da demək istərdim. Ötən il Xocalı soyqırımının ildönümü günündə “İ24” İsrail beynəlxalq televiziyasının Bakıya gəlməsinə nail olduq. Həm soyqırım hadisəsinin ildönümü ilə bağlı tədbirləri, həm də Tovuzun Əlibəyli kəndində cəbhə xəttində baş verənləri lentə aldılar. Daha sonra Qubaya yollandıq. Onların içərisində İsraildə böyük nüfuza malik olan ərəb mənşəli Lyusi Ahariş adında jurnalist də var idi. Təsəvvür edin ki, İsrailin müstəqillik günündə böyük şamı yandırmaq şərəfinə layiq görülür. Həmin jurnalist məndən istehza ilə soruşdu ki, Arye yəni sən demək istəyirsən ki, burada yəhudilərlə müsəlmanlar yanaşı mehriban yaşayırlar? Cavab verdim ki, əlbəttə, indi özün də görəcəksən. Gəldik Qırmızı qəsəbəyə. Sinaqoq, onun içinin dəbdəbəsi onda böyük heyrət doğurdu. Ravvinlə axundun görüşünü, onların bir birinin qucaqlaması, onların birgə məscidə girmələrini heyranlıqla izləyir və çəkirdi. Və sonda mənə belə bir söz dedi: “Sən mənə dünyanın ən gözəl ölkəsini açdın. Axundla ravvinin qucaqlaşıb görüşməsi bu Azərbaycanın dünyada ən gözəl vizit kartıdır”.

Mənbə
1905.az
Dadaş Musayev,скачать dle 10.6фильмы бесплатно

Rəy Yazın



0 Valid XHTML 1.0 Transitional ILK-10