“Biz gənclərə daim diqqət və qayğı var”



Qədim tarixə malik musiqi mədəniyyətimiz görkəmli xanəndələr yetirib. Azərbaycan hüdudlarından kənarda da yaxşı tanınan həmin sənətkarlar böyük məktəb yaradıblar. Sevindirici haldır ki, son illər səhnəyə çıxan gənc istedadlar bu ənənəni davam etdirməyə çalışırlar. Heydər Əliyev Fondunun dəstəyi ilə keçirilən “Muğam müsabiqəsi”nin qalibləri və iştirakçıları təkcə Azərbaycanda deyil, xarici ölkələrdə uğur qazanır, musiqimizi, mədəniyyətimizi layiqli şəkildə təmsil edə bilirlər. Onların arasında fəxri adlara, müxtəlif mükafatlara layiq görülənlər də var.
İstedadlı xanəndə, Dövlət Akademik Opera və Balet Teatrının solisti, Əməkdar artist Elnur Zeynalov gənc muğam ifaçılarına yaradılan şəraitdən razılıq edir: “Həqiqətən də biz gənclərə daim və diqqət var. Əsl sənət məbədlərindən biri sayılan Akademik Opera və Balet Teatrında çalışıram. Kollektivimizdə gözəl bir yaradıcılıq mühiti var, ustadlarımız öz təcrübələrini bizimlə bölüşür, məsləhətlərini əsirgəmirlər. Teatrımızın direktoru, Əməkdar incəsənət xadimi Akif Məlikov, baş rejissorumuz, Əməkdar incəsənət xadimi Hafiz Quliyev elə ilk günlərdən bizə dəstək olublar. Digər istedadlı yaşıdlarım kimi, mənə də əvvəlcə epizodik rollar verildi, peşəkar səhnədə təcrübə qazanmaq üçün imkan yaradıldı. Teatrımızın rəhbərliyi mənə inandı və sonrakı illərdə baş rollar etibar edildi. Məhz onların dəstəyi, ustadlarımızın məsləhəti sayəsində doğma teatrımızın səhnəsində Məcnun (“Leyli və Məcnun”), Kərəm (“Əsli və Kərəm”), Qərib (“Aşıq Qərib”) kimi mürəkkəb obrazları oynamaq mənə də nəsib oldu. Gənc yaşımda Əməkdar artist fəxri adına layiq görülmüşəm. Tez-tez rəsmi dövlət tədbirlərinə dəvət alıram, xarici ölkələrə qastrol səfərlərinə göndərilirəm. Bütün bunlar bizi gənclərə göstərilən diqqətin bariz nümunəsidir”.
Əməkdar artist Elnur Zeynalov deyir ki, dövlətin, teatr rəhbərliyinin etimadını doğrultmaq üçün daha çox səy göstərir, yeni və maraqlı layihələr üzərində çalışır.
Son illər böyük maraqla qarşılanan “Muğam müsabiqəsi”nin qaliblərini biri, Akademik Opera və Balet Teatrının solisti Rəvanə Əmiraslanlı da gənc ifaçılar üçün yaradılan şəraiti yüksək dəyərləndirir: “Biz gənclərə göstərilən qayğı göz qabağındadır. Ənənəvi “Muğam müsabiqəsi”, müxtəlif festivallar yeni istedadların üzə çıxmasına kömək edir. Çox xoşbəxtəm ki, mənim də sənətdə yolum Heydər Əliyev Fondunun xeyir-duası ilə təşkil edilən “Muğam müsabiqəsi”ndən keçdi və 2017-ci ildə dəyərli xalqımızın, korifey sənətkarlarımızın verdiyi qiymət sayəsində müsabiqənin qaliblərindən biri seçildim. Məhz bu ilk uğurumdan sonra sənət müəllimim, Əməkdar artist Təyyar Bayramovun təklifi, ustad xanəndəmiz, Xalq artisti Mənsum İbrahimovun xeyir-duası ilə Akademik Opera və Balet Teatrına dəvət olundum. İlk günlər həyəcan keçirirdim, sağ olsunlar teatrın rəhbərliyi, kollektiv üzvləri mənə dəstək oldular. 6 ay gərgin məşqlərdən sonra milli operamızın şah əsəri- dahi Üzeyir bəyin “Leyli və Məcnun” əsərində Leylini hazırladım və 2018-ci il martın 11-də ilk dəfə Leyli kimi səhnəyə çıxdım. Ötən il həmçinin Şəkidə keçirilən “İpək yolu” IX Beynəlxalq Musiqi Festivalı çərçivəsində açıq havada oynanılan “Əsli və Kərəm” operasında Əsli obrazını ifa etdim. Bu dəfə də tərəf-müqabilim Əməkdar artist Elnur Zeynalov oldu.
Bu ilin aprelindən artıq Akademik Opera və Balet Teatrının solistiyəm və sevinirəm ki, belə bir sənət ocağında çalışıram. Teatr rəhbərliyinin, ustadlarımızın diqqət və qayğısı olmasaydı sənətdə bu yerlərə gəlib çıxmaq yəqin ki, mümkün deyildi”.
Gənc xanəndə Rəvanə Əmiraslanlının sözlərinə görə, sənət müəllimlərinin, teatr rəhbərliyinin ona bəslənən ümidlərini daim doğrultmağa səy göstərir.

Turan Etibaroğlu
Analoq.az
скачать dle 10.6фильмы бесплатно


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi