Hikmət Hacıyev:"Təxribatların törədilməsinin təşəbbüskarı məhz Ermənistan tərəfidir"



Ermənistan-Azərbaycan cəbhəsində vəziyyət gərginləşib.Düşmən tərəfi davamlı olaraq cəbhədə təxribatlara əl atır və bu da hər iki tərəfdən itkilərlə nəticələnir.

Ermənistanın həmsədrlərin Azərbaycana səfəri ərəfəsində təxribat cəhdi rəsmi İrəvanın substantiv danışıqlara hazır olmadığını, status-kvonun davam etməsində maraqlı olduğunu bir daha sübut etdi.

Ötən həftə sonu müşahidə edilən gərginlik və düşmənin təxribat cəhdləri ilə bağlı həm Azərbaycanın Müdafiə Nazirliyi, həm də Xarici İşlər Nazirliyi bəyanatla çıxış edərək cəbhədəki vəziyyətə görə bütün məsuliyyətin Ermənistanın üzərinə düşdüyünü vurğuladılar.

"Düşmən Silahlı Qüvvələrimizin mövqelərini və cəbhəboyu yaşayış məntəqələrimizi iriçaplı silahlardan və artilleriya qurğularından atəşə tutmaqda davam edir. Ermənistan silahlı bölmələrinin növbəti təxribatının qarşısını alarkən iyunun 15-də ordumuz itki verib.

Görülən qətiyyətli cavab tədbirləri nəticəsində iyunun 15-i və 16-da işğalçı qüvvələrin 6 hərbi qulluqçusu məhv edilib, yaralıları da var. Müdafiə Nazirliyi xəbərdar edir ki, düşmənin bu cür əməllərinin qarşısı qətiyyətlə alınacaq və verəcəyi itkilərə görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşəcək", - deyə Müdafiə nazirliyinin bəyanatında vurğulanır.

XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev isə bildirdi ki, 15 iyun tarixindən etibarən cəbhədə vəziyyətin inkişaf xronikası açıq şəkildə göstərir ki, atəşkəsin pozulması və təxribatların törədilməsinin təşəbbüskarı məhz Ermənistan tərəfidir.

H.Hacıyev hesab edir ki, Ermənistan qəsdən cəbhədə vəziyyətin gərginləşdirilməsi yolu ilə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin substantiv danışıqlar yolu ilə həllinə imkan verməməyə və işğala əsaslanan mövcud status-kvonu saxlamağa çalışır:

"Azərbaycan Silahlı Qüvvələri ölkəmizin suveren ərazilərində fəaliyyət göstərərək Ermənistanın Azərbaycana qarşı təcavüzü fonunda Azərbaycanın ərazilərinin müdafiəsini və xüsusilə təmas xətti boyu yaşayan mülki əhalinin təhlükəsizliyini təmin edir. Cəbhədə yaranmış vəziyyətə görə məsuliyyət tam şəkildə Ermənistanın üzərinə düşür".

Azərbaycan substantiv danışıqlara hazır olduğunu dəfələrlə açıqlasa da, erməni tərəfi status-kvonun saxlanılmasına çalışır. "Nə sülh, nə müharibə" şəraitinə üstünlük verən işğalçı tərəf üzərində lazımi beynəlxalq təzyiqləri hiss etmədiyi üçün geriyə addım atmağa da hazırlaşmır.

Qarşıdurma xəttində mövcud gərginliyin səbəbini açıqlayan millət vəkili, politoloq Rasim Musabəyov deyib: "Əsas səbəb budur ki, erməni hərbi birləşmələri beynəlxalq hüquqa tamamilə zidd olaraq Azərbaycan torpağlarındadır və o torpaqlardan çıxmaq niyyətində olmadıqlarını açıq şəkildə bəyan edirlər.

Ermənilər beynəlxalq hüquqa da, BMT Təhlükəsilik Şurasının qərarlarına da tüpürürlər. Ermənistan prezidenti, müdafiə naziri sırtıqcasına gəlib bizim işğal altındakı ərazilərimizdə təlimlərə rəhbərlik edirlər.

Digər səbəb isə budur ki, ermənilər daim torpaqlarımızı işğal altında saxlayaraq Azərbaycan məntəqələrini atəşə tuturlar. Beş erməninin öldürülməsindən əvvəl onlar bizim əsgərimizi öldürmüşdülər. Şəhidimizin qisası da alındı”.

Politoloq düşünür ki, bu gərginlik heç bir tərəfə xeyir gətirmir: "Müharibə məcburiyyət qarşısında baş verir və bu məcburiyyəti yaradan ermənilərin işğalıdır".
Həmsədrlərin Bakıda olmasına diqqət çəkən politoloq onların əllərindən heç nə gəlmədiyini deyib: "Onların əllərindən nə gələ bilər?! Həmsədrlər öz ölkələrinin orta səviyyəli diplomatlarıdır.

Gəlib nəsə danışacaqlar, amma onların səviyyəsində nəinki danışıqlarda irəliləyiş gözləmək mümkündür, onlar heç danışıqları təşkil edə bilmirlər. Ermənilər mövcud vəziyyəti dondurmaq üçün ortaya tələb atırlar ki, gəlin atəşkəsin etimadlı saxlanmasını təmin edək, sonra danışıqlara başlayarıq, amma əslində, atəşkəsə tam şəkildə əməl olunan dövrdə də ermənilər işğal olunmuş torpaqlardan geri çəkilmək istəklərinin olmadığını nümayiş etdirdilər.

Ona görə də bunlarla gəlib Azərbaycanla danışmaq mənasız bir işdir. Yəni ermənilərin istəyini dilə gətirmək üçün bura gəliblərsə, həmsədrlər vaxtlarını itirirlər. Azərbaycanın da cavabı təlimlərdir.

Azərbaycan öz torpaqlarını işğaldan azad edəcək. Ya erməniləri ağıla gətirib öz xoşu ilə çıxacaqlar, ya da ölkəmiz öz hüquqlarından istifadə edərək torpaqları düşməndən azad edəcək".

R.Musabəyov düşünür ki, işğal davam etdikcə hər şey mümkündür. Lap aprel hadisələrindən daha şiddətli toqquşmalar mümkündür.

Həmsədr dövlətlər, beynəlxalq qurumlar Ermənistana qarşı hər hansı təzyiqlər həyata keçirmək istəmirlər və belə bir niyyətləri də yoxdur. Sadəcə olaraq erməniləri yerlərinə biz oturtmağa başladığımız halda təkcə onları bizim əlimizdən qutarmaq naminə bəlkə onları ağıla gətirməyə başlayalar. Hələlik isə etmək niyyətində deyillər.

Biz bunu aprel hadisələrində müşahidə etdik. Bunu deməklə olmur. Həm aprel hadisələri göstərdi ki, onların ordusu dedikləri kimi qüdrətli deyil, yanvar ayından bu vaxta kimi ermənilərin itkiləri Azərbaycanın itkilərindən iki dəfə çoxdur”.
525.azскачать dle 10.6фильмы бесплатно


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi