"Heç kəs Paşinyanı ciddi siyasətçi kimi qəbul etmir” -Bəhruz Quliyev



“Ermənistanın küçədən siyasətə gəlmiş baş naziri Nikol Paşinyanın sonuncu bəyanatları Yerevanın işğalçı olması ilə bağlı faktı bir daha təsdiqləmiş oldu. Baş nazir kimi ilk vaxtlarda danıışıqlarda qondarma Dağlıq Qarabağ rejiminin də iştirak etməli olduğunu bildirən Paşinyan daxili siyasi qruplaşmalar arasında reytinqini itirdiyi üçün işğalçı ritorikasına keçməyə məcbur oldu. Bir il öncəki bəyanatları ilə indiki çıxışları daban-dabana zidd olduğundan heç kəs Paşinyanı ciddi siyasətçi kimi qəbul etmir”. Bunu “Səs” qəzetinin baş redaktoru, siyasi ekspert Bəhruz Quliyev deyib.

“Əslində, Paşinyan məlum bəyanatı ilə həm də öz-özünü inkar edir”, – deyə Bəhruz Quliyev əlavə edib ki, Paşinyan bir tərəfdən “Qarabağ xalqı” adından danışıqlar aparmaq səlahiyyətinin olmadığını deyir, digər tərəfdən isə Qarabağın Ermənistana aid olduğunu iddia edir: “Bununla, uzun müddət “xalqların öz müqəddəratının təyin etməsi hüququ”nun arxasında gizlənən Ermənistan rəhbərliyi açıq-aşkar sübut edir ki, Ermənistanın danışıqlar prosesində iştirakı riyakarlıq və beynəlxalq ictimaiyyəti aldatmaqdan başqa bir şey olmayıb”.

B.Quliyev bildirib ki, indiyə qədər Ermənistan tərəfi hərbi işğal və anneksiya siyasətinin beynəlxalq siyasi-hüququ və mənəvi məsuliyyətini dərk edərək işğalçılıq siyasətini gizlədir və onu Dağlıq Qarabağın erməni əhalisinin öz müqəddəratını təyin etmək formasında pərdələməyə çalışır, müxtəlif bəhanələrə əl atırdı: “Lakin bu gün “Qarabağ - Ermənistandır və vəssalam” açıqlamasının verilməsi, eyni zamanda Ermənistanın Dövlət Təhlükəsizlik Xidmətinin rəhbərinin və Müdafiə Nazirinin “Azərbaycana bir qarış da torpaq qaytarmamaq”, “yeni ərazilər üçün yeni müharibə” kimi məsuliyyətsiz və təxribatçı açıqlamalarla çıxış etməsi regionda çox təhlükəli vəziyyət yaradır. Ermənistan rəhbərliyi açıq şəkildə Azərbaycanı müharibəyə təhrik edir. Müharibə isə baş verərsə, Ermənistan dövlət olaraq məhvolma həddinə gəlib çata bilər”.

Siyasi ekspert vurğulayıb ki, Ermənistanın baş nazirinin bu cür bəyanatlar səsləndirməsinin səbəbi dünyada Azərbaycana qarşı ikili siyasətin yürüdülməsi, cəzasızlıq mühitinin mövcudluğudur: “Ermənistan ATƏT-in Minsk Qrupunun vasitəçiliyi altında ciddi danışıqlar aparmaq əvəzinə Azərbaycanın səbrindən və münaqişənin dinc yolla həlli ilə bağlı üzərinə götürdüyü öhdəliyindən sui-istifadə edir. Ermənistan bütün mümkün vasitələrlə danışıqlar prosesini bloklayır, münaqişənin həlindən yayınır və işğalı, etnik təmizləmənin nəticələrini davam etdirmək, status-kvonu saxlamaq üçün vaxt qazanmağa çalışır. Buna isə yol vermək olmaz. Ona görə də, beynəlxalq ictimaiyyət Ermənistana özünü cəzasızlıq şəratində hiss etməsinə imkan verməməlidir, Ermənistan rəsmilərinin Azərbaycanın suverenliyi və ərazi bütövlüyünü kobud surətdə pozan məsuliyyətsiz bəyanatlarını və addımlarını pisləməli, onu bu yoldan çəkindirməli, münaqişənin sülh yolu ilə BMT Nizamnaməsi, Helsinki Yekun Aktı və BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələr əsasında həlli üzrə danışıqlar prosesinə məcbur etməlidir. Birmənalı olaraq, Ermənistan sülhə məcbur edilməli və açıq-aşkar anneksiya siyasəti yürütdüyünə görə Ermənistana sanksiyaların tətbiq edilməsi ciddi surətdə nəzərdən keçirilməlidir”.

B.Quliyev əlavə edib ki, özünü beynəlxalq ictimaiyyətə “demokratik ölkə” kimi sırımağa çalışan Ermənistan əslində işğal və etnik təmizləmə aparır, dünyanın ən ali beynəlxalq qurumu olan BMT Təhlükəsizlik Şurasının qətnamələrini qulaqardına vurur: “Əgər Ermənistan demokratik ölkədirsə, Azərbaycan ərazilərinin işğalına son qoymalıdır. Bunu beynəlxalq hüquq və BMT Təhlükəsizlik Şurasının yuxarıda qeyd olunan qətnamələri tələb edir. Paşinyan da, onun havadarları da bilməlidir ki, Azərbaycan ərazi bütövlüyünün pozulması ilə heç zaman barışmaşayacaq. Dağlıq Qarabağ Azərbaycanın əzəli və əbədi torpağı və ayrılmaz hissədir. Azərbaycan beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü və suverenliyinin qorunması və bərpa edilməsi, etnik təmizləməyə məruz qalmış vətəndaşlarının öz doğma torpaqlarına geri qayıtması üçün bütün mümkün vasitələrdən istifadə edəcək”. sia.az

Analoq.Az
скачать dle 10.6фильмы бесплатно


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi