Münaqişənin həllində alternativ vasitələr tapılmalıdır



ATƏT-in Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyi ilə Nyu-Yorkda Azərbaycanın və Ermənistanın xarici işlər nazirləri arasında keçirilən ən son görüşün nəticəsiz bitməsi əslində gözlənilən idi. Belə deklorativ xarakterli görüşlər mütəmadi olaraq keçirilsə də heç bir irəliləyişin şahidi olmuruq. Dişsiz qurum olan ATƏT-in Dağlıq Qarabağ münaqişənin həllinə töhfə verəcəyi inandırıcı olmasa da, bu, görüş ərəfəsində cəmiyyətdə zəif ümid yaranmışdı. Lakin ümid doğrulmadı.

Qarabağ münaqişəsinin həlli istiqamətində aparılan tənzimləmə prosesinin cari vəziyyəti və Ermənistanın işğalçılıq siyasətinin davam etməsi ilə bağlı BMT-nin son toplantısı zamanı məsələ dəfələrlə qaldırıldı. Sanki bu qurum problemlərin həllindən daha çox onun səslənməsi üçün bir tribuna funksiyasnı yerinə yetirir.

ATƏT-dən o qədərdə fərqlənməyən BMT vaxtı ilə Təhlükəsizlik Şurasının Ermənistandan işğalçılıq siyasətinə son qoyulmasını tələb edən 4 məlum qətnamənin icrasına belə cəhd göstərmədi. Bu qurumun öz qətnamələrinə etinasız yanaşması münaqişənin ömrünü uzatmaqla bərabər həm də özünü nüfuzsuz, bəzi dövlətlərdən asılı bir struktura çevirimiş olduğunu bir daha sübut edir.

Bu onu göstərir ki, BMT-nin tərkibində ciddi islahatlara ehtiyac var. Gerçəkdən belə fikir formalaşır ki, BMT-nin üzvü olan 193 dövlət deyil, Təhlükəsizlik Şurasının 5 daimi üzvü bu qurumu ədalətsizcəsinə idarə edir. Həmin 5 üzv əgər istəsə çox qısa zaman kəsiyində Ermənistanın işğalçılıq siyasətinə son qoyaraq məlum qətnamələri yerinə yetirər. Məsələ bundan ibarətdir ki, BMT-nin TŞ 5 üzvününün hər biri öz maraqları çərçivəsində bu hadisələrə yanaşır. Bir məqamı da qeyd etmək yerinə düşər. Dünya siyasətində maraqları uzlaşmayan ABŞ və Rusyanın nədənsə Dağlıq Qarabağ məsələsində istəkləri çox rahat şəkildə üst-üstə düşür.

Bu gün Ermənistanda Paşınyan rejimini güzəştə vadar etmək və yaxud onu yola salmaq, bu, dövlətlər üçün çətin deyil. Lakin strateji maraqlar, dini faktorlar naminə həm ABŞ-a, həm də Rusiyaya Ermənistan adlı yarım müstəqil, iqtisadi cəhətdən asılı dövlət lazımdır. Məqamı gələndə Ermənistandan bütün förmalarda bir təzyiq vasitəsi kimi qonşu ölkələrə qarşı istifadə olunur. Məhz buna görə də münaqişənin acı bağırsaq kimi uzanması bu dövlətlərə, müxtəlif təşkilatlara gərəkdir.

Bəs nə etməli?

Mən dediklərim fikirlər şablon çıxmasın. Hər-halda bu tezislərin üzərində düşünmək olar. Bu gün bəzi yazarlar, siyasətçilər yarıtmaz fəaliyyətinə görə, ATƏT-in Minsk qrupundan imtina etməklə bağlı fikirlər səsləndirirlər. Xeyr, heç bir beynəlxalq təşkilatdan imtina etmək lazım deyil. Hər bir qurum çərçivəsində Azərbaycanın diplomatik mübarizəıni davam etdirməsi zəruridir. Çox müsbət haldır ki, Azərbaycan tərəfi bu prosesi, yəni diplomatik müharibəni davam edir. Artıq bu müharibəni cəbhədə davam etdirmək zərurəti artır.

Digər bir vacib məqam var ki, biz itirilmiş bütün torpaqlarımızı qaytarmaq, münaqişəyə son qoymaq üçün vətəndaş olaraq, millət olaraq bütün fəaliyyətimiz qələbəyə köklənməlidir. Qələbə dedikdə növbətçi vətənpərvərlikdən, şablon şüarçılıqdan, qeyri səmimi münasibətdən söhbət getmir.

Ədalət naminə deməliyik ki, Müdafiə Nazirliyində müsbət tendensiya davam edir. Digər qurumların da həmin tendensuyanı davam etdirməsi və vətəndaş məmnunluğunun təmin edilməsi mühüm qələbənin tərkib hissəsindən biridir.

Bir sözlə müharibə şəraitində yaşayan ölkənin vətəndaşları yalnız qələbəyə köklənməlidir. Qələbə, vətənpərvərlik dedikdə yalnız gedib səngərdə xidmət etmək nəzərdə tutulmamalıdır. Hər kəs ləyaqətlə öz üzərinə düşən işi yerinə yetirməli, millətə, dövlətə vicdanla xidmət etməlidir. Dağlıq Qarabağın azərbaycanlı icması isə hər zaman hücumda və orada yaşyan erməni icmasnı informasiya hədəfində saxlamalıdır.

Nəhayət, 2016-cı ilin aprel döyüşlərinin daha yeni metodlarla və nisbətən uzunmüddətli baş verməsi zəruridir. Bunun üçün ciddi hazırlıq işlərinə ehtiyac var. XİN və digər qurumlar çox əhatəli fəaliyyətə keçməlidir. Müxtəlif dövlətlərin başçıları ilə, dünyada tanınmış media quruluşları ilə, beynəlxalq təşkilatlarla və digər səlahiyyətli şəıxslərlə ciddi danışıqların aparılması və müxtəlif formalı dəstək razılığının əldə olunması gərəkdir.

Bundan əlavə internet üzərindən, sosial şəbəkələr vasitəsilə həlledici informasiya müharibəsinin davamlı, dünyada qəbul olunmuş metodologiyalarla aparılması üzərində düşünməyə dəyər.

Əkrəm Bəydəmirli


Analoq.az





скачать dle 10.6фильмы бесплатно


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi