Zərifin kobud bənzətməsi -TARİX NƏ DEYİR?



İran Xarici İşlər naziri Məhəmməd Cavad Zərifin ABŞ Prezidenti Donald Trampa “Makedoniyalı İskəndər, Çingiz xan və digərləri İranı məhv edə bilməyib, Tramp da bunu bacarmayacaq” deməsi tarixi hadisələri yenidən gündəmə gətirib. Zərifin bütün dövrlərin ən qüdrətli hökmdarı Çingiz xan haqqında dediyi bu söz bizi əsl tarixi yada salmağa vadar etdi.
O dövrdə İran adlı dövlət yox idi. Həmin ərazidə Böyük Səlcuqlular imperiyasının qalıqları: Fars atabəyləri: Salqurlular (1137-1286); Arran atabəyləri: (1123-1148); Azərbaycan atabəyləri: Eldənizlər (1136-1225); Marağada Ağsunqurlular (1108-1227); Luristan atabəyləri: Həzarəsplər (1155-1424) və sairə dövlətlər vardı.
XIII əsrin əvvəllərində Mərkəzi Asiyada güclü hərbi qüdrətə malik olan Monqol dövlətinin qonşu ölkələrə yürüşləri bu ölkələri böyük təhlükə qarşısında qoydu. Monqollar arasında tatarlar, naymanlar, kareitlər, merkitlər, tayciutlər, onqutlar adlanan tayfa birləşmələri var idi. Çingiz xanın (1206-1227) başçılığı ilə təşkil edilmiş monqol feodal dövləti qonşu vilayətləri zəbt etməyə başladı. Bu ölkələrdə feodal pərakəndəliyinin (Çin, Xarəzm, İran) olması monqolların işğalları üçün əlverişli şərait yaratdı.
Monqollar 1219-cu ildə isə Xarəzmi işğal edərək qərbə doğru yürüşə başladılar.
Monqol yürüşləri ərəfəsində Azərbaycanın daxili vəziyyəti çox acınacaqlı idi. Bu dövrdə Azərbaycan ərazisində vahid mərkəzləşmiş dövlət yox idi və burada feodal pərakəndəliyi hökm sürürdü. Azərbaycanda 3 dövlət –Atabəylər, Şirvanşahlar və Ağsunqurlular (1108-1227) dövlətləri mövcud idi.
Artıq XII əsrin sonlarında Eldənizlər dövləti əvvəlki qüdrətini itirmişdi.Sülalə arasında hakimiyyət uğrunda mübarizə gedirdi. Atabəylərin son nümayəndəsi Atabəy Özbək feodalların əlində bir oyuncağa çevrilmişdi.
Belə bir vəziyyətdə monqollar ilk dəfə 1220-ci ildə Azərbaycana yürüş etdilər. Monqol sərkərdələri Cəbə və Subatay Zəncanı, Ərdəbili, Sərabı və başqa şəhərləri ələ keçirərək Təbrizə yaxınlaşdılar. Şəhər möhkəm qala divarları ilə əhatə olunmuşdu. Lakin atabəy Özbək ehtiyat edərək monqollarla danışıqlar aparmağı lazım bildi. Monqollar çoxlu xərac aldıqdan sonra qışlamaq üçün Muğana yollandılar və oradan da quzeyə keçdilər.
1221-ci ilin əvvəlində Cəbə noyon və Subutay bahadur Azərbaycana dönərək, yenidən Təbrizə hücum etdilər. Təbriz hakimi Şəmsəddin Tuğrayi yenə xərac verməklə şəhəri talandan qurtardı. Bundan sonra monqollar qəflətən Marağaya hücum etsələr də əhali şəhəri qəhrəmanlıqla müdafiə etdi. Lakin çox çəkmədi ki, şəhər təslim oldu və yerlə-yeksan edildi. Bundan sonra monqollar Həmədan və Ərdəbili yenidən talan edərək üçüncü dəfə Təbrizə hücum etdilər. Bu zaman Atabəy Özbək Naxçıvana qaçaraq orada gizlənir. Şəhər hakiminin başçılığı altında xalq şəhərin müdafiəsinə qalxdı. Şəhəri ala bil-məyəcəklərini görən monqollar xərac almaqla kifayətlənib oradan uzaq-laşdılar.
Monqollar Azərbaycanın şimal torpaqlarına soxuldular. Onlar Beyləqanı alaraq yandırdılar.1221-ci ildə Gəncəni mühasirəyə aldılar, xərac alaraq yenidən Gürcüstana yollandılar və oranı qarət etdilər.
1222-ci ildə Şirvana soxulan monqollar Şamaxını mühasirəyə aldılar. Şəhərin mərd müdafiəçiləri düşməndən qorxmayaraq, ölümü üstün tutub doğma şəhərlərini müdafiəyə qalxdılar. Lakin sayca üstün olan monqollar şəhərə daxil oldular, şəhərdə əhalinin kökünü kəsdilər.(İbn əl-Əsir)
Monqollar 1222-ci ildə Şamaxıdan şimala tərəf yönəldilər. Onlar Dərbənd keçidindən keçərək, 1223-cü ildə Kalka çayı üzərində rus-qıpçaq qoşunlarını məğlub etdilər. Monqollar Xəzərin şimalı ilə Monqolustana qayıtdılar.
1219-cu ildən başlayaraq Çingiz xanın ordusu indiki İran ərazisinə at oynatmışdı. Hər bir şəhəri almış, elçilərin öldürüldüyü şəhər dağıdılmışdı. Heç yerdə onlara sərt müqavimət göstərilməmişdi. Zərif hansı tarixdən danışır? Bəlkə ona ayrı bir tarix məlumdur?!

ƏNVƏR ÇİNGİZOĞLU

скачать dle 10.6фильмы бесплатно


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi