Milli Məclisin buraxılması və yenilənəcək parlamentdən gözləntilər



2018-ci il prezident seçkilərindən sonra başlanmış islahatyönümlü addımların nə qədər intensiv və ekstensiv şəkil alacağı ilə bağlı ictimai müzakirələrə rast gəlinirdi. Sonrakı mərhələdə aydın olacaqdı ki, əslində ölkə yeni reform paketi ilə yeni mərhələyə keçid edir.

İlin əvvəlində qəbul edilmiş sosial paketlər 4 milyondan çox vətəndaşı əhatə etdi. Ardınca islahatların institutsional mərhələsi önə çıxdı. Struktur islahatları idarəetmənin mobilləşdirilməsi, yeni dövrün tələblərinə uyğun optimallaşdırılması ilə xarakterizə olunurdu. Bir sıra qurumlar ləğv edildi, bəziləri birləşdirildi, bəzilərində isə daxili struktur dəyişiklikləri həyata keçirildi.

Dövlət başçısının hələ ilin əvvəlində hökümətin ötən ilin yekunları və qarşıda duran vəzifələrlə bağlı iclasında “...görürük ki, bizim idarəetmə strukturumuz böyük dərəcədə şişirdilib” açıqlaması mühüm tezisin bir elementi idi və növbəti addımların nədən ibarət olacağını ifadə edirdi.

Qısa zamanda bütün institutsional resursların Prezident İlham Əliyevin “dizayn verdiyi” yeni iqtisadi modelə uyğunlaşdırılmasına başlanıldı. Heç də təsadüfi deyildi ki, Davos İqtisadi Forumunun “Qlobal Rəqabətlilik 2019” hesabatına əsasən, Azərbaycan 140 ölkə arasında “Dövlət tənzimlənməsinin yükü” alt-indikatoru üzrə Avstriya, Belçika və Danimarka kimi yüksək dövlətçilik və idarəçilik təcrübəsi olan ölkələri geridə qoydu və 12-ci yerdə qərarlaşdı.

Yeni struktura və yeni çağırışlara adekvat komandanın olması da yeni çağırış idi. Və dövlət başçısının islahatların növbəti mərhələsində müraciət etdiyi kadr islahatları da məhz bu çağırışdan irəli gəlirdi.

Prezident oktyabrın 15-də keçirilən iqtisadi müşavirədə kadr dəyişikliklərinin davam edəcəyini açıq mətnlə anons etdi: “Yeni hökumət qarşısında bir çox vəzifələr qoyulub. Mən Əli Əsədovu bu vəzifəyə təyin edərkən ona bir çox vəzifələr tapşırdım. Onun qarşısına vəzifə qoydum ki, islahatlar aparılmalıdır, o cümlədən kadr islahatları. Müasir dünyagörüşlü, müasir iqtisadiyyatı bilən, savadlı gənc kadrlar işə cəlb edilməlidir. Biz XXI əsrdə yaşayırıq, köhnə təfəkkürlə, köhnə biliklərlə gələcəyə necə gedə bilərik? Nə qədər biz təbii resurslara arxalanaraq, necə deyərlər, belə ətalət yolu ilə gedə bilərik? Düzdür, islahatlar aparılır, dediyim rəqəmlər bunun əyani sübutudur. Hər bir ölkə bu nəticələrlə öyünə bilər. Ancaq biz bilirik ki, ehtiyatlarımız çoxdur. Onu da bilirik ki, əgər hər hansı dövlət və ya özəl quruma təmiz, bilikli və Vətənə bağlı kadr gətirilirsə, biz orada dərhal dəyişiklikləri görürük”.

İslahatların dönməz, ardıcıl və məqsədyönlü xarakter daşıdığı aydın görünür. Yəni dəyişikliklər mexaniki və ya görüntü xarakterli deyil, yeni dövrün çağırışlarına, mobil idarəçiliyə və qarşıya qoyulmuş hədəfə - davamlı inkişafa nail olunması məqsədinə uyğundur.

Bakı Dövlət Universitetinin 100 illiyi ilə bağlı tədbirdə dövlətimizin başısı aparılan islahatların şərhi üzərində xüsusi olaraq dayandı.

"İslahatlar bizim şüurlu seçimimizdir. Elə fərz edə bilərik ki, nəyə lazımdır bu islahatlar? Onsuz da hər şey yolunda gedir, ölkə inkişaf edir, yeni müəssisələr açılır, abadlıq işləri görülür. Yox, struktur islahatları, siyasi islahatlar, iqtisadi islahatlar lazımdır. Baxın, iqtisadi islahatlar nəticəsində təkcə bu ilin on ayında büdcəyə 850 milyon manatdan çox vəsait toplamışıq. Bunları sosial sahəyə yönəldirik. Amma bu, hələ islahatların növbəti mərhələsinin birinci addımlarıdır. Bundan sonra da daha böyük addımlar atılacaqdır”, - deyə ölkə başçısı qeyd etdi.

Dövlət başçısı kadr islahatlarının zəruriliyini və bundan sonra da davam edəcəyini birmənalı şəkildə ifadə etdi. Eyni zamanda, bu islahatların heç vaxt milli dəyərlərimizlə ziddiyyət təşkil etməyəcəyini vurğuladı: “Kadr islahatları gedir, bu da zərurətdir, durğunluq yarada bilmərik, sovet dövrünün durğunluğu hələ ki, yadımızdan çıxmayıb. Ona görə kadr islahatları aparılmalıdır, ancaq təkamül yolu ilə, təbii yolla, burada da heç bir əyintilərə yol vermək olmaz. Mən bir neçə dəfə bu məsələ ilə bağlı fikirlərimi deyəndən sonra bəziləri başladılar bəzi adamların yaşını hesablamağa ki, bunun 70 yaşı var getməlidir, qətiyyən belə şey ola bilməz. Sonra dedim mən imkan vermərəm ki, kampaniya aparılsın. Təcrübə, bilik və gənclərin dinamizmi, novatorluğu, yeniliyə, islahatlara meyilliliyi - bu sintez Azərbaycanda var. Həm cəmiyyətdə, həm iqtidarda var. Biz ənənəvi dəyərlər üzərində dövlət qururuq, böyük-kiçik var. Bunu biz qorumalıyıq, gənclər də məni eşitsinlər, daim böyük-kiçik məsələsinə fikir versinlər. İndi bəzi ölkələrdə buna fikir verilmir. Qadınlarla kişilər arasında artıq fərq qoyulmur. Amma biz ənənəvi cəmiyyətdə yaşayırıq və yaşamalıyıq. Qadınlara hörmət etməliyik, biz onları qorumalıyıq, onları müdafiə eləməliyik. Onlar bizi yox, biz onları. Gender bərabərliyi var, biz də bunu qəbul edirik. Amma biz ənənəvi düşüncədən kənarda yaşaya bilmərik və gənc nəsil də bunu bilsin. Yaşlılara hörmət olunmalıdır, yaşına görə. İndi bəziləri istəyirlər ki, bizim lüğətimizdən “ağsaqqal”, “ağbirçək” sözləri çıxsın, necə ki, bəzi ölkələrdə. Onlara baxanda adam dəhşətə gəlir. Sonra da bizə deyirlər ki, gəlin bizə inteqrasiya edin. Mən bir dəfə demişəm, hələ Avropada o iqtisadi böhran baş alıb gedəndə dedim ki, biz haraya inteqrasiya etməliyik, böhrana? Haraya inteqrasiya etməliyik, “Stop İslam!” deyənlərə? Haraya inteqrasiya etməliyik, qadınla kişi arasında fərq görməyənə? Mən artıq daha dərinə getmək istəmirəm. Biz qətiyyən oraya inteqrasiya etməyəcəyik. Ona görə Azərbaycanda yaşlı nəsil, gənc nəsil bir yerdə olmalıdır, necə ki, ali məktəblərdə. Baxın, indi Bakı Dövlət Universitetində minlərlə gənc var, müəllim var. Müəllimlər biliklərini bölüşürlər, gənclər öyrənirlər, sabah onların yerini tutacaqlar. Belə inkişaf etməliyik. Əlbəttə, kadr islahatları bundan sonra da aparılmalıdır. Ancaq bu, kampaniyaya çevrilməməlidir”.

Nəhayət, üçüncü mərhələ!

Qanunverici orqanın da idarəetmənin digər qanadlarına adekvat olması, islahatlarla ayaqlaşması dəyişikliklərin keyfiyyətinə olduqca mühüm təsir edə bilər. YAP-ın Siyasi Şurasının Milli Məclisin buraxılması ilə bağlı təşəbbüsü məhz keyfiyyət dəyişikliyinə nail olmaq, islahatlara dəstək səciyyəlidir. İslahatçı, təşəbbüskar parlamentin formalaşdırılması islahat dalğasını gücləndirə, ona yeni rənglər və istiqamətlər gətirə bilər.

Aydın görünür ki, dövlət başçısının başladığı islahatlar dönməz və məqsədyönlüdür və əsas məram hakimiyyətin bütün qollarını bu prosesə qoşmaq, bütün resurslardan səmərəli istifadə etmək, mövcud potensialı tam realizə etməkdir. Şübhəsiz ki, hakimiyyətin bütün qollarının novatorluğu, yenilikçi təşəbbüskarlığı və şəffaflığı həm idaəretməni sadələşdirə, həm də yeni inkişafa davamlı xarakter qazandıra bilər.

YAP Siyasi Şurasının son toplantısında YAP və Siyasi Şura vətəndaş mövqeyini, milli maraqların, dövlət maraqlarının bütün maraqlardan üstün tutulmasını nümayiş etdirərək partiyanın da geniş şəkildə təmsil olunduğu və çoxluq təşkil etdiyi qanunverici orqanın yenilənməsinin zəruriliyini nəzərə alaraq parlamentdə YAP-ı təmsil edən deputat korpusuna parlamentin buraxılması xahişi ilə Azərbaycan Prezidenti İlham Əliyevə müraciət etməsini tövsiyə edib.

Milli Məclisin yenilənməsinin hansı zərurətdən doğduğunu tezisləşdirsək:

- İslahatlara adekvat qanunvericilik bazası yaratmağa imkan verən parlamentin formalaşmasına ehtiyac duyulur;

- İslahatçı, təşəbbüskar parlament başlanmış islahat prosesinə töhfə verməli, islahat dalğasına qoşulmalıdır;

- Dövlət vətəndaş iştirakçılığının, vətəndaş fəallığının və ictimai nəzarətin gücləndirilməsində maraqlıdır. Milli Məclisin bu yöndə də mütləq funksionallığı təmin olunmalıdır.

Beləliklə, görünən odur ki, islahatlar şaxələndirilərək hakimiyyətin bütün qollarına doğru genişləndirilmiş şəkil alır. Və ələlxüsus, bu, yalnız forma dəyişiklikləri deyil, məzmun və keyfiyyət yeniliyidir! Bütün dəyişikliklər isə bir məqsədə fokuslanıb: Azərbaycan vətəndaşının rifahının yüksək səviyyədə təmin olunması!aztv.az

Vüsal Məmmədov

Analoq.az
скачать dle 10.6фильмы бесплатно


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi