Parlamentin buraxılması ilə bağlı qərar layihəsi qəbul edildi



Milli Məclisin (MM) xüsusi iclası başlayıb.Etikxeber.az-ın xəbərinə görə, spiker Oqtay Əsədov bildirib ki, ölkədə baş verən islahatlar qanunvericilik hakimiyyətində dəyişiklikləri zəruri edir:

“Bu baxımdan da Milli Məclisdə yeniləşmə olmalıdır. Həmçinin Konstitusiyanın 95-ci maddəsinə görə, Milli Məclisin bu kimi məsələləri müzakirə etmək hüququ var. Odur ki, biz bu gün parlamentin buraxılması və yeni seçkilərin keçirilməsi ilə bağlı ölkə başçısına müraciətin ünvanlanması üçün toplaşmışıq”.

Daha sonra söz YAP-ın icra katibinin müavini Siyavuş Novruzova verilib.

***

Daha sonra çıxış edən MM-in Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli parlamentin buraxılması ilə bağlı müraciətin hüquqi tərəflərini izah edib və bunu YAP-ın siyasi mədəniyyəti kimi qiymətləndirib.

***

Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) MM-dəki təmsilçisi Fəzail İbrahimli çıxışında mətbuatda və siyasi kuluarlarda parlamentin fəaliyyət göstərə bilməməsi ilə bağlı səslənən fikirlərin kökündən yanlış olduğunu vurğulayıb:

“Parlamentə bu müstəvidən yanaşmaq doğru deyil. Çünki biz bütün məsələlərdə monolit olmuşuq və ölkə başçısına dəstək vermişik. Bəs sual olunur ki, nə üşün parlament buraxılır? Ona görə ki, bu gün dövlət strukturlarında dəyişikliklər baş verir, buna görə də qanunverici hakimiyyət bundan kənarda qalmamalıdır. Bəzən KİV-lərdə kimlərinsə uğursuz çıxışlarının parlamentinin buraxılmasına əsas verdiyini bildirirlər. Bu, yalnışdır. Burada kifayət qədər intellektual insanlar var”.

***

Sonra O. Əsədov bildirib ki, qərar layihəsi hazırlamaq üçün Redaksiya Heyəti yaradılmalıdır.

O, deputatlardan Redaksiya Heyətinə Bahar Muradova, Əli Hüseynli, Sahibə Qafarova, Fəzail İbrahimli və Səməd Seyidovun daxil edildiyini bildirib.

Azərbaycan Demokratik Maarifçilik Partiyasının (ADMP) sədri Elşən Musayev də çıxışında F.İbrahimlinin fikirlərini dəstəkləyib.

Parlamentin zəiflik səbəbindən deyil, ölkədə aparılan islahatlarla bağlı olduğunu nəzərə çatdırıb.

***

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, deputat Qüdrət Həsənquliyev bildirib ki, YAP parlamentin buraxılması ilə doğru addım atıb və nüfuzunun güclü olan vaxtında belə bir təşəbbüslə çıxış edib:

“Biz sağlam müxalifət olaraq növbədənkənar seçkiləri dəstəkləyirik. Çünki seçki müxalifət üçün də bir şansdır”.

***

Bitərəf deputat Elmira Axundova çıxışında parlamentin buraxılmasına prinsip etibarilə qərara qarşı olmadığını bildirib:

“Lakin bəzi KİV-lər bu qərarı sensasion qərar kimi təqdim etdilər. Hətta “Haqqın.az” saytında dərhal “Parlament prezident mane olur” başlıqlı yazı təqdim olundu. Hətta yazıda təhqiredici şəkildə ifadələr yer aldı. Məncə, bu, dözülməzdir. Biz hərdən parlmentin faəliyyətindən narazı idik. Bildirirdik ki, parlament müstəqil və çevik olsun. Mən ancaq parlamentə qarşı başlanılan kampaniyanı pisləyirəm”.

***

Millət vəkillərindən həmçinin Kamilə Əliyeva, Fəzail Ağamalı, Məlahət İbrahimqızı çıxış ediblər.

Böyük Quruluş Partiyasının (BQP) sədri Fazil Mustafa bildirib ki, bu təşəbbüs Azərbaycanın uğurudur:

“Çünki Azərbaycanda çoxluğu təşkil edilən partiya parlamentin buraxılması ilə bağlı təşəbbüslə çıxış edir. Burada yeni islahatçı parlament təşəbbüsü var.Bu təşəbbüsün həm siyasi, həm də hüquqi ağırlığı var. Ölkədə islahatların keçirildiyi vaxtda parlamentin yenilənməsinə ehtiyac var. Artıq problemlərin həlli küçədə olmayacaq, müzakirələrin, siyasi proseslərin ağırlığı, episentri parlamentə keçəcək. Müxalifət partiyaların da mövqeyi odur ki, yeni addım Azərbaycanın yeniləşməsi üçün yol açır. Bu cür qərarın alınması bizim tərəfimizdən də dəstəklənəcək”.

***

“Deputatı seçici seçir. Deputat arzu istəklə seçilmir. Görürəm ki, bəzi KİV-lərdə istiqaməti dəyişdirməyə çalışırlar. Bu, doğru deyil”.

Bunu da YAP-çı deputat S. Novruzov deyib.

O, qeyd edib ki, dairənin seçiciləri kimi deputat görmək istədiklərini özləri seçməlidirlər: “Kim seçkiyə getsə, daha çox səs toplayar?!. Yoxsa arzu, istək bildirmək düzgün deyil. Seçici kimi seçəcək, o da olacaq”.

Spiker isə həmkarına bu cür reaksiya verib: “ Mən inanmıram ki, kimsə belə bir arzuya düşsün?!”.

Bitərəf deputatlardan Rasim Musabəyov qeyd edib ki, onsuz da parlament yeniləşməliydi: “Bu payızda da baş verəcəkdi. Onsuz YAP-ın parlamentdə çoxluğu var. Bizim fikrimiz nəyisə dəyişməyəcək. Sadəcə, Konstitusiya Məhkəməsinin fikri zəruri idi ki, yeni seçkiyə qədər bu parlamentin səlahiyyətləri necə olacaq?”.

***

Plenar iclasın sonunda deputatların V çağırış parlamentin buraxılması və yeni seçkilərin keçirilməsi ilə bağlı ölkə prezidentinə ünvanlanan qərar layihəsi səsverməyə çıxarılıb.

Layihəni parlamentin vitse-spiker Bahar Muradova səsləndirib.

O, qeyd edib ki, MM-də çoxluq təşkil edilən YAP üzvləri parlament sədrdinə müraciət edərək belə vəziyyətdə növbədənkənar seçki keçirilməsinin zəruriliyini ifadə ediblər.

Parlamentdə təmsil olunan digər partiyaların və həmçinin heç bir partiyanı təmsil etməyən şəxslər də parlamentin fəaliyyətinin mümkünsüzlüyü hesab edirlər:

“Milli Məclis qərara alır ki, Milli Məclisin buraxılması və növbədənkənar seçkilərin keçirilməsi ilə bağlı Azərbaycan Prezidentinə müraciət edilsin”.

Səsvermə nəticəsində qərar layihəsinə 99 lehinə, 1 nəfər əleyhinə, 1 nəfər bitərəf, 1 nəfər isə səs verməyib.

Spiker axırda bildirib ki, sabah parlamentin sonuncu plenar iclası ola bilər. Etikxeber.az

Analoq. az
скачать dle 10.6фильмы бесплатно


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi