Heydər Əliyevin hakimiyyətə gəlməsi yavaş-yavaş kolonial administrativliyi sıxışdırıb-çıxarmışdı - Aqiyə Naxçıvanlı



Analoq.Az millət vəkili Aqiyə Naxçıvanlı ilə müsahibəni təqdim edir:

- Aqiyə xanım, Ulu Öndər Heydər Əliyev adı sizə, ümumilikdə isə xalqımıza nəyi söyləyir?

- Xalqımız Ümummilli Lider Heydər Əliyevin birinci dəfə hakimiyyətə gəlişinin 50-ci ildönümünü qürurla, fərəhlə qeyd edir. Ötən 50 ilə nəzər salarsaq, biz bir çox tarixi hadisələri yenidən gözlərimiz önündə canlandırarıq və bütün mənzərələrin qarşısında məhz Heydər Əliyev imzasını görmüş olarıq. 50 il bundan öncə, Azərbaycanda rəhbərliyə Heydər Əliyev gəldi və həqiqətən də yeni eraya doğru nəhəng bir addım atıldı. Bu mövzuda öz baxışlarımı izhar etmək istərkən, fransız mütəfəkkiri Pyer Kurtabın ifadələrini xatırlayıram: “Keçmiş dövr heç yerə getmir, o bizim gələcəkdə əriyir”. Bu baxımdan, ötən 50 il bütövlükdə mənim həyatımın bir parçasıdır – təhsil, siyasi fəaliyyət, pedaqoji iş, elmi yaradıcılıq. Bütün bunlar yalnız o zaman mümkün oldu ki, gənclik idealım – Heydər Əliyev birinci dəfə hakimiyyətə gəldi. Həmin vaxt-1969-cu ilin iyulunda mən doğma Oğuz rayonunda doğma evimdə tətildə idim. Daha dəqiq desəm, bu çox yaxşı əməkdar semestr dövrü idi: müəllim ailəsindən idim. Atam və anam əməkdar pedaqoqlar olaraq, gələcək həyatımın müəyyənləşməsində töhfələri var idi. Çox dəqiq yadımdadır. Kifayət qədər səriştəsi olan atam bir gün axşam vaxtı əlindəki qəzeti kənara qoyaraq dedi: “Hə, Azərbaycanda inqilab başladı”. Beləliklə, mənim həyatımda ilk dəfə “Heydər Əliyev” adı səsləndi!”

Daha sonralar mən anladım ki, lider nədir və xalqla təmasda olmaq, kütləyə təsir etmək gücü nə deməkdir. Bu, formal liderlik idi ki, Heydər Əliyev xarizmasında formalaşmışdı. Mən, atamın 1969-cu ildə dedikləri bu sözləri elə-belə xatırlamadım. Həmin il mən Oğuzdan Bakıya - təhsilimi davam etdirməyə geri dönəndə nəinki dəyişilmiş paytaxt gördüm, hətta hiss etdim ki, şəhər necə gəncləşib, təravətlənib. Hətta institutda yüksək əhval ruhiyyə ab-havası yaranmışdı. Heydər Əliyevin hakimiyyətə gəlməsi yavaş-yavaş kolonial administrativliyi sıxışdırıb-çıxarmışdı. Düşünürəm, o zamanlar çox adam anlamırdı ki, cavan ölkə başçısı üçün sovet rəhbərliyinin elitası qarşısında Azərbaycanın prestijini yüksəltmək və bunu xalq üçün etmək nə qədər çətin idi...

Bu gün həmin dövrləri xatırlayan insanlardan biri olaraq, daha bir məqama toxunmaq istərdim ki, Ulu öndərimiz birinci dəfə hakimiyyətə gələndə – 60-cı illərin axırlarında Azərbaycan iqtisadi və mədəni tənəzzül dövrünü yaşayırdı. O zaman məhz Heydər Əliyevin siyasi hakimiyyətə ilk gəlişi ilə cəmiyyət həyatının bütün sahələrində sürətli yüksəliş, milli ruhun inkişafı və mənəviyyatın tərəqqisi dövrü yaşandı.

Ötən əsrin 60-cı illərin sonlarında SSRİ-nin partiya və dövlət rəhbərliyi idarəçilik metodu çərçivəsində komanda-administrativ kursunun gücləndirilməsinə doğru kurs götürmüşdü. Belə bir çətin proseslərdə - mərkəzləşdirilmə və bürokratiya mühitində Heydər Əliyev nüfuzundan istifadə edərək, iqtisadiyyatın real şəkildə inkişaf etdirilməsi üçün vəsaitlər almağa nail oldu. Neft sənayesinin aşağı düşmüş fəaliyyəti dayandırıldı: 1972-ci ildə neft istehsalının miqdarı 1 milyard tona qədər çatdırıldı, Xəzərdə neft və qaz yataqları aşkarlandı, sualtı kəmərlər çəkildi, neft istehsalı üçün lazım olan texniki avadanlıqlar yeniləşdirildi. Eyni zamanda digər sahələrdə də fəallıq göstərilməyə başlandı – zavodlar, fabriklər tikildi, respublika çərçivəsində yaşayış massivləri salındı, kənd təsərrüfatı inkişaf etdirildi. Bir düşünün: bütün bunların arxasında yeni iş yerləri və insan həyatının yaşam səviyyəsinin yüksəlməsi reallığı dayanırdı. Bütün bunlar məhz Heydər Əliyevin yorulmaz, qətiyyətli, müdrik siyasətinin göstəriciləri idi.

- Azərbaycan xalqının sosial-rifah halının yaxşılaşdırılması, xüsusilə gənclərin və yeniyetmələrin gələcək sosial həyatlarının müəyyənləşdirilməsi üçün o zamanlar daha hansı işlərə başlanılmışdı?

- Heydər Əliyev Azərbaycanın müstəqil dövlət quruculuğuna aparan yolunu müəyyən edirdi. Bu baxımdan, Heydər Əliyevin ölkə rəhbərliyinə gəlməsindən sonrakı dövr milli özünüdərkin, özünəqayıdışın başlanğıcı hesab olunur. Heydər Əliyevin rəhbərliyi dövründə Azərbaycanın hər bir yerində nəhəng sosial layihələr, yenidənqurma işləri həyata keçirilirdi. 1969-cu ildə hakimiyyətə gəldiyi ilk günlərdən Heydər Əliyev bütün sahələrdə yüksək ixtisaslı kadrların yetişdirilib hazırlanması məsələsinə böyük diqqət və qayğı göstərdi. Bu kadrların yetişdirilib hazırlanması məsələsinə böyük diqqət və qayğı göstərdi. Bu kadrların böyük əksəriyyətini respublikanın özündə hazırlamaq məqsədilə, ali və orta ixtisas müəssisələrinin maddi-texniki bazasını möhkəmləndirdi, onların yeni binalar və avadanlıqlarla təchiz olunmasını təmin etdi. Bütün bunlar müstəqil Azərbaycan üçün atılan uzaqgörən addımların başlanğıc nöqtəsi idi.

Daha bir məqam isə, 1970-ci ildə Heydər Əliyevin təşəbbüsü ilə azərbaycanlı gənclərin Moskvanın aparıcı ali məktəblərinə təhsil almağa göndərilməsi isi. Qısa bir zamanda belə gənclərin sayı 1000-ə çatdı və onlar sonrakı illərdə öz intellektlərini, bilik və bacarıqlarını Respublikanın inkişafına, tərəqqisinə yönəltməyə başladılar. Qeyd olunduğu kimi, Heydər Əliyevin Azərbaycanın gələcəyini düşünərək uzaqgörənliklə atdığı addımlarından biri də azərbaycanlılardan ibarət gənclərimizin gələcəyin müstəqil ölkəsi üçün gərəkli ixtisaslara yiyələnməkdən ötrü keçmiş sovetlər İttifaqının nüfuzlu ali məktəblərinə göndərilməsi idi. Bu yolla Azərbaycanımızın elmi və kadr potensialı yüksəldiyi kimi, xalqımızın milli-mənəvi, əxlaqi dəyərlərinin təbliği də həyata keçirilirdi. Deyərdim ki, Azərbaycan xalqının sosial həyatlarının təminatı məsələsində Heydər Əliyev daim düşünüb, xüsusilə yeniyetmə və gənclərlə bağlı çox önəmli tədbirlər planlarını reallaşdırırdı. O, yaxşı bilirdi ki, yetişdirilən hər bir gənc, yeniyetmə gələcəyin mütəxəssisi olmaqla yanaşı, həm də ailə başçısı olacaq, ana olacaq, valideyn funksiyasını həyata keçirəcək. Bu baxımdan, Ulu Öndər ən kiçik detallara qədər düşünür, fenomenal siyasi bacarığını bütün sahələr üzrə tətbiq edirdi.

- Aqiyə xanım, bu uğurlar barədə danışarkən, demək mümkündürmü ki, Heydər Əliyev olmasa idi, 50 il öncə hakimiyyətə gəlməsə idi bugünkü Azərbaycandan danışmaq mümkün olmazdı?

- Mən əminəm ki, bəli, Azərbaycan xalqının taleyinə Heydər Əliyev adı yazılmasaydı, biz belə bir inkişaf edən, tərəqqi yolunu tutan, dünyada söz sahibinə çevrilən Azərbaycana sahib ola bilməzdik. Bilirsinizmi, Azərbaycan tarixinin mühüm hissəsi Heydər Əliyev dövrünə aiddir və mən özümü çox xoşbəxt hiss edirəm ki, Ulu Öndərimizin ilk dəfə hakimiyyətə gəlməsinin canlı şahidiyəm. O dövrlərdə komsomol katibi olaraq fəaliyyət göstərirdim və aktivlərdə iştirak etməklə yanaşı, Ulu Öndər Heydər Əliyevin o zamankı Lenin adına sarayda keçirdiyi bütün siyasi tədbirlərə qatılmışam, Onun nitqlərini, çıxışlarını dinləmişəm. Hər bir plenumdan, iclasdan sonra orada iştirak edən yüzlərlə insan deyərdim ki, günlərlə həmin çıxışların təəssüratından ayrıla bilmirdilər. Ulu Öndərimizin hər çıxışı uzun müzakirələrə, təhlillərə səbəb olurdu və xüsusilə bizlər bu çıxışlardan nəticələr hasil edir, fəaliyyət istiqamətimizi, kursumuzu müəyyənləşdirirdik.

Vurğulamaq istəyirəm, Heydər Əliyev Azərbaycan milli tarixində özünəməxsus yer tutan elə nadir şəxsiyyətlərdəndir ki, Onun zəngin irsi hələ uzun müddət politoloqların, filosofların, tarixçilərin və tədqiqatçıların diqqət mərkəzində olacaqdır. O, Azərbaycan xalqının müstəqillik mübarizəsindəki misilsiz xidmətləri ilə hələ sağlığında canlı əfsanəyə çevrilmiş, bütün dünya azərbaycanlılarının sonsuz sevgisini qazanmışdı. Bu sevgi indi də var və bundan sonrakı nəsillərimizdə də olacaq.

Xüsusilə qeyd etmək istərdim, Heydər Əliyev hesab edirdi ki, cəmiyyətdəki qarşılıqlı münasibətlərdə olduğu kimi, ailədə də hər bir insan özünəməxsus statusa, qayda-qanuna, əlaqələrə və prinsiplərə riayət etməlidir. Hər bir ailə üzvü öhdəsinə düşən funksiyaları yerinə yetirməli, ailənin rifahı üçün bacardığını etməli, ailə üzvlərinə hörmət və qayğı göstərməli, ailənin sevincini və kədərini birgə yaşamalı, bu sahədə mövcud olan ümumi ənənə və qaydalara sadiq olmalıdır. Çünki ailə olmasa, cəmiyyət də inkişaf edə bilməz. Cəmiyyətin inkişafı ailələrin inkişafından asılıdır. Ailə İnstitutunun möhkəmliyi cəmiyyətin və dövlətin güclənməsinə, inkişaf etməsinə zəmin yaradır. Bu gün Ulu Öndər Heydər Əliyev irsi, siyasəti Onun layiqli davamçısı, möhtərəm Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir və bu siyasət əbədidir. Nə qədər ki, Azərbaycan var, Heydər Əliyev siyasəti hər bir vətənsevər azərbaycanlının qəlbində yaşayacaq, yaşadılacaq!

Rövşən NURƏDDİNOĞLU
(sia.az)

Analoq.Az
скачать dle 10.6фильмы бесплатно


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi