Ərəb olmaq İSTƏMİRƏM-AYİŞƏ NƏBİ



Biz islamı qəbul etdik, ərəbliyi deyil. İslam dini ilə birlkdə ərəbliyi və ərəb dilini qəbul etmək kimi bir yükümüz yoxdur.Biz ərəb yaradılmadığımız kimi dilimiz də ərəb dilinə oxşamır, yəni dilimizi əyib büküb ərəb sözləri ilə danışaraq özümüzü müsəlman təqdim etməklə gülünc vəziyyətə düşürük.

Dilimizlə yanaşı şəxsiyyətimiz də əyilir, dilini mənimsəməyə çalışdığımız, dillərini yamsıladığımız millətlərin kölgəsinə girməyə meyllənirik.Niyə? Bizim kölgəmiz yoxdurmu, biz ruh kimi yaşayırıq ki, kölgəmiz yoxdur?Daha doğrusu, kölgəmizdə daldalanan yoxdur deyə kölgəsiz görünürük.

Dilimizdə ən incə duyğuyu, ən çətin fikri, ən həssas mövzuyu ifadə etməyə yetərincə söz və ifadəmiz var.Amma nədənsə öz dilimizdəki sözləri bir kənara qoyub müasir görünmək üçün başqa dillərdəki sözləri işlədirik.Əslində isə, bizim çox qayım qədim sözlərimiz var ki, bu gün onları köhnə söz deyə arxivə atırıq.Ləhcə sözlərimizin də ayrı bir yeri var, ləhcələr öz çaları, məna tutumu baxımından o qədər dolğun və gözəldir ki, onları unutmaq deyil, əksinə gündəmdə saxlamaq lazımdır.Niyəsə biz öz ləhcəmizdən utanırıq, kəndli adlanmaqdan, səviyyəsiz zənn edilməkdən, geridə qalmış sayılmaqdan çəkinirik, utanırıq.

İbn Xəldun deyir ki, insan doğulduğu yaşadığı yerin təbiətinə uyğun olur.Eyni yerin insanları bir birinə bənzəyir, həm xaraktercə, həm görünüşcə, dil-danışıq baxımından, hətta rəng çalarına görə oxşar olurlar.Bir mahalın, yerin insanı eyni ləhcədə eyni sözləri işlədir, burada bir hikmət var.Söz bizi ifadə edir, ləhcəylə danışan adam başqa, məsələn, ədəbi dildə danışdığı zaman özünü tam ifadə edə bilmir, çünki ləhcə daha zəngindir.

Dilimizə tarix külli miqdarda ərəb-fars sözləri gətirib, bunlardan qurtulmaq artıq mümkün deyil deyirik, ancaq “Biz pərgar kimiyik. Bir ayağımız şəriətdə möhkəm dayanar, o biri ayağımız yetmiş iki milləti gəzər”(Mövlanə)ərək, dilimizi qoruyur, eyni zamanda hər dildən söz alırıq.Bütün səsləri hərflərə sığdıra bilmədiyimiz kimi bütün varlığımızı da sözə sığdıra bilmirik.

Özümüzü ifadə edə bilmədikcə özümüzə bir kömək, bir dayaq axtarırıq, sanırıq ki, başqa dildən olan sözlə özümüzü daha dolğun ifadə edərik, amma nəticə dəyişmir, əksinə daha da təhrif olunuruq.Özümüzlə yanaşı dilimiz, dilimizlə yanaşı ruhumuz təhrif olunur, ancaq əl çəkmirik özümüzü xırdalamaqdan.Özümüzə, öz dilimizə güvənmədikçə xırdalanırıq, hər dövrdə hökm edən bir dilə sığınırıq, hər sığındıqca cılızlaşırıq.Halbuki, qılıncının tiyəsi günəşi əks etdirən türk fatehləri, savaş meydanına girəndə yer titrədən türk sultanları qılıncını qınına qoyub içinə çəkiləndə qanı qadanı unudub sözə sığınıblar, faniliyini, xaliq qarşısındakı acizliyini dərk edərək öz dillərində pıçıldayıblar, şeirə pənah gətiriblər, dualarını öz dillərində ediblər, Allaha çatan dualarını, fəthlərə, zəfərlərə səbəb olan dualarını.Düşünməyiblər ki, “ayağı çarıqlı çoban bir ölkə böyük Firdovsilər yetirdi bəlkə”(S.Vurğun).Bütün kinayələrə və rişxəndlərə baxmayaraq yazıda, sarayda çəkinsələr də öz dillərində açıblar ürəklərini.

Quran lafızla deyil, vəhylə endi, yəni söz-söz deyil fikir şəklində gəldi.Alimlər bu mövzuda hələ də çəkişirlər, sözlə gəldi deyənlərlə mənayla gəldi deyənlərin əbədi qovğası davam edir.Məna sözün içində, söz də mənanın içindədir, amma hansı hansını daha dolğun, daha tam ifadə edir, əsl çəkişmə buradadır.

Əgər hz. Mühəmməd(sav) ərəbcə deyil, əcəmcə danışsaydı o zaman demək Quran da əcəmcə enəcəkdi.Demək, Allahın dili ərəbcə deyil.Gülməli çıxır “Allahın dili” ifadəsi. Ancaq elə belə də deyirlər:Allahın dili.Demək Allahın dili ərəbcə olmadığına görə bizim də ərəb dilini ilahiləşdirməyimiz mənasızdır.Ən azından dualarımız, ölümüzə etdiyimiz son duamız heç olmasa öz dilimizdə olsa müsəlmanlığımızda bir əksiklik olmaz.

Söz bir qılafdır, qabıqdır, içindəki məna dəyişməz, amma qılaf dəyişər.Hər millətin dilində eyni mənalar var, amma eyni ifadələr yoxdur.Yəni məna dəyişməz, onu gətirən vasitə fərqli şəkildə dəyişər.

Söz mənaya tabedir, məna isə içimizdə söyləmək istəyib də söyləyə bilmədiyimiz sirrin şifrəsidir.Müqəddə hərfləri kimi, məsələn, əlif lam mim, sadəcə üç hərf, mənası bizə qaranlıqdır, amma peyğəmbərə bəlliydi.Allahın, peyğəmbəri ilə arasında müqəddə kodlaşması kimi bizim də mənamız öz dilimizlə kodlaşıb.Başqa dil bizim kodumuzu açmır,”Kömürün qaralığı atəşdə gizlənir.Atəş sönən kimi qaralığı üzə çıxır” (Mövlanə)kimi bizim mahiyyətimiz dilimizdə bəlli olur, dilimizlə meydanda qalıb dilimizlə davam edirik.

Analoq.az
скачать dle 10.6фильмы бесплатно


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi