Elmə can verən adam MÜƏLLİM - Ayişə Nəbi




“Mənim müəllimim” silsiləsindən 90 illiyi münasibəti ilə İsmayıl müəllim İsmayılovun xatirəsinə

Xalqın düşünən beyni alimlər, vuran ürəyi cəfakeş vətənpərvərləridir, müəllim isə həm düşünən beyin, həm də vuran ürəkdir.Niyə? Çünki onun həm elmi var, həm də o bu elmi insanlara öyrədərək elmə can verir.
Bəzən deyirlər ki, müəllim olmağa nə var ki, bir dəfə bir elmin bəlli hissələrini öyrənir, sonra da ömrünün axırına qədər eyni şeyləri əzəbərdən öyrədir, daha burda çətin nə var ki?Bəlkə də sizin prizmadan baxanda elədir, amma gerçəkliyin prizmasından baxanda bunun əksi görünür.Əzbər bildiyin elmi, biliyi fərqli beyinlərə ötürmək, hər beyinin içindəki gərəksiz bilgiləri çıxarıb yerinə, yaxud da yanına gərəkliləri yerləşdirmək bir ustalıq istər.Bəzən nə qədər bilikli adam olsa da müəllimlik edə bilmir, çünki müəllimlik sadəcə nəyisə bilmək deyil, bildiyini canlandrmaq-öyrətməkdir, elmə can verməkdir.

Öyrətməyin də öz çətinlikləri var.Ən böyük çətinliyi odur ki, uşaq bəzən dərsə, elmə, müəllimə qarşı elə əks fikirlərlə dolu olur ki, elm öyrətmək deyil, ona hətta müəllim nəcibliyi ilə yanaşmaq da çətin olur.Belə zamanlarda müəllimlərin yaxşısı-pisi seçilir, bacarıqlısı-bacarıqsızı, qabiliyyətlisi-qabiliyyətsizi fərqlənir.Ən önəmlisi də odur ki, əsl müəllim öyrətməyə çalışır, səbrlə, təmkinlə, tükənməyən yumşaq bir inadlabiliyi beyinlərə yeridir, adi müəllim isə vaxtını sovur.Çox uzaqdan başladım bəlkə də, ancaq müəllim mənim üçün elə bir məqamdır ki, onu anlatmaq üçün kəsə yoldan getməyi düzgün saymıram.

Mən müəllim ailəsində göz açıb, müəllim ailəsində böyüdüyüm üçün elə bilirəm bütün müəllimlər seçilmiş insanlardır, bəlkə də ona görə elə sanıram ki, mənim bütün müəllimlərim yaxşı müəllim olublar. Ya da, belə deyək ki, mənə ancaq yaxşı müəllimlər dərs deyib. Bu yaxşı müəllimlər digər uşaqlara, həm yaxşı, həm də pis oxuyanlara da dərs deyiblər, onlar da mənimlə eyni fikirdədirlərmi, bilmirəm.Belə deyirlər ki, yaxşı oxuyanlar üçün bütün müəllimlər yaxşı müəllimdir.Mən öz müəllimlərimi həmişə xoş təəssüratlarla xatırlayıram:riyaziyyat müəllimim atam Nəbiyev Məhəmməd, fizika müəllimim İsmayılov İsmayıl, ədəbiyyat müəllimim Qərib Məmmədov, alman dili- Əmiraslanov Mahmud, rus dili -Cəfərov Məmməd,tarix-Müzəffər İbrahimov,coğrafiya-Səmər müəllimə,Musa m.kimya- İbrahimov Mənəf, Xanım müəllimə, Dilarə m,Rəna m, Nuru m,Hüseyn m.,Qədim m.,və s.
Elmə can verən adam MÜƏLLİM - Ayişə Nəbi

Deyirlər, uşaq hansı fənni sevirsə o fənnin müəllimini daha çox sevir, yaxud əksinə olur, uşaqlar müəllimə görə fənni sevirlər.Bəlkə də riyaziyyatçı ailəsində böyüdüyümdəndi riyaziyyatı çox sevirdim, eləcə də sanki riyaziyyat da məni sevirdi, mənə çox asan təslim olurdu.Riyaziyyatdan sonra ən çox sevdiyim fənn fizika idi.İlk dəfə fizika kitabını görəndə keçirdiyim sevinc hissi hələ də yadımdadır.Atam yayın axırında dərs kitablarımızı alıb gətirmişdi, onların arasında 7-ci sinif fizika kitabı da vardı.Bu kitab mənə elə bir sevinc hissi keçirdirdi ki, mən özüm də heyrət edirdim.Kitabı əlimdən yerə qoymurdum, acgözlüklə oxuyurdum.Dərslər başladı, bu fənni keçdik, hələ də anlaya bilmirdim bu nə sevinc idi, fizika insanı niyə sevindirsin ki?Bu sevdiyim fənni ilk keçən atam oldu, bir ildən sonra isə fizika dərslərimizi hörmətli İsmayıl müəllim davam etdi.Amma mənim fizika sevgim ölmədi, İsmayıl müəllim fizikanı mənə axıra qədər sevdirdi,çünki dəyərli dərs keçirdi.Dərsdə mənim özünəinam hissimi yüksəldirdi, çünki o, heç vaxt məndən dərsi bilirsənmi deyə soruşmazdı. Dərsi hamıdan soruşardı, çox uşaq fizikanı sevməzdi, oxumazdı, oxusa da danışa bilməzdi, o hamıdan keçib mənə, gəl, a bala, gəl, dərsimizi danış deyərdi.Bu zaman mən içimdəki məmnunluğu aydınca hiss edirdim.Elə bu məmnunluqla da sevimli fənnimin sevimli müəllimini sizə də tanıtmaq istəyirəm.

Haqqıxlı kənd orta məktəbinin fizika müəllimi İsmayılov İsmayıl 1929-cu ilin sentyabr ayında Qərbi Azərbaycanın füsunkar Dilican dərəsində, Karvansara (İcevan) rayonunun qədim Haqqıxlı kəndində dünyaya gəlib. Onun atası Naibli tayfasından olan, öz halallığı və zəhmətsevərliyi ilə seçilən Camal İsmayıl oğlu, anası Şərifilli tayfasından olan, el arasında xeyirxahlığı ilə hörmət qazanan Kərbalayi Yusif oğlu İbrahimin qızı Xanım idi. Yeddi uşaqlı ailənin üçüncü uşağı olan İsmayıl müəllim öz dayısının qızı Gülzarla ailə həyatı qurmuş və onların 7 övladları olmuşdur. Mayası halal zəhmətlə tutulmuş ailədə uşaqlarını da savadlı, zəhmətsevər böyütmüşlər.Böyük qızları Nigar tibb bacısı ixtisasına yiyələnmişdir, ailənin ikinci qızı Məlahət indiki Sumqayıt Dövlət Universitetinin energetika mühəndisliyi ixtisası üzrə bitirib uzun müddət energetika sahəsində işləyib. Sünbül Pedaqoji Universitetin ibtidai sinif müəllimliyini bitirib, uzun müddətdir ki, Sumqayıt şəhərində müəllimə işləyir. Böyük oğlu Camal İsmayılov Bakı Dövlət universitetinin mexanika-riyaziyyat fakültəsini bitirib, texnika elmləri üzrə fəlsəfə doktorudur. Kosmik tədqiqatlar institutunda kosmik araşdırma ilə məşğul olur. Ailənin ikinci oğlu Kamal Texniki universiteti bitirib, rabitəçidir. Eynulla Azərbaycan Memarlıq və İnşaat Universitetini bitirib, inşaat mühəndisidir.Ailənin kiçik övladı Namiq də çox isdedalı şagird olub. Əla qiymətlərlə oxumuş, amma təəssüf ki, 9-cu sinfi bitirdikdən sonra amansız xəstəlikdən dünyasını vaxtsız dəyişib.

İsmayıl müəllim 1945-ci ildə Haqqıxlı yeddillik məktəbi qurtarıb Gölkənd orta məktəbində, sonra da Qazax Müəllimlər İnstitutunun fizika riyaziyyat fakültəsində oxudu.1951-ci ildən İrəvan yaxınlığındakı Abovyan rayonunun Göykilsə (Kaputan) kəndində, 1954-cü ildə Basarkeçər rayonunun Çaxırlı və Daşkənd kəndində riyaziyyat müəllimi işlədi. O, Azərbaycan Pedoqoji İnstitutunun fizika -riyaziyyat fakültəsinin 1961-ci il məzunudur.

1941-ci ildə hər kəsin həyatına qara boya qatan Böyük Vətən Müharibəsi İsmayıl müəllimin də həyatından yan keçməyib. İlk öncə atası Camal Rəhimov, 1942-ci ildə isə Yerevan Pedaqoji məktəbinin məzunu olan böyük qardaşı Ənvər İsmayılov cəbhəyə gedib. Atası müharibə qurtarandan sonra sağ-salamat qayıtsa da, qardaşı Ənvər, taleyi bəlli olmayan minlərlə soydaşımız kimi itkin düşüb. Zəhmətkeş Camal kişinin digər oğlanları, İsmayıl müəllimin digər qardaşları da öz halal zəhmətləri hesabına yüksək mövqelərə gəlib çatıblar.
Elmə can verən adam MÜƏLLİM - Ayişə Nəbi
Bir çox medal və fəxri fərmanlarla təltif olunmuş, həmişə yüksək vəzifələrdə işləmiş İsmayılov Avtandil çox gənc yaşlarında Azərbaycan Boru-Prokat zavodunda direktor müavini, Azərbaycan Əlvan Metallurgiya Konsernində sədr müavini, 1990-cı ildən ömrünün sonuna qədər Əlvan Metallurgiya Konserninin Respublika Fəhlə Təchizatı Birliyinin Baş direktoru vəzifəsində işləmişdir.Digər qardaşı Azərbaycan Pedoqoji İnstitutunun fizika-riyaziyyat fakültəsi məzunu olan Araz İsmayılov ömrünü təlim-tədrisə həsr edərək müxtəlif yerlərdə müəllim, məktəb direktoru, Sumqayıt Şəhər Maarif Şöbəsinin müdiri vəzifələrndə işləmiş, şəhər sovetinin deputatı olmuş, “Qabaqcıl maarif xadimi” nişanı və bir çox fəxri fərmanla təltif olunmuşdur.

Böyük Vətən Müharibəsi başlayanda ölkənin digər kəndləri kimi Haqqıxlının da əli silah tutan kişilərini könüllü-könülsüz müharibəyə aparıblar. Kəndin inzibati idarəçiliyi, kolxoz işləri, ailələrin şəxsi təsərrüfat işləri yaşlı kişilərin, qadınların və uşaqların boynunda qalıb. O dövrdə hamı elliklə Sovetin əmək səfərbərliyinə qoşulmuşdu, eləcə də İsmayıl müəllim əmək fəaliyyətinə 1942-ci ildə uşaq yaşlarında Kənd Soveti sədrinin köməkçisi kimi başlayıb. O zaman kənd sovetinin katibi Allahverdi oğlu Hacı,yazı-pozu işlərini bacaran adam lazım olduğundan 13 yaşlı İsmayılı köməkçi təyin edir. O uşaqlıqdan arxa cəbhə əməkçisi olduğundan həm Sovet, həm də Azərbaycan hökuməti İsmayıl müəllimin əməyini qiymətləndirərək ömrünün sonuna qədər arxa cəbhə əmək veteranı kimi dövlət imtiyazlarını ona da şamil etmişdir.

İsmayıl müəllim Qazax iki illik Müəllimlər İnstitutunun fiizka-riyaziyyat fakültəsini qurtararaq təyinatla İrəvan şəhəri yaxınlığındakı Ellər (Котаyк, Абovyan) rayonunun Göykilsə kənd 7 illik məktəbinə riyaziyyat müəllimi göndərilir.O eyni zamanda rayon Xalq Maarifi Şöbəsində ictimai əsaslarla metodist işləyir.Paytaxta çох yахın olmasına baxmayaraq həmin məktəbdə, eləcə də ətrafdakı digər Azərbaycan məktəblərində ixtisaslı kadrlar çatışmırdı, оnа görə də az-az ələ düşən ixtisaslı kadrlar eyni vaxtda bir neçə məktəbə göndərilirdi.Bu məktəblərin inkişafında gənc kadr olaraq İsmayıl müəllimin zəkasından, qabiliyyətindən lazımınca istifadə olunurdu, о həftədə 1-2 dəfə rayonun Нурнуш, Quyulu, Зəр və s. məktəblərinə gedir,öz təklif və təşəbbüsləri ilə həmin məktəblərin müəllimlərinə istiqamət verərək kömək edirdi.

İsmayıl müəllim burada 1953-cü ilə qədər işləyir, çünki hələ o dövrdə də ermənilərin məkrli siyasəti davam edirdi və soydaşlarımızın o qədim, doğma yurdumuzdan köçürülməsi başlanır.Ölkəni tək millətli dövlətə çevirmə siyasətinə xidmət edən köç nəticəsində əhalinin Ermənistandan Azərbaycana kütləvi köçürülməsi ilə həmin kəndlər ya tam, ya da qismən boşaldılır və təbii ki, məktəblər də ya bağlanır, ya da kiçildilir. Eləcə də İsmayıl müəllimin işlədiyi kənd məktəbi də ibtidai məktəbə çevrilir.Ona görə də İsmayıl müəllim Ermənistan Maarif Nazirliyinin təyinatı ilə Basarkeçər rayonu Çaxırlı kənd orta məktəbinə riyaziyyat müəllimi göndərilir.O burada işlədiyi bir neçə il ərzində öz bilik və bacarığına, müəllimlik səriştəsinə görə rayon əhalisi və məktəb kollektivi arasında dərin hörmət qazanır.Sonra onu rayonun Daşkənd kənd məktəbinə riyaziyyat müəllimi göndərirlər.Az sonra onu o məktəbin dərs hissə müdiri təyin edirlər və 1962-ci ilə qədər həmin məktəbdə işləyir.Riyaziyyat fənnini sevdiyi və yaxşı tədris etdiyi üçün İsmayıl müəllim Basarkeçər rayonunda bir müəllim kim nüfuz qazanır. O zaman,dövrün tələblərinə uyğun olaraq орта məktəblərin buraxılış imtahanları mərkəzləşdirilmiş qaydada keçirilirdi və İsmayıl müəllim də həmişə imtahan komissiyasının üzvü olurdu.

Yaxşı müəllim kimi hörmət qazanan İsmayıl müəllim Basarkeçər rayonunun ziyalı mühiti ilə sıx ünsiyyətdə olur. О, rayon ziyalıları və rəhbərləri, o cümlədən Тapdıq Əmiraslanovla (rayonun 2-ci katibi), Bilal Məmmədovla (İcraiyyə Komitəsinin sədri), Мəcnun İbrahimovla (Maarif şöbəsinin müdiri), İsmayıl Əliyevlə (Maarif şöbəsinin əməkdaşı), Yunis Abdullayevlə (rayon qəzetinin redaktoru), İslam Ələsgərovla (Aşıq Ələsgərin törəməsi ilə) yaxın dostluq münasibətində olur.

Vətənin hər güşəsi doğmadır, əzizdir, amma doğulub böyüdüyün torpağın doğmalığı bir başqadır.Göz açdığın, havasını, suyunu ilk daddığın yerlər hər daim insanı özünə çəkir.İsmayıl müəllim də imkan olduqca öz doğma kəndinə qayıtmağa çalışırdı, odur ki, 1962-ci ildə İcevan rayonunun qonşu Polad kənd orta məktəbinə ixtisası üzrə müəllim təyin ediləndə çox sevindi.Çünki bu kənd, necə deyərlər, Haqqıxlının qulağlının dibi idi, əlini uzatsan çatardı.

O, 1967-ci ilədək bu məktəbdə fəaliyyət göstərir və nəhayət,1967-ci ildə öz arzusuna çataraq həsrətində olduğu doğma kəndinə, məktəbinə qovuşur.Onu Haqqıxlı kənd orta məktəbinə müəllim təyin edirlər və düz 1988-ci ilə, məlum mənfur erməni məkriylə kütləvi sürgün olma zamanına qədər öz doğma kəndimizdə fizika fənnini tədris edir.1988-ci il hər kəsin taleyində bir qırılma nöqtəsi oldu, eləcə də İsmayıl müəllimin.

1988-ci ildə Qərbi Azərbaycanda yaşayan türklərin taleyi dəyişdi.Erməni məkri ilə təkmillətli dövlət yaratma siyasətini həyata keçirən hakimiyyət orada yaşayan türkləri savaş belə etmədən məkr, hiylə və siyasətlə növbəti dəfə köçürdü, daha doğrusu ömürlük sürgün etdi.

Noyabr ayının 28-də qədim və doğma Haqqıxlı kəndini türklərdən təmizlədilər və əhali min bir əziyyətlə, zəhmətlə qazandığı malı-mülkü, ev-eşiyi istəmədən tərk edərək məcburi olaraq orada qoyub, silahlı əsgər dəstəsinin nəzarətində bir tək canlarını götürüb Azərbaycan sərhəddinə gətirildi. Bu kütləvi sürgündə hərə bir yerə dağıldı, İsmayıl müəllim də Bakıya gəldi.1990-cı ildən ömrünün sonuna kimi Bakı şəhəri Xətai rayonunda yerləşən 263 saylı orta məktəbdə fizika müəllimi kimi pedaqoji fəaliyyətini davam etdirdi.
İsmayıl müəllim, işlədiyi hər yerdə, hər dövrdə daim öz üzərində işləyir, mütəmadi olaraq öz təcrübəsini artırır, yeni qabaqcıl metodlar axtarırdı.O daim şagirdlərdə öz fənninə məhəbbət yaradır, onlara dərin bilik qazanmağa imkan verən keyfiyyətlər aşılayırdı.Dərs dediyi şagirdlərin dünyagörüşünün hərtərəfli inkişafına çalışır, buna nail də olurdu.Şagirdlərində əməyə maraq, elmə şüurlu münasibət formalaşdırırdı.

İsmayıl müəllim işlədiyi tədris ocaqlarında öz ixtisasını sevməsi, dərindən bilməsi və peşəkarlığı ilə fərqlənirdi. O sənətinə vurğun olan yüksək mənəvi keyfiyyətlərə malik bir müəllim kimi tanınırdı.Tədris etdiyi dərsləri planlaşdırmağı bacarırdı, pedaqoji-psixoloji sahədə biliklərini artırmaqla, şagirdlərə fərdi yanaşma metodlarından özünəməxsus şəkildə istifadə edirdi.Onun çox az müəllimdə rast gəlinən bir özəlliyi vardı ki, o şagirdlərin qiymətləndirilməsinə xüsusi diqqət edər və bunu ən üstün səviyyədə həyata keçirərdi, onların bilik, bacarıq və vərdişlərinin birlikdə qiymətləndirilməsinin öhdəsindən layiqincə gələrdi.Onun bu bacarığını 278 saylı orta məktəbin direktoru Məlahət xanım Əliyeva yüksək dəyərləndirərək dedi:İsmayıl müəllimi dəyərli bir müəllim kimi tanıyıram.Dürüst, ciddi. məsuliyyətli bir müəllim idi.

O vaxtlar qaçqın müəllimlər məktəbdə işləməyə başlayanda hamıda belə şübhə vardı ki, kənd müəllimləri şəhər məktəblərində dərs deyə bilməyəcəklər.Ancaq İsmayıl müəllim sübut etdi ki, yaxşı müəllim hər yerdə yaxşı dərs keçə bilir.O öz səriştəliliyi ilə sinifdə uşaqları ələ ala bilir və dərsə davamiyyəti və şagirdlərin səylə çalışmasını təmin edə bilirdi.
Keçdiyi mənalı həyat yolu, yaşadığı halal ömür onu yaxşı bir müəllim kimi təkcə şagirdlərinin yaddaşına həkk etməyib, o yaşadığı kəndin əhalisi tərəfindən də hörmətlə xatırlanır, insanların yaddaşında halal insan, mədəni, mərifətli, böyük-kiçik yeri bilən, hörmətli müəllim kimi yer tutmuşdur.İndi bu gün doğma kəndimizdə onun haqqında xatirə danışacaq tay-tuşları, həmkəndliləri, müəllim yoldaşları çox az sayda qalıb.Köçkün həyatı yaşadıqları qərib el o insanları dünyadan çox tez apardı.

Bu gün kənd ağsaqqallarından Talıb Mustafa oğlu İsmayıl müəllim haqqında ürək sözlərini belə dedi:“Mən İsmayıl müəllimi çox yaxşı xatırlayıram.O mənim övladlarıma dərs deyib.Həm bir müəllim, həm də bir insan kimi, qohum kimi onu hörmətlə yad edirəm.Mənim babam onun atası Camal əmimi öz oğlanlarından seçməzmiş və biz ta o vaxtdan beləcə qaynayıb qarışmışıq.Mən onun haqqında çox şey danışa bilərəm, amma bir tək onu deyəcəm ki, onlar qardaşı ilə iki ailə bir evdə yaşadılar, amma bir dəfə də olsun onların səsi gəlmədi (kəndimizin ifadəsinə görə yəni, dalaşmadılar deməkdir), söz-söhbətləri eşidilmədi.Bunu hər adam bacarmaz.Hamımız bilirik ki, bu sülh İsmayıl müəllimin ciddiliyi, ailəni idarə etmə qabiliyyəti və qayda qanunlarının nəticəsi idi.Onu yaxşı insan, yaxşı müəllim kimi tanımışam həmişə.”

Müəllim peşəsi şərəflidir.Bəli, müəllimlik, doğrudan da şərəfli peşədir.Niyəsini soruşsam, hərə öz aləmində bir çox səbəb deyəcək.Mənim üçün ən böyük səbəb isə odur ki, müəllim, daha doğrusu yaxşı müəllim uşaqlara sadəcə bilik öyrətmir, o həm də özünün üstün fərdi keyfiyyətlərini, xarakterinin gözəlliklərini də uşaqlara ötürür.Bax, belə müəllimlər həyatdan köçəndə onların gedən cismi olur, ruhları şagirdlərinə köçür, eyni ilə dahi şair Nəsiminin ustadı Nəiminin dediyi kimi.Hürufiliyin yaradıcısı və ustadı Nəimi edama gedərkən narahat olub mane olmaq istəyən müridlərinə-şagirdlərinə, “Narahat olmayın, gedən cismimdir, ruhumu sizə köçürmüşəm, ruhum sizdədir” deyir.Bəli, yaxşı müəllim özünü şagirdlərinə köçürən müəllimdir.

Təkbaşına bilik öyrətmək təkqanadlı quşu havaya uçurmaq kimidir.Əgər bir müəllim şagirdinə sadəcə bilik öyrədirsə, gələcəkdə həmin şagirdlər “alim olmaq asandır, adam olmaq çətin” atalar sözünü təsdiqləyirlər.O müəllim ki, uşaqlara biliklə yanaşı insanlıq, üstün xarakter, mərdlik, sözübütövlük, doğruçuluq, vətənpərvərlik, səmimiyyət, alicənablıq və s.mənəvi keyfiyyətlər aşılayırsa, o müəllimin şagirdləri alimliklə yanaşı adamlığı da əxz edirlər.Bu da təbii ki, müəllimin öz xarakterindən irəli gəlir....

Mən Haqqıxlı məktəbində bütün müəllimləri belə xarakterli gördüm.Bizim heç bir müəllimimiz haqqında onun əxlaqına kölgə sala biləcək heç bir nüans olmadı.Yəqin elə ona görə də o balaca kəndin böyük məktəbi adla söylənir.İsmayıl müəllim də belə müəllimlərimizdən idi.Yetirmələri onunla fəxr edirlər və hansı mövqeyə gəlmələrindən asılı olmayaraq sevimli müəllimlərini unutmurlar.

Onun şagirdləri arasında keçmiş Təhsil naziri professor Misir Mərdanov, texnika elmləri doktoru Fuad Nəbiyev, təhsil üzrə tanınmış ekspert Saməddin İbrahimov, İqtisadiyyat üzrə fəlsəfə doktoru Şahraz İbrahimov, mühəndis Üzeyir Məmmədov, Holdinq rəhbəri Ələsgər Mehdiyev, riyaziyyat müəllimi Məzahir Sadıqov, ali məktəb müəllimləri Fizuli Həsənov, Məhtəban Rəhimova, Bənövşə Vəliyeva, texnika elmləri namizədi Camal İsmayılov,tanınmış idman ustası İbrahim İbrahimov, nəzəri fizikaçı Azər Nəbiyev, energetika mühəndisləri Elçin və Elşad İbrahimov qardaşları və s.adlarını çəkmək olar.Onun sevimli şagirdlərindən olan və sanki bu kənd ənənəsinin davamçısı kimi fizika-riyaziyyatı sevən texnika elmləri doktoru, professor Fuad Nəbiyev, İsmayıl müəllim haqqında qısaca öz ürək sözlərini deyir:“İsmayıl müəllim mənim sevimli müəllimlərimdəndir, o, o qədər orijinal dərs deyirdi ki, onun dediyi dərslər indi də yadımdadır.

Keçdiyi dərslərdə düsturları yazı taxtasına elə inci kimi düzür, dərsi o qədər dəqiq izah edirdi ki, dərs elə sinifdə beynimizə həkk olunurdu.Onun dərs demə orijinallığı eləydi ki, danışdığı dərsi gedib evdə oxumağa ehtiyac qalmırdı.O qədər səlis, o qədər ətraflı, incəliklərə vararaq izah edirdi.Hadisələri, sanki içində olaraq, bu an baş verirmiş kimi anladırdı. Məsələn,onun nisbilik nəzəriyysini izah etməsi hələ də yadımdadı, deyirdi ki, qayıq çayın eninə üzür, bu başından axınına perpendkulyar istiqamətdə üzən qayıq harda gəlib sahilə çıxacaq,burda sürətdən asılılıq, qayığın irəli aparma qüvvəsindən asılılığı var və s.Bu kimi çoxlu misallar göstərə bilərəm ki, İsmayıl müəllimin danışdığı dərs elə danışdığı kimi sözbəsöz yaddaşıma həkk olunub.

Bu da onun bir müəllim kimi böyüklüyünü göstərir.O bizə yuxarı siniflərdə dərs deyib.Onu bir müəllim kimi xarakterizə etdim, bir insan kimi də demək istəyirəm ki, İsmayıl müəllim dərsdə şagirdlərə qətiyyən fərq qoymazdı.Sinifdə direktor oğlu vardı, çoban oğlu vardı, kolxoz sədri, sıravi kolxozçu,müəllim, fəhlə uşaqları vardı.Qohum olanı, qohum olmayanı vardı.O bunların heç birinə fikir vermədən, ayrı seçkilik etmədən sinifdə uşaqları, sadəcə dərsə münasibətinə, bilik və qabiliyyətinə, dərsdəki davranışlarına görə qiymətləndirirdi.Xarakterli bir müəllim idi və mən onu daim xoş təəssüratla xatırlayıram.”

“Dünya köhnə dünyadır, gələn gedir, qonan köçür.” Bu köhnə dünyada zaman su kimi axır və bu axar özüylə nələri aparır, nələri aparmır.Zamanın ələyindən kimlər keçir, kimlər qalır. “Bu gəlimli gedimli, son ucu ölümlü” dünyada ləyaqətli yaşayan qalır, ləyaqət qalır, örnək həyatlar heç vaxt unudulmur, ürəklərdə əbədi məskən salır, varlığını elmə hopdurub uşaqların –insanların qəlbinə, varlığına hopduran müəllimlər qalır.Zamanın ələyində yaxşılar qalır.

Yaxşılıq, ləyaqət həm işdə, həm də həyatda olunca zamanın ələyində qalır insan.Bu yaxşılıqlar bir-birini tamamlayır və kamil insan olur.Kənd həyatında insanlar bir-birinin daha bariz güzgüsüdür, kənddə səhv etmək, ayağını büdrətmək çətindir, çünki hər tərəfdə “güzgü-insanlar” var və səni ilk anda özünə göstərər, səhvsən deyərlər.Kənd insanının yaxşı adam olmaq “dərdi” var bir də.Gözəl dərddir əslində. Bu yazını yazma ərəfəsində bir neçə adamdan soruşdum, özüm yetərincə tanısam da, yenə də İsmayıl müəllim haqqında fikir bilmək istədim, dedilər, yaxşı adam idi, qonşu adamıydı, qohum adamıydı.

Dedilər, gözümüzü açandan İsmayıl müəllimlə böyük qardaşı Abuzər kişinin ailələrinin qədim türk adətincə böyük ailədə birlikdə yaşadıqlarını görmüşük, yəni evləndikləri gündən1988-ci ilin məlum hadisələrinə qədər bir evdə yaşamışlar.Bu qardaşlar öz uşaqlarını digər qardaş uşağından seçməz, fərq qoymazdılar, qardaş uşaqlarını da öz uşağı kimi sevər hörmət edərdilər. Kənd əhalisi üçün bu bir nümunə idi. Kənd camaatı qardaşların bu münasibətlərini çox gözəl qarşılayar, yeri gələndə, bax, qardaş belə olar, deyə bir-birinə misal çəkərdilər.

Qardaşı oğlu maarif şöbə müdiri işləmiş Altay müəllim İsmayılov deyir:“Qəlbimizdə dərin iz qoyan, qədirbilən insan, səmimi dost, büllur şəxsiyyət İsmayıl müəllim. Sözün əsl mənasında əsl müəllim, dolğun xarakterli keyfiyyətlərə malik insan, ixtisasını dərindən bilən, daim elmi pedoqoji axtarışda olan, yetirmələri ilə haqlı olaraq fəxr edilən, sadə və mehriban müəllim.Biz İsmayıl müəllimsiz keçirdiyimiz son illərdə bu sözün dərinliyini, mənasını bir daha anladıq.

Belə bir deyim var: «Nə yaxşı ki, dünyada yaxşılar varmış».İsmayıl müəllim işdə ciddi, artıq əksik danışmayan, səmimi olduğu kimi evdə, ailədə də öz ciddiliyini qoruyurdu.Bizim ailədə, yəni iki qardaşın ailəsində aralarında yaş fərqi çox olan 6 oğlan uşağı böyüyürdü. Yayda isə 5 oğlan əmiuşağı da Sumqayıtdan tətilə gələrdi.Bu qədər uşağı idarə etmək səriştə tələb edirdi.Ona görə də İsmayıl müəllim bizi çox ciddi nəzarətdə saxlayardı, həvəsimizi və qabiliyyətimizi nəzərə alaraq bizə tapşırıqlar verərdi.Sonra da bir məktəb-müəllim ciddiliyi ilə bizdən öyrəndiklərimizi tələb edərdi.

Bizim uşaqlar böyüyüb ali təhsil alanda,çoxlarının ixtisası texniki sahəylə bağlı olduğundan Bakıda, Sumqayıtda qalar, ya da Rusiyaya gedərdi.Pedoqoji institut məzunu olduğum üçün məni təyinatla doğma kəndimizə göndərdilər.Bundan sonra İsmayıl müəllim mənim həm də iş yoldaşım oldu.Bir kollektivdə işlədik.Artıq onunla münasibətim fərqli quruldu, о,mənə dərslərin planını, gündəliyini və icmalını yazmağı öyrətdi. İsmayıl müəllim mənim həm əmim, həm müəllimim, həm müəllim yoldaşım idi, həm də məktəb direktoru təyin olduğum üçün mən onun direktoru idim. Hərtərəfli münasibətimiz vardı və bu münasibət zamanı o həmişəki kimi bir böyük, bir müəllim, bir örnək insan olduğunu daim göstərirdi...

Mən o kəndin məktəbində müəllim, direktor olduğum üçün qürur duyuram.”Bəzən düşünürəm ki, Haqqıxlı camaatı digər kəndləri insanlarından fərqlənir.Qəribədir ki, bu kəndin insanları hamısı savadlı idi, hər kəs ali təhsilli olmasa da hamının dünyanın gedişindən, həyatdan, ümumi dünya görüşündən xəbəri vardı.Bu kəndə əsrin əvvəllərində çıxan “Molla Nəsrəddin” jurnalından tut son günə qədər, məsələn, Moskvada nəşr olunan “Nauka i jizn” , “Matematika v şkole”, “Fizika v şkole”, “Kvant” jurnallarına kimi hər cür mətbu orqan gəlirdi.Kitabxanası vardı, bu gün şəhər məktəblərinin belə çoxunda olmayan zəngin fizika və kimya laboratoriyası, coğrafiya, bilologiya tədrisi üçün yetərincə əyani vəsait vardı.Buna görəydimi, ya oxumağa meyllilik insanların qanındamı vardı bilmirəm, ancaq savad vardı, seçilirdilər.Bu seçilmə digər tərəfdən də məktəbin, yaxşı müəllimlərin xidməti idi.

Ətraf kənd sakinləri də bunu dəfələrlə çox yerdə etiraf edirdilər.Rayonun Salah kənd məktəbinin direktoru hörmətli Kərim Qarayev dəfələrlə etiraf etmişdi ki, Haqqıxlı məktəbi “riyaziyyat akademiyasıdır”.Qonşu kənddən gəlib bu məktəbdə kimya dərsi keçən Avtandil Mirzəyev də eyni fikirdə idi.Eləcə də Basarkeçər rayonu Əmirxeyir kənd orta məktəbin direktoru hörmətli Avıl Əliyev də dəfələrlə, Haqqıxlı uşaqları, Haqqıxlı camaatı çox savadlı olurlar, Haqqıxlı məktəbi də həmişə seçilən məktəb olub, deyir.

Atalar deyir “Dostunu göstər, deyim sən kimsən”. Yaxşı adamın yaxşı dostları olur, dostluq etməyi bacarır.Yaxşı dost olmağın isə bilikli olmaqla deyil, ürəkli olmaqla əlaqəsi var.İsmayıl müəllimin həyatı boyu yaşadığı dostluqlara baxanda onun həm də ürəkli insan olduğunun şahidi oluruq.O hansı kənddə işlədisə, o kəndin yaxşı adamları ilə dost oldu, o rayonun ziyalıları ilə oturub durdu.

İsmayıl müəllim Abovyan rayonu Göykilsə (Kaputon) kəndində müəllim işlədiyi 1953-cü ilə qədərki müddətdə İrəvan və onun yaxın ətrafında olan Azərbaycan türkləri ilə tanış olmuş, bir ziyalı kimi onlarla ünsiyyət qurmuşdu.O əsasən, Nurnus kənd sakini Şəmil kişi və onun oğlu Həsənlə yaxın dost olmuş və bu dostluq əlaqəsi uzun müddət davam etmişdir.Həsən Səfərov sonralar İsmayıl müəllimin yaxın qohumu və həmkəndlisi Qurban Həsənovun qızı Gülümzərlə ailə qurmuş və qohumluq əlaqələri daha da dərinləşmiş, Həsən Səfərov dəfələrlə İsmayıl müəllimin qonağı olmuş, xeyir-şərində iştirak etmişdir.1988-ci ilə qədər onun Göykilsə kəndi ilə sıx əlaqəsi davam edərək kənd sakini Əhməd kişi ilə də dostluğu olmuşdur (Əhməd kişinin ailəsi Goranboy rayonu Dəyirmanlar kəndində yaşayır).
İsmayıl müəllimin oğlu Camal İsmayılov atasının dostcanlılığı, ünsiyyətcilliyi və insanlarla münasibətindən danışaraq deyir:Bir dəfə mən 2012-ci ildə Göykilsə kəndinin sakini mərhum Salman Məmmədovla rastlaşdım.Söhbət zamanı İsmayıl müəllimin ona dərs dediyini bildirdi.Atamın öz şagirdi ilə görüşmək istəyəcəyini düşünərək onların telefonda danışmasına şərait yaratdım. Salman kişi daha sonralar atam haqqında mənə o qədər xatirə danışdı ki, mən atam haqqında bilmədiyim çox şeyi öyrəndim.

Dedi: İsmayıl müəllim kənd sovetinin sədri Musa kişi ilə, kolxoz sədri Abbasəli kişi və başqaları ilə yaxın ünsiyyətdə olmuşdur.O babamla da dostluq münasibətində olduğu üçün bir dəfə məni özü ilə İrəvana apardı.Orada bir nəfərlə görüşüb, bu yoldaş Həbib Həsənovdur, böyük qardaşım Ənvərin sinif yoldaşıdır, dedi. Ənvər müharibədən qayıtmadığı üçün onun dostu, sinif yoldaşı da onlar üçün əziz idi və onunla öz qardaşıyla görüşürmüş kimi görüşdü, danışdı.

O dövrlərdə İsmayıl müəllimin İrəvan ziyalılarından Həbib Həsənovla, Cəfər və Rza Vəlibəyovlarla, Əli Məmmədovla, Cəmşid Sultanovla, Məhərrəm Bayramovla,Əkbər İrəvanlı ilə, radionun əməkdaşı Dursun Abbasovla və s. yaxın tanışlıqları və sıx ünsiyyətləri olmuşdur.

İsmayıl müəllim 1953-cü ildən 1962-ci ilə qədər hardasa 10 il qədim Göyçəmizin Basarkeçər rayonunun müxtəlif kəndlərində müəllim işləmiş, bu rayonun əhalisi, ziyalıları arasında dərin hörmət qazanmışdır.

İsmayıl müəllimin qardaşı oğlu Altay İsmayılov ətraf kənd sakinlərinin onu necə xatırladıqlarını belə anladır: 1988-ci il hadisələrindən sonra Haqqıxlı camaatının çoxu Bakı və Sumqayıtda yerləşdiyi halda, mənim taleyimə doğma həmkəndlilərimdən aralı, Gəncəbasarda məskunlaşmaq düşdü.

Burada Qərbi Azərbaycanın müxtəlif yerlərindən gələn köçkünlər yerləşmişdilər,əksəriyyəti də Göyçə mahalından gələnlər idi.Qarşılaşdığım ziyalılar, Göyçə kəndlərinin pedoqoji kollektivləri mənim Haqqıxlıdan olduğumu biləndə məndən, fəxr etdiyim Haqqıxlı kənd orta məktəbinin müəllimlərini soruşurdular.Həm də o qədər hörmətlə, o qədər səmimiyyət və doğmalıqla soruşurdular ki, o kənddən olduğumla, o məktəbin yetirməsi olduğumla bir daha fəxr edirdim. Toxlucalılar, gölkəndlilər Məhəmməd Nəbiyevi, cilli və şorcalılar Mahmud Əmiraslanovu, cillilər Zakir Sadıqovu,Məhəmmədəli Yəhyayevi, Zeynal müəllimi və başqalarını yaddan çıxarmayaraq hörmətlə yad edir və onların gözəl müəllimlər olduqlarını deyirdilər.Basarkeçər rayonu Daşkənd və Çaxırlıda İsmayılov İsmayıl, Nərimanlıda Qərib Məmmədov, Zərkənddə Musa Alməmmədov və s.işləmiş və özlərindən sonra gözəl ad, xoş təəssürat qoymuşlar.

Bu da mənim nüfuzuma müsbət təsir edirdi.İsmayıl müəllimin Göyçə mahalı kəndlərindəki şagirdlərindən bəziləri sonralar mənimlə bir kollektivdə işlədilər.Məsələn, Çaxırlı kənd müəllimləri İmaməliyev Mürsəl Müseyib oğlu, Mursaquluyev Nüsrət Dünyamalı oğlu, Quliyev Nizami Dünyamalı oğlu, Mədətov Eldar Musa oğlu, Süleymanov Hilal və həmin kəndin sakinləri Qurbanov İlya, Süleymanov Məmmədəli, Quliyev Cəmşid.

O dövrdə erməni dilini də mükəmməl bilən İsmayıl müəllim Göyçə mahalının Çaxırlı kəndində erməni bölməsində fizika və riyaziyyatdan ermənicə də dərs demişdir.

Fənnin təbiətindənmi olur, hər nədirsə həmişə fizika, riyaziyyat müəllimləri xüsusi ilə zəhmli olurlar, uşaqlar bu müəllimlərdən həmişə qorxurlar.Amma tək- tük uşaq bu zəhmin arxasında kövrək bir insan olduğunu duyur.Atam da fizika- riyaziyyat müəllimi olduğundan, zəhmli və ciddi, eyni zamanda o ciddiyyətin və zəhmin arxasında kövrək və yumşaq bir ata qəlbi olduğunu bildiyimdən, İsmayıl müəllimi də elə tanıdım.O öz varlığında iki təzadı paralel daşıyan adam idi:sərt və yumşaq, zəhmli və mülayim, ciddi və yumorlu.Onu da bilirəm ki, kənardan necə sərt, zəhmli görünsə də, o yeknəsəq adam deyildi.

Bir şeyi də əlavə etmək istəyirəm ki, mənfur erməni məkrindən sonra yer- yurdumuzu tərk edincə Bakıda bir qaçqın dalğası oldu və hansısa məktəbdə qaçqın müəllim dərs deyəcək sözünü eşidəndə bəzi valideynlər etiraz edib, şəhər müəllimlərinin də kinayəylə dodağı qaçıb ki, kənd müəllimləri şəhər məktəblərində baş çıxarmayacaqlar, uşaqlar da dəcəllik edəcəyik deyə ümidləniblər.

Necə olsa kənddən gəlib, nə bilir, nə bacarır kimi sözlər işlədiblər.Bəli, vaxt gəlib qaçqın müəllimlər məktəblərdə işləməyə başlayanda büzülən dodaqların kinayəsi peşman olub, görüblər ki, qaçqın kənd müəllimi dedikləri İsmayıl müəllim, Mahmud müəllim, Nəbiyev Məhəmməd müəllim və başqaları bilik, bacarıq, səriştə, təcrübə baxımından ən üst mərtəbədədirlər və tanıdıqca kollektiv də, şagirdlər də, valideynlər də onlara xüsusi hörmət etməyə başlayıblar.
İsmayıl müəllim işlədiyi kollektivdə sübut etdi ki, bəli, yaxşı müəllim olmaq kənd, yaxud şəhər müəllimi olmaqdan asılı deyil.Yaxşı müəllim olmaq bilik və ürək işidir.

Hz.Əli, “Mənə bir hərf öyrədənin 40 il köləsi olaram” demiş.Bu qədər müqəddəs bir peşə olan müəllimlik sənətini yaşadanları biz də beləcə rəğbətlə anırıq.İsmayıl müəllimi də böyük ehtiramla, hörmətlə yad edir, onu elmə can verən müəllim olaraq unutmuruq.

Ayişə Nəbi

Analoq.az
скачать dle 10.6фильмы бесплатно

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi