Unudulmazlar Nazim zirvəsində ölməzliyə ucaldılan abidə

Unudulmazlar  Nazim zirvəsində ölməzliyə ucaldılan abidə
Tarix: 5-03-2016, 13:08 Oxunma Sayı: 1 306 dəfə oxundu. Toplam: nəfər paylaşdı.


Unudulmazlar  Nazim zirvəsində ölməzliyə ucaldılan abidə

Məhəmməd NƏRİMANOĞLU

Şəhid - Vətən sevdalı Yurd daşı! Qanlı-qadalı günlərimizin şahidləri, şahinləridir şəhidlər, qərənfil libaslı, qartal düşüncəli, şair xəyallı, orğun yox haa, yorğun baxışlı şəhidlər! Biri bəy libasına, o biri toy xonçasına, digəri bala nəfəsinə həsrət...
Bu günlərdə başı qara örpəkli bir xanım redaksiyaya gəldi. Onu yaxşı tanıyırıq: təkcə müəlliməliyinə, yaxud qələminə yox, həm də vətənpərvərliyinə, bir də Qarabağ uğrunda canından keçən şəhid qəhrəmanımız Nazim Cəbrayılovun ömür-gün yoldaşı olduğuna görə. Məqsədini bildirdi: “Nazimin keçdiyi döyüş yolundan söz açan kitab haqqında yazılmasını istəyirəm”,-dedi və getdi. Rəhilə xanım heç gözləmədi ki, cavab nə olacaq.
Kitabda tanınmış imzalar az deyil. Xüsusi diqqətlə tərtib edilən kitab doğrudan da adı kimi, “Ölməzliyə abidə”dir. Heç nəyin Vətəndən uca olmadığını öz canı, qanı ilə təsdiq edərək düşmən qarşısında cəsarət simvolu kimi dayanmış və adını Vətən tarixinə şərəflə yazmış bir türk oğlunun qəhrəmanlıq manifesti, igidlik dastanı olduğunu diqqətimizə çatdıran kitab, sanki zirvəsinə baxanda göylərin yeddinci qatını gördüyün bir möhtəşəm, qeyrətdən yonulmuş heykəldir! Bu əfsanə, nağıl obrazlı dastanın müəllifi isə dost-doğmaca ömür-gün yoldaşı, qəhrəmanından cismən ayrı düşsə də, mənən onunla nəfəs alan, yaşayan, yolunu hələ də gözləyən, qayıdacağına inan, balalarının atası, Vətənin isə əyilməz oğluna həsr edən Rəhilə Orxan-Cəbrayılovadır.
Kitab müəllif-tərtibçinin müdrik, dəyərli, hikmətlə dolu fikirləri ilə açılır: “Bu kitabı məzarı bütövlükdə Vətən torpağı olan, qəbirüstü abidəsi olmayan, Qarabağ müharibəsində erməni işğalçılarına qarşı qəhrəmanlıqla vuruşaraq şəhid olmuş ömür-gün yoldaşım Əlifoğlu İbrahimin oğlu Nazim Cəbrayılovun 60 illik yubileyinə ərməğan edərək, onun simasında Vətən şəhidlərinin hamısının nigaran ruhuna sözdən Ölümsüzlük Abidəsi ucaltmağa çalışdım”.
Azərbaycan Prezidenti, ulu öndər Heydər Əliyevin 24 iyun 2003-cü il tarixli fərmanı ilə “Azərbaycan Bayrağı” ilə (ölümündən sonra) təltif edilən baş leytenant Nazim İbrahim oğlu Cəbrayılovun ömür və döyüş yollarından söz açan bu topluda bir-birindən dəyərli fikirlər az deyil. Onlardan birincisi, təbii ki, ümummilli lider Heydər Əliyevin müdrikləşmiş kəlamıdır: “Xalqın, Vətənin taleyi hər bir insanın taleyinə çevrilməlidir”.
“Ədalət” qəzetinin 22 iyul 2003-cü il tarixli sayında qısa, lakin olduqca məzmunlu və dəyərli bir minnətdarlıq məktubu dərc edilibMüəllifi Nazim Cəbrayılovun ömür-gün yoldaşı Rəhilə xanımdır. O, şəhid komandirin döyüş yolunu qısaca xatırladır və sonda igid Nazim Cəbrayılovun “Azərbaycan Bayrağı” ordeni ilə təltif edilməsinə görə ölkə başçısına minnətdarlıq dolu ürək sözlərini yazır.
Kitabda bir-birindən maraqlı yazılar az deyil. “Azərbaycan” qəzetinin 12 may 1994-cü il tarixli sayında dərc edilmiş “Andına sadiq qaldı Nazim” sərlövhəli məqalənin müəllifi Bəxtiyar Sadıqov həmin yazıda orta məktəbdə birlikdə oxuduğu, igid döyüşçü komandir Nazim Cəbrayılovla son görüşün söhbətini qələmə alıb: “Nazim Cəbrayılov şəhid olsa da, son nəfəsinədək mövqeyi tərk etməyib. Bu zarafatcıl, həyat eşqi ilə coşub-daşan zabiti hamı sevirdi. Mart ayının 2-də, həmin səngərdə 45 yaşını qeyd etmişdilər. Üç uşaq atasını könüllü surətdə nəmli səngərə gətirən torpaq məhəbbəti, vətəni azad görmək arzusu olmuşdu. Son dəqiqələrədək öz əqidəsindən dönməyən Nazim Cəbrayılovu indi həm də qəhrəman döyüşçü kimi xatırlayırlar...”
Nazimi özündən sonra daha çox tanıdılar, deyəsən. Qəhrəmanlıq asan deyil ki. Bu yolda canını, qanını qoydu komandir. Qarabağın gözü olan Ağdamda dünyaya gəlmək şərəfi ona da nəsib olmuşdu. Nə oldu? Gözə-nəzərəmi gəldi?! 1949-cu il mart ayının 2-də Əlifoğlular nəslində, Qarabağda sayılıb-seçilən İbrahim əminin ailəsində dünyaya göz açdı. Amma sonra nəinki külli-Qarabağda, Bütöv Azərbaycanda, Türk dünyasında, Turan ellərində tanındı, sevildi, əzizləndi. Azərbaycan Xalq Təsərrüfatı İnstitutunu 1970-ci ildə bitirib Türkmənistana, Aşqabad şəhərinə təyinat aldı. O, ikinci ixtisasını Kalininqrad Milis Məktəbində qazandı. 1988-ci ilin məlum hadisələrindən sonra baş leytenant Nazim Cəbrayılov vətənpərvər oğul kimi kənarda qala bilməzdi. Ona görə də Vətənin ilk müdafiəçilərindən birinə çevrildi. 1994-cü il aprel ayının 13-də göstərdiyi hünərdən sonra ona vaxtından əvvəl kapitan rütbəsi də verildi.
...Təəssüf ki, Nazim Cəbrayılovun ruhu daşıdı bu rütbəni, çiyinləri yox. Şünki bir həftə də olmadı onun bu sevinci yaşaması. 18 aprel 1994-cü il tarixi komandir Nazim və onun əsgərləri üçün sonuncu döyüş kimi yazıldı, həm də qanla...
Bu, şərəfli ölüm idi! Amma bizi və onun ailəsini yandıran, ağladan başqa dərd oldu. Rəhilə xanım yazır: “Mənfur erməni faşistlərinə qan uddurduğuna görə düşmən Nazimin cənazəsini ailəsinə vermədi. Bu səbəbdən cəsur komandir Nazim Cəbrayılovun Vətən torpağında məzarı yoxdur”.
Fidan, Jalə və Orxan adlı üç balanı anaları Rəhilə müəlliməyə və ən əsası isə Vətənə əmanət edib gedən şəhid Nazim Cəbrayılovun ruhunu ziyarət eləmək üçün Azərbaycan Dövlət İqtisad Universitetinin həyətindəki tarixi Qala divarına onun da barelyefi vurulub. Hər il ad günündə əziz xatirəsi yad edilməsi üçün nəinki ailəsi, yaxın-uzaq qohumları və salamat qalmış, müharibə əlilləri - döyüş dostları, onun qəhrəmanlığı haqqında bilənlər də bu tarixi məkanı müqəddəs sayır, ziyarət edirlər.
Kitabda fikri, düşüncəsi, zenhi əməyi olanların arasında bir nəfər də var: rəssam Natiq Ağayev. 2009-cu ildə komandir Nazimin portretini işləyib. Allah! Allah! Allah! Elə bil ki, nəinki arxa fonda sinəsinə dağ kimi çəkilən Şuşasının başını qara bulud alıb, sanki dünyasını boz duman bürüyüb, baxışlarından şimşək çaxan bu igidin əli avtomatının boğazından elə yapışıb, elə bil deyir:
Palıd idin ki bir zaman,
Gələrdi tək sənə güman.
Adın qalıb yardım uman,
Torpağı basılan kişi!

Yürüşüm var Qarabağa,
Qalmasın tək bircə dığa!
Ta dözmə sən bu qınağa,
Torpağı basılan kişi!

Gözlərimə ağ damıbdı,
Yerlə-yeksan Ağdamımdı.
O, namusum, ad-sanımdı,
Torpağı basılan kişi!

Millət vəkili, Əməkdar jurnalist “Ədalət” qəzetinin təsisçisi, yazıçı-jurnalist Aqil Abbas yazır: “O şəhid oldu ki, biz yaşayaq. Bütün dostlarının sevimlisi, həddindən artıq hazırcavab, duzlu-dadlı Nazimə Ağdamda Əlifoğlu İbrahimin oğlu Nazim deyirdilər”.
Yazıçı-jurnalist gözəl bir paralellik aparır. O, Nazim Cəbrayılovun taqımını, çox haqlı olaraq, vaxtilə rus-alman müharibəsində Moskvanı qoruyan 28 nəfərlik Panfilovçuların döyüşçülərinə bənzədir: “ 28 nəfərdən ibarət bu taqımın döyüşçüləri son damla qana qədər vuruşublar, onlarla düşmən texnikasını sıradan çıxarıblar və həlak olublar. Qeyd edim ki, biri də azərbaycanlı olub. Ölüblər, amma bir addım geri çəkilməyiblər”.
Cəbrayılovçular... Onlar da 28 nəfər idilər. 26-sı şəhid oldu: “Arxamızda Vətəndir”-deyib çıxmadılar səngərdən: “Nazimin komandirlik etdiyi bu taqım da Qərvənd uğrunda gedən döyüşlərdə öndə vuruşublar, neçə-neçə düşmən texnikasını sıradan çıxarıblar. Döyüşçülərin hamısı şəhid olub, amma geri çəkilməyiblər, yalnız 2 nəfərdən savayı”.
Həmin salamat qalan iki nəfərin isə hələ bığ yerləri yenicə tərləyirdi. Ona görə də komandir onların vaxtsız və amansız ölümlərinin qarşısını alıb məcburi şəkildə arxaya göndərmişdi.
Aqil müəllimin həyəcan dolu yazısında yenidən aparılan paralelliyə və bərabərsizliyə, o zaman həmin qəhrəman döyüşçülərə olan laqeydliyə diqqət yetirək: “O vaxt Panfilovçuların hamısına Sovet İttifaqı Qəhrəmanı adı verdilər, bircə o bədbəxt azərbaycanlıdan başqa.
Nazim başda olmaqla, taqımdakı bütün döyüşçülər də Milli Qəhrəmandırlar, daha dəqiq desək, millətin qəhərəmanlarıdırlar! Amma onların heç biri bu ada, şan-şöhrətə görə şəhid olmadılar. Onlar şərəf uğrunda, bu torpaq uğrunda şəhid oldular”.
Nəhayət, Nazim Cəbrayılovun ömürnaməsinə yazılanlardan bir yarpaq da bu kiçik qeydlər olsun. İgid döyüşçünün şəhid ünvanlı, qəhrəmanlıqlarla dolu, uzundan-uzun, qısadan-qısa yoluna işıq saçan kitabın bütün məziyyətləri haqqında söz açmaq, ürək dağlayan epizodları dilə gətirmək asan deyil. Müəllifin ömür-gün yoldaşından, ailə-uşaqlardan sonuncu dəfə ayrıldığı anları Rəhilə xanım elə dilə gətirib ki, o anlar canlanır, sanki sən də görürsən o qüssə-kədər dolu baxışları, amma əzəmətli, qürurverici kəlmələri və yüyərərək maşına əyləşib üzü Qarabağa, haraya yön tutmasını.
Yolun açıq oldumu, qardaş?! Qarabağda doğulan, son anda da o doğma, müqəddəs torpağa qanıyla can verən igid döyüşçü, qayıt, nolar, balalarının gözləri yollarda qalıb, Rəhilə xanım sənsizliyin ağrısını ürəyinə saldığı üçün yaralarının dərinliyini bəlkə heç balalarınız da o qədər duymur. Axı, anadır, istəmir ki, balalar atasızlıq dərdini yaşasınlar. Amma sənin öz yerin var axı. Axı, ümidlər hər baharda cücərir. Rəhilə xanımın və balalarının ümidlərini cücərt! Möcüzə sevən insan. Bir möcüzə yaransın, qayıt, sənsiz qəribsəyən ev-eşiyə, həyət-bacaya, qardaş-bacıya, onlar inanmırlar ki, sən dönməyəcəksən.
Qayıt!!!!!!!скачать dle 10.6фильмы бесплатно

Rəy Yazın



0 Valid XHTML 1.0 Transitional ILK-10