ƏSAS SƏHİFƏ Yazarlar "Qaboya nəfəs verən KAMİL sənətkar " 82 -ci doğum gününü qeyd edir

"Qaboya nəfəs verən KAMİL sənətkar " 82 -ci doğum gününü qeyd edir

Elə adamlar var ki, biz onlarla  bütövük. Bu bütövlük valideyinlərimizin, müəllimlərimizin, yaxşı dostlarımızın, bizi xalq olaraq uca edən ziyalılarımızın, bir də dövlətimizin və xalqımızın keşiyində duran səlahiyyətli orqanların rəhbərlərinin birliyidir.

Sözün bütün mənalarında ziyalılar, şair-yazıçılar, mədəniyyət və ictimaiyyət xadimləri mənim üçün vətən kimidirlər.

Taleyinə qürbət yazılanlar bu sadaladıqlarıma uzaqlardan baxanda vətən xiffətini azacıq da olsa unudurlar.

Bu günə qədər millət olaraq çəkdiyimiz acılar, dərd-ələmli günlər ağsaqqal babaların, ağbirçək nənələrin yaddaşıyla folklorumuzda, şair və yazıçıların qələmində, rəssamın fırçasında, xanəndə, müğənni və bəstəkarların musqilərində əks olunmasaydı bəlkə də çoxdan xalq olaraq yer üzündən silinmişdik.

Haqqında danışmaq istədiyim adam, onun sənəti bizlərə çox uzaqlardan,tarixi keçmişimizdən xəbər verir. Bir-birindən zəngin ifaları və bu ifalarda yaşananlar bizi millət olaraq əks etdirir.

Respublikanın xalq artisti, qaboy ifaçısı Kamil Cəlilovla əvvəllər yaşadığım Bakıxanov qəsəbəsində qonşu idik. Həyətdə, parkda tez-tez rastlaşırdıq. Şəxsi tanışlığım yox idi. Amma onun nə qədər böyük ürəyə, mənəvi dəyərlərə malik olduğunu yaxşı bilirdim. Hər dəfə də şəxsi tanışlığa can atırdım.

Günlərin bir günü müsahibə üçün "Səs" İnternet Televiziyasına dəvət etmək üçün zəng elədim. Hal-əhval tutduq.Telefonda xeyli söhbətləşdik. Verilişə çağırmaq istədiyimi bildirdim, söhbəti dəyişdırıb, təklifimdən uzaqlaşmaq istədi.

Onun yaradıcılığına, ifa etdiyi musiqilərə olan sevgimi görüb bu barədə fikirləşməyə qərar verdi. Əslində onun bu qərarına da sevgiylə, hörmətlə yanaşdım.

Ertəsi gün təklifi dəyərləndirib verilişdə iştirak etmək üçün hara gələcəyini , redaksiyanın ünvanını soruşdu.Gəldi və maraqlı bir müsahibəmiz alındı.

Bu gün televiziya və radio efirlərinin ucuz, mənasız şou-proqramlarla doldurulması, verilişlərə dəvət olunanların şou-çıxışları, bayağı ifaları bu cür sənətkarları həm efirlərdən incik saldı, həm də onları Azərbaycan tamaşaçısından uzaqlaşdırdı. Tamaşaçı sənətkarlardan ona görə incidi ki, sənətkarlar efirlərdə görünmədi. Amma sənətkarların yaşadıqlarını çox heyiflər olsun ki, çox vaxt tamaşaçılar bilmir.

Efirləri zəbt eləyən, dava-dalaş, hay-həşirli verilişlərə bu cür sənətkarların dəvət olunmaması əslində elə qələbə deməkdir.

Bu barədə danışsaq xəmir çox su aparar, çox mətləblərin üstünü açmış olarıq. Amma bunu qarşımıza məqsəd qoymamışıq. Zatən əlimizdən gələn bir şey də yoxdur.

Keçək mətləbə....


Bü gün respublikanın Xalq artisti, "Şərəf" və "Şöhrət" ordenli ustad sənətkar, tanınmış qaboy ifaçısı Kamil Cəlilov 82-ci doğum gününü qeyd edir.

1938-ci il yanvarın 29-da Bakının Buzovna kəndində sadə  zəhmətkeş ailədə anadan olan Kamilin atası dülgər olub.

İkinci Dünya savaşında ayaqlarını itirən, əlil arabasıyla müharibədən sonra ömürlük yoldaş olan Cəlil kişinin ən böyük arzusu oğlu  Kamili musiqiçi görmək idi. Kamilin musiqi məktəbində təhsil almağını çox istəyirdi. Elə bu səbəbdən də ona bir balaca nağara düzəltmişdi.

Orta təhsilini Bakıdakı 176 nömrəli tam orta məktəbdə alan Kamil Cəlilov 1955-ci ildə Bakı şəhər 1 saylı musiqi məktəbində dərs alır.

İstedad və bacarığıyla müəllimlərinin diqqətini cəlb edən Kamil Cəlilov musiqi məktəbində oxuyana qədər qoboy haqqında heç bir təsəvvürə malik deyildi. Təsadüfən eşitdiyi bu musiqi alətinin səsi onu öz cazibəsinə salır və o gündən bu alətin ifaçısı olmaq qərarını verir.

Kamilin qaboyu seçməsi ona heç də ucuz başa gəlmir. Bu alətə olan bağlılığı atasının qəzəbinə səbəb olur və o, oğlunun qoboy sinfində təhsil almasına qəti etirazını bildirir. Kamil Cəlilov isə atasının təkidinə baxmayaraq, sevdiyi alətdən ayrılmır. Alətlə daha da yaxından tanış olur, bütün sirrlərinə yiyələnir.

Gənc yaşlarında bacısının ölümü, bir tərəfdən də atasının bu alətə görə Kamili incitməsi onda dərin izlər buraxır. Ustad sənətkar xatirələrində yazır ki, qaboy çalmağa başladığım dövrlərdə elə ilk zərbələri də məhz atamdan almışam. Nə bilim, gah qoboyumu sındırıb, gah məni zirzəmiyə salıb. Bütün bunlar məni sarsıtmadı. Əvvəla atam idi, nə etsəydi, haqqı vardı. Digər tərəfdən də mən o qədər bu qoboya aludə olmuşdum ki, onsuz da imkan tapıb gizlicə çalırdım. Bir də ki, atamın əlil olması təbii ki, onun əsəblərinə də təsir etmişdi.Görünür, bəzən qoboyun səsi onu narahat edirdi. Hətta buna görə mən evin zirzəmisində özümə bir balaca şərait yaradıb orada çalırdım. Təbii ki, orada nəmişlik olduğundan bu alətin səsinə mənfi təsir edirdi. Nəhayət, bu çətinliyimi görən anam Sürəyya xanım atamdan xahiş etdi ki, evdə çalmağıma icazə versin. Beləliklə, anam məni o yarıqaranlıq, nəm zirzəmidən çıxartdı.

1959-cu ildə Asəf Zeynallı adına Musiqi Məktəbinə daxil olub. Fuad Sadıqbəyovun sinfini bitirib, konservatoriyaya daxil olur. İmtahan verərkən konservatoriyanın rektoru Cövdət Hacıyev Kamil Cəlilovun ifasına qulaq asandan sonra ona rusca "У него природный звук" söyləyərək yüksək qiymət verir.

Enişli-yoxuşlu yollar keçən Kamil Cəlilov Əhsən Dadaşovun rəhbərlik etdiyi ansamblda əvvəlcə qoşa-nağara sonra qarmon ifaçısı olur.

Ona dərs deyən, ifa tərzinə, duyumuna bələd olan müəllimlərinin təkidi ilə Azərbaycan Dövlət Konservatoriyasına daxil olan Kamil Cəlilov 1965-ci ildən ixtisaslı qoboy ifaçısı kimi bu sənətə vəsiqə alır.

Qaboyla dünyanı dörd dolaşan, dünyanın bir çox ölkələrində konsertlər verən, milli musiqimizin səsini böyük zallardan digər xalqların yüzlərlə, minlərlə nümayəndələrinə çatdıran Kamil Cəlilovun musiqi repertuarı çox zəngindir. O, milli musiqilərimizi mahir ifa etməklə yanaşı klassik və Avropa bəstəkarlarının da musiqilərini qaboyda səsləndirib.

"Apardı sellər Saranı", "Aşıq bayatıları", "Aşıqsayağı", "Bayatı-kürd", "Bayatı-Şiraz", "Bəstə Nigar", "Cəlili", "Zəminxarə", "Qarabağ havası" kimi musiqilərimizə yeni nəfəs verib.

Kamil Cəlilov ifaçı sənətkar olmaqla yanaşı eyni zamanda yaradıcı sənətkardır . Özünün bəstələdiyi musiqilərə  gəlincə o , "Azərbaycan təranələri", "Çahargah ahəngi", "Kənani", "Naxçıvan təranələri", "Nuranım rəqsi", "Şur ahəngi" kimi əsərlərin müəllifidir.

Ustad sənətkarın ömür kitabını vərəqləsək çox dərinliklərə vararıq. Zəngin həyat yolu, ağır məşəqqətli günlərin qarşısında daim dik dayanan Kamil Cəlilov peşəkar qaboy ifaçısı olmaqla yanaşı, bu alətin həm də  bilicisidir.

Çətinliklə əldə etdiyi uğurlar ona hələ  Sovetlər dönəmində SSR  əməkdar artisti adını qazandırıb.

2000 -ci ildən  Azərbaycan Respublikasının xalq artisti adına, 2008-ci ildən ölkə başçısı Cənab İlham Əliyevin sərəncamı ilə "Şərəf” və “Şöhrət”  ordeninə layiq görülüb.

Sevimli sənətkarımıza, yaşayan musiqi xəzinəmizə can sağlığı, uzun ömür arzu edirəm.

Kamil Cəlilov kimi ustad sənətkarların yaşaması milli musiqimizin daha da uzunömürlü olmasıdır.

Dəyərli Kamil Cəlilov, 100 yaşınızda görüşənədək!


Savalan TALIBLI

Analoq.az
скачать dle 10.6фильмы бесплатно



RƏYLƏR

Bakı Hava Proqnozu