ƏSAS SƏHİFƏ Yazarlar Azərbaycan Dövlət Pedaqoji Universiteti 100 – IV yazı

Azərbaycan Dövlət Pedaqoji Universiteti 100 – IV yazı

Azərbaycan Dövlət Pedaqoji Universiteti 100 illik yubileyi ərəfəsindədir. Bu yubiley ərəfəsində Azərbaycan Dövlət Pedaqoji Universitetinin tarixindəki bəzi məqamları qələmə almağı vacib bilirik. Tariximizi unutmamaq gələcək nəslə də bir örnəkdir. Odur ki, filologiya elmləri doktoru, professor Buludxan Xəlilovun rəhbərliyi, tərtibatı və təqdimatı əsasında Azərbaycan Dövlət Pedaqoji Universitetinin Elmi tədqiqat mərkəzinin kiçik elmi işçisi Mehdizadə Gülşənin məqaləsini təqdim edirik. Beləliklə, bəzi məqamlara səyahət edək.

Dövrünün gənclərində unudulmaz iz buraxan Füzuli Əsgərlinin teatr vurğunluğundan bəhs edən həmkarı, “Məşəl” tələbə dram dərnəyinin keçmiş aktyoru, filologiya üzrə fəlsəfə doktoru, dosent Qüdrət Umudov “Bədii rəhbər və rejissor kimi” adlı xatirəsində yazır: “Füzuli Əsgərli ədəbiyyatşünas alim, tərcüməçi və ustad müəllim olmaqla yanaşı teatr sənətinin də vurğunu və fədaisidir. Əgər Füzuli müəllim ədəbiyyatşünaslığa və pedaqoji fəaliyyət sahəsinə gəlməsəydi, yəqin ki, teatrı seçəcək, çox məşhur aktyor və ya yaradıcılıq özəllikləri ilə seçilən görkəmli rejissor olacaqdı...
Mən Füzuli Əsgərlinin istedad və qabiliyyətinin daha çox bu istiqamətindən bəhs etmək istəyirəm.

Füzuli Əsgərlinin ədəbiyyata, onunla üzvi surətdə bağlı olan teatra vurğunluğu kiçik yaşlarından başlayıb. Onun atası Feyruz kişi ədəbiyyat müəllimlərinin təsiri kiçik Füzulinin kitablara olan həvəsinin xeyli artmasına səbəb olmuşdur. Oxuduğu bədii kitablarda cərəyan edən hadisələri və qəhrəmanları Füzuli təsəvvüründə canlandırar, xəyalında onlara quruluş verər, özünü və dostlarını da orada görərdi. Təhsil aldığı müddətdə məktəblərində keçirilən bədii gecələr və səhnəciklər, poeziya və səhnə tədbirləri Füzulisiz olmurmuş. Yuxarı siniflərdə oxuyarkən müəllimləri bütün mədəni tədbirləri onun öhdəsinə buraxmışdılar. Füzulidən sonra da bu ənənəni onun davamçıları uzun müddət estafet olaraq yaşatmışlar...

ADPİ-nin (indiki ADPU-nun) filologiya fakültəsinin əyani şöbəsinə daxil olanda (1969) Füzulinin 24 yaşı vardı. Elə ilk günlərdən o həm təhsildə, həm də fakültənin ictimai həyatında fəallığı ilə seçilməyə başladı. Bu istedadlı gəncin gəlişi ilə vaxtilə institutda yaradılmış, lakin tənəzzül dövrünü yaşayan “Məşəl” tələbə teatrında (qeyd edim ki, tələbə teatrına bu adı Füzuli müəllim vermişdir) canlama başlandı. Qısa bir zaman ərzində respublikada tələbə teatrları arasında birinciliyi qazanan bu yaradıcılıq studiyası sonrakı inkişafı və nəaliyyətləri üçün Füzuli müəllimə borcludur. Onun istedad və bacarığını görən institut rəhbərliyi Füzuli Əsgərlini maaşla tələbə teatrına və bədii özfəaliyyət dərnəklərinə bədii rəhbər təyin etdi. “Məşəl”i o zaman Azər- baycanda fəaliyyət göstərən ən yaxşı “Xalq teatrı” səviyyəsinə qaldıran da Füzuli Əsgərli oldu.

Mən Füzuli müəllimlə 1974-cü ilin dekabrında tanış olmuşam. Filologiya fakültəsinə ye- nicə daxil olmuşdum. Mənim bu teatra marağım böyük idi. Fakültəmiz institutun əsas binasından aralı – başqa ünvanda yerləşdiyi üçün əvvəllər “Məşəl”in varlığından xəbərim yox idi. Bir gün dərs keçdiyimiz auditoriyaya filologiya fakültəsinin komsomol komitəsinin katibi Ramazan Qafarlı ilə birlikdə dəblə geyinmiş, qara saçlarını səliqə ilə yana daramış, 25-26 yaşlarında, ilk baxışdan ciddi görkəmli, ucaboy bir gənc daxil oldu. Mən onu görən kimi nədənsə şəkillərini teatrların foyelərində gördüyüm Hüseyn Ərəblinskiyə, Ülvi Rəcəbə, bəlkə də XX əsrin əvvəl- lərində yaşamış əcnəbi aktyorların hansınasa bənzətdim. Zənnim məni aldatmamışdı. Təqdi- matdan sonra məlum oldu ki, bu gələn səhnə adamıdır...

Sözə başlayan komsomol təşkilatının katibi fakültəmizdə teatr dərnəyinin təşkil oluna- cağı, onu “Gənclik” adlanacağını elan etdi. O, yanında dayanan gənci göstərərək bu işin təşkili üçün fakültə rəhbərliyinin Füzuli Əsgərlini dəvət etdiyini bildirdi. Mən də həvəslə dərnəyə üzv yazıldım. Dekabrın əvvəlləri idi. Dərsdən sonra yığılan dərnək üzvlərinə Füzuli müəllim dedi ki, vaxt azdır, yeni il üçün biz nəsə göstərməliyik, ona görə də, kiçik səhnəciklərə, pyeslərdən parçalara müraciət etməliyik. Qızğın gedən məşqlər və Füzuli müəllimin səriştəsi bəhrəsini verdi. Oynadığımız bu səhnəciklər tamaşaçıların çox xoşuna gəldi...

Füzuli müəllim yorulmaq bilmədən çalışırdı. O, institutun akt zalında “Məşəl”in yeni-yeni tamaşalarına quruluş verməklə yanaşı, doğma fakültəsinin “Gənclik” dram dərnəyinə də rəhbərlik edirdi.

Füzuli müəllim daha istedadlı tələbə-aktyorları “Məşəl”ə apardı. Mən də onların arasında idim. Hələ orta məktəbin yuxarı siniflərində oxuyarkən məktəbdə 300 nəfərlik yer tutan kənd klubunda qoyulan tamaşalarda bir çox rollar oynamışdım. Deyilənə görə, bir balaca istedadım var idi. Füzuli müəllim bunu sezmişdi. Mənə deyirdi: “Sənin yüksək tonda bariton səsin və ol- duqca ciddi görkəmin var, oynayacağın obrazı yaxşı hiss edirsən, onun daxilinə girə bilirsən, onun xarakterini yetərincə açırsan, səhnədə doğru yer seçir, təbii inandırıcı jestlər edə bilirsən. Bütün bunlar isə aktyor üçün vacib şərtlərdən biridir.”

“Məşəl”də istedadlı gənclər çox idi. Onlardan dramatik rolların əsas ifaçılarından Ramiz Novruzu və komik obrazların mahir ifaçısı Laçın Əsgərlini qeyd etmək lazımdır. Indi Respub- likanın xalq artisti, görkəmli teatr və kino aktyoru kimi məşhur olan Ramiz Novruzla bir fa- kültədə, bir kursda, bir birləşmədə oxuyurduq. Yeri gəlmişkən, qeyd edim ki, Ramiz də filolo- giya fakültəsinə istehsalatdan gəlmişdi. Ramiz birinci kursu bitirəndən sonra Azərbaycan Dövlət İncəsənət İnstitutuna köçürüldü.

Laçın isə Füzuli müəllimin kiçik qardaşı idi, komik tipləri çox məharətlə yaradırdı.

Azərbaycan Dövlət Pedaqoji Universiteti 100 – IV yazı

Azərbaycan Dövlət Pedaqoji Universiteti 100 – IV yazı
Füzuli müəllim müxtəlif mövzulu əsərlər seçərdi. O, gah duzlu-məzəli məişət antipod- larına satira atəşinə tutan görkəmli komedionəvslərin əsərlərini səhnəyə qoyur, gah da ağır dra- matik pyeslərə müraciət edərdi. Bu onu göstərirdi ki, rejissor tələbə-aktyorların potensial im- kanlarını dəyərləndirir, onlara inanırdı. Çünki truppamızda hansı səbəbdənsə yolu İncəsənət İns- titutundan, peşəkar aktyorluqdan kənar düşmüş istedadlı gənclər var idi.

Yaxşı yadımdadır, Füzuli müəllim 1975-ci ilin mayında faşizm üzərində qələbənin 30 illik yubileyi ilə əlaqədar M.Hüseyn və İ.Əfəndiyevin birgə yazdıqları “İntizar” pyesini tamaşaya qoydu. Tamaşaçıların və mətbuatın rəylərinə görə uğurlu bir tamaşa alınmışdı.
Füzuli müəllim komediya janrına daha çox meyl edirdi. Sabit Rəhmanın “Toy”, “Xoş- bəxtlər”, Altay Məmmədovun “Həmyerlilər”, “Kişilər”, Anatoli Safronovun “Kişilərə inanma- yın”, Əfqan Əsgərovun “Qız atası” və sair əsərlərin tamaşaları anşlaqla keçirdi. Onlar haqqında respublika mətbuatlarında yazılar gedirdi.
Füzuli müəllim “Toy” komediyasındakı Kərəmov obrazını mənə tapşıranda dedi: “Aktyor bir ampluada çıxış etməməlidir. Gəl səni komik rollarda da sınayaq”. Tamaşa əla keçdi. Tama- şadan sonra Füzuli müəllim məni təbrik edib dedi ki, mən səni Kərəmov kimi kəşf etdim.

70-ci illərdə tələbələr ikinci ixtisas vermək məqsədi ilə ADPİ “İctimai peşələr fakültəsi” açıldı. Füzuli müəllimin təşəbbüsü və rəhbərliyi ilə “Teatr və aktyorluq” kursu da təşkil edildi. İki illik nəzəri və praktik məşğələlərdən sonra bizə ikinci ixtisas diplomu verildi. Bu kursda həm- çinin, Füzuli müəllimin dəvət etdiyi, sonralar “xalq artisi” fəxri adı almış Yaşar Nuri və Taryel Qasımov burada fəaliyyət göstərirdilər.

O illər Füzuli müəllimin tamaşaya qoyduğu və mənim xatirimdə dərin iz buraxan əsər- lərdən biri də Nazim Hikmətin “Unudulan adam” pyesi idi və baş rolu – doktor obrazını yarat- mağı mənə həvalə etmişdi. Füzuli müəllim hər bir obrazın xarakterini açırdı. O, mənimlə daha çox söhbət edirdi, deyirdi: “Qüdrət, tamaşanın uğuru səndən asılıdır”. Elə bil mən dönüb Nazim Hikmətin Doktoru olmalıydım. Tamaşa gözlədiyimizdən də uğurlu alındı.

Bu, Füzuli müəllimin bizimlə tamaşaya qoyduğu son əsər oldu. Ondan niyə belə oldu- ğunu soruşanda: “Elmi-pedaqoji fəaliyyətlə məşğul olmaq istəyirəm. Kifayətdir, yaş ötür ” – dedi” (1s.151).
25 mart 2015-ci il.

Beləliklə, Füzuli müəllimin dost-tanışlarının da qeyd etdiyi kimi o, elmi incəsənətdən yüksəkdə tutdu. O, elm sahəsində də tanınmaqda və sevilməkdədir. Bunu bu gün ADPU-nun müəllimləri siyahısında olan tələbəsinin ona verdiyi dəyərdən də görmək mümkündür. Filologiya üzrə fəlsəfə doktoru Yeganə Qəhrəmanovanın “Şərəfli ömrün sözü” adlı təbrik məqaləsində yazır: “...Dəyərini bilənlər üçün müəllimlik həmişə şərəf işi sayılıb. Əsl müəllim olmaq ömrünü elm və bilik aşılamaq uğrunda şam kimi əritmək, özünü cəmiyyətin mənəvi tərbiyəsinə həsr etməkdir. Əsl müəllim həm də öz dəyişməz xarakteri ilə gənclərin ürəyində ümid çırağını yan- dırmağı bacarmalıdır. Füzuli Əsgərli də məhz belə müəllimlərdən biridir...

“Qızıl qələm” mükafatı laureatı, “İlin müəllimi” və “İlin nüfuzlu ziyalısı” fəxri adına layıq görülmüş Füzuli müəllimə can sağlığı, yeni-yeni yaradıcılıq uğurları arzulayıram. Mən fəxr edirəm ki, doğma və ləyaqətli müəllimlərimin yolunu davam etdirənlər sırasındayam” (1.s.159).
25 mart 2015-ci il.

ƏDƏBIYYAT SIYAHISI:

Şəfa Əhmədova. Bir alim ömrünün hekayəti. Bakı, Pedaqoji Universitetin nəşri, 2015,286 səhifə.


SON...

Analoq.az
скачать dle 10.6фильмы бесплатно



RƏYLƏR

Bakı Hava Proqnozu