ƏSAS SƏHİFƏ Yazarlar Vətən üçün döyüşən qəhrəman - Mikayıl Əhməd

Vətən üçün döyüşən qəhrəman - Mikayıl Əhməd

2020-ci il böyük Qələbə bayramının 75 illiyi qeyd edilir. Müxtəlif tarixi zamanlarda Vətənin hər qarışı üçün düşünmədən, tərəddüd etmədən döyüşən Azərbaycanın oğul və qızları İkinci Dünya Müharibəsində də can-başla iştirak edir, cəbhə bölgələrində düşmənə qarşı mərdliklə vuruşurlar. Onların düşmən qarşısında göstərdikləri şücaət qəhrəmanlıq nümunəsi olaraq anılır. Teatrdakı fəaliyyətini dayandırıb döyüşlərə qatılan Mikayıl Əhməd də öz şücaəti ilə xüsusilə seçilən igid döyüşçülərdən olmuşdur.

Mikayıl Soltan oğlu Əhmədov (əsl adı: Mikayılmahmud Soltanəhməd oğlu Əhməd) 1920-ci ilin may ayının 13-də Bakıda ziyalı ailəsində anadan olmuşdur. Atası Soltanəhməd həkim və ilahiyyatçı olmuşdur. O, İranda Tehran Universitetinin tibb fakültəsini bitirmiş və həm də ərəb və fars dillərinə mükəmməl surətdə yiyələnmişdir. Soltanəhmədin babası doktor Kərbəlayı Mahmud Pirşağı bəylərindən idi. Kərbəlayı Mahmudun babası Əhməd bəy şəcərə etibarilə “Soltan-Əhməd” xanədanına mənsubdur. Mikayılgil ailədə 3 uşaq olurlar: Məsumə böyük bacısı, Bibixanım kiçik bacısıdır. Mikayılmahmud isə ailənin tək oğlu olmuşdur.

Azərbaycan Dram teatrının ilk baş rejissoru və direktoru Bilal Əhməd Mikayılın əmisidir. Onun təkidi ilə Mikayıl Əhməd 30-cu illərdə Bakı Teatr Texnikumunda oxuyur. Görkəmli aktrisa Nəsibə Zeynalova ilə tələbə yoldaşı olan M.Əhməd burada böyük rejissor Aleksandr Tuqanovdan dərs alır və Dram teatrında müxtəlif rollarda çıxış edir. Lakin amansız müharibələr Mikayılı yaradıcılıqdan uzaq salır. O, əvvəlcə Sovet-Fin müharibəsinə, sonra isə Böyük Vətən müharibəsinə yollanır. Berlinə qədər döyüş yolu keçən Mikayıl Qələbə günü ağır yaralanır. Dörd qabırğası sıradan çıxır və ona süni qabırğa qoyulur. Müharibə illərində ondan heç bir xəbər-ətər bilməyən ailəsinə onun ölüm xəbəri gəlir. İl yarım Avstriyada hərbi hospitalda müalicə alan igid döyüşçü ancaq 1947-ci ildə doğma Bakıya qayıda bilir. Dəfələrlə ağır zədə alan, bədəni qəlpələrlə dolu olan qəhrəman döyüşçü, baş leytenant Mikayıl Əhməd şücaətinə görə “Qırmızı Bayraq”, “Qızıl Ulduz” ordenləri və medallarla təltif edilir. Müharibədən sonra Bakıda hərbi zavodların mühafizə idarəsinin rəisi işləyən Mikayıl Əhməd az sonra bu işindən ayrılır və taleyini “Xəzər Dəniz Gəmiçiliyi” ilə bağlayır. O, “Sovet Özbəkistanı”, “Həmid Sultanov” gəmi bərələrində müxtəlif vəzifələrdə işləyərək kapitanın baş köməkçisi vəzifəsinə qədər yüksəlir. 55 yaşında pensiyaya çıxan dənizçi doğma Xəzərdən ayrıla bilmir və 65 yaşına qədər gəmiçilikdə çalışır.

Mikayıl 1947-ci ildə Bakı Neft Texnikumunun sonuncu kurs tələbəsi Almaxanım Kərbəlayı Əzim qızı ilə evlənir (Kərbəlayı Əzim Binəqədinin el ağsaqqalı olmuşdur). Bu izdivacdan 6 övladları olur və onların hər biri ali təhsil alır. Onun böyük oğlu Əhməd fizika-ixtiraçı alim, ortancıl oğlu Mövsüm yazıçı-dramaturq, bəstəkar, kiçik oğlu Vüqar Əhməd şair, ədəbiyyatşünasdır. Nəvəsi Almaxanım Əhmədli VI Televiziya Muğam Müsabiqəsinin qalibi- “Qran-Pri” mükafatçısıdır. Qızları həkim, mühəndis və maliyyəçidir. Böyük qızı Çeşmi 2012-ci ildə 63 yaşında dünyasını dəyişmişdir. Çeşminin üç oğlu ali təhsilli, elin ağır günlərində biganə qalmayıb Qarabağ savaşında düşmənlə mərdliklə döyüşən, Vətənə və babalarına layiq övladlardır. Nəvəsi Hüseyn Vüqar oğlu iqtisadçıdır.

Mikayıl Əhməd “Fərdi təqaüdçü”, “Əmək veteranı” kimi, çoxsaylı orden-medallarla təltif olunur. Cənab Heydər Əliyevlə mütəmadi görüşləri onu Vətəninə xidmət etməyə daha da ruhlandırır. Mikayıl Əhməd 1995-ci ildə 75 yaşında insult keçirərək dünyasını dəyişmişdir.

Təhminə Vəliyeva
AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun
Mətbuat tarixi və publisistika şöbəsinin kiçik elmi işçisi

Analoq.Azскачать dle 10.6фильмы бесплатно



RƏYLƏR

Bakı Hava Proqnozu