ƏSAS SƏHİFƏ Yazarlar Xəyanəti bağışlanmır!

Xəyanəti bağışlanmır!

Babam böyük bir müharibənin – İkinci Cahan savaşının iştirakçısı olub. Sovet qoşunları tərkibində faşizmlə müttəfiq olan işğalçılara qarşı şərq cəbhəsində vuruşub. Müharibədən yadigar qalan medalları, ordenləri ilə yanaşı sağ əlindəki qəlpə izini də daim xatırlayıram. Yeniyetməlik dövrümdə dostlarım da mənə həsəd aparardı ki, babam ibrətamiz ömür sürüb, qanlı-qadalı döyüş yolu keçib.

Bəzən söhbətlərimizdə ağrılı-acılı döyüş epizodlarını xatırladıb müharibənin bəşəriyyət üçün çox təhlükəli bir kabus olduğunu deyərdi. Bir dəfə isə Vətənə xəyanət etmiş bir döyüşçüdən danışdı, onun komandanlığın əmri ilə məhkəməsiz-filansız yerindəcə güllələndiyini qeyd etdi. Ona zillənən təəccüb dolu baxışlarımı sezib dərindən ah çəkdi. “Oğlum, Vətənə xəyanət heç zaman bağışlanmır, çünki böyük günahdır. Torpağa Vətən deyib onun üzərində dünyaya göz açan, onun havasından, suyundan, duz-çörəyindən, hər bir nemətindən dadan insan övladı heç bir zaman Vətəninə, ölkəsinə qarşı nankor olmamalıdır! Belələrinə insan demək düzgün deyil və onlara ən ağır cəzanın verilməsi ədalətli qərardır.”

Bəlkə də İkinci Dünya müharibəsi illərində Sovet dövlətinin rəhbəri İosif Stalinin Vətən xainlərinə tətbiq etdiyi amansız mübarizə üsulu olmasaydı, müxtəlif millətlərin cəmləşdiyi İttifaqda böyük bir “Xainlər ordusu” yarana bilərdi. Adı tarixin səhifələrinə faşizm üzərində şanlı qələbənin fatehi kimi həkk olunmuş Stalin xain döyüşçülərin tribunalın əmri ilə güllələnmə cəzasına məhkum olunması barədə qərar vermişdi. Əslində bu qəti addım insanların ürəyində vahimə, qorxu yaratmışdı, heç kimin Vətənə xəyanət etməyə cürəti çatmazdı və hər kəs yaxşı bilirdi ki, belə cinayətkarın son aqibəti amansız olur.

Tarixin müxtəlif dövrlərində, heç bir ölkədə, heç bir xalqda Vətəninə, xalqına, ölkəsinə, Andına xəyanət edən heç bir kəsə güzəşt olunmayıb, heç kim bağışlanmayıb. Bir neçə il əvvəl Türkiyə mətbuatında rast gəldiyim bir məlumatı xatırlayıram. Sən demə, dünya ordularına meydan oxuyan böyük türk ordusunda da xainlər olub, Vətəninə, millətinə xor baxanlara, nankorlara rast gəlinib. Hökumətin qərarı ilə sahibsiz heyvanların sığınacağı olan ərazidə “Xainlər qəbiristanlığı” salınıb.

Türk xalqları həmişə xainləri asaraq edam ediblər. Cəmiyyətimizdə belə nankorlara heç zaman yer verilməyib. Vətənə xəyanətə görə məhkum edilənləri və tarixi düşmənimiz olan ermənilərlə əməkdaşlıq edənləri müdafiə etmək və onlara haqq qazandırmaq xalqımızın tarixinə, mənəvi dəyərlərinə, amal və əqidəsinə qarşı haqsızlıqdır.

2016-cı ildə ordumuzun xalqımıza yaşatdığı aprel zəfərinin sevincindən az bir müddət sonra Vətənə xəyanət edib, Ermənistanın xeyrinə casusluq edənlərin sorağını aldıq. Bu xəbər ehtiyatda olan bir zabit kimi məni də dərindən sarsıtdı. Qarabağ savaşının ağrı-acılarını yaşamış bir azərbaycanlı olaraq təəssüf edirəm ki, ordumuzun sıralarında Vətən xainləri peyda oldular.

Onların arasında rast gəlinən zabitləri, gizirləri eşidəndə bir şeyə təəccübləndim: Görəsən bu nankorlar müqəddəs Vətən andını, Hərbi andı necə unuda bildilər?

Deyirlər ki, and adama qənim olur, gərək onlara da Vətənimizin duz-çörəyi qənim olsun. Gərək nə qədər mənəviyyatsız, ləyaqətsiz olasan ki, maddi ehtiyaclarını ödəmək, varlanmaq üçün düşmənə casusluq edəsən.

Görəsən bu xəyanətkarlar öz murdar və cinayətkar əməllərini həyata keçirdikləri zaman erməni vandalları tərəfindən zaman-zaman günahsız soydaşlarımıza qarşı törədilmiş müsibətlərdən bixəbər idilərmi? Bəs, onlar Vətənə xəyanət edəndə öz ailələrini, zavallı valideynlərini düşünmədilərmi?

Heç bir əməl gizli qalmır, hər bir əməlin üstü gec-tez açılır. Belə nankorların da əməllərinin üstü açıldı və şübhəsiz onlar da vaxtında ən ağır formada cəzalarını aldılar. Böyük, qüdrətli dövlətimiz belələrini sərbəst buraxa bilməzdi. Axı onların xəyanəti dövlətimizi, ordumuzu sarsıtdı, neçə döyüş əməliyyatının pozulmasına, nə qədər hərbçimizin, xüsusitəyinatlılarımızın itkilərinə səbəb oldu.

Bəzi xəyanətkarların ailə üzvləri, qohum-əqrabaları yenidən, kimlərsə tərəfindən ortalığa çıxarılır və hansısa anti-Azərbaycan qüvvələrinin əlində ucuz vasitəyə, çirkin məqsədlərə xidmət edən alətə çevrilirlər. Onlar sosial şəbəkələrdə özlərini haqlı çıxarmağa cəhd edir, üzdəniraq hərəkərlərə yol verənlərə bəraət tələb edirlər.

Bu günlərdə “Youtube” də yayımlanan bir epizodu hiddətlə dinlədim. Vətən xainlərindən birinin doğması dil-dil ötür, kimlərinsə nahaq yerə cəzalandırılmasından danışırdı.

Cinayət törətmiş bütün müqəssirlər dövlət, onun konstitusiyası və qanunların aliliyi qarşısında gec-tez cavab verməli olacaqlar. Biz hüquqi dövlətdə yaşayırıq, törətdiyi əmələ görə qanun qarşısında hamı cavabdehlik daşıyır.

Əlbəttə, təhqiqatın gedişində əgər kimlərsə öz vəzifə səlahiyyətlərini aşıbsa, yəqin ki, onlar da öz layiqli cəzalarını alıblar. Lakin, Vətənə xəyanəti sübut olunanlar artıq ən ağır şəkildə cəzalandırılıb və bundan sonra da cəzalandırılacaqlar.

Fikrimizcə, bu da oyunun, xəyanətin bir parçasıdır. Görünür bu insanları şirnikləndirib ortaya atan bəzi qüvvələr var, o qüvvələrin də ifşa edilməsi yerinə düşərdi. Kim bilir, bəlkə də belələri xarici düşmənlərimiz tərəfindən hərəkətə gətirilir. Bəlkə də, hələ xəyanət zəncirinin açılmamış halqaları qalır...

Arif PƏNAHLI
müharibə veteranı, ehtiyatda olan polkovnik-leytenant

Analoq.az
скачать dle 10.6фильмы бесплатно



RƏYLƏR

Bakı Hava Proqnozu