ƏSAS SƏHİFƏ Yazarlar Azərbaycan Dövlət Pedaqoji Universiteti 100

Azərbaycan Dövlət Pedaqoji Universiteti 100

Azərbaycan Dövlət Pedaqoji Universiteti 100 illik yubileyi ərəfəsindədir. Bu yubiley ərəfəsində Azərbaycan Dövlət Pedaqoji Universitetinin tarixindəki bəzi məqamları qələmə almağı vacib bilirik. Tariximizi unutmamaq gələcək nəslə də bir örnəkdir. Odur ki, filologiya elmləri doktoru, professor Buludxan Xəlilovun rəhbərliyi, tərtibatı və təqdimatı əsasında Azərbaycan Dövlət Pedaqoji Universitetinin Azərbaycan dilçiliyi kafedrasının müdiri, filologiya üzrə elmlər doktoru, professor, Əməkdar elm xadimi Nizami Xudiyevin məqaləsini təqdim edirik. Beləliklə, bəzi məqamlara səyahət edək.
Azərbaycan Dövlət Pedaqoji Universiteti 100
PROFESSOR ƏBDÜLƏZƏL DƏMİRÇİZADƏ HAQQINDA XATİRƏ VƏ DÜŞÜNCƏLƏRİM...

Tələbəlik illərində alim-müəllimlərimdən – Əbdüləzəl Dəmirçizadə, Məmmədhüseyn Təhmasib, Feyzulla Qasımzadə, İsmayıl Şıxlı, Məmmədsəlim Tahirli, Əhəd Hüseynov, Fərhad Fərhadov, Cavad Bağırov, Afad Qurbanov, Azər Hüseynov, Əbdül Əlizadə, Paşa Əfəndiyev, Xeyrulla Məmmədov və digərlərindən aldığım mükəmməl elmi bilik, gərəkli məsləhətlər, zəngin həyat təcrübəsi mənə möhkəm bir dayaq oldu.

Bu gün də fəxr edirəm ki, məni elm sahəsinə gətirən, qayğılarını əsirgəməyən belə alim-müəllimlərdən dərs almışam. Adlarını çəkdiyim və çəkmədiyim müəllimlərim mənəviyyatca zəngin şəxsiyyətlər idilər. Onlar həyatda yalnız bir amala xidmət edirdilər: tələbələrə elmi bilik vermək, öz vəzifələrini layiqincə yerinə yetirmək! Bu isə bizim nəslin xoşbəxtliyi idi. Ulu Tanrı onları bizə elə bil ərmağan göndərmişdi. Onların hər bir hərəkəti, mülayim, yaxud ciddi, tələbkar baxışları, çöhrələrindəki xeyirxahlığa çağıran cizgiləri bizə müəllim olmaq üçün düzgün yol göstərdi, bununla mənəviyyatımızı daha da zənginləşdirdi. Onların hər birindən bir nümunə götürməyə, onlara oxşamağa çalışdıq.

Müəllim adı müqəddəs bir müraciət forması olmaqla yanaşı, həm də şübhəsiz, daşıyıcısının üzərinə böyük məsuliyyət qoyan bir sənətdir. Müəllimlik təkcə elm öyrədən, gəncləri, insanları elmin sirlərindən hali edən demək deyil. Müəllim adını daşıyan hər bir kəs öz şəxsi nümunəsi ilə hamıya həyat dərsi keçməli, ali insan fenomenini formalaşdırmalı, öz ömrü ilə neçə-neçə ömrə örnək olmalıdır.

Bəxtim onda gətirdi ki, sözün əsl mənasında, klassik səviyyədə elmi məktəb keçdim. Təhsil aldığım və sonra isə işə qəbul olunduğum Azərbaycan Dövlət Pedaqoji İnstitutu, o cümlədən, “Azərbaycan dilçiliyi” kafedrası filologiya sahəsinin, dilçilik elmimizin ağırlıq mərkəzlərindən biri idi. Kafedra müdiri, görkəmli alim, professor Əbdüləzəl Dəmirçizadə kimi nəhəng bir elm adamı ilə birgə çalışmaq mənim elmi bioqrafiyamda ən şərəfli bir səhifə acib desəm yanılmaram. Mən bu müdrik zəka sahibinin yanında həqiqi bir elm məktəbi keçdim. Onun mənə verdiyi gərəkli tövsiyələr gələcək elmi-pedaqoji inkişafımda əsaslı rol oynadı.

O, əsl dəmirçi oğlu idi. Taleyində nəslinin dəmirçi möhkəmliyi şəxsiyyətinin intellektual ucalığı ilə qovuşmuş, bütöv bir vəhdət yaratmışdı. Bədii təxəyyül zənginliyi, elmi təfəkkür qüdrətilə sonsuz zəhmətdən, fədakar, yaradıcı şərəfli əməkdən yaranmışdı Dəmirçizadə dünyası.

Bu görkəmli alim ana dilinin, Azərbaycan türkcəsinin ürək döyüntülərini, qan yaddaşını həssaslıqla duyurdu. O, dilin keçib gəldiyi tarixin təkamül yollarının ayağı dəmir çarıqlı, əli dəmir əsalı müdrik yolçusu olmaq bacarığına malik idi. Sanki tale onu dilimizin bəxtinə seçib göndərmişdi. O, Mahmud Kaşğari, Mirzə Kazım bəy, Bəkir Çobanzadə və digər elm korifeylərinin mənəvi varisi, ən sədaqətli, olduqca fədakar davamçılarından idi. Mən bu xatirəni yaza-yaza unudulmaz müəllimimin təbəssüm dəryasını xatırladan xırda gözlərini, sehrli bir Ay işığı kimi sayrışan ağ-gümüşü saçlarını, geniş, nurlu alnını, asta-asta yerişini, hətta bütöv obrazını tamamlayan mil-mil araqçınını xatırlayıram; onun özünəməxsus dilçilik məktəbi yaradan müdrik bir alim ömrü, işıqlı mütəfəkkir obrazı gözlərim önündə canlanır. Bu cür alimlər heç vaxt unudulmur, həmişə xatirələrdə yaşayır.

Onun elmi fəaliyyətində, yüksəlişində təsadüflər yox, zərurətlər, intellekt və istedadın, zəhmət və fədakarlığın bütöv vəhdətinə əsaslanan özünəməxsus təkamül yolu mühüm rol oynamışdı. Mühazirələrində dəfələrlə fəxrlə xatırladığı kimi, Bəkir Çobanzadədən, Əbdürrəhim bəy Haqverdiyevdən, Yusif Vəzir Çəmənzəminlidən, Abdulla Şaiqdən dərs almış, onların tələbəsi olmuşdu. Səməd Vurğun, Süleyman Rüstəm, Əbulhəsən, Sabit Rəhman, Həmid Araslı, Cəfər Xəndan, Salam Qədirzadə və başqa görkəmli elm və sənət adamları ilə sinif, məktəb yoldaşı olmuşdu. Fitrən çox böyük istedad sahibi olan Ə.Dəmirçizadə məhz belə bir mühitdə qüdrətli alim kimi yetişmiş, güclü imkanlarını praktik fəaliyyətində reallaşdıra bilmişdi. Mən bu mətləb üzərində bir qədər geniş dayanıram.

Çünki uzun illər mərhələli şəkildə keçdiyim elmi-pedaqoji fəaliyyətimdən belə qənaətə gəlmişəm ki, fitri təməl və anadangəlmə potensial imkanlar insanın inkişafında əsas rol oynayır. Ə.Dəmirçizadənin sehrli, heç kimə də bənzəməyən bənzərsiz dünyası bunu təsdiq edən uğurlu nümunələrdəndir. E.Struve, İ.Meşşaninov, A.Kononov, N.Dmitriyev kimi onlarla məşhur dilçi alimin elmi təfəkkürünü yüksək qiymətləndirdiyi, təsdiq və səmimi etiraf etdiyi Ə. Dəmirçizadənin uğurları bu günün özündə də bizim üçün elmi araşdırmalarda əsas istinad nöqtələrindən biridir.

Tələbə olanda professor Ə.Dəmirçizadə bizə “Tarixi qrammatika” və “Azərbaycan ədəbi dilinin tarixi” ndən mühazirələr oxuyurdu. Biz tələbələr ona tarix yaşlı, tarix yaddaşlı əlçatmaz bir varlıq, Azərbaycan dilçilik elminin canlı klassiki, əfsanəvi ustadı kimi baxırdıq. O, qeyri-adi elmi-nəzəri fikirləri, analitik məntiqi, ciddi elmi təfəkkür tərzi ilə bizi valeh edir, bir anlığa ovsunlayır, heyrətləndirir, daxilən ucaldırdı. Professor Əbdüləzəl Dəmirçizadə hələ tələbəlik illərimizdə, yəni öz sağlığında qəlbimizdə heykəlləşmişdi. Öz rəftarı, geyimi, danışıq tərzi, münasibəti, ciddiliyi, elmi fədakarlığı, prinsipial, dəyişməz elmi mövqeyi ilə ölməz professor obrazı yaratmışdı. O zaman da elə indinin özündə də Azərbaycan dilçilik mühitində “professor” deyəndə hamı bilirdi ki, söhbət Əbdüləzəl Dəmirçizadədən gedir. Söhbət elə bir mahir alim-pedaqoqdan, elmi bir fikir nəhəngindən gedir ki, o, bütün yaradıcılığını, mənalı ömrünü, misilsiz alim taleyini Azərbaycan dilçiliyinin inkişafına, tərəqqisinə həsr etmişdir.İkinci kursda professor Ə.Dəmirçizadənin auditoriyaya ilk gəlişini səbrsizliklə gözləyir, az qala mifik obraza çevrilən böyük alimlə tanış olmağa tələsirdik. Bütün tələbələr kimi mən də barmaqla sayılacaq qədər az olan dilçilik nəhənglərindən birinin, çağdaş dilçiliyimizin ən canlı klassikinin bizə dərs deyəcəyinin qeyri-adi vahiməsi içində idim.

Budur, başında mil-mil araqçın, bəmbəyaz çöhrəsindən müdriklik yağan, məsumluq tökülən əfsanəvi professor auditoriyaya daxil olur və biz onun salamını alaraq alim nəhəngliyinin xofu qarşısında əyləşib heyrət dolu nəzərlərlə ona baxırıq. Bəstəboylu professor beləcə gənclərə dilçilik elminin və müəllimliyin ilk sirlərini aram-aram öyrətməyə başlayır, üzümüzə qəfildən sirlər dünyasının qapılarını açır, bizləri içəri – müqəddəs elm aləminə dəvət edir.

Qədim yazılı daş abidələrin sirlərini aça-aça türkün nəhəng tarixini vərəqləyən professorun bu yolda çəkdiklərini, təqib olunduğunu, təzyiqlərə məruz qaldığını eşitdikcə, keçib gəldiyi əzablı yollarla tanış olduqca ona rəğbətimiz daha da artır, onun canlı tarix olduğunu yəqin edirik.

O vaxt, XX əsrin 30-cu illərində amansız repressiya tufanlarından başı ağrıyan, bəlalar çəkən professoru sorğu-suala tutur, ondan bizim üçün son dərəcə maraqlı olan cavablar alırdıq. Görünür, fəal sorğu-sual müəlliflərindən biri kimi professorun nəzər-diqqətini cəlb etmişdim və bəzən də onun mənə verdiyi suallar, güman etmək olar ki, gələcək fikirlərini dəqiqləşdirmək üçün idi. Bu gümanım sonralar özünü doğrultdu.

Dəmirçizadənin dil tarixi sahəsində apardığı elmi tədqiqatlar onun mühazirələrinin də mənbəyini təşkil edirdi. Bizə məlum idi ki, bir vaxtlar onun axtarışları daha çox “Kitabi-Dədə Qorqud” dastanları ilə bağlı olmuşdu. Sovet ideologiyasına zidd olan belə tədqiqatlara görə bir vaxt Ə.Dəmirçizadəni qınaq hədəfinə çəkmişdilər, onu türkçülüyü geniş təbliğ etməkdə təqsirləndirmişdilır.

Bizə məlum idi ki, 30-cu illərin dəhşət doğuran qanlı repressiyaları ədəbiyyatımızdan, dilçilik elmimizdən də yan keçməmişdir. Hüseyn Cavid, Mikayıl Müşfiq, Əhməd Cavad, Almas İldırım, Salman Mümtaz, Yusif Vəzir Çəmənzəminli, Bəkir Çobanzadə, Məmmədkazım Ələkbərli və digər böyük sənət və elm adamlarına tutulan divanın acı, ağrılı dalğaları milli-mənəvi yaddaşımızın ürəyini göynədirdi, Dədə Qorqud ruhunun sinə dağına çevrilirdi. Despot Stalin güruhunun “Dədə Qorqud” eposuna qarşı heç bir fakta söykənməyən hücumları, bu dastanları xalqlar arasında düşmənçilik yaymaqda ittiham etməsi, «yuxarıların» tapşırığı ilə Bakıda çağrılan “Azərbaycan ziyalılarının respublika müşavirəsi”nin də bu misilsiz abidəni ləkələyib tariximizdən silib atmağa cəhd göstərməsi, Heydər Hüseynov, Əbdüləzəl Dəmirçizadə, Məmməd Arif, Həmid Araslı kimi ciddi alimlərin təqib və təhqir olunması… bütün bunlar xalqımızın etnogenez, qlottogenez problemlərinin elmi həllinə can atanlara, bu yolda “Kitabi-Dədə Qorqud” dil faktına əsas tarixi, etnolinqvistik baza kimi söykənənlərə kütləvi repressiv təzyiqlər idi.

Onları məcbur etmişdilər ki, qələmə aldıqları elmi əsərlərini təcili geri götürsünlər, “buraxdıqları səhvlərini” etiraf etsinlər. Bunlarla yanaşı, “Kitabi-Dədə Qorqud” dastanları xalqa zidd, yabançı, yeni nəslə mənfi təsir göstərən zərərli bir əsər kimi orta və ali məktəblərin tədris proqramlarından çıxarılmışdı.

Doğrudur, 1956-cı ildə avtoritar rejimin baş rəhbəri Stalinin şəxsiyyətə pərəstiş dövrü qurultay səviyyəsində ciddi tənqid ediləndən və repressiya xofu tədricən aradan qalxandan sonra ədalət bərpa olundu, təqib olunan və repressiyaya məruz qalan bir çox insanlar bəraət qazandı. Yalnız bundan sonra, Ə.Dəmirçizadənin “Kitabi-Dədə Qorqud” dastanlarının dili” adlı monoqrafiyası çap olundu.

Bax, elə bütün bunlara görə, həmişə mil-mil araqçınlı, təmkinli professor Ə.Dəmirçizadənin ahəstə intonasiya ilə dediyi mühazirələr məndə maraq doğururdu. Onun çox sakit tərzdə, məntiqli, elmi faktlarla zəngin olan mühazirələri istər-istəməz məni dilçilik sahəsinə doğru meylləndirirdi. Hər dəfə onun mühazirələrini dinlədikcə hər bir dilçilik problemi elə bil bədahətən beynimə həkk olunurdu. Bu mühazirələrə o qədər valeh olurdum və diqqət kəsilirdim ki, bir də onda ayılırdım artıq zəng bayıra vurulub. Bir tələbə istəyi ilə arzu edirdim ki, kaş institutu bitirəndən sonra mən də bu dilçilik elminin dərinliklərinə nüfuz edə biləydim.

Professorun qədim yazılı abidələrin dili ilə bağlı mənə referat yazmağı tapşıranda sevincimin həddi-hüdudu yox idi. Mən böyük bir inamın sevincini yaşaya-yaşaya onu doğrulda biləcəyimin nigarançılığını da yaşayırdım. Çox illər keçəndən sonra indi düşünürəm ki, professorun həmin işlə bağlı mənə olan etimadı və refereratıma verdiyi müsbət rəy etibarı gələcək dilçi taleyimin uğurlu xeyir-duası oldu. Əbdüləzəl Dəmirçizadədən aldığım ilk mənəvi dəstək sonrakı illərdə mənim dilçilik elmi sahəsində qazandığım uğurlara yaşıl işıq yandırdı.

Sonralar professorun isti münasibətini gördükcə, onun qayğısını hiss etdikcə, monoqrafik tədqiqat səviyyəli elmi mühazirələrinə qulaq asdıqca artıq məndə “Dəmirçizadənin fənninə” – ədəbi dil sahəsinə meyl, maraq güclənir, nəzərimdə qəribə problemlərin konturları cızılırdı. Bu problemlər isə bir müddət sonra mənim tədqiqat mövzularıma çevriləcəkdi.
Mən “Nizami Gəncəvi» təqaüdünə təqdim olunanda Elmi Şurada professorun haqqımdakı müsbət çıxışı mənə qol-qanad verdi, elmi, yaradıcı gücümü yenidən səfərbər etdi, əsas məqsədə istiqamətləndirdi.Professor Əbdüləzəl Dəmirçizadə həqiqətən böyük alim idi, amma vəzifə adamı deyildi. Elm onun həyatının bir parçası idi. Bildiyimə görə, cəmi bircə dəfə dekan vəzifəsində işləyib, amma onu da yarımçıq qoyub gedib.

Professor Paşa Əfəndiyev “63 il institut divarları arasında” adlı avtobioqrafik oçerkində yazır: “Əzəl müəllim danışırdı ki, bir gün evə zəng etdilər ki, səni rektor çağırır. Rektor da Cəfər Xəndan idi. Getdim, kabinetinə girən kimi Cəfər dedi ki, bilirsən səni nə üçün çağırmışam? Yataqxanada sizin fakültənizdən iki nəfər dalaşıb, təcili ora get, onları sakitləşdir.
Mən dönüb kabinetdən çıxanda Cəfər dedi ki, Əzəl, hara gedirsən, dedim indi qayıdıram. Rektorun qəbul otağına çıxıb, makinaçıdan bir vərəq ağ kağız alıb, ərizə yazıb kabinetə qayıtdım. Cəfər Xəndana təqdim etdim. O dedi ki, Əzəl, bu nədir, dedim: “Mən getdim!” Düz on gün evdən çıxmadım. Sonra gələndə eşitdim ki, fakültə partiya təşkilatının katibi Sədi Əfəndiyevi dekan qoyublar…”

Amma tale elə gətirdi ki, arzularım çin oldu. Demə, bu görkəmli alim, Azərbaycan dilçiliyinin banilərindən biri olan professor Ə.Dəmirçizadə mən hələ tələbə olarkən dilçilik elmi sahəsinə olan həvəsimi mahir pedaqoq həssaslığı ilə duymuş, elmi intuisiyama, araşdırıcılıq qabiliyyətimə bələd olmuş, hətta bu keyfiyyətlərə malik olduğumu hansısa bir mötəbər elmi yığıncaqların birində xüsusi olaraq qeyd etmişdi. Sonralar onu da aydınlaşdıra bildim ki, görkəmli alim-pedaqoq dilçiliyin ən az toxunulan ədəbi dil sahəsini geniş tədqiq etmək üçün layiqli elmi kadr axtarışında imiş. Bəxtim onda gətirmişdi ki, onun elə ilk rastına çıxan da mən olmuşam.

Professor Ə.Dəmirçizadə kimi tələbkar bir alimin inamını qazanmaq, ümidini doğrultmaq lazım idi. Kafedraya əmrimi alıb müəllim kimi gəldiyim günü – professor Ə.Dəmirçizadə ilə görüşümü və mənimlə ilk söhbətini heç vaxt yadımdan çıxara bilmirəm.
Professor soruşdu ki, hansı sahəni seçib, hansı dərsləri demək istəyirsən?Əvvəlcə tərəddüd etdim. Sonra isə çəkinə-çəkinə dilçiliyimizin hansı sahəsi məsləhət bilinsə, o sahədə çalışmaq və dərs demək istədiyimi bildirdim.

Professor çox asta-asta və özünəməxsus təmkinlə dedi ki, çox fənnləri yüksək səviyyyədə tədris edən müəllimlərimiz var. Sən dil tarixi ilə məşğul olmalı və bu sahədə dərs deyib, elmi araşdırmalar aparmalısan. Ona görə də sən bünövrədən – “Qədim türk yazılı abidələri”ndən dərs deməli, dil tarixini mükəmməl öyrənməlisən. Sənə I semestrdə dərs verməyəcəyəm. Amma maaşını alacaqsan. Bu müddətdə “Qədim türk yazılı abidələri”ni mükəmməl öyrənmək üçün ciddi hazırlaşmalı, mərkəzi şəhərlərdə, türkdilli respublikalarda, müxtəlif kitabxanalarda olmalı, mütəxəssislərlə görüşməli və abidələrin tapıldığı yerlərə gedib onlarla ətraflı tanış olmalısan. Öyrənmişəm, ailə vəziyyətiniz də buna imkan verir… Sənin ezamiyyət məsələlərini də özüm rektorla danışacağam.

Həqiqətən də həssas və xeyirxah insan olan prof. Ə.Dəmirçizadə ezamiyyət məsələlərini həll etdi və mən bir ay Moskva şəhərində, o zamankı Lenin adına kitabxanada, sonra Sankt-Peterburqda (Leninqradda), Qazaxıstanda, Qırğızıstanda – Baykal gölü ətrafında, Sibirdə - Yenisey çayı sahillərində, abidələrin tapıldığı yerlərdə oldum. Mütəxəssislərlə görüşüb, onların məsləhətlərini eşitdim, xeyli məsələləri özüm üçün aydınlaşdırdım.

Professor Ə.Dəmirçizadənin göstərişi ilə ayda bir dəfə kafedra iclaslarında hesabat verir, səfərlərim, görüşlərim və qeydlərim əsasında öyrəndiklərimi məruzə edir, professorun elmi məsləhətlərini dinləyir və yenə də fəaliyyətimi davam etdirirdim.

Heç yadımdan çıxmaz – prof.Ə.Dəmirçizadə çox çətinliklə mənə Şimali Monqolustana – Orxon çayı sahillərinə, abidələrin böyük bir hissəsinin tapıldığı məkana getmək üçün viza – icazə və elmi ezamiyyət aldırdı. Mən SSRİ dövründə - xaricə getmək çətin olduğu bir vaxtda Monqolustana elmi ezamiyyətə - Orxon vadilərinə getdim.Abidələrlə tanış oldum. Mütəxəssislərlə görüşüb, onların dəyərli məsləhətlərini dinlədim. Xeyli elmi material və ixtisasa uyğun kitablarla Bakıya qayıtdım.

Beləliklə, II semestrdən – fevral ayının 9-dan “Qədim türk yazılı abidələrinin dili”ndən dərs deməyə - seminar məşğələləri aparmağa başladım. Uzun müddət mən bu fənni tədris etdim və onu daha mükəmməl öyrəndim. Eyni zamanda Müasir Azərbaycan dilindən də məşğələlər aparırdım. Sonra professorun tapşırığı ilə tez-tez M.F.Axundov adına kitabxanaya gedir, Azərbaycan dilinin tarixinə dair mənbələri oxuyub öyrənir və çox səliqə ilə konspektləşdirib kafedraya gətirirdim. Professor yazdıqlarımı bir-bir vərəqləyir, bəzi suallar verir, mənim öz fikrimi də soruşurdu. Ardıcıl olaraq “Müasir Azərbaycan dili”, “Dialektologiya”, “Dilçiliyə giriş”, “Üslubiyyat” və s. dilçilik sahələrinə aid kitabları, məqalələri oxuyub, konspektləşdirib professora hesabat verirdim. Professorun fikri belə idi: “Mən dilçi yetişdirirəm. O təkcə bir sahəni deyil, bütün dilçilik sahələrini bilməlidir”. Biz də professor Ə.Dəmirçizadə kimi tələbkar bir alimin inamını qazanmaq, ümidlərini doğrultmaq üçün çox ciddi şəkildə çalışmalı idik. Bir müddətdən sonra professor mənə həm də “Azərbaycan ədəbi dili tarixi” fənnindən öz seminarlarını aparmaq üçün dərs verdi.Beləliklə, günlər, aylar, illər keçir, mən dərslərimi həvəslə deyir, öz üzərimdə ciddi hazırlaşır, kitabxanalarda saatlarla oturub yazıb-oxuyub, öyrənirdim.

Professor tez-tez dərslərimdə iştirak edir, arxada oturub diqqətlə müşahidə aparır, sonra kafedra iclaslarında təəssüratını bildirir, məsləhətlərini və göstərişlərini verirdi… Bir gün də apardığım seminar məşğələsini dinlədikdən sonra professorun: “Birləşmənin birində, mühazirəni də Nizamiyə yazın” tapşırığını verməsi, “Azərbaycan ədəbi dil tarixi” fənninin tədrisini mənimlə bölməsi Ə.Dəmirçizadənin mənim nəzərlərimdə yaranmış, böyük alim obrazını daha da yüksəkliklərə qaldırdı. Həmin obraz elə indi də öz yerindədir, on illər əvvəlki həmin ucalıqdadır.

Elmi rəhbərim oldu. Əlimdən tutub dilin tarixində gəzdirdi. Bu tarixin qaranlıqlarından tapılan “söz”ün üzərində işləməyi öyrətdi. Azərbaycan ədəbi dilinin tarixi kimi nisbətən az işlənən, ənənəvi problem, mübahisə, diskussiya bolluğu ilə seçilən bir sahədə tədqiqat aparmağı öyrətdi. Gərgin elmi polemikaları aparmağı bacardığım üçün müəllimim Ə.Dəmirçizadəyə borcluyam. Çünki, adətən, onun göstərdiyi yolla gedirdim, onun məsləhətləri daim əlimdən tuturdu.

Xüsusilə, elmi araşdırmalarımın ilk dövründə Ə.Dəmirçizadə qayğısı, onun müdrik məsləhətləri həmişə olurdu. İlk yazılarımın razılığını üzünün ifadəsində hiss edir, işləmək həvəsim birə min çoxalırdı. Ə.Dəmirçizadədə öz yetirmələrini elmi yaradıcılığa, elmi fədakarlığa, yorulmaz axtarışlara hazırlamaq, təlqin və təsdiq etmək qüdrəti vardı.
Bütün universitet, fakültə və kafedra üzvləri professora çox böyük hörmət və ehtiram göstərirdi. O, dekanlığa, kafedraya, yaxud da hər hansı bir otağa auditoriyaya daxil olanda hamı ayağa durar, onunla pərdəli davranar, danışar, münasibət və ehtiramlarını hörmətlə axıra qədər göstərərdilər.

Mən professorla eyni fənni “Azərbaycan ədəbi dili
tarixi”ni tədris etdiyimdən imtahanları da birgə aparır və onun imtahanlarında assistent olurdum.

Ə.Dəmirçizadənin özünəməxsus imtahangötürmə metodu var idi. O deyərdi ki, “Əgər tələbə mütəmadi mühazirələrdə, seminarlarda iştirak edibsə, deməli, onun dərsə aid müəyyən məlumat və anlayışı vardır. Artıq o ətraflı şəkildə öyrənə bilər”. Bəzən sualı da o özü danışar və “imtahanda da öyrənmək lazımdır” deyər və tələbəyə “kafi” yox “yaxşı” qiymət yazardı. Tələbənin “kafi” qiymət alıb təqaüddən kəsilməsini istəməzdi. Mənə də həmişə deyərdi ki, tələbəyə yüksək qiymət yazmaq lazımdır ki, həvəslənsin və ruhdan düşməyib daha yaxşı oxusun. İmtahandan işi olub tez gedən zaman tapşırırdı ki, tələbəyə aşağı qiymət “kafi” yazma.

Heç bir “qeyri-kafi” dən, kəsilməkdən söhbət gedə bilməzdi. Biz, prof. Ə.Dəmirçizadənin yetişdirmələri onun qeyd və göstərişlərini eşidər, bilik və təcrübəsindən, davranış mədəniyyətindən öyrənər və fəaliyyət göstərədik. Hörmətli professorumuz haqqında bir neçə məqalə yazsam da, yenə də xatirələrimi yada salmağı özümə borc bilirəm.
Azərbaycan Dövlət Radio və Televiziya Şirkətində işlədiyim zaman prof. Ə.Dəmirçizadənin qardaşı oğlu Cövdət Məmmədzadədən aşağıdakı məzmunda bir məktub aldım:

Müdrik insan, mütəfəkkir alim, çox hörmətli və əziz Nizami müəllim hər dəfə “Dəmirçizadə dünyası” adlı məqalənizi oxuyanda Sizin qələminizin qüdrəti, səmimiyyətiniz qarşısında baş əyirəm, həm valeh oluram, həm qəhərlənirəm. Mən, əlbəttə öz təəssüratımı sizin kimi zəngin deyə bilmirəm. Sadəcə olaraq Sizə həm böyük alim, həm jurnalist, həm də nəcib bir insan kimi təşəkkürümü bildirirəm. Ümid edirəm ki, Əbdüləzəl müəllim heç vaxt unudulmayacaq. Bir qəmli xəbəri də Sizə çatdırmağı özümə borc bildim. Dəmirçizadənin şair oğulluğu bu il aprelin 16-da vəfat etdi. Onu “Qurd ağzı” qəbirstanlığında doğma anasının yanında dəfn etdik. Onun bütün yaradıcılığı iki kitabda toplanıb ki, onları da bir yadigar kimi Sizə göndərirəm və arzu edirəm ki.100 illiyində “telekanallarda”yada düşməyən Dəmirçizadə Əbdüləzəl müəllim haqqında nə vaxtsa söhbət gedəndə, onun nəslinin zərrəsi olan şair Rövzət barəsində də obyektiv bir fikir söyləyəsiniz.


Böyük hörmətlə

Əzəl müəllimin qardaşı oğlu,
Rövzətin qardaşı Cövdət Məmmədzadə.Tel:494-80-32 Ünvan: S.Vurğun küç. Ev 116, blok 4, mənzil 25.

Oxudum, çox mütəəssir oldum və məktubda yazılanları çox yüksək səviyyədə yerinə yetirdim.Bir çox hallarda işdən çıxan zaman professoru evinə qədər yola salar, onunla söhbət edər və bir çox məsələləri özüm üçün aydınlaşdırardım.

Mənə çox səmimi münasibət bəsləyərdi. Evlərinə çatan zaman təkidlə yuxarıya, ikinci mərtəbəyə dəvət edər, həyat yoldaşı Lətafət xanım çox səliqə ilə çay süfrəsi açar, birlikdə söhbət edər və mən dissertasiya işimlə bağlı yazdıqlarımı, qeydlərimi oxuyar, məsləhətlər alardım. Sonra geniş və zəngin kitabxanası ilə tanış olardım.

Professor oradan hansı kitabları oxumaq lazım olduğunu göstərər və aparıb diqqətlə oxumağı məsləhət bilərdi. Qeyd edim ki, indi həmin kitabxana professor Ə.Dəmirçizadənin ailəsi - həyat yoldaşı Lətafət xanım tərəfindən Azərbaycan Dövlət Pedaqoji Universitetinin əsaslı kitabxanasınabağışlanmışdır. Kitablar ayrıca fondda qorunub saxlanılır və istifadə olunur.

Hər il yay aylarında, məzuniyyət vaxtı professor həyat yoldaşı Lətafət xanımla birgə gəmi ilə Volqaboyuna səyahətə - istirahətə getməyi xoşlayardılar. Mən hər dəfə onları yola salır və bir ay keçdikdən sonra qarşılayardım. Onlar gözəl istirahət etdikləri üçün çox məmnun olur, razılıq bildirir, səyahətləri haqqında maraqlı və şirin söhbətlər edirdilər.

...Dəmirçizadə adı mənə bir də ona görə əzizdir ki, digərlərinə nisbətən mənim ömür yolumda onun müəllim, alim, yol göstərən ustad kimi daha çox payı var. Onun professorluğundan, qayğıkeş, tələbkar müəllimliyindən mənim tələbəliyimdən başlanan doğmalıq və bu öyrənməyə can atan doğmalığın hərarəti ilə başlanan həyatımı bu gün Dəmirçizadə taleyinin – “Ədəbi dil tarixçisi” ömrünün davamı hesab edirəm.

Məni ən çox sevindirən, qəlbimi qürur hissi ilə dolduran odur ki, ötüb keçən bütün bu illər ərzində həmin ömrü – unudulmaz ustadımın elm yolunu və onun yaratdığı, uzun müddət rəhbərlik etdiyi “Azərbaycan dilçiliyi” kafedrasının müdiri vəzifəsini indi mən davam etdirirəm.

1979-cu ildə professor bu dünyanı tərk edib, haqq dünyasına, əbədiyyətə qovuşdu. Türkologiya elmi və ədəbi ictimaiyyət nəhəng bir söz ustadını, fikir sahibini itirdi. Lakin onun dedikləri, yazdıqları dilçiliyin həmişə güvənc yeri olacaq. Ə.Dəmirçizadəyə və onun dünyasına həmişə müraciət olunacaq, ondan kömək istəniləcək, bu nurlu ziya çox qaranlıqlara işıq salacaq. Onun son dərəcə sanballı, müstəsna əhəmiyyətli elmi-nəzəri irsi dilçiliyimizin məhək daşlarından sayıla bilər.

…Şəkidə orta məktəbdə fəaliyyət göstərən zaman dilin tədrisi ilə bağlı üzləşdiyi problemlərin aradan qaldırılması yollarını düşünən Əbdüləzəl müəllimin mətbuatda ilk çıxışları elmə yeni nəfəsin gəldiyindən xəbər verirdi. Yaxşı ki, dünyada yaxşılar var. Bu yaxşılardan biri də görkəmli türkoloq Bəkir Çobanzədə olmuşdur. Tələbəlik illərində Ə.Dəmirçizadənin iti elmi fəhmini, duyumunu hiss etməsi, aspiranturaya gətirərək zəmanəmizin gələcək ən güclü dilçi alimlərindən birini yetişdirməsi ibrətamiz hadisə, nəsillərə örnək olan faktdır.

Meydanın genişliyi, tədqiqatçının hüdudsuz marağı və manevrləri, yorulmaz və inadkar iş üsulu, orijinal düşüncə tərzi və nəhayət, ümumiləşdirmələrinin inandırıcılığı və elmiliyi dilçilik aləmində çox da böyük olmayan zaman kəsiyində uğurlarla nəticələndi. Professor öz imzasına son dərəcə hörmətlə yanaşır, gərgin əməyi, elmi qüdrəti ilə yüksək zirvələr fəth edirdi. Onun qazandığı hörmət, ucaldığı ehtiram zirvələrinə həsədlə, qısqanclıqla baxanlar da vardı. Amma o əzəmətli, halal elm zirvələrinin sahibinə sonsuz sevgi, hörmət və ehtiram göstərənlər daha çox idi.
Ə.Dəmirçizadə dialektologiyadan başqa, demək olar ki, dilçiliyin bütün sahələrində nüfuzlu elmi tədqiqat işləri aparmış, sanballı, seçilən nəticələrə nail olmuşdur.

Bu baxımdan etimologiya sahəsindəki axtarışlarını, dilçiliyimizin ümumi mənzərəsində diqqəti cəlb edən tapıntılarını xüsusi olaraq qeyd etmək istərdim. “Azərbaycan”, “Midiya”, “Alban”, “Xəzər”, “Ağvan”, “Muğam”, “Qafqaz”, “Kaspi” və başqa tarixi tutumlu sözləri etimoloji tədqiqata cəlb edən alim əslində bu vacib sahədə açar rolu oynayacaq bütöv bir sistem yaratmışdı. Onun müxtəlif məqalələri, eləcə də “50 söz” adlı fundamental fikirlər kitabı Azərbaycan etimologiyasında özünəməxsus yer tutur. Qədim türk, yunan, ərəb, fars, erməni müasir Avropa və Asiya mənbələrinin tarixçi etnoqraflarının əsərlərinə dərindən bələd olan, heç vaxt kəskin elmi-nəzəri polemikadan çəkinməyən Ə.Dəmirçizadə XX əsr milli dilçiliyimizin etnoqrafiyası, etnolinqvistikası sahəsində ilk söz deyənlərdən, ilkin yol açanlardan biri olmuşdur. O, bütün elmi fəaliyyətində novator, yenilikçi idi.

Ə.Dəmirçizadənin yaradıcılığında aparıcı sahə dil tarixi olmuşdur. Alimin dil tarixi ilə bağlı araşdırmaları indi bütövlükdə bu sahənin söykəndiyi ən etibarlı, ən zəngin güvənc yeridir. Çünki o, dilə, onun tarixi təkamül, inkişaf yollarına canlı bir orqanizm kimi yanaşır, xalqımızın milli-mənəvi yaddaş saxlancı olan dilimizə müqəddəs məbəd kimi baxır, onu bütün qəlbi, qanı ilə duyur, dərk edir, qiymətləndirir, son dərəcə həssaslıqla, əsl övlad məhəbbəti, alim-vətəndaş qeyrəti ilə tədqiqata cəlb edir, daim həqiqətin və yalnız həqiqətin qulluğunda baş əyirdi.Professorun dil tarixi sahəsindəki araşdırmalarına nəzər saldıqca onun bu problemlərə nə qədər həssas, nə qədər ehtiyatlı, məsuliyyətlə yanaşdığının şahidi oluruq.

Ə.Dəmirçizadə mürəkkəb dil tarixi məsələlərinin həlli üçün gah ayrı-ayrı dövrlərdə yaranmış ədəbi əsərlərin dilini araşdırır, gaha çox mühüm nəticələr əldə etmək üçün əvəzsiz materiallar verən etimoloji tədqiqatlar aparır, gah da fonetika və qrammatika tarixinin öyrənilməsi işini davam etdirir. Bütün bunlar bütöv vəhdət, fundamental elmi-nəzəri sistem yaradaraq dilçiliyimizdə hadisə kimi səslənən “Azərbaycan ədəbi dili tarixi xülasələri” (1938), “Azərbaycan ədəbi dilinin inkişaf yolları” (1958), “Kitabi-Dədə Qorqud dastanlarını dili” (1958), “Azərbaycan dilinin tarixi qrammatikası” (1967), “50 söz” (1968) kimi monoqrafik əsərlərə çevrilirdi. Bu əsərlərdə dilimizin tarixi haqqında ilk, daha inandırıcı məlumatlar, tutarlı dəlillər və təhlillər, təqdim olunan nəticələr əslində on illər boyu bir çox mübahisələrin, şübhə və gümanların, məqsədli siyasi manevrlərin qarşısını alırdı və təbii ki, bütün bunlar professora heç də həmişə sevinc və rahatlıq gətirmirdi. Dilimizin tarixini türk dilləri tarixinin içində axtarıb tapdığına görə 1947-ci ildə “Azərbaycan dilinin tarixi” (I hissə) əsərinin siqnal nüsxələri nəşr olunan kimi siyasi əqidəsinə görə yığışdırıldı, kütləvi çapı dayandırıldı. Əlbəttə, bu fikirlər sonra yaranan əsərlərə səpələndi və hörmətlə qarşılandı.

Ədəbi dil tarixinin araşdırılmasının 30-50-ci illərini professor Ə.Dəmirçizadə mərhələsi adlandırsaq, səhv etmərik. Yəni bu dövrün ən ağır problemi şübhəsiz ki, “Kitabi-Dədə Qorqud” un sistemli araşdırlmasıdır ki, bu da Ə.Dəmirçizadənin adı ilə bağlıdır. Sonralar ədəbi dil tarixi sahəsində apardığım araşdırmalar zamanı hiss edirdim ki, Ə.Dəmirçizadə möhtəşəm bir alimdir. Tədqiqatçılıq ənənəsinin olmaması, məxəzlərin, istinad ediləcək dilçilik mənbələrinin azlığından, qoyulan məsələlərin son dərəcə ağırlığından nə qədər əziyyət çəkdiyini, həmişə elmi münaqişələrin mərkəzində olduğunu, mübahisələrdə bərkidiyini, öz qürurunu, nüfuzunu qoruduğunu gördükcə müəllimimin böyüklüyü ilə öyünür, fəxr edirdim.

İndi bu ürək sözlərimi yaza-yaza düşünürəm ki, Ə.Dəmirçizadə xalqimiza, dilçiliyimizə nəyin və nə üçün lazim olduğunu bilən, bu yolda Bütün fədakarlıqlara daiim hazır olan bir alim-vətəndaş idi. O, sözün tam mənasında Azərbaycan alimi idi.

Ümumiyyətlə, çoxları kimi mən də tam səmimiyyətlə etiraf edirəm ki, “Ə.Dəmirçizadə təkcə bugünkü onlarca məşhur dilçünas alimlərimiz deyil, Qorqudşünas ədəbiyyatçı alimlərimizin də böyük bir nəslinin ustadıdır” (Şamil Cəmçidov. “Ustadı xatırlayarkən”. “Azərbaycan” qəzeti, 30 iyul 1994-cü il).Ə.Dəmirçizadənin Müasir Azərbaycan dili problemləri ilə bağlı araşdırmaları da çox qiymətlidir. Onun “Müasir Azərbaycan dili. Cümlə üzvləri” (1947), “Müasir Azərbaycan dilinin fonetikası” (1960), “Azərbaycan dili orfoepiyasının əsasları” (1969), “Müasir Azərbaycan dili” (I hissə) (1972) əsərlərində dilçiliyin bir sıra mühüm problemləri öz həllini tapmışdır. Cümlə üzvləri haqqındakı orijinal fikirləri, sifətin əsaslı elmi təhlil və strukturu, mürəkkəb cümlə, sadə cümlə və onun intonasiyaya görə növləri, fonetika, orfoqrafiya və orfoepiya ilə bağlı dəqiq mülahizələri və qənaətləri dilçilik elmimizdə öz dəyərli qiymətini almışdır.

Üslubiyyat məsələlərinin tədqiqi Ə.Dəmirçizadəni 30-cu illərdən, yəni tədqiqatçılığa bşladığı ilk illərdən düşündürmüşdü. M.Ə.Sabir kimi böyük bir satirikin dil normalarından istifadəsi, onun satira texnikası kimi məsələlərin həlli ilə başlanan üslubi araşdırmaları 1962-ci ildə “Azərbaycan dilinin üslubiyyatı” əsərində kompleks həllini tapmışdır ki, bu əsərin nəşri bütövlükdə türkologiyada hadisə idi.

Professor Ə.Dəmirçizadə əsl metodist müəllim idi. Sırf tədqiqat əsərləri ilə yanaşı metodika sahəsindəki tədqiqləri onun fəaliyyətinin böyük bir hissəsini təşkil edir. Ə.Dəmirçizadənin Azərbaycan dilinin tədrisi metodikasına aid araşdırmaları həm orta məktəb dərslik və proramlarını, həm qrammatikanın tədrisini, həm də tədrisin tarixini, həm də müəllimlərə kömək xarakterli yazıları əhatə edir.

Xüsusi olaraq qeyd olunmuşdur ki, 1946-47-ci illərdə yazdığı “Ana dili təlim fənlərinin əsasıdır” adlı üç böyük məqaləsində Ə.Dəmirçizadə ana dili tədrisinin inkişaf yolunu arxiv sənədləri ilə bizə təqdim edir və gəldiyi bu nəticəni aşılayırdı ki, ana dili hər şeyi dərk etmək üçün şagirdin dərrakəsini cilalandırır, müsəlləh edir. Çünki ana dilini öyrənməklə şagird, eyni zamanda dillə ifadə olunan fikirləri, məfhumları da öyrənmiş olur. Bununla o, hər şeyi dərk etməyə hazırlaşmış olur. Bütün digər fənlərin mövzusu rüşeym halında ana dilində mövcuddur.

Ümummilli liderimiz Heydər Əliyevin on illər boyu uğurla apardığı ana dili – dövlət dili siyasətinin nəticəsi idi ki, “Müasir Azərbaycan dili” əsəri də böyük diqqət sahibi, uzaqgörən dövlət başçısının imzası ilə 1972-ci ildə “Dövlət mükafatı” na layiq görülmüşdür. Bu, dilçiliyimizə, eləcə də digər alimlərlə yanaşı Ə.Dəmirçizadə əməyinə rəhbərin verdiyi böyük qiymət idi.

Azərbaycan dili zəngin yaradıcılıq imkanlarına malikdir. Bütün ruhu ilə yaradıcı olan Əbdüləzəl müəllimin bədii duyumu, jurnalistliyi, xüsusilə ömür yolunun ilk dövrlərində, daha çox gənclik illərində yazdığı bədii əsərlərinin elmi fəaliyyəti ilə tən gəlməsi də böyük maraq doğurur. Maraq doğuran məsələlərə bədii münasibətini əks etdirən özünəməxsus şeir və hekayələri, “Dədə Qorqud” liberettosu və “Qaraca Çoban” pyesi Ə.Dəmirçizadənin bədii sözün imkanlarından istifadə bacarığının bariz nümunələridir.

Bütün bunlar Azərbaycan Respublikası Milli Elmlər Akademiyasının mübir üzvü, filologiya elmləri doktoru, Dövlət mükafatı laureatı, professor Ə.Dəmirçizadənin əlavə portret cizgiləridir. Bu portretin əsas cizgiləri fundamental elmi əsərlər müəllifi olan böyük dilçi alimin parlaq obrazını canlandırır, əbədiləşdirir.

Ə.Dəmirçizadə Azərbaycan dilinin və dilçilik elminin təəssübünü çəkən, on illər boyu onun keşiyində şərəflə dayanan, sanballı elmi əsərləri ilə dilçilik elmimizə başucalığı gətirən, özünəməxsus məktəb yaradan fədakar alim idi. Dilimizi, xüsusilə ədəbi dil tariximizin təkamül yollarını, inkişaf pillərini bütün ruhu, qanı ilə duyur, onun ümumtürk miqyasında yerini, rolunu cəsarətlə qiymətləndirir, müdafiə edirdi. O, təbiətən, fitrən dilçi-alim idi. Bədii təxəyyüllə elmi qeyri-adi qovuşuğunda, sintetik vəhdətində reallaşan Ə.Dəmirçizadə dünyası heç vaxt elmi mübahisələrdən, gərgin polemikalardan çəkinmədi, həmişə inandığı, güvəndiyi həqiqəti müdafiə və təsdiq etdi. Biz tələbələri, yetirmələri onu elm məbədinin sahibi-ixtiyarı, əfsanəvi idrak mücəmməsi kimi tanıyır və sevirdik. Ondan elmin, xüsusilə dil tarixinin, etimolologiyanın, etnolinqvistikanın ən çətin suallarına ən sadə cavablar almaq olurdu.

Ensiklopedik biliyi, sehrli idrak qabiliyyəti, heyrətamiz intellektual səviyyəsi ilə gözümüz önündə heykəlləşən bu böyük alimin bircə dəfə sual önündə təntidiyini, donub qaldığını görmədik. O, mürəkkəb problemlərlə zəngin olan ədəbi dil tariximizin keçilməz yollarına yaşıl işıq yandırır, qırxıncı qapılarını aşırdı. Yaddaşımızda beləcə əbədiyyətə dönüb, mifik bir qəhrəmana çevrilib Əbdüləzəl Dəmirçizadə. Bu gün də köməyimizə çatır, əlimizdən tutur, bizə gedilməz yolların mənzil başını, açılmaz qapıların o üzünü nişan verir Dəmirçizadə dünyası.
Azərbaycan Dövlət Pedaqoji Universiteti 100

Nizami Xudiyev
filologiya üzrə elmlər doktoru, professor
Əməkdar elm xadimi

Analoq.az
скачать dle 10.6фильмы бесплатно



RƏYLƏR

Bakı Hava Proqnozu