ƏSAS SƏHİFƏ Yazarlar "BƏKİR ÇOBANZADƏ VƏ AZƏRBAYCAN DÖVLƏT PEDAQOJİ UNİVERSİTETİ"-Azərbaycan Dövlət Pedaqoji Universiteti 100

"BƏKİR ÇOBANZADƏ VƏ AZƏRBAYCAN DÖVLƏT PEDAQOJİ UNİVERSİTETİ"-Azərbaycan Dövlət Pedaqoji Universiteti 100

Azərbaycan Dövlət Pedaqoji Universiteti 100 illik yubileyi ərəfəsindədir. Bu yubiley ərəfəsində Azərbaycan Dövlət Pedaqoji Universitetinin tarixindəki bəzi məqamları qələmə almağı vacib bilirik. Tariximizi unutmamaq gələcək nəslə də bir örnəkdir. Odur ki, filologiya elmləri doktoru, professor Buludxan Xəlilovun rəhbərliyi, tərtibatı və təqdimatı əsasında Azərbaycan Dövlət Pedaqoji Universitetinin Azərbaycan dilçiliyi kafedrasının professoru, filologiya üzrə elmlər doktoru Nəbi Əsgərovun məqaləsini təqdim edirik. Beləliklə, bəzi məqamlara səyahət edək.

BƏKİR ÇOBANZADƏ VƏ
AZƏRBAYCAN DÖVLƏT PEDAQOJİ UNİVERSİTETİ


Bəkir Çobanzadə yaradıcılığını, dünyagörüşünü, siyasi fəaliyyətini dərindən dərk etmək üçün onun kəşməkeşli həyatının səhifələrini vərəqləmək xüsusi önəm daşıyır. Mənbələrdə qeyd olunur ki, o, 15 may 1893-cü ildə Krımın Tavrida vilayətinin Simferepol (Ağməscid) qəzasının Qarasubazar bölgəsi yaxınlığındakı kiçik Arqun kəndində anadan olmuşdur. Ailəsi haqqında o, “Bakiniskiy raboçiy” qəzetində yazdığı məqaləsində “əsil-nəsilcə mən çoban oğluyam və 15 yaşıma qədər özüm də çoban olmuşam” qeydini etmişdir. Onun atasını Vahab çağırırdılar. Lakin bəzən ona Qurd Vahab, Əbdülvahab da deyərdilər. İlk bioqrafik məlumata görə, anasının adı Zahidə olub. Ancaq Bəkirin bacısı xatırlayır ki, onun anasını Vadə-şərfə çağırırlarmış. Qardaşından 11 yaş kiçik olan bacısı Zalxa (Züleyxa) isə 1904-cü ildə doğulmuşdur.


Bəkir Çobanzadənin müxtəlif adları və ləqəbləri olduğu haqqında məlumatlar var. Onu yaxından tanıyan Şövqü Bektorə yazırdı ki, əvvəllər onu xəlifə Əbu-Bəkrin şərəfinə Əbu-Bəkr adlandırıblar. Daha sonra o, Rüştiyyədə oxuyanda adına Sidqi təxəllüsü əlavə olunub. Özünün ilk ədəbi və elmi məqalələrini o, Çobanzadə Bəkir, Çobanoğlu Bəkir Bavbək, Krımlı Çobanoğlu və Bəkir Sidqi imzası ilə yazmışdı. Bəkir Sidqi adı onun 1916-cı ildə Budapeşt Universitetinə qəbulu haqqında sənəddə və 1919-cu ildə öz əli ilə rektora yazdığı ərizədə də göstərilmişdir. Onun Krıma döndüyü pasport 23 iyun 1920-ci ildə “cənab doctor Sidqi Bəkir”in adına verilmişdir. İ.Otarin məlumatına görə, artıq 1916-1919-cu illərdə o, yazdığı şeirlərə Bəkir Sidqi Çobanzadə imzası qoyurmuş.

Çobanzadə ilk təhsilini 1904-1908-ci illərdə Qarasubazar rüşdiyyəsində aldığını yazmışdı. Özünün keçmişindən o, belə yazır: “8 yaşımda ibtidai sinfə getmişəm, üç ildən sonra, daha döğrusu 1904-cü ildə yeni üslublu gimnaziya tərkibində olan “Rüşdiyyə”yə qəbul olundum və 1908-ci ildə onu bitirdim”. F.D.Aşinin Çobanzadə haqqında yazdığı məşhur məqaləsində qeyd edir ki, “…bir il ərzində onu “43 sayli şagird” adlandırmışlar”. Lakin bu 43 saylı şagird öz fitri istedadı ilə Rüşdiyyədə böyük hörmət və soyad qazanır – Çobanzadə.
1909-cu ildə Müsəlman Xeyriyyə Cəmiyyətinin köməyi ilə İstanbula gedən Bəkir Sidqi Türk litseyinə qəbul olunur.

1914-cü ildə litseyi, paralel olaraq İstanbul Universitetinin nəzdində olan 3 illik ərəb və fransız dillərini öyrədən ali kursu bitirir və ona məktəblərdə, litseylərdə bu dilləri tədris etmək hüququ verilir. 1914-cü ilin yayında təhsilini bitirib Krıma gələn Bəkir az keçmir ki, rus dilini mükəmməl öyrənmək üçün Odessaya gedir. 1914-cü ilin payızında isə yenidən İstanbula qayıdır. 1914-cü ilin payızından 1915-ci ilin payızına qədər İstanbul Universitetində azad dinləyici olan Çobanzadə, professor Mesaroşla və Macarıstanın baş konsulu ilə münasibət yarada bilir. 1915-ci ilin dekabrında Qalatasaray litseyindən müvafiq sənədlərini götürən Bəkir təhsil almaq üçün Macarıstana gedir. O, 12 oktyabr 1916-ci ildə Macarıstan Universitetinin tarix-filologiya fakültəsinə qəbul olunur. Türkoloq Dyul Nemetin və ərəb dili üzrə mütəxəssis olan İqnaç Qoldçierin rəhbərliyi altında türk, ərəb və macar filologiyasını öyrənir. O dövrdə Budapeşt Universitetində çox görkəmli şərqşünas alimlər çalışırdılar.

1919-cu ilin aprelində doktorluq imtahanı verən və 15 mayda dissertasiyasını müdafiə edən Çobanzadə fəlsəfə doktoru adını alır. Heç bir yerdən gəliri olmayan Çobanzadə maddi durumu düzəltmək məqsədilə 1919-1920-ci illərdə Budapeştdəki Şərq Akademiyasında türk dili müəllimi işləyib. 1920-ci il martın sonlarında isə o, Budapeşti həmişəlik tərk edib İsveçrəyə gedir. Oradan İtaliyaya, İtaliyadan isə İstanbula gələn Çobanzadə 17 iyul 1920-ci ildə artıq İstanbulda idi.

Krıma döndükdən sonra Çobanzadə siyasi fəaliyyət göstərməyə başladı və özü də qeyd etdiyi kimi, “Budapeştdə kommunist olan Çobanzadə Krımda millətçi oldu”. Çobanzadə 1917-ci ilin iyulunda yaradılan və qarşısına Krım-tatar milli demokratik respublikasını yaratmaq kimi məqsəd qoyan Milli Firqə-Xalq partiyasının sədri olmuşdur. Krımda yaşadığı müddətdə Çobanzadə var gücü ilə xalqının müstəqilliyi, savadlı gələcəyi uğrunda çalışmışdı. Krım Universitetinin yaradılmasında onun da əməyi az olmamışdır. 1920-ci ildə o, Simferopoldakı Tavri Universitetindən təklif alır və dilçilik kafedrasının dosenti olur. 1924-cü ildə Krım Universitetinin rektoru seçilir.

1922-ci il avqustun 11-də V.İ.Lenin Azərbaycan MK-nın sədri S.İ.Ağamalıoğlunu və onu müşayət edən A.S.Enukidzeni qəbul edir. Görüşün səbəbi Azərbaycanda yeni əlifbaya keçmək idi. Ərəb əlifbasından Latın qrafikasına keçirilməsinin N.Nərimanov da tərəfdarı idi. 20 oktyabr 1923-cü ildə Latın qrafikasına keçmək barədə dekret imzalandı.

Azərbaycanda yeni əlifba islahatını gerçəkləşdirə biləcək, türk dillərini gözəl bilən, milli ruhlu bir insan lazım idi. S.Ağamalıoğlu Türk dövlətlərinə səfərlərindən birində belə bir insanla rastlaşdı. Bu alman, türk, macar, fransız, ərəb, fars, rus, özbək, qazax, türkmən dillərini bilən Bəkir Çobanzadə idi. Ağamalıoğlu Çobanzadəni Bakıya dəvət edir. Artıq Krımdakı yersiz təzyiqlərdən bezmiş olan Çobanzadə bu təklifi qəbul edərək Azərbaycana gəlir.
1925-ci ilin yazından ömrünün son günlərinə kimi – 13 oktyabr 1937-ci ilə kimi Çobanzadə Bakıda yaşamışdır. Bu 12 il Çobanzadənin elmi fəaliyyətinin ən məhsuldar dövrü olub. Çobanzadə Azərbaycanda yeni əlifba komitəsinin sədri, Yeni Türk əlifbası Ümumittifaq Mərkəzi Komitəsinin rəhbəri təyin edilmişdir.

Orta Asiyada, Tatarıstanda, Başqırdıstan və Krımda latın əlifbasına keçidlə əlaqədar iş aparan Çobanzadə, eyni zamanda Tavrid, Bakı, Daşkənd, Fərqanə və Buxara ali məktəblərində türkologiyanın ayrı-ayrı problemlərinə dair mühazirələr oxumuşdur (1920-1936). Bu illərdə Britaniya və Ərdəbil nüsxələri əsasında Xətai “Divanı”nın müqayisəli mətnini hazırlamışdır.

I Ümumittifaq Türkologiya qurultayının təşkilində fəal çalışmışdır (1926). Türk xalqlarının yeni əlifbaya keçməsində fəal mübarizə aparmış, Moskvada təlimatçı kurslarında mühazirələr oxumuşdur (1928). Çobanzadə Azərbaycan Baş Elmi İdarəsində terminologiya komitəsinə rəhbərlik etmiş, eyni zamanda Azərbaycan Dövlət Universitetinin Şərqşünaslıq fakültəsində kafedra müdiri, dekan vəzifəsində çalışmışdır (1924-1929). Moskvada Şərq xalqları İnstitutunun həqiqi üzvü seçilmişdir (1928). Azərbaycan Dövlət Elmi-Tədqiqat İnstitutunun aspirantura şöbəsinin müdiri işləmişdir (1929). SSRİ EA Zaqafqaziya filialı Azərbaycan şöbəsinin (1932), SSRİ EA Azərbaycan filialının (1935) həqiqi üzvü seçilən Çobanzadə Paris Dilçilik Cəmiyyətinin üzvü olmuşdur. (Kamalova Şahnaz. Bəkir Çobanzadə. Bizim yazı. WWW. bizim yazı. az.).

Bəkir Çobanzadənin Azərbaycan Dövlət Pedaqoji İnstitunda (indiki Azərbaycan Dövlət Pedaqoji Universiteti) işlədiyi dövr diqqətdən çox yayınmışdır. Azərbaycan Dövlət Universiteti az bir müddətdə fəaliyyətini dayandırmış və həmin dövrdə Çobanzadə öz elmi, pedaqoji fəaliyyətini indiki Azərbaycan Dövlət Pedaqoji Universitetində davam etdirmişdir. A. Babayev arxiv sənədlərinə istinad edərək yazır: “26-I-1937-ci il tarixdə AXDİK DTİ 4-cü şöbəsinin 4-cü bölməsinin rəis müavini təhlükəsizlik leytenantı Şer B. Çobanzadə haqqında belə bir arayış tərtib edir. B.Çobanzadə - 1893-cü il təvəllüdlü, simferapollu, krım-tatarı, SSRİ vətandaşı, bitərəf, dilçi, APİ və ADU-da dil və ədəbiyyat kafedrasının rəhbəri, SSRİ EA Azərbaycan filialının baş elmi işçisi B.Çobanzadə görkəmli pantürkist xadim, “milli firqə”nin keçmiş katibi, Krım qurultayının üzvü olub. 1924-cü ildən Bakıda yaşayır. Fasiləsiz əksinqilabi fəaliyyətlə məşğuldur” (Babayev A. Bəkir Çobanzadənin zindan həyatı).

Tələbəlik illərində yadda qalan, sevimli, humanist müəllimlərimiz çox olub. Onlardan biri də mənə “XIX əsr Azərbaycan ədəbiyyatı” fənnindən dərs deyən Kövsər xanım Tarverdiyeva olmuşdur. 1977-ci ildə ikinci kursda oxuyarkən mən bu xanım-xatın qadını, ananı, nə deyim, dilimizin lüğət tərkibində qadınla bağlı müsbət motivli nə qədər söz, ifadə varsa, hamısını bu xanıma ünvanlamaq olar – auditoriyamızda gördüm. Bu günə kimi onun çöhrəsi, həm daxili, həm xarici görkəmi, kubarlığı, aristokratlığı yadımdan çıxmayıb.

Təəssüflər olsun ki, belə bir insanı qoruya bilmədik... Niyə Kövsər xanımı yad etdim? Azərbaycan Dövlət Pedaqoji İnstitunda oxuyarkən görkəmli filoloq, dilçi alim Bəkir Çobanzadə mənim müəllimimin müəllimi olub. O, müəllimini, yəni Bəkir Çobanzadəni “yüksək zövq və təfəkkür sahibi” adlandırıb. Kövsər xanım xatirəsində yazır ki, Bəkir Çobanzadə zahirən, o da ilk baxışda qürurlu, təkəbbürlü adama bənzəyirdi. Lakin azca tanışlıqdan sonra onun sözün əsl mənasında, mehriban, sadə, təvazökar, işıqlı bir şəxs olmasına qəlbən inanırdın.

Qarşında 19 dildə sərbəst danışan, hərtərəfli inkişaf etmiş, zəngin ensiklopedik biliyə, daxili nəcibliyə, nitq, rəftar, ünsiyyət, davranış mədəniyyətinə malik, öz ləyaqətinə hörmət qazandıran bir insanın dayandığını aşkar edirdin. Onun əsl ziyalıya məxsus geyim mədəniyyəti, şəxsi səliqəsi də adamı heyran edirdi. Saç düzümündən tutmuş, adəti üzrə həmişə geydiyi lak ayaqqabılarına qədər böyük zövq sahibi olduğunu göstərirdi. Çox sevdiyi üç rəngdə - qara, tünd göy və payız aylarında kül rəngində qüsursuz tikilmiş, dəbdə olan kostyumları ilə hamının diqqətini cəlb edirdi.
Kövsər xanım xatirələrində yazır ki, professor Çobanzadə məzmununa uyğun çox dürüst, məsuliyyət hissi olan müəllim idi. Təhsil aldığımız Azərbaycan Dövlət Pedaqoji İnstitunda (ADPU) illər ərzində bircə dəfə də olsun onun dərsə gecikdiyini, dərsə gəlmədiyini görmədik. O, zəng vurulan kimi auditoriyaya gəlir, müəllimlər üçün müəyyən edilmiş stulda ayaqlarını təmkinlə bir-birinin üzərinə aşıraraq, şax əyləşərdi. Çəkdiyi “Kazbek” papiros qutusunu da dərhal çıxarıb önündəki masa üzərinə qoyar, qapağını açardı. Onun içərisində adəti üzrə əl boyda kağız üzərində tezisləri olardı. Əlində kiçik qovluğundan başqa kitab, ya konspekt görməzdik.

Kövsər xanım yazır: “Professor əyləşən kimi də bir papiros yandırıb mühazirəsinə başlardı. Mühazirələrini o qədər səlis dildə, yığcam, məzmunlu, maraqlı və canlı misallarla əsaslandırırdı ki, birinci 45 dəqiqəlik dərs və onun beş dəqiqəlik tənəffüsünün necə gəlib keçdiyini duymazdıq. İkinci 45 dəqiqə başlanardı. Biz tələbələr az qala nəfəs almadan gözümüzü onun ağzından çəkməzdik. Bəzən mühazirələri yazmağı belə unudardıq, çünki qeyd aparmadan da yadımızda saxlardıq. Hərdən ona elə aludə olurduq ki, o biri fənnin müəllimini qapıda dayanıb qulaq asdığını hiss etmirdik.

Belə məqamlarda professor dərhal yerindən qalxar, adət etdiyi səliqə və təmizkarlığa əməl edərək çəkdiyi papiros kötüklərini, əgər masaya kül tökülübsə, onu da tələsik ovcu içərisinə yığıb, həmkarlarından dönə-dönə üzr istəyə-istəyə auditoriyadan çıxardı. Professorun mövzuya uyğun çəkdiyi dərin məzmunlu, bir-birindən maraqlı misallar, mövzunu təqdim etmək məharəti nadir hal idi. Bu uzun illər onun yolunu davam etdirən tələbələri üçün örnək oldu”.

Kövsər xanım xatirələrində yazır ki, biz oxuduğumuz illərdə tələbələr üçün institumuzda xalq və Qərb, müəllimlər üçün isə Qərb rəqsləri dərnəkləri açılmışdı. Uzun illər keçməyinə baxmayaraq, indi də bunu böyük maraq və heyrətlə yad edirəm. Professor böyük məmuniyyətlə bu dərnəyə gələr, müəllimə həmkarları ilə, yuxarı kurs qızları ilə həvəslə rəqs edərdi. Onun sadəliyi dillər əzbəri olmuşdu. Elə tələbə yığıncağı, bayram şənlikləri, görüşləri olmurdu ki, orada iştirak etməsin. O, çox sevdiyi “Qaytağı” rəqsini məharətlə oynayıb bizi valeh edərdi. Stulun ayağından bir əli ilə yapışıb yuxarı qaldırar, çevik və ritmik hərəkət edərdi. Hamı ilə birlikdə sevinər, şənlənərdi. Bunun bir səbəbi də var idi. Təəssüf ki, belə gözəl insanın övladı yox idi. Buna görə də, o bütün mehrini, məhəbbətini öz tələbələrinə, gənclərə verirdi.

Yenə də Kövsər xanımın xatirələrindən bir məqam: “Dövlət imtahanlarımız başlandı. Dövlət imtahan komissiyasının sədri Bəkir Çobanzadə idi. Birinci imtahanımız müvəffəqiyyətlə başa çatdı. İkinci fənnin imtahanına qədər isə müəllim kollektivmizin, ümumiyyətlə, bütün xalqımızın başına ağır, kədərli fəlakət gəldi. Acı bədbəxtlik üz verdi. Ziyalılarımızın, görkəmli elm xadimlərimizin, eləcə də başda Çobanzadə olmaqla bizim Dövlət imtahan komissiyasının üzvlərinin bir hissəsi repressiya qurbanı oldular, həbs edildilər.
Bizə yenidən Dövlət imtahan komissiyası təyin olundu və imtahanlarımız kədərlə başa çatdı. Çox yüksək səviyyəli, güclü alimləri olan institumuz kadr cəhətdən xeyli seyrəkləşdi. Hətta bizim buraxılışımızdan az-çox diribaş məzunları müəllim təyin etdilər. 23 yaşlı mən də ədəbiyyat fakültəsinə dekan təyin olundum”.

(Tarverdiyeva K. Xatirələrim. Bakı, 2004. s. 12-16).
B.Çobanzadənin elmi yaradıcılığı haqqında tədqiqatçılarımızın xeyli araşdırmaları mövcuddur. Ona görə də bu yazıda onun dilçilk görüşləri haqqında nə isə yazmağı lazım bilmədim. Onun aspirantları olmuş Ə.Dəmirçizadə, M.Şirəliyev, M.Hüseyinzadə və Z.Tağızadə sonradan Azərbaycan dilçilik elminin sütunları oldular.

Analoq.az
скачать dle 10.6фильмы бесплатно



RƏYLƏR

Bakı Hava Proqnozu