Könül Eldarqızının şeirləri



Səfərova Könül Eldar qızı 1982ci ildə avqust ayının 17-də Beyləqan şəhərində anadan olmuşdur. 2001-ci ildə orta məktəbi bitirdikdən sonra Ağdam Dövlət Sosial İqtisadi Kollecinə daxil olmuş, eyni zamanda Mərkəziləşdirilmiş Kitabxana Sistemində çalışmışdır. Hələ orta məktəb illərindən Ədəbiyyata marağı olan Konul Eldarqızı elə məktəb illərindən də lirik şerlər yazmağa başlamış və bədii yaradıcılığını davam etdirmişdir. Beyləqan rayonunda “Araz” ədəbi birliyinin üzvü olaraq o, 2014-cü ildə nəşr olunmuş eyni adlı almanaxda şerləri ilə çıxış etmişdir. Rayon tədbirlərində yaxından və fəal iştirak etmiş, şerləri bir sıra “Mədəniyyət”, “Azadlıq və zaman” “Vətən ugrunda”, “Quruluş”, “Əks Səda”, “Ekspress”, “Novator” qəzetləri və “Mədəni Maarif” jurnalinda dərc olunmuşdur. 2010-cu ildə “Könülün könül səsi” adlı ilk şerlər kitabı işıq üzü görmüşdür


Ocağından küsmüşəm, külündən incimişəm

Ruhumun dincliyini bir baxışla alanım,
Səni mənə gətirmir, yolundan incimişəm.
Qədəminə iz olum, su tək axım, calanım,
Kuləklərlə öpüşən telindən incimişəm.
 

Gecə, gündüz çağırır, səni dilim, demişdin,
Dünyamsan, söyləmişdin, obam-elim demişdin,
Neçə gülün içindən, mənə gülüm demişdin,
Yad çiçəkdən yapışan əlindən incimişəm.
 

Unut dedim könlümə, ürək qınadı məni,
Qırdı qol qanadımı, qəlbin inadı mənim,
Elə yandırdı -yaxdı sevdanın odu məni,
Ocağından küsmüşəm, külündən incimişəm

************** 
 

Ay mənim gizli sevdam!!!

Eşqimin ünvanı sən,
Gülümsən, çəmən-çəmən,
Dönmərəm ölüncə mən,
Ay mənim gizli sevdam!

Açılan səhərimsən,
Sevincim, qəhərimsən,
Məhəbbət zəfərimsən,
Ay mənim gizli sevdam!

Eşqin-həvəsin ollam,
Odlu nəfəsin ollam,
Harayın səsin ollam,
Ay mənim gizli sevdam!

Sinəndə saz olum kaş,
Dilində söz olum kaş,
Odunda köz olum kaş,
Ay mənim gizli sevdam!

Ay şirinim, ay acım,
Başımda sevgi tacım,
Ay dərdim, ay əlacım,
Ay mənim gizli sevdam.

************** 
 
Sizdən bizim evəcən...

Sizdən bizim evəcən təzə cığır düşəydi...
Izimiz cığırda görüşüb öpüşəydi.
Aydınca səhərlərə cıxaydıq
biz səninlə,
Düşüb ömrün arxına axaydıq 
biz səninlə.
Sizdən bizim evəcən təzə cığır düşəydi...
Ilmələrə dönəydik,
yanaşı toxunaydıq.
Həzincə bir nəğməyə,
lap bircəcə misraya dönüb
biz oxunaydıq.
Sizdən bizim evəcən təzə cığır düşəydi...
Elə yozulaydı ki, gördüyümüz yuxular
çevrilib çin olaydı.
Xəyallar gerçək olub, həsrət düşəydi bizdən
min ağac gen olaydı.
Qəfil arzu-diləklər gerçəyə çevriləydi,
Yerlə yeksan olaydı, lap dünya dağılaydı,
lap dünya devriləydi.
Təki bircə sən gülüm, 
tək sən mənim olaydın.
Bəxtimə yazılaydın,
Ömrümə yazılaydın,
ömrüm-günüm olaydın.
Sizdən bizim evəcən təzə cığır düşəydi...
Təki qoşa düşəydik biz oyunda zər kimi
Birimiz acı olub, birimiz şirin olub,
elə qoşa olaydıq gülüşlə qəhər kimi.
Ya səma, ya da bulud,
yada ki, quş olaydıq.
Biz bu ömür yolunda iki yoldaş olaydıq.
Sizdən bizim evəcən təzə cığır düşəydi...
Ömrümüz bir-birinə qaynayıb qarışaydı.
Vüsala yetişəydik...
Göydə ulduzlarımız ömürlük barışaydı.
 
************** 

Mən vətənəm...

Mən bu yurdun sabahına açılan
bir sabaham,
bir sabahın gözüyəm.
Mən bu yurdun başı üstə od saçan
bir günəşəm, od oğluyam,
mən atəşin özüyəm.
Mən yağışam, 
mən buludam,
mən qaram,
Mən ürəyəm, hər sinədə mən varam.
Mən çiçəyəm, 
mən torpağam, mən daşam, 
Ağlayana, sevinənə yoldaşam.
Mən arzuyam, 
mən ümidəm, 
nəğməyəm.
Yaxına da, yadlara da, doğmayam.
Mən həm acı, həm də ki,
bal kimyəm.
Bəzən coşar,
bəzən də lal kimiyəm.
Mən qol-qanad,
görən gözəm.
Kövrək qəlbə şirin sözəm.
Durmuş göləm, axar suyam,
mən ulduzam,
mən səmayam,
nurlu ayam.
Mən dünyayam, kainatam,
ona tənəm.
Bu dünyada hər nə varsa, bax o mənəm.
MƏN VƏTƏNƏM.
 
**************

Qürbət mənim niskilimi bölərmi!!!

Vətən sənin hər qarışın qızıldı,
Səni gordüm dərdim-qəmim azaldı,
Ürəyimə gldi bahar, yaz oldu,
Sən olmasan mənim üzüm gülərmi?


Ayağına dəysə bir daş, mən ölüm,
Gözlərindən axarsa yaş, mən ölüm,
Gəzim səni qarış-qarış, mən ölüm,
Yadlar sənin qiymətini bilərmi?

Cənnət sənsən bu dünyanı ha gəzsəm,
Quş tək uçub asimanı ha gəzsəm,
Könlüm gülməz bu cahanı ha gəzsəm,
Qürbət mənim niskilimi bölərmi?


************** 
 
Torpağım

Yağıların əlində tapdalandı, talandı,
Ürəyində ömürlük sönməz ocaq qalandı
Şəhidlərin qanıyla hər addımı sulandı.
Ürəyindən qapqara qanlar axan torpağım,
Çiçəkləri, gülləri həsrət qoxan torpağım.

 
Viran oldu elləri namərdlərin əlində,
Həsrətli nəğmələri, ağıları dilində.
Intizarı dən oldu saçlarının telində,
Ürəyindən qapqara qanlar axan torpağım,
Çiçəkləri, gülləri həsrət qoxan torpağım.


Ayrılıqdan qəlbinə atəş düşdü, köz düşdü,
Ürəyinə həsrətdən vətən adlı iz düşdü.
Qismətinə ağlayan, leysan tökən göz düşdü,
Ürəyindən qapqara qanlar axan torpağım,
Çiçəkləri, gülləri həsrət qoxan torpağım.скачать dle 10.6фильмы бесплатно


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi