Əmiraslan xan Qasımlı-Avşar - təşkilatdan təşrifata qədər



Əmiraslan xan Avşar 21 noyabr 1922-ci ildə Marağa şəhərində anadan olmuşdu. [Aqili B. Şərhi-hali-ricali-siyasiyivə nizamiyi-müasiri-İran, Tehran, "Göftar", 1380, cilide 1, s.150]. Atası Canməhəmməd xan Əmir Məsud Məhəmmədhəsən xan oğlu, anası isə Əmirbanu xanım Tələtülmülk idi. Canməhəmməd xan Rza şah Pəhləvinin hökmüranlığı illərində orduda sərhəng (polkovnik) rütbəsində xidmət etmişdi. Adı Mahmud xan Poladenin törətdiyi qəsd işinə qarışmış, tutulub, zindana salınmışdır. Sonra günahsızlığı bilinmişdi.

Bir çox qaynaqda Əmiraslan xan Avşar elinin İmanlı oymağının Qasımlı tayfasına mənsub olduğu qeyd edilir. Hətta Fars vikipediyasında Qasımlı-Avşarlar kateqoriyası da əlavə edilib.

Əmiraslan xan Avşar ibtidai təhsilini Tehran şəhərində, Əlaüssultan mədrəsəsində, sonra Zərdüştlülər mədrəsəsində orta təhsil almışdır. Sonra təhsilini davam etdirmək üçün xaricə getmişdi. Əvvəlcə Almaniyada, Berlin şəhərində oxumuşdur. Daha sonra Avstriyada ali təhsil alandan sonra, doktorluğunu Vyanada müdafiə etmişdi. 1947-ci ildə İrana qayıtdı və bir müddət xarici işlər nazirliyində çalışdı. Sonra Haaqada İran səfirliyinin üçüncü katibi kimi xidmət etdi.

Əmiraslan xan Avşar sonra İrana döndü və 1949-cu ildə İranın xarici işlər vəziri və baş naziri olmuş Məhəmməd Saidin qızı Kamilla ilə evləndi. Məhəmməd Said də Marağalı idi. Bu evlilik ilə bir çox önəmli işlərə nail oldu. 1956-cı ildə, XIX Milli Məclisə seçkilər zamanı, Marağa şəhərindən nümayəndə oldu.

Milli Məclisin XX dövründə, yenə də Marağanın nümayəndəsi idi. [Əsami nümayəndəqani Məclisi Şurəviyi Milli əz ağazi məşrutiyyət ta dövreyi 24, Külliyyət, s.427]
Əmiraslan xan Avşar 1957-ci ildə Məhəmmədrza şah Pəhləvinin adyutantı olmuşdur.

Əmiraslan xan Avşar 1957-ci ildən 1961-ci ilə qədər Cənubi Azərbaycan valiliyində çalışmışdır.

Əmiraslan xan Avşar 1967-ci ildə İranın Avstriyadaki səfiri oldu. [Vəzarəti Umuri Xariciyyə, siyasətqozaran və ricali siyasiyi dər rəvabiti xariciyyi İran, nəşr yeri yoxdur, 1365, s.27] 1969-cu ilin oktyabr ayından, 1973-cü ilin mart ayına qədər İranın ABŞ-dakı səfəratxanəsinə başçılıq etdi. [Yenə orda] 1974-cü ildən başlayaraq 1978-ci ilədək İranın Almaniyadakı səfiri idi. [Yenə orda]

Əmiraslan xan Avşar 1978-ci ildə İrana qayıdıb və 1979-cu il İran inqilabına qədər sarayın mərasim-təşrifat başçısı (protokol rəisi) idi. [Təbatəbai Məhəmmədhəsən, Xatirati parakəndə ricali Pəhləvi, Tehran, "Abi", 1381, s.147]

Fərəh Pəhləvi yazır: "Nəhayət, bizimlə gəlmək istəyən bir neçə adamla birlikdə özümüzü təyyarənin içinə saldıq. Protokol şefi Əmir Aslan Əfşar, atası Əbülfət Atabəy, ərimdən qabaq sıra-sıra Əhməd Şaha və Rza Şaha xidmət eləyən Kambiz Atabəy, bizim şəxsi təhlükəsizliyimizi qoruyan Kiomərs Cahanbini və Yəzdan Nəvisiylə mühafizə zabitləri bunların arasındaydı". [Fərəh Pəhləvi, Xatirələr (memuar) Yıxılan rejimin və bitməyən eşqin hekayəti, Bakı, "Qanun", 2016, s.16]

Bir neçə gün düşünəndən sonra Rzaya mənim üçün qardaş, uşaqlarım üçün də əmi olan Prezident Sədatdan məsləhət almağı təklif elədim. Prezident İsgəndəriyyədəydi, birlikdə ora getdik. Bizi böyük diqqətlə dinlədi- dünyadakı dövlət başçılarında bu xüsusiyyət nadir tapılır - sonra dərhal çıxış yolu tapdı:

“Hökmdardan soruşun, – öyüd verdi prezident Sadat, – bu gün yanında kimləri görmək istərdi. Atasının adlarını söyləyəcəyi bu adamlar Rza üçün onun vəsiyyəti kimi olacaq: gün gələndə, onları yanına çağıra biləcək, səhhəti əl versəydi, atasının ona göstərəcəyi yolu həmin adamlar göstərəcəklər”.

Oğlum atasından bunu soruşanda, üç adamın adını deyib: protokol müdirliyindən əvvəl bir çox ölkələrdə İranın səfiri olan və sürgündə də bizi müşaiyət eləyən Əmir Aslan Avşar, şəxsi mətbuat katibi Nəsrullah Moinian, axırıncı da o vaxt Parisdə sürgündə olan general Əzimi. Bu şəxslərdən yalnız ikisi – ağayi Avşar və general Əzimi onlara bəslədiyi inama layiq olduqlarını göstərdilər". [Fərəh Pəhləvi, Xatirələr (memuar) Yıxılan rejimin və bitməyən eşqin hekayəti, Bakı, "Qanun", 2016, s.522]

Əmiraslan xan Avşar 1969-cu ildə "Avstriya Respublikasına xidmətə görə" şərəf nişanı ilə təltif olunmuşdur.
Ənvər Çingizoğlu
Analoq.z

скачать dle 10.6фильмы бесплатно


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi