Əsirlikdə 31 gün-Məhəmməd Nərimanoğlu yazır



... Gün günortadan keçmişdi. «Qumlu bulaq»dan naxırı suvarıb Bulana qaytaranda, o, maşın səsi eşitdi. Aradan beş-on dəqiqə keçməmiş «UAZ» onun başının üstünü aldı. Hidayət istədi ki, qaçsın, arxadan qışqırdılar:
- Alların qaldır, türk kopayoğlu! Yoxsa sanı bu saat gabardajam!

Dörd tərəfi əli silahlı erməniləri görüb, qədəmləri qırılsa da, maşina tərəf getdi. Ağkilsənin komanlarına çatanda 4-5 «UAZ»la onlara tərəf gələn erməni quldurlarının milis olduğunu güman etdi.

Başına dəyən rezin dəyənəklərin ağrısından huşunu itirdiyindən Basarkeçərin milis şöbəsinə necə gətirildiyini xatırlaya bilmirdi.

Dörd gün idi ki, işıqsız, mal-qara saxlanan tövlədə başından bağlı idi. Arada könüllərinə türk əsirinin boynuna zorla söz qoymaq üçün nəfəsi kəsilənə kimi döyməkdən həzz alan dığalar qapını açmasa kimsə bilməzdi ki, burda insan var.

Qapı açılanda isə kolxoz qoruğunu tapdalayan qara mal kimi onu o qədər döyürdülər ki, heyi kəsilirdi.

***
…O gün Göyçənin gədiyinə mal otarmağa gedənlərdən xəbər gətirdilər ki, Hidayəti ermənilər tutdu. Sərhəddə dayanan milislər rayon milis şöbəsinə xəbər verdilər ki, gecə heç yerlə əlaqə saxlamaq mümkün olmadı. Yaylaqda hamı bir-birinə dəymişdi.

Silahlanıb ermənilərin üstünə gedənləri hərbçilər yoldan qaytardılar. Çiçək arvadın bir gözü idi, min yaşı. Qızları Ziynət, Sünbül, Sevil fəryad qoparır, dağı-daşı yandırırdılar.

Bədəninin ağrımadığı yer yox idi. Köynəyinin qolunu cırıb bıçaqla kəsilmiş boğazını sarıdı ki, qan axmasın. Qaranlıq olduğundan tövlənin dizə kimi batdığından çıxıb oturmağa yer də axtara bilmədi.

Gecənin bir aləmi qapı açıldı. Əlindəki xəncər-bıçağı parıldada-parıldada ona tərəf gələn dığa hırıltı ilə dedi:
- ha, ba sanın adamların nıya galmadı?
- Mənim kimim var ki, gəlsin. Bir atam var, o da fəhlədi, pulu yoxdu.
- Kas kopayoğlu, kımın var? Guya Kalbajar başımıza od alıyır. O yaldakı asgarlar sızın dayıl?
- Onlar hərbçidirlər. Mən malotaranam. Sizə mən neyləmişəm ki?
- Ara, bızım dada-baba torpaxlarımızdanıya mal otarırdın?
- Axı bura Göyçənin torpağıdır?
- Vaa, Göyça torpağıdı. Ba hanı goyçalıların? Kalbajar da bızımdı. Qarabağ da.
- …
- De gorum, Andranıkın adını eşitmisan?
- Yox.
- Ba Soltan bayı, neca?
- Eşitmişəm.
- Na tahar eşıtmısan? Koçax olub, ha?
- Deyirlər ki, dəli-dolu kişi imiş.
- Sızınkıların hamısı da dalıdı, eli. Ataturkunuz bılırsan bıza neca dağ çakıb? Ha, bilarsan. Bax, bu saat mann da sanı Andranık kımi tayqulax eliyajam, eli.
Bıçaq bülöv daşına sürtüldüyündən par-par yanırdı. Saqqallı dığa bir-iki addım atıb dayandı:
- Mən insaflıyam, al, bıçağı, qulağını ozun kas.
Hidayət ürəyində sevindi. Fikirləşdi ki, elə yaxşı oldu. Əvvəlcə bu gavır köpəkoğlunun başını kəsərəm, sonra isə girovluq ömrümə son qoyaram.
Erməni yaraqlısı əlindəki siqareti Hidayətin alnına basıb söndürdü.
- Ara, sana yazığım galır. İstıyıram sana komak edim. De gorum sən hayes, yoxsa türkes?
- Twrkəm! Kəlbəcərdən olduğumu ki, yaxşı bilirsiz.
- Zarapat eliyırdım, eli. Ara, sani kimi qorxaxdan turk çıxar?
****
Yas yerindən çıxan arvadlar Çiçəyin dillə ağlamasından danışırdılar:
- Zalımın qızı neyləsin. Gözünün ağı-qarası bir oğul, o da yağı əlində.
- Allah belə zülmləri niyə görmür? Dilsiz-ağızsız bir tifili başıbəlalı elədi.
- Danışığa getmişdilər, bəs nooldu?
- Az bilmirsən ki, bizimkilər fəhlə Əhməddən Hidayət ağırlığında pul istiyiflər?
- Yazığın girov aparıldığını böyün düz otuz bir gündü.
- Allah eləməsin, ermənilər ona bir «nişana»-zad qoysalar, day gərək Kəlbəcər kişiləri başına papax qoymasın. Bu arvaddığımla necə gedif beş-on dığa gətirif qisas alardım!???
- Gedənlərdən bir səs-soraq çıxmadı. İsa müəllimlə Alməmməd bacıları Çiçəkdən çox fikir eliyir.
Kimsə yavaşca pıçıldadı ki, bəs, bayaq rayondan gələn var idi. Yalan-gerçək, deyirdi ki, ermənilər aparan oğlanı, deyəsən, buraxıblar, girov düşmüş yaraqlı erməni qulduruynan dəyişdiriflər.

***
Kənd camaatı axışırdı Əhmədgilə. Toy-bayram kimi hərə qoltuğunda bir bağlama ata-anaya gözaydınlığına tələsirdi.
Hidayəti Tovuzda erməni yaraqlısı ilə dəyişmişdilər. Xəbər əsirdən əvvəl özünü çatdırmışdı bu həyətə. Hər yan qırmızı geyinmişdi. Sevilin harayı dağ-daşa səs salmışdı:
Bacıyam, ağlar başım,
Yastığa axar yaşım.
Gözün aydın, ay ana,
Gəlir əsir qardaşım…
Çiçək arvadın nitqi tutuldu. Dizləri titrədi. Özünü saxlaya bilməyib, yerə oturdu.
Dağlar dağımdı mənim,
Qəm oylağımdı mənim.
Mənə oğlumu verin,
Yaman çağımdı mənim…

***
Baxışlarında gizlənmiş qorxu, hürkü çox şey deyirdi. Danışığındakı qəzəb və hiddət işgəncələrin sübutu idi. Elə bil ki, bu bir ayda o, bir əsirlik ömür sürmüşdü. Üz-gözündəki siqaret yanığının izləri, kürəyində çoxlarının görmədiyi rezin dəyənək yaraları hələ də sızıldayırdı. Başını aşağı dikib fikrə getmişdi. Söz soruşmağa ehtiyar edirdilər. Danışdıqca özünü ələ ala bilmir, dördgöz olaraq kimisə axtarırdı.
***
…O gecə Hidayət ata ocağında idi. Bir ay idi ki, gözlərinə yuxu getməmişdi. İlıq, həlim nəfəslər sanki ona yuxu gətirirdi.
…Əsir aparıldığından 22 gün keçirdi. Qaranlıq, dar zirzəmidəki dəmir barmaqlıqda ayaqüstə zorla dayanırdı. Hər dəfə yanına gəlib onu ölüncəyə qədər döyüb, yeddimərtəbə söyüşlərlə ürəyini boşaldan 45-50 yaşlı erməni qulduru onu yanına çağırdı:
- Çoxdandı ki, sana su vermırlar, al, bu arağı iç. O, əlindəki araq şüşəsini Hidayətə uzatdı. Hidayət başını qaldırmadı. Erməni butılkanın ağzını açıb arağı onun sifətinə çilədi.
- İç, sana deyıram, zırramanın biri.
- Ömrümdə içməmişəm. İçə bilmərəm. – Yaxşı içarsan. Özbaşına olsan içmazsan. Ha, de indı seç. Bir dayğa vaxtın var.
- İnsafınız olsun, axı mən…
- Ayı balası kimi donquldama, avara. İçmasan, ağzını ayırıf özüm tökajam qarnına.
Əlacsız qalıb araq şüşəsini başına qaldıran Hidayət səndirləyib yıxıldı. Erməni quldur duzu betonun üstünə səpərək qışqırdı:
- Çoxdandır duzsuzsan ha? Davay, doyuncax yala.
Huşu dağılmış Hidayət üzüqoylu döşəməyə sərilmişdi. Özü də bilmirdi ki, duzu niyə belə yalayır. Gecədən keçənə kimi beləcə yıxılı qaldı. Ayılanda qapının ağzından ona tərəf sürünən ilanı görüb qışqırmaq istədi. Qorxudan səsi çıxmadı. Deyəsən ilanın onunla işi yox idi. Qaranlıq olduğundanmı, ya nədənsə ilan damın içində o tərəf-bu tərəfə sürünüb çıxmağa, bu zülmətdən uzaqlaşmağa bir yer axtarırdı. Hidayətin qoxudan gözləri hədəqədən çıxmaq istəyirdi. Gözlərindən axan yaş damlalarını yaladı.
…Yuxudan dik atılıb qışqırdı:
- İlanı gördünüz?! Dolanmışdı ayaqlarıma.
Başına açılan min bir müsibətdlər onu yuxuda da rahat buraxmır, olub-keçənlərin təkrar ola biləcəyindən qorxurdu. İlan onu çalmamışdı: Allahın heyvanının günahsız bəndəyə rəhmi gəlsə də, düşmən onu ilan əvəzi çox çalmışdı…

Məhəmməd Nərimanoğlu

Analoq.az
скачать dle 10.6фильмы бесплатно


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi