“Bəlkə o günləri bir yad eləyək...”-Akif Cabbarlı yazır



İsti yay günlərinin birində jurnalist həmkarım və dostum Mübariz Süleymanlı ilə şəhəri əriş-arğac gəzib yorulmuş, acından da əldən düşmüşdük. İşlərimizi yoluna qoymuşduq, yalnız yüngülcə nahar edib ayrılmağımız qalmışdı. Mübariz təklif elədi ki, beş-on addımlıqdakı “Bistro” kafesinə baş çəkək, kəmərin altını bərkitmək üçün orada bir şey taparıq.

Səməd Vurğun bağının yaxınlığında, yolun lap kənarındakı kafedə tünlük idi. “Bistro”, yəni ki, bizim dildə ayaqüstü naharlamaq, qəlyanaltı məkanı mənasını verən kafedə özümüzə bir künc tapdıq. Mübariz piştaxtaya yaxınlaşıb kiçik boşqablarda bir neçə adda yemək nümunələri gətirib stolun üstünə düzdü. Aclığımızı təzəcə “öldürürdük” ki, içəri iki nəfər bazburutlu kişi girdi. İkisi də yayın istisində qapqara kostyumda, qalstukda, ağ köynəkdə, saçları da səliqə ilə daranmış, brialinli vəziyyətdə. İkisi də saatını son dəblə sağ biləyinə vurmuşdu, yanaqlarından qan damırdı, qıpqırmızı idilər. Sifətin qızartısı qan təzyiqinin qalxmasına, insanın hirsli-havalı olmasına, bir də ki, sərxoşluğuna dəlalət edir – deyə Mübariz bu sahədə daha məlumatlı olduğunu sübut etmək istədi. Mən də “bəlkə bura girdiklərindən utanırlar, ona görə qızarıblar” desəm də, dostum razılaşmadı.

Kişilərdən biri əlindəki qəzet bükülüsündən bir dəmir qatlama asılqan çıxardı, sonra pencəklərini çıxarıb asılqana keçirdilər. elə bil əlləri ilə qoymuşdular, yan divarda güclə görünən paslanmış mıxı əlləri ilə yoxladılar, sonra da asılqanı mıxa keçirdilər. Əlbəttə, kafedə paltar, papaq qoymaq üçün heç bir şərait yox idi, adamları da qınamaq olmazdı, daha pencəklərini yemək stollarının üstünə sərməyəcəkdilər ki...

Buracan dediklərimə inandığınıza mən özüm də tam inanıram. Sonrasını deyim. Bu iki nəfərdən biri yüz qramı içəri atan kimi yanıma gəldi. Rus dilində məni salamlayıb, əlini çiynimə şappıldatdı:

-Tı menya uznal, brat? – dedi.

-Yox, tanımadım, - dedim.

-“26-lar” rayonunda komsomolda işləyirdim. Yadındadır, komsomol biletini itirdiyinə görə sənə töhmət vermək istəyirdilər, mən girdim qanının arasına. O vaxt qonaqlıq boyun olmuşdun, sonra rastlaşmadıq. Arabir səni tədbirlərdə görürdüm, amma bu məsələni xatırlatmağa ürək eləmirdim. Sən elə yerdə işləyirdin ki, fikirləşirdim xatası çıxar. Düzünü de, o vaxt biletini tapdın, yoxsa yox?..

-Tapdım, tapdım, narahat olmayın, - dedim.

On illər əvvəlin xoşagəlməz əhvalatını bütün təfərrüatı ilə xatırladım. Rus qarışığı olan bu kişi o vaxt cavan, yaraşıqlı bir komsomol işçisi kimi şəhərdə adla tanınırdı. İclaslarda alovlu nitqləri, konsertlərdə, festivallarda xüsusi fəallığı ilə seçilirdi. Həmişə qara kostyum geyinər, qırmızı qalstuk taxardı. Əlində də daim qırmızı rəngli bloknot olardı. Qızılı sağanaqlı eynəyi bu oğlana xüsusi yaraşıq verər, ətrafdakıların diqqətini dərhal çəkərdi. O illər çox uzaqda qalmışdı və həmin yaraşıqlı oğlan indi bazburutlu, amma yenə də cəlbedici görkəmiylə qarşımda dayanmışdı. Doğrusu, onun lütfkarlığını xatırlayıb xeyli kövrəldim və deyəsən hələ bir doluxsundum da...

-Hə, lap yaxşı, sən də salamatsan, mən də - köhnə tanışım dilləndi. Bir halda ki, sən də belə yerlərə ayaq açmısan, açıq danışmaq olar. Bratişka, bəlkə ortaya bir pollitr qoyub keçmiş günləri əməlli-başlı yada salaq, hə? Axı sən də yaxşı oğlansan...

Bu təklifə razılaşmamaq qətiyyən mümkün deyildi.modern.az

Analoq.az

скачать dle 10.6фильмы бесплатно


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi