Görən bu 50 yaş nə gətirib ki...



Görən bu 50 yaş nə gətirib ki...
Doğmalar sevinir, dostlar sevinir

...Əlimə qələm alandan çalışmışam ki, Tanrı vergisi olan istedadlıları xalqa təqdim edim. Bu da mənim boynuma biçilən müqəddəs bir borcdur sanki. Doğrudur, Kəlbəcərin həm mühasirə, həm də işğalı zamanı o zirvələr səltənətinin yağı-düşməndən qorunması yolunda özünü fəda edən şəhidlərimizin müqəddəs ruhları naminə gecə-gündüz ağı yazdım, elegiya qələmə aldım. Sanki elə bütün bunları mən eləməli idim, hansı ki, ilk yazılarım istedadlılarla bağlı olmuşdu.

...Kəlbəcər başdan-başa istedadlılar diyarı kimi də tanınmışdı. Demək olardı ki, mədəni həyatında baş verən hadisələr ümumxalq əhəmiyyətli idi.

Məsələn, Kəlbəcərdə elə folklor nümunələri nəsil-nəsil qorunub-saxlanmışdı ki, respublikamızın digər bölgələrində unudulmuşdu, yadaddan çıxarılmışdı.

Meydan tamaşalarının əsasını təşkil edən “Maraloyunu” və “Kilimarası” da belə folklor yadigarlarından idi ki, ancaq Kəlbəcərdə yaşadılırdı.

Kəlbəcərdə istedadlı uşaqların və yeniyetmələrin üzə çıxarılmasında da xüsusi bir proqram-layihə var idi. Ən ucqar dağ kəndlərindən olan istedadlılar axtarılır, seçilir və onların qabiliyyəti mədəni-kütləvi tədbirlərdə nümayiş etdirilirdi...

...Son illər bu ənənə respublika miqyasında genişləndirildi. Bilmirəm ki, Kəlbəcərdəın perik düşmüş kəlbəcərlilərin istedadlı uşaq və gənclərinin arasından da onlar seçilirmi? Respublikanın Əməkdar artisti Babək Niftalıyev, Əməkdar mədəniyyət işçisi Ədalət Dəlidağlı, eləcə də bir qrup gənclərdən ibarət aşıqlar ansamblı da beləcə üzə çıxarılmış və xalqa təqdim edilmişdi.

“Bala Zeynəb”...

Bu dəfə mən digər bir istedadlımız haqqında söz açmaq istədim. Nə özündən, nə də ailəsindən razılıq almadan, xəbər vermədən, məlumatları dəqiqləşdirib-zənginləşdirmədən yazmaq qərarına gəldim.

O, bir vaxtlar, daha doğrusu, hələ orta məktəbin 5-ci sinfindən başlamış mədəni-kütləvi tədbirlərdə öz istedadı ilə hər kəsi heyran qoymuş, təəssüf ki, sonradan incə sənətdən uzaq düşmüş Sabirə Məhəmməd qızı Əliyevadır. Ömrünün 50-ci fəslində haqqında söz açmaq istədiyim Sabirə xanım Əliyeva ki, bir vaxtlar Kəlbəcərdə mədəniyyət evinin hər konsert proqramında “Bala Zeynəb” kimi tanınan, sevilən və alqışlanırdı.

Sabirə Əliyeva Kəlbəcər rayonunun Dalqılınclı kəndində dünyaya göz açdı. Bu ailədə dünyaya göz açan dörd bacı, iki qardaşdan Habillə Qabil və Sabirə ilə Səadət əkiz oldular. Unutmayım ki, Könüllə Pərvanə də bu ailənin sevimli balalarıdır. Ataları Məhəmməd Əliyev uzun illər DİN-nin tərkibində fəaliyyət göstərən Dövlət anğından Mühafizə Xidməti Kəlbəcər Rayon Şöbəsinin rəisi vəzifəsində qüsursuz fəaliyyət göstərdiyinə görə təqaüdə çıxarkən daim “göz bəbəyi kimi qoruduğu” “tabel silahı” ona dövlət tərəfindən hədiyyə edildi. Ehtiyatda olan polis polkovniki Məhəmməd Əliyev bununla daim qürur duyur.

...Bu ailənin xoşbəxt günləri çox da uzun çəkməyib. Uşaqların anası, neçə-neçə şagirdinin doğması kimi sevilən Firəngiz müəllimə qəfil xəstəlik üzündən əzizlərindən çox erkən ayrıldı.

Yaşanmış ömür kitabının səhifələri

...Anasız ailə... dörd qız, iki oğlan uşağı isti ana qucağına həsrət böyüdülər. Böyümədilər, ürkək-ürkək dördbir yanlarındakı atalı-analılara həsrətlə baxdılar. Amma böyük bacı – Könül könlünü ana kimi bacılarına və qardaşlarına bağladı.

...Bu acı bir həyat hekayəsi olsa da, reallıqdır, yaşanmış ömür kitabının səhifələrindəndir...

Sabirə xanım ömrünün 50-ci baharında Kəlbəcərdən və ana məzarından uzaq, sığındıqları müvəqqəti ocaqda, yurdda (Bakının Masazır ərazisindəki) ötən illərin acılı-şirinli xatirələrini sapa düzür. Uşaq vaxtı heç sapa muncuq-zad düzmədiyini, buna macalı və həvəsi olmadığını deyir, söz düşəndə.

Ömür-gün yoldaşı, sevib-seçdiyi Müzəffər Vəli oğlu Əliyevlə iki oğul böyüdür. Eminlə Elçin ata-ana, yurd, Vətən sevdalı gənclərdir. Hər ikisi də ali təhsilli mütəxəssisdirlər. Analarının bütün istək və arzularının bundan sonra reallaşması üçün hər şey etməyə hazırdırlar. Vətənə layiqiuncə xidmət ediblər, həm də ön cəbhədə - Murovdağda, düşmənlə üzbəüz, Kəlbəcərin göründüyü yerdə.

Həyat yoldaşı Müzəffər Əliyev illərdir ki, (ali təhsil almamışdan da öncə) Bakının Binəqədi rayonundakı B.Sərdarov adına Maşınqayırma Zavodunda şagirdlikdən sex rəisliyinədək istehsalatda çalışıb və rəhbərlik yolu keçib.

Müzəffər Əliyev vətənpərvərlərimizdən biri, Kəlbəcərin müdafiə olunmasında xidmət göstərmiş cəsarətli döyüşçü kimi də tanınır.

Bakıdan könüllü olaraq Kəlbəcərin müdafiəsinə yollanan Müzəffər elə rayonu son tərk edən Kəlbəcər polisləri ilə mühasirəni yararaq yağı əsarətinə düşməkdən xilas olanlardan biridir. Hazırda həmin zavodda sex rəisidir.

İstehsalatda göstərdiyi şücaətə görə dövlət tərəfindən “Tərəqqi” medalı ilə təltif olunan mütəxəssisdir.

Səhnəyə balacaboy, bir az da, əsməri qız uşağı çıxdı...

Həə. Sabirə xanımdan danışırdım axı.
Hələ orta məktəbdə oxuyurdu, mən isə Kəlbəcər rayon Aşıq Şəmşir adına Mədəniyyət Evində bədii rəhbər idim. Rayonda keçirilən tədbirlərin ssenarisini də biz hazırlayırdıq. Kəndlərdəki istedadlı məktəblilərdən seçmə ansambl da yaradılmışdı.

Sabirə Əliyeva ilk səhnəyə çıxanda təxminən 5-6-cı siniflərdə oxuyardu. Səhnəyə balacaboy, bir az da, əsməri qız uşağı çıxmağı ilə salonu peşəkar müğənnilər kimi, hərəkət və səsi ilə necə ələ aldısa, mahnısını sona çatdırmağa imkan vermədi tamaşaçı alqışı.

O, məhəəttəl də qalmamışdı. Sanki buna çoxdan hazırlaşmışdı və gözləyirdi ki, salon ayağa qalxıb onu alqışlayacaq. Alqışın sonunda böyüklərəxas hərəkətlə baş endirib, təşəkkürünü bildirdi. Xalq artisti, xalqımızın sevimlisi Zeynəb Xanlarovanın məşhur mahnılarından biri idi: “Olmalıydı, olmadı”...

Bu, onun səhnədə ilk addımı idi, məncə. Açığı, ailədə ata, ana, qardaş-bacılar Sabirənin istedadlı olduğunu görüb bilsələr də, istəmirdilər ki, o, səhnə ulduzuna çevrilsin. Bəlkə də bu, mentalitet məsələsi idi. Hətta, RPK-nın katibi İnqilab Nadirov, RİK-in sədri Qənbər Qurbanov onun əsl səhnə üçün doğulduğunu desələr də, atası Məhəmməd Əliyev inandından əl çəkmir, biz isə Sabirə balanı ən sonda “gizlicə” gətirər və konserti yekunlaşdırardıq. Çünki tamaşaçı alqışı bunu tələb edirdi.
Sabirə Əliyeva ancaq bəstəkar və xalq mahnılarını yox, muğam və segahları da özünəməxsus ifa edirdi. Doğrudur, hərəkətlərində, jestlərində Zeynəb Xanlarovanın təqlidi hiss olunurdu, amma, bu səhnə fidanındakı iddia tamam özgə idi.

Təəssüf ki, heç də həmişə istedadlıların sənət və ömür yollarında yaşıl işıq yandırılmır. Buna cəhalət də demək olmaz, sadəcə, “hər oxuyan Molla Pənah olmaz” deyimi çoxlarının bu yolda ayaqlarına “buxova”, yollarında daşa, qara tikana çevrilmişdi.

Sabirə bala böyüyür, səsi getdikcə cilalanır, misiqi ilə həmahəng konsert salonunda dalğalanır, onu daha da sevdirirdi tamaşaçılara, sənətsevərlərə və hətta, sənət bilicilərinə, kamil mütəxəssislərə-musiqiçilərə.

O, həm ailəcanlı, həm də qohumcanlıdır

...İllər ötüb-keçdi. O, qəlbində sənət yolları ilə irəliləmək barədə düşünərkən, həyat onun səmtini, yönünü dəyişdi və nə yaxşı ki, sevib-seçdiyi və ömrünü-gününü bağladığı ailəsində bir cüt qol-qanad sahibi oldu. Eminlə Elçin dünyaya gələnə qədər bu ailədə sevinc yaşanmadı.

Qohum-əqrabanın və özlərinin duası onu bir cüt oğul anasına çevirdi. Budur, o, sevdiyi sənətdən (əslində, səhnədən) uzaq düşsə də, bala sevgisi ilə baş-başadır. Hərdən uşaqlıq illərini xatırlayan Sabirə xanım həm ailəcanlı, həm də qohumcanlıdır.

Hər kəsin qəlbini ala bilir, özünü sevdirir. Səxavətli, əli bərəkətlidir. İstiqanlı, səmimidir. Kövrək və həssasdır. Elə ona görə də qanı qaynardır ki, son illər “qan təzyiqi” ilə “döyüşdədir”. Yurd-yuvasızlıq, tərki-vətənlik, çoxsaylı qayğılar saçlarına çox erkən dən salan Sabirə xanımın məlahətli səsini də eşidilməz edib. Bax, bağışlanmayan budur.

Kəlbəcərdən perik düşəndən “səsi batıb”. Yox, batmayıb, “o illərin Sabirəsi yoxdu, Kəlbəcərdəydi”,-deyib kövrəlir. Hiss edirsən ki, sənət yollarında özünü oda-közə vura bilməməsinin fərqinə varır, sadəcə, ondan asılı olmayan məsələlər də var axı.
Sevinir ki, qohum-əqraba arasında sözükeçən, hörmətli-izzətlidir.

Zəhmətsevərdir, ailəcanlıdır. Mənəviyyatı madiyyatdan üstün tutan, dünya malında gözü olmayan xanım-xatındır.

...Bu da ömrün 50-ci ili, baharlı-payızlı. Bahar təravətli arzularla daim qanad açan Sabirə xanım bolluq-bərəkətlik, toy-nişan sovqatlı payızda dünyaya göz açıb. Göz açıb ki, el dağdan köç edir, yurd yerlərini duman alır. Gümanlarında yanılmayan Sabirə xanım artıq . , şükürlər olsun ki, qoşa oğul toyuna hazırlaşan analardan biridir. Söz düşəndə deyir ki, mənim sənətim də, sənətkarlığım da bir cüt görən gözüm, burulmayan biləklərimdir - Eminlə Elçinim!

Olsun, Sabirə xanım! Mənim də sizin uşçaqlıqdan bu günə kimi keçdiyiniz enişli-yoxuşlu ömür və həyat yollarınızda piyada olduğumu hiss elədiniz yəqin. Yorulub yollarda qalmamaq üçün bu xatirə, yubiley yazınızı xoş ovqatla bitirmək istərdim. Bir dəfə, deyəsən, elə hamımızın sevimlisi Famil Cavadovun 50 illik yubileyində qeyd eləmişdim ki, şair Ələmdar Quluzadənin bir şeiri bütün 50 illik yubileyləri olanlara aiddir.

“50 yaş boynuma sarıldı birdən…”

Sizi Nərimanoğlular ailəsi, xüsusən Sənan və Kənan, eləcə də Ümid balamızın adından səmimi qəlbdən təbrik edir, sizə cansağlığı diləyir və qoşa oğul toyunda “diliniz açılsın”- bircə bənd segahla səsinizi unudanları sevindirəsiniz,-deyirəm, amin! 50 yaşınız mübarək!

Qazancından çoxdu qanı, qadası,
Yəhərli atı var, arabası var.
Sevinci, kədəri, odu, ədası,
50-nin əlli cür əlifbası var.

Əl gördüm, qalxanım, qılıncım idi,
İl gördüm, aylarım tiyandan çıxdı.
Saçımın ağlığı qaxıncım idi,
Üstəlik, 50 də bu yandan çıxdı.

O, tor kimi gəldi, o toran kimi,
Torpaq da, dəniz də yarıldı birdən.
Məni əlli ildə axatan kimi
50 yaş boynuma sarıldı birdən.

Ürəyim açılmır çiçəklər kimi,
Gördüyüm, sevdiyim nə var, sevinir.
Görən bu 50 yaş nə gətirib ki,
Doğmalar sevinir, dostlar sevinir?!

İndidən görürəm sözün savaşın,
Həftələr fikirli keçir izimdən.
Tənbehi təbrikdən çox olan yaşın
Bilmirəm əlindən hara qaçım mən.

Yaxamdan yapışır ağ da. Qara da,
Kükrəyib üstümə dağ seli gəlir.
Bağrıma basdığım balalara da
Bəzən suallarım gülməli gəlir.

Köynəklə eyvana çıxa bilmirəm,
Həmin iki gözdür dalımca baxır.
Öpüşlü kinoya baxa bilmirəm,
Evdəki yaşımı başıma qaxır.

Bu yaşa çatanda hamı kövrəlib,
Neyləyim əllinin xoşuna gəlsin.
Məndən yaşlıların başına gəlib,
Məndən cavanların başına gəlsin…

Məhəmməd NƏRİMANOĞLU

Analoq.az
Görən bu 50 yaş nə gətirib ki...
Görən bu 50 yaş nə gətirib ki...
Görən bu 50 yaş nə gətirib ki...скачать dle 10.6фильмы бесплатно


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi