Qürbətdə yaşanan ömür



Bu gün dünyanın demək olar ki, bütün ölkələrində həmvətənlərimiz azərbaycanlılar yaşayır. Doğma Vətəndən kənarda yaşayan soydaşlarımızın müxtəlif xarici ölkələrə emiqrasiyası, həyatını və faəliyyətlərini sonradan orada qurmaları, uzun bir tarixi, sosial və ictimai proseslərin xronoloji ardıcıllığıdır.

Düzdür, xaricdə yaşayan həmvətənlərimiz arasında çox uzun illər öncə Azərbaycanın müəyyən tarixi, ictimai-siyasi şəraitində vətəndən mühacirət etmiş tanınmış şəxsiyyətlərin soylarından olan insanlar da az deyil.

Hazırda isə qürbətdə yaşayanazərbaycanlılar ya təhsil almaq məqsədilə, ya ticarətlə məşğul olmaq səbəbindən və yaxud münasib iş tapmaq sorağında xarici ölkələrə köçüb getmiş həmvətənlərimizdir.

Bu yazımızda sizə onlardan biri – həyatının böyük bir hissəsini Vətəndən kənarda - qürbətdə yaşamış, mübariz və zəhmətkeş bir həmvətənimiz haqqında söhbət açacağıq.

Rusiyanın əməkdar məşqçisi, Krasnodar vilayətinin fəxri sakini, Kuban vilayətinin əməkdar müəllimi, Rusiyanın xalq maarif əlaçısı, əlbəyaxa döyüş üzrə beynəlxalq dərəcəli idman ustası, universal döyüş üzrə beynəlxalq dərəcəli hakim, ehtiyatda olan qvardiya mayoru...

Bütün bu sadaladıqlarımız sadəcə bir nəfərə - həmvətənimiz, 1959-cu ildə Gəncə şəhərində anadan olmuş Məmmədov Vahid Tapdıq oğluna aiddir. Hələ onunla əyani tanışlığa qədər haqqında çox müsbət sözlər eşitmişdik.

Hazırda yaşadığı Krasnodar vilayətində, eləcə də Starominsk şəhərində onu tanımayan insan çətin ki, tapılar və hər kəs də bir nəfər kimi bu insana böyük hörmətlə yanaşır. Nəhayət ki, bu görüş baş tutdu və Vahid müəllim bizi məmnuniyyətlə hazırda çalışdığı idman zalına və iş otağına dəvət etdi.

Burada vaxtilə bir çox məsul vəzifələrdə çalışmış, hal-hazırda isə “Qvardiyaçı” Hərbi - İdman klubunun rəhbəri və baş məşqçisi olan Vahid müəllimin iş otağı uzun illər ərzində və gərgin zəhmət nəticəsində qazanılmış saysız-hesabsız fəxri fərmanlar, təltifnamələr, kuboklar, əldə edilmiş nailiyyətlər haqqında yazılan məqalələr, yetirmələri tərəfindən dünyanın müxtəlif nöqtələrindən göndərilən təşəkkür məktubları və s. ilə doludur.

Bu sanki onun zəhmətkeş və zəngin həyatına həsr olunan kiçik bir muzeyə bənzəyir. 60 yaşını haqlamasına baxmayaraq, həmyerlimiz indi də çox gözəl fiziki formadadır və hazırda məşqçi fəaliyyətini uğurla davam etdirir.

Vahid müəllim hələ uşaq yaşlarından idmana böyük həvəs göstərib və bu həvəs onu yeniyetmə vaxtlarında bir neçə idman növü ilə – sambo, boks və güləşlə məşğul olmağa sövq edib.

Bakıda ordu sıralarına çağırılana qədər artıq idman ustalığına namizəd normativini əldə etməyə nail olub. 1978-ci ilin yayında o, ordu sıralarına çağrılır. 1985-ci ildə hərbi xidmətini başa vurduqdan sonra isə Rusiyada Adıgey Pedaqoji İnstitutuna daxil olur və ilk pedaqoji fəaliyyətinə başlayır.

Ürəyi daim doğma Vətəninə sevgi ilə döyünən Vahid müəllim deyir ki, uzun müddət ərzində qürbətdə yaşamasına baxmayaraq, qəlbində və xeyirxah əməlləri ilə hər zaman Azərbaycanın adını yüksək tutmağa çalışıb. Vahid müəllimin keşməkeşli və zəngin bir həyat tarixçəsi var. Atası Tapdıq Məmmədov, 2-ci dünya müharibəsi illərində faşist zülmündən qaçıb Azərbaycana sığınan, ukraynalı Olqa İvanovna Zvariç adlı bir xanımla ailə həyatı qurur. Onlar ümumi bir dərd ortağı idilər, çünki hər ikisinin atası müharibə zamanı həlak olmuşdu. Olqa Gəncədə toxuculuq məktəbini bitirir və bu izdivacdan onların 3 övladı dünyaya gəlir. Onun Ukraynada bir qardaşı və xalası qalmışdı.

Bir müddət sonra qardaşı Olqanı axtarıb tapır və onları özü ilə hazırda yaşadığı Kuban vilayətinə aparmağa razı salır. Müəyyən vaxt ərzində burada yaşayırlar, lakin günlərin birində atası Vətəndən kənarda yaşaya bilməyəcəyini anlayır və geri dönməyə dair qərar verir.

Anasının isə bu yerlər çox xoşuna gəldiyi üçün qayıtmaq istəmədiyini, həm də doğma qardaşından bir daha ayrı qala bilməyəcəyini söyləyir. Belə olan təqdirdə atası böyük oğlu Vahidi də götürərək Azərbaycana qayıdır.

Kiçik yaşlarından idmana olan böyük həvəsi və marağı, onun sonradan bir şəxsiyyət kimi formalaşmasında öz rolunu göstərir.

Ordudan tərxis olunduqdan bir müddət sonra, Vahid müəllim anasının yanına – Qulkeviçi şəhərinə qayıdır və Maykop Pedaqoji İnstitutunda müəllim işləməyə başlayır. Buradakı fəaliyyəti müddətində də müəllim və tələbələr arasında xüsusi hörmət qazanır. Sonradan təyinatı Adler şəhərinə verilsə də, şəxsi həyatında baş verən dəyişikliklər ona bu missiyasını həyata keçirməyə mane olur.

Belə ki, burada filaloji fakultədə təhsil alan Tatyana İvaşenko adlı gənc bir qızla tanış olub ailə həyatı qurur və onların bu evlilikdən 3 övladı – Eldar adlı oğlu, Elmira və Tamilla adlı qızları dünyaya gəlir.

Hər bir tələbəsinin ürəyinə özünəməxsus pedaqoji qabiliyyəti ilə yol tapmağı bacaran və onları zərərli vərdişlərdən çəkindirib idmana sövq edən Vahid müəllimin sorağı tezliklə bütün viləyətə yayılır.

Bu gün onun iş otağındakı saralmış və qalın qovluqların içərisində minlərlə məktub, qəzet və jurnallar qorunub saxlanılır. Bunlar keçmiş sovet ittifaqı, eləcə də hazırda bütün dünyada yaşayan və müəyyən zirvələri fəth etmiş Vahid müəllimin yetirmələrinin minnətdarlıq məktubları və onlar haqqında yazılmış məqalələrin dərc olunduğu mətbuat səhifələridir.

Özü haqqında isə bir neçə kitab yazılıb, Rusiya mətbuatında - müxtəlif qəzet və jurnallarda onun haqqında saysız-heasbsız məqalələr dərc olunub. Onun hərbçi yolunu və məşqçi fəaliyyətini hazırda övladlarından Elmira adlı qızı uğurla davam etdirir.

Azərbaycandan kənarda 40 ildən artıq bir müddət ərzində yaşamasına baxmayaraq, şirin Gəncə ləhcəsini hələ də unutmayan Vahid müəllimin Vətən nisgili ilə yaşadığının bir daha şahidi olursan. O qeyd edir ki, çoxdandır Vətəndən, doğma yerlərdən kiminləsə ünsiyyət saxlamaq imkanı olmayıb, baxmayaraq ki, hazırda Azərbaycanda xeyli sayda doğmaları yaşayır. Söz verdi ki, gələn il mütləq vaxt və imkan tapıb doğma el-obasına, Azərbaycana gələcək.

Vidalaşarkən Vahid müəllimin kövrəldiyini hiss etdik, lakin çox çalışırdı ki, bunu biruzə verməsin. Vahid müəllim haqqında hələ uzun-uzadı daha çox söhbət açmaq olar. Onun maraqlı, keşməkeşli və yaddaqalan hadisələrlə dolu həyatı isə, qalın bir kitaba sığacaq qədər dəyərli və zəngindir.

Uzun illərdən bəri xaricdə yaşayan azərbaycanlılar zaman keçdikcə, həmin ölkələrin ictimai-siyasi, mədəni və digər sahələrinə inteqrasiya olunublar. Dünya ölkələrində yaşayan azərbaycanlılar qürbətdə yaşayıb yaratsalar da, hətta müəyyən yüksək mövqelərdə təmsil olunsalar da, yenə də Vətən nisgili, Vətən həsrəti, doğma yurdun ab-havası bir an da olsa onları tərk etmir. Bu hisslər isə heç nə ilə müqayisə oluna bilməz, çünki bu Ana Vətənin bizə doğuluşdan sirayət edən hədsiz sevgisi və qayğısıdır....

Məhərrəm Abdulla

Analoq.az
скачать dle 10.6фильмы бесплатно


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi