93 yaşlı Ana radiomuz xalqımızın mədəniyyət MƏBƏDİDİR-ELÇİN BAYRAMLI YAZIR



Bir əsrin səs xəzinəsi: Şərqin ilk radiosu

93 yaşlı Ana radiomuz xalqımızın mədəniyyət məbədidir


“Danışan qutu”nun kəşfi insanlığın yeni eraya qədəm qoymasına səbəb oldu. Artıq uzaq məsafədən danışılanı eşitmək, xəbərlər almaq, əlaqə saxlamaq mümkün oldu.

Radionun yaradıcısı rus mühəndisi Aleksandr Popov 1895-ci ildə elektromaqnit dalğalarını kəşf etmiş və onun ixtirası dərhal təcrübədə sınaqdan keçirilmişdi. Radiotexnikanın inkişafından sonra dünyanın siyasi mərkəzlərində bir-birinin ardınca radiostansiyalar fəaliyyətə başladı. 1922-ci ildə Moskvada Sovet İttifaqının ilk radiostansiyası fəaliyyətə başladı. Bundan cəmi 4 il sonra isə Bakıda bütün müsəlman şərqinin ilk radiosu efirə çıxdı.

1926-cı il noyabrın 5-də “Bakinski raboçi” qəzeti oxucularına xəbər verirdi ki, paytaxtın bütün meydanlarında və klublarda səsucaldan qoyulub və sabah Bakıda radiostansiya işə başlayacaq. Noyabrın 6-da artıq SSRİ-nin ən böyük şəhərlərindən birinə çevrilmiş Bakının iri küçə və meydanlarında quraşdırılmış radiocihazlar xışıldayaraq dilə gəldi. Azərbaycan və rus dillərində qırıq-qırıq “Danışır Bakı stansiyası!” sözləri eşidildi. Bununla da Azərbaycan mətbuatında, mədəniyyətində və texnologiyasında yeni bir eranın əsası qoyuldu.

İlk verilişlərin hazırlanmasında Azərbaycan ədəbiyyatı və incəsənətinin görkəmli xadimləri fəal iştirak edirdilər. Bədii və musiqili verilişlərin müəllifləri Üzeyir Hacıbəyov, Müslüm Maqomayev, Məmməd Səid Ordubadi, Cəfər Cabbarlı, Səməd Vurğun, Hüseynqulu Sarabski, Bülbül, Mustafa Mərdanov və başqaları idi.

Radionun ilk azərbaycanlı kişi diktoru Azərbaycan Politexnik Institutunun tələbəsi İsmayıl Əlibəyov, ilk azərbaycanlı qadın diktoru isə Azərbaycan Dövlət Universitetinin hüquq-iqtisad fakültəsinin tələbəsi Raya Imanzadə olurlar.

Sonrakı dövrdə Ənvər Həsənov, Hüseyn Natiq (Böyük Vətən müharibəsində həlak olmuşdur), Səməd Səmədov, Əsgər Mövsümzadə, Leyla Terequlova, Soltan Nəcəfov, Mirvarid Dilbazi, Hüseyn Qafarlı, Rafiq Ağayev, Məryəm Xudaverdiyeva, Həyat Musayeva, Yelena Orbeliani, Nina Petrova, Fatma Cabbarova, Züleyxa Hacıyeva, Gültəkin Cabbarlı, Aydın Qaradağlı, Nizami Məmmədov, Sabutay Quliyev, Ramiz Mustafayev kimi ustad diktorlar yetişdilər.

1929-cu ilin oktyabrında məşhur bəstəkar Müslüm Maqomayev Bakı radiosunun musiqi rəhbəri təyin olundu. Azərbaycan radiosunun verilişləri onun bəstələdiyi "RV-8" radio marşı ilə açılırdı.

1932-ci ildə Müslim Maqomayev Üzeyir Hacıbəyovla birlikdə Radio Komitəsində ilk notlu Şərq alətləri orkestrinin yaradılmasına nail oldu.

Görkəmli nasir və şairlərimizin, bəstəkarlarımızın sənət əsərlərinin radiodan səsləndirilməsi ədəbi dilin inkişaf etməsinə, milli mədəniyyət və ədəbiyyatımızın təbliğinə xidmət edirdi.

1931-ci ildə Azərbaycan radiosunda Mustafa Mərdanovun rejissorluq etdiyi "Radioteatr" yaradıldı. Həmin ilin dekabrında Hüseyn Cavidin "Şeyx Sənan" pyesi ilk dəfə radioda səsləndirildi. Daha sonra A.S.Puşkinin "Boris Qodunov", C.Məmmədquluzadənin "Ölülər", C.Cabbarlının "Sevil", V.Şekspirin "Hamlet", M.F.Axundovun "Hacı Qara", Ə.Haqverdiyevin "Dağılan tifaq" pyesləri dinləyicilərə təqdim edildi. İlk radio tamaşaları birbaşa efirə çıxarılırdı. Azərbaycan teatr sənətinin və ədəbiyyatının radioya uyğunlaşdırılması böyük kütlələrin daha çox ədəbi əsərlərlə tanışlığına səbəb oldu. Radiotamaşalar, radiohekayələr, radioromanlar dinləyicilərin maraqla gözlədiyi verilişlər idi.

1950-ci ildə türk və fars redaksiyalarının əsasında Xarici verilişlər baş redaksiyası yaradıldı. Sonralar daha bir neçə xarici dildə də (cəmi 8 dildə) proqramlar yayımlanmağa başladı.

1964-cü il oktyabrın 15-də Azərbaycan radiosunun 2-ci kanalı- "Araz" xəbərlər və musiqi proqramı ilk dəfə efirə çıxdı. "Araz" radiosunun yaranmasında və fəaliyyətində Teymur Əliyev, Ənvər Əlibəyli, Sabir Axundov, Soltan Nəcəfov, Kamil Məmmədov, Hacı Hacıyev, Aydın Qaradağlı, Valid Sənani, Yalçın Əlizadə, Ilyas Adıgözəlov, Hidayət Səfərli və başqaları böyük rol oynadılar.
1998-ci ildə “Araz” radiokanalı bağlandı.

Yeri gəlmişkən, bir neçə il əvvəl bu adda yeni bir özəl radio açılıb və maraqlı verilişləri ilə dinləyicilərin rəğbətini qazanıb.

Azərbaycan Radiosunun "Sabahınız xeyir", "Axşam görüşləri", "Bulaq", “Vətən”, "Natəvan" qızlar klubu, "Lirika dəftərindən", "Muğam saatı", "Arzu" musiqi poçtu, "Yazıçı və zaman", "Mahnı şəhəri gəzir", "Teatr mikrofon qarşısında", "Ana dili", "Körpü", Ovqat, "Elin sazı, elin sözü", "Açıq-aşkar", "Xudafərin", "Sözün düzü", "Baxış bucağı", "Dünya", "Pillə", "Çevrə", "Radio-atmaca", "Molla Nəsrəddin", "Yol", "Yuva", "Vaxt", "Dan yeri" kimi dinləyicilərin ruhunu oxşayan verilişlər radiotariximizə əbədi həkk olunub, onların bəziləri fəaliyyətini çoxdan dayandırsa da, hələ də yaddaşlarda yaşayır. Hətta, bəzi şərq ölkələrində belə onları lentə yazıb indiyədək öz arxivində saxlayan sadiq dinləyicilər var.

Radionun xalqımızın ürəyinə yol tapmış ənənəvi verilişləri arasında dünya efir məkanın ən yaşlı verilişlərindən biri olan, bu günlərdə 50 yaşı tamam olan “Bulaq” verilişinin xüsusi yeri var. “Bulaq” xalqımızın folklor xəzinəsi, ədəbi çeşməsi, mədəni irsininin daşıyıcısı, ana dilimizin, el dilimizin yaşadıcısıdır.

1969-cü ilin noyabrından efirə çıxan "Bulaq" verilişinin araya ərsəyə gəlməsində və yaşadılmasında xidmətləri olan Cəmil Əlibəyov, Mövlud Süleymanlı, Məhluqə Sadıqova, Səməndər Rzayev, Vaqif Əlixanlı, Məmməd Aslan, Abbas Abdulla, Rəfael Hüseynov, Məhərrəm Qasımlı, Ağalar Mirzə, Mailə Muradxanlı,  Rasim Balayev, Mikayıl Mirzə, Kamil Vəli, Ənvər Çingizoğlu,Əfqan Məmmədov, Xanış Məmmədov, Qaşdar Əliyev, Səidə Quliyeva və digərlərini hörmətlə yad etmək lazımdır. Hazırda "Bulağ"ın saylarını xalq çeşməsindən su içmiş Tahir Talıblı və Əhməd Oğuz qələmə alır.

1993-cü ildən radioda çalışan, hazırda Azərbaycan Dövlət Televiziya və Radiosunun "Xalq yaradıcılığı" redaksiyasının baş redaktoru kimi fəaliyyət göstərən əməkdar jurnalist, Tahir Talıblının həm “Bulaq”ın həm də bir sıra digər verilişlərin yüksək səviyyədə hazırlanmasında böyük əməyini qeyd etmək lazımdır.

15 ildən çoxdur ki, “Bulaq” verilişinin ssnerarilərini yazan Tahir müəllimin xalqımızın folklorunun yaşadılmasında və gənc nəsillərə çatdırılmasında böyük xidmətləri var.

Onun rəhbərlik etdiyi redaksiyanın hazırladığı "Bulaq", "Gündoğandan günabatana", "Yazıya pozu yoxmuş", "Xeyrə qənşər", "Aşıq gördüyün çağırar" ,"Yerin-yıırdun adın andım", "İlmə", "Şirvan nəfəsi", "Divani saz-söz moclisi", "Dastan saatı", "Qərib axşamlar", "Şirvan şikəstəsi", "Tərəkəmə" folklor rəqs toplusu, "Yurd yeri", "Soyumuz-soykökümüz", “İrəvan Cuxuru” kimi verilişlər yarandığı gündən dinləyicilərin diqqət və marağını qazanıb.

“Bulaq”ın hazrlanmasında son 15 ildə Milli Tele-Radiomuzda və “Azərbaycantelefilm” də redaktor və baş redaktor kimi fəaliyyət göstərmiş tanınmış yazıçı-publisist, etnoqraf, ssenarist Ənvər Çingizoğlunun da böyük zəhmətini qeyd etmək lazımdır. Onun tədqiqatları əsasında hazırlanan verilişlərin xüsusi dinləyici auditoriyası var.

Azərbaycan xalqının, eyni zamanda türk xalqlarının etnogenezi, etnologiyası, etnoqrafiyası, folkloru, tarixşünaslığın aktual problemləri və s. istiqamətlərdə maraqlı tədqiqatlar və ssenarilərlə radiodinləyicilərin rəğbətini qazanan Ənvər Çingizoğlu 100-dək kitabın və 300-ə qədər müxtəlif məzmunlu elmi məqalələrin, onlarla televiziya və radio verilişlərinin ssenari müəllifidir.

“Bulaq”ın hazırki aparıcıları respublikanın xalq artisti Səidə Quliyeva və Səməd Hətəmov verilişin ənənələrinə sadıq qalmaqla yanaşı, özünün yeni, müasir interpretasiyaları ilə onu dinləyicilərə daha da sevdirir.

Radionun əməkdaşı Savalan Talıblının hazırladığı verilişlər, verilişə gətirdiyi yeniliklər dinləyicilərin ürəyindən xəbər verir. Verilişə dəvət olunan qonaqlar, qoyulan mövzular, səslənən mahnılar, şeirlər və sair folklor nümunələri xalqımızın mədəni xəsiznəsinin nə qədər zəngin olduğunu ortaya qoyur.

Savalan hazırladığı verilişlərin audio və videoyazısını internet məkanında yerləşdirir, bununla da bütün dünyadan olan dinləyiciləri istədiyi vaxt “Bulaq”la yanaşı radionun digər verilişlərini dinləmələrinə şərait yaradır.

Bu səbəbdən də, Azərbaycan Radiosunun verilişləri təkcə ölkəmizdə deyil, bütün dünyada yaşayan azərbaycanlıların, hətta şərq ölkələrində yaşayan bir çox qeyri-azərbaycanlıların daimi dinlədiyi veriıişlərdəndir.

Radionun bütün verilişləri çox dəyərlidir, sadəcə burada hamısından ətraflı danışmaq mümkün deyil, sadəcə, xalqımızın yarım əsrlik yaddaşına şahid olan bir verilişi misal çəkdik.

Azərbaycan radiosu həm də xalqımızın bir əsrlik canlı audioarxividir. Burda təxminən 90 illik səs yazıları saxlanır. Tez-tez ana radiomuzun efirində ötən əsrin müxtəlif dövrlərinə aid verilişlər təkrar yayımlanır və çox böyük maraqla dinlənir. Bu radiokanalda Azərbaycan və dünya musiqisinin şedevrlərini dinləyə biərsiniz, ara müğənnilərinə burda yer yoxdur. Bir sözlə Azərbaycan radiosunu özünə, mədəni zövqünə, incəsənətə hörmət edənlərin radiosu saymaq olar.

Maraqlıdır ki, əvvəllər radioya qulaq asmaq üçün yalnız bir vasitə var idi- radioqəbuiledici, dinləyici isə bol idi. İndi isə, radio dinləmək üçün vasitələr çoxdur, amma dinləyici azdır. Televiziya və internet insanları daha çox cəlb edir. Lakin radionun (bu sətirlərin müəllifinin də arasında olduğu) öz sadiq auditoriyası var və onlar üçün bunu heç nə əvəz eləmir.

Təəssüflə qeyd etmək lazımdır ki, gənc nəsil arasında ana radiomuzu dinləyənlərin sayı getdikcə azalır. Gənclərin çoxu fasiləsiz olaraq hay-küylü musiqilər verən özəl radioları dinləyirlər. Son illər internet radioların da sayı çoxalır. Bu stansiyalar bütün günü ancaq musiqi və hərdən də bir neçə dəqiqəlik xəbər buraxılışı verirlər. Nə vaxt açırsan, ya rep gedir, ya bədbin türk mahnıları, ya da meyxana filan. Bayağı mövzular, mənasiz söhbətlər, efirə yaraşmayan əcaib səslər...

Özəl teleradiolarda vəziyyət elə həddə gəlib ki, Milli Teleradio Şurasının sədri Nuşurəvan Məhərrəmli Azərbaycan radiosunun 93 illiyinə həsr olunmuş bayram mərasimində belə bu problemləri qeyd etdi.

Azərbaycan radiosu isə bütün sahələrdə sanballı proqramlar hazırlayır. Xalq mahnıları, muğamlar, saz havaları, tarixi, mədəni, ədəbi verilişlər xüsusilə maraqla dinlənilir. Bu radioda yerli və əcnəbi müəlliflərin radiopyeslərini, radiohekayələrini, hətta romanlarını da dinləyə bilirik. Üstəlik, uşaq verilişləri, radionağılları azyaşlılar üçün çox faydalı və maraqlıdır.

Hazırda milli radiomuza dövlət başçısının 2015-ci il 5 may tarixli sərəncamı ilə Azərbaycan Televiziya və Radio Verilişləri QSC-nin sədr müavini təyin olunan əməkdar jurnalist Rəşad Nəsirov rəhbərlik edir. Yaşı çox olmasa da, televiziya və radioda böyük təcrübəyə malik olan bu gənc jurnalistin radioya gətirdiyi yeni nəfəs köhnə ənənələrə xələl gətirməyib, əksinə, ana radiomuzu o ənənələr üzərində müasir texnologiyanın imkanlarından yararlanmaqla daha da peşəkarlaşdırır və yeni dövrə uğurla aparır. Yeni rəhbərin radioada yaratdığı mühit kollektivin daha da əzmlə və ürəklə işləmələrini stimullaşdırır. İşçilərin dediyinə görə, o özünü radionun rəhbəri kimi yox, adi əməkdaşı kimi aparır. Əlbəttə, belə səmimi və yaradıcı mühitdən gözəl işlər gözləmək olar.
Radionun verilişləri vəonun arxivi bizim tarixi mədəni sərvətimizdir, onu qorumalı, yaşatmalı, təbliğ etməliyik.

Radioda səsləndirilmiş mahnılar, pyeslər, hekayələr, romanlar, nağıllar və sair əsərlər xalqımızın qızıl səs fonduna daxildir, orta və yaşlı nəslə bu janr yaxşı tanışdır, amma gənc nəslə də onu çatdırmalıyıq. Çünki o radiomaterilallarda humanizm, zəhmətkeşlik, vicdanlılıq, elmkeşlik, milli-mənəvi irsimizə hörmət kimi gözəl xüsusiyyətlər təbliğ olunur.

Azərbaycan radiosunu uzun və orta dalğada, həmçinin internet vasitəsilə dünyanın hər yerində dinləmək olur. Səslər dünyasının tarixində bizim də imzamız var. Bu möhtəşəm imzanın arxasında böyük bir arxiv dayanır- XX əsrin 100 mindən artıq qiymətli audiosənədləri.

Xalqımızın mədəniyyət məbədlərindən biri olan Azərbaycan radiosunun dünyasını dəyişmiş bütün yaradıcılarının, işçilərinin ruhu şad olsun. Hazırkı kollektivə isə başda ana radiomuzun rəhbəri əməkdar jurnalist Rəşad Nəsirov olmaqla öz müqəddəs missiyasında böyük uğurlar arzulayram.

Bayramın mübarək, Ana!

Elçin Bayramlı
elcin.az@mail.ru

Analoq. az
скачать dle 10.6фильмы бесплатно


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi