Ədəbiyyat

Mənə qıydın,balama qıyma,Tanrım- ŞEİRLƏR

Tanınmış şair Əlisəmid Kürün şeirlərini analoq.az-ın oxucularına təqdim edirik:

Sonrası nə ola-ola

Çölün dumanında azıb qalasan,
Bir qoyun sürüsü otlayan yerdə.
Əlini dizinə çırpıb qalasan
Ürəyin buz kimi çatlayan yerdə.
Sonrası… sonrası nə ola-ola.

Ocağın da sönə, düşəsən dərdə,
Yanasan, öz tüstün başından çıxa.
Bıçağın sümüyə dirənən yerdə
Cibindən pas atmış bıçağın çıxa.
Sonrası… sonrası nə ola-ola.

Əynində quruya nimdaş köynəyin,
Tənhalıq içində canın sıxıla.
Görəsən sinəndə bir daş göynəyir,
Qəfildən bir quzu sənə qısıla…
Sonrası… sonrası nə ola-ola.

Quru çörəyini böləsən yarı…
İllah da bir yandan duman, çən ola.
Qurbanlıq quzusan, quzu qardaşım!
Bıçağımdan qorxma…
Sonrası… sonrası nə ola-ola.

***
Gecələr sən yatandan sonra
Gecələr sən yatandan sonra
Öpürəm alnından,
Keçirəm yan otağa –
Bir ağ varağa yoldaş olmağa.

Ürəyim atlanır varağın üstə
Sənə xəyanətim – yuxusuz gecə
İndi bax, indi bax,
Məni silkələyən səs qoşulub
Unudub özümü çıxıb gedəcəm.

Gecələri yatmadığım günlər artır –
Sözlərim bir yandan.
Hansı misram oyaq deyilsə,
Yatır mənim əvəzimə.

Üstü açıq yatır narahat sözlər,
Səksənib ayılsan
Üstünü örtərsən misralarımın..

Gecələr sən yatandan sonra
Öpürəm alnından,
Keçirəm yan otağa –
Bir ağ varağa yoldaş olmağa.

YOXA ÇIXAN XAN SARAYI

Bax gör
neylədilər,
neylədilər bu şəhərdə!?.
Uçurulan
Şah sarayı deyil,
dağılan xan mülkü deyil
bu şəhərdə…
Bir şeirin baş beyti itib,
Şah misrası yoxa çıxıb
İçərişəhərdə!

VAHİDİN QƏZƏLİ,
CABBARIN QAVALI
HAVALI-HAVALI…

Deyin şəhər merinə,
bir də şəhər devinə!
Vahidin oğlu gəlib
çörək pulu dalıyca
“Vahid” Poeziya evinə,-
bir az dalğın, havalı.

O günü-yayın istisində
qar yağırdı
Cabbar Qaryağdının səsinə
maqnitofon lentində.
Bir yanda Araz babası yaşında
əl açıb dilənirdi bağda, –
havalı-havalı.
Bir yanda
Vahidin balası havalı.
– Deyin şəhər devinə!
(O kimdi qışqırdı davalı-davalı)
Vahidin canlı qəzəli gəlib
çörək pulu dalıyca
“Vahid” Poeziya evinə.

Goru çatladı Vahidin…
Səsi qırıldı Cabbarın,-
əlindən düşdü yerə qavalı.
Diyirləndi üzü aşağı
Bulvara sarı
Vahidin qəzəli,
Cabbarın qavalı
havalı-havalı.

ELÇİBƏYİN QIRXI

Elçibəyin qırxında
dəlilər də ehsan verirdilər
türmə dəlixanasında –
mən də dəlilərin arasında.

Sən demə,
həmən gün, həmən saat
diz çöküb bəyin qəbri üstə
Ozan Araz Elsəs
mənim sözlərimi oxuyub,
“ağı” deyib bir türk misalı,
deyib:
“- Sirri kor quyu dibində,
dərdi üzündən bəlli,
dəlisi ağıllı kimi,
ağıllısı dəli kimi
millətim, heeey!..”

Həmən gün, həmən anda
türmə dəlixanasında
ehsan yeməyən bir dəli
elə hey qışqırırdı:
– Sən neylədin,
nə oyun çıxartdın,
Ay Əbülfəz, eeey,
Ay Əbülfəz, eeey,
Ay Əbülfəz, eeey…

O QARA EYNƏKLİNİN

Şüşə arxasında oynayan
gözlərindən oxuyuram –
37-dən qabaq doğulsaydım
yerim ya qəbir idi,
ya da Sibir!

Onsuz da
nəslimizdən olan Əli, Səmidlər
hamısı qürbətdə ölüb,-
mən üçüncü Əlisəmidəm
neçə yol qürbətdən dönən.

O qara eynəklinin
gözlərinin dibindəki
çöküntüdən duyuram
harda narahatdı Hadinin ruhu,
harda itib Müşfiqin qəbri,
çeşməyi harda sınıb Cavid Əfəndinin.

O qara eynəkli qarabalanın
hərdən adama “Qardaş!”,
“Soydaş!” deməyi
aldadıb bizi…

O qara eynəklinin
gözlərini örtən şüşədə görürəm
Əli zəhərlənir namaz qabağı,
Məşədi Səmidi aparırlar
güllələməyə…

OĞLUM XAN EYVAZ YAŞINDA

Saçlarını sığallayıb
telini yana darayır,
məndən xəbərsiz
dram dərnəyinə gedir,-
səhnədə özgə taleyini yaşayır,
“Hamletin monoloqu”nu söyləyir,
Mefistofelə kəllə atır,
hərdən Kefli İsgəndər olur.

Mənə qıydın,
balama qıyma, Tanrım!
Sonu ölümlə bitən
rollar sevdası var başında.
Qoyma balamı Hamlet ömrü yaşaya,
Kefli İsgəndər ola
oğlum Xan Eyvaz yaşında.

ADAM CİBİNDƏN ÜŞÜYƏR

Nə baxırsan yoxsul bəyə,
Nə gülürsən bu kişiyə?!.
Ağac içindən oyular, –
Adam cibindən üşüyər…
Pul əl çirkidi… Yalandı.
Malın verən canın verər.
Ağac içindən sıyrılar,
Adam canından çürüyər.

Kasıb qəribdi Vətəndə, –
Qalıb yollarda tövşüyər.
Adam canından sıyrılar,
Adam cibindən üşüyər.

BİR ANDA YÜZ İL YAŞADIM

Hamını yadıma saldım
bir gün ata ocağında.
Bir anda yüz il yaşadım,
Bir anda yüz il qocaldım
həsrətin künc-bucağında.
Titrədi atamın baş daşı,
ürpəndi anamın əlləri.
İndicə qırılıb dağılacaq
baxdığın güzgü –
Titrəyir yanağında
göz yaşları –
titrətir qızımın telləri.

Bir anda yüz il yaşadım.

Gördüm vaxt geri fırlanır,
önümdə zaman dillənir.
Köhnə divar saatında –
kəfkirdə qızım yellənir.

Titrəyə-titrəyə qalxdım ayağa,
Dilimdən bir kəlmə
söz də çıxmadı.
Öpdüm əllərindən xatirələrin,
öpdüm gözlərindən ayrılıqların…

Bir anda yüz il yaşadım
həsrətin künc-bucağında.
Bir anda yüz il qocaldım
ilin-günün bu çağında.

***

Yağışlı bir gecədə
adımı söylədim Kürə.
Sağ-soluma baxdım
gördüm heç kəs eşitmədi.
Yağış dəli,
Kür dəli.
Qoşulub dəli sulara
şeir dedim
mən dəli…

Təqdim etdi:
Turan Etibaroğlu

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button