Ədəbiyyat

“Köhnə məhəllələr uşaqlığımdı”-VÜQAR ƏHMƏD

AZƏRBAYCAN

Yağmurludur qışım, yazım,
Qəmli çalır telli sazım,
Bayrağımdı canamazım,
Həm gülərdi,həm ağlayan,
Azərbaycan,Azərbaycan
Biz Məcnunuq osa Leyli,
Ona saldıq mehri-meyli,
Quzeylidi,Güneylidi,
Qarabağçün saç ağardan,
Azərbaycan,Azərbaycan
Havalana- havalana,
Yol gedirəm Savalana,
Dua edib Yaradana,
Təbrizimə deyirəm -“can”,
Azərbaycan,Azərbaycan
Savaşlarda yaralandı,
Torpaqları paralandı,
Iki yerə aralandı,
Bir olacaq görən haçan?
Azərbaycan,Azərbaycan
Altmış milyon soydaşımız,
Azər türkü qardaşımız,
Ayrı düşüb göz yaşımız,
Göydə Allah, əldə ” Quran ” ,
Qələbə çal Azərbaycan !VƏTƏNİMDİR

Azərbaycan-doğma elim,
Nə gözəldi ana dilim.
Ən ətirli solmaz gülüm
Vətənimdir, Vətənimdir.

Naxçıvanım, Bakım, Gəncəm,
Qarabağım güldən incəm.
İstiqlalım fidan, qönçəm,
Vətənimdir, Vətənimdir.

Nəğmələri şöhrətlidi,
Oğulları qeyrətlidi,
Hər qarışı qiymətlidir,
Vətənimdir, Vətənimdir.

Bölünübdür Vətən iki,
Birləşməyir Təbriz-Bakı,
Şimaldakı, Cənubdakı
Vətənimdir, Vətənimdir.

****

VƏTƏN

Vətən nəçidir, nədir?
Ürəyimin içidir,
Vətən mənimçin nədir?
Səcdəgahdır, qiblədir.
Bu dünyanı o mənə
Cani-dildən sevdirir,
Çox şirindir, bal dadır,
Güneydə, Qarabağda,
Amma məni ağladır.
Gülənləri güldürür,
Öz qanı çox qaradır.
Türkün nərəsi gəlsə,
Ermənini öldürür.
Vətən bizimçün kimdir?
Bir loğmandır, həkimdir.
Tarımda sarı simdir,
O,muğamdı, qəzəldi,
Dünyada ən gözəldi,
Vətən hara, hardadır?
Göyçə, Borçalı, Təbriz,
Xəzər adlı göy dəniz.
Dərbənddən ta Zəncana,
Doğmadır şirin cana,
Bizim Azərbaycana.
Vətən Kürüm,Arazım,
Tar, kaman, telli sazım.
Vətən harda, haradır?
Bakı, Gəncə, Qubadır.
Bu Vətənin hər göyü,
Türk əsilli obadır.
Qarabağım, Şirvanım,
Qazaxım, Naxçıvanım,
Qəmlidi Savalanım,
Vətən bura, buradır.
Astara, Lənkərandır,
Ərdəbildir, Gilandır,
Kəlbəcər, Zəngilandır,
Vətən bura, buradır.
Boldu nefti, sərvəti,
Malı, varı, dövləti,
Vardır bir də Vətənin –
Şair Vüqar Əhmədi.

****

UŞAQLIQ XƏYALLARI

Yada düşdü uşaqlıq xəyalları,
Dəcəlliyim, cocuqluq ədaları.
Yada düşdü ağlamağım, gülməyim,
Hər şey üstə böyüklərdən küsməyim.

Şirnilərlə dolu idi məcməyi,
Qar yağanda geyinərdim əlcəyi.
Uşaqlığın son gecəsi gözəldi,
Mənim üçün o muğamdı, qəzəldi.

Yada düşdü uşaqlıq xəyalları,
Qış gününün qorxulu nağılları,
Novruzdakı xonçanın noğulları,
O illərin qızları, oğulları.

Qaçdı-tutdu mənim ilk azadlığım.
Gizlənpaçda bol olardı şadlığım,
Şirinçayla şorqoğalı daddığım,
İlk iştahdı ləzzətini andığım.

Çox xoşəxtdik, bəxtəvərdik biz onda,
Nə əvvəldə düşünərdim, nə sonda.
Uşaqlığın xəyalları yadımda.
Bir uşaq da vardı Vüqar adında.

****
ƏSKİ MƏHƏLLƏ

İstəyim dəryadı, sevgim dənizdi,
Mənə köhnə məhləm necə əzizdi,
Bu duyğum necə saf, necə təmizdi,
Əski məhəllələr, əski günlərim.

Mənimçün Vətənim başlanır burdan,
Ensiz bir küçədən, dar bir dalandan,
Burada uzaqdı hamı yalandan,
Əski məhəllələr, əski günlərim.

Məhlədə ağbirçək, ağsaqqal sözü,
Su çilər əsəbə, söndürər közü.
Nəzarət eyləyər məhləyə gözü,
Əski məhəllələr, əski günlərim.

Məhəllədə ayrı cür məhəlləçilik var,
Burda halal zəhmət, fəhləçilik var.
Burda xətir-hörmət, böyük, kiçik var,
Əski məhəllələr, əski günlərim.

Köhnə məhəllədə babam yaşayır,
Tarixi yaşadan obam yaşayır,
Qanunum yaşayır, tövbəm yaşayır,
Əski məhəllələr, əski günlərim.

Küçələr darısqal, yollar dar idi,
Köhnə məhəllədə birlik var idi,
Qonşu qonşusuna həmdəm, yar idi,
Əski məhəllələr, əski günlərim.

Köhnə məhəllədə, o köhnə evdə,
Kimisi qəmdəydi, kimisi kefdə,
Halal çörək idi qazanc da, nəf də,
Əski məhəllələr, əski günlərim.

Köhnə məhəllələr uşaqlığımdı,
Xəyallar dünyası ucalığımdı,
Döyüşüm, vuruşum qocalığımdı,
Əski məhəllələr, əski günlərim.

Məhəllə tinləri yığıncaq yeri,
Burda qoruyarlar “günah”ı, sirri,
Qadına,qıza da baxmaz heç biri,
Əski məhəllələr, əski günlərim.

Novruzda qapıya papaq atarlar,
Yığışıb həyətdə tonqal çatarlar,
Qulaqfalına da qızlar çıxarlar,
Əski məhəllələr, əski günlərim.

Yerində doğmalıq, yerində sərtlik,
Gərək ortalığa düşməsin pərtlik.
Bina evlərində tənhalıq, təklik,
Əski məhəllələr, əski günlərim.

Köhnə məhəlləyə var sədaqətim,
Ziyarət etməkdi onu adətim.
Mənə nağıl deyir qədimdən-qədim,
Əski məhəllələr, əski günlərim.

Burda namussuzlar qana boyanıb,
Böyük yol keçəndə kiçik dayanıb,
“Bismillah” sözüylə yatıb, oyanıb
Əski məhəllələr, əski günlərim.

Əski məhəllələr qan yaddaşımdı,
Ən doğma, ən yaxın qəlb sirdaşımdı,
Qızların hamısı qız qardaşımdı,
Əski məhəllələr, əski günlərim.

Hanı həyətdəki ağ tut ağacı,
İndi köks ötürüm mən acı-acı,
Quruyan budağın yoxdur əlacı,
Əski məhəllələr, əski günlərim.

Hanı ruhu qalan o itkinlərim?!
Yaxınlı, doğmalı xeyrim, şərim
Ən yaxşı şeirimdi o dil əzbərim .
Əski məhəllələr, əski günlərim.

****

VƏTƏN

Dövlətim, varım,
Namusum, arım,
Mənim vüqarım –
Vətəndir, Vətən.

Gücüm, sağlığım,
Hər gün, hər çağım
Mənim varlığım –
Vətəndir, Vətən.

İlk məhəbbətim,
Tac-səltənətim.
Ən son məskənim –
Vətəndir, Vətən.

Son ziyarətim,
Zəngin sərvətim,
Nazlı afətim ,
Vətəndir, Vətən.

Şəhərim, kəndim,
Bal dadan qəndim,
Hər zaman dedim
Vətəndir, Vətən.

Sönməz ulduzum,
Əbədi ruzum,
Bu alın yazım
Vətəndir, Vətən.

Sözüm, ilhamım,
Gözəl sabahım,
Sevincim, ahım
Vətəndir, Vətən.

Dərdim, azrım,
Ömür bazarım,
Ən son məzarım
Vətəndir, Vətən.

Kürüm, Arazım,
Mavi Xəzərim,
Şeirim, qəzəlim
Vətəndir, Vətən.

Nəğməm, muğamım,
Nəmli yanağım,
Dilim-dodağım
Vətəndir, Vətən.

Quzey, Güneyim,
Bilimrəm neynim?
Şirinim, Leylim
Vətəndir, Vətən.

Babək, Koroğlu,
Odlu od oğlu,
Hər bir türk oğlu
Vətəndir, Vətən.

Kim çəkir zəhmət,
Ən böyük qiymət,
Bu Vüqar Əhməd
Vətəndir, Vətən.

****

BAKIM MƏNİM

Bu torpağa ibadətim,
Bu dünyaya səyahətim.
Ömrüm, günüm, səadətim,
Bakım mənim, Bakım mənim.

Uşaqlığım, dəcəlliyim,
Həm qocalıq, həm gəncliyim.
Ey əbədi bir gəncliyim,
Bakım mənim, Bakım mənim.

Üç gözəl var, bir bilsəniz,
İstanbuldu, Bakı, Təbriz.
Yaşamaram Bakı sənsiz,
Bakım mənim, Bakım mənim.

İç dünyam – İçərişəhər,
Qız qalasın dünya sevər,
Çox gözəldi gecə, səhər,
Bakım mənim, Bakım mənim.

Ölkəmizin ürəyisən,
Bu millətin gərəyisən,
Neft ətirli çörəyisən,
Bakım mənim, Bakım mənim.

Gedib gəzsək biz hər yanı,
Seyr eləsək bu dünyanı.
Əvəz etməz el-obanı,
Bakım mənim, Bakım mənim.

Köhnə məhlə, köhnə küçə,
Dalanlardan keçə-keçə.
Bulvar dolu hər gün gecə,
Bakım mənim, Bakım mənim.

Çox qədimdi abidələr,
Şirvanşahlar deyir nələr.
Şeir, muğam, qəzəl deyər,
Bakım mənim, Bakım mənim.

Duyanların səni sevir,
Səndə yadlar qalmır, gedir,
Zər qədrini zərgər bilir,
Bakım mənim, Bakım mənim.

Ayrı düşsəm əgər səndən,
Baş açmaram kədər, qəmdən.
Vüqar Əhməd deyir qəlbən:
– Bakım mənim, Bakım mənim.
1.02.2009

****

TÜRK OĞLUYAM

Azərbaycan, yurdum mənim
Od püskürən ordum mənim

Koroğlum var, Babəkim var,
Xətaim var, Məzdəkim var,
Yer üzündə öz çəkim var,
Türk oğluyam, türklüyüm var.

Məmmədəmin sən ol əmin,
Türkmən babam, qırğız əmim.
Türk qardaşım, qəlb sirdaşım
Qırğız, qazax-arxadaşım 54
Qaqauzdur-dağ oğuzdur,
Tatar, başqırd…..
Şir ürəkli bir bəyaz qurd.

Türk oğluyam….
Azəriyəm.
Min il öncə
Dədəm Qorqud
Tərəfindən
Osmanlıyla
Cüt atılmış
Nərd zəriyəm,
Azəriyəm,
Azəriyəm,
Gah ağıllı,
Gah dəliyəm.
Pis qonşuyla
Mən döyüşə
Bir türk kimi
Gəlməliyəm.
Döyüşlərdə
Mən türk kimi
Ölməliyəm,
Yaranışdan
Türk qardaşım
Gah ağladı,
Gah da güldü.
Türküstanın
Təşəkküllü
Milyon idi.
Türk oğluyam,
Mən şərqliyəm.
Yüz illərdir
Çox dərdliyəm.
İndi-indi
Açıqlanır
Türk yolları,
-saxlama sən
Bu qatarı.
Ekvatorun
Əvəzinə
Türk relsləri
Çəkməlidir.
Hələ…
Ermənini
Bu torpaqdan əkməlidir.

Müsəlmanam
Mən sadəcə
Bir insanam.
Türk-İslamam
Himnim “Salam”
Ay-Türk, balam,
Birləşməyin
Vaxtı deyil?
Ayıl-ayıl…
Qərinələr keçəcəkdir
Neçə-neçə, igid-igid
Mərd oğullar,nər oğullar
Bu dünyadan köçəcəkdir.
Türk oğlunun
Adı-özü
Şeiri-sözü
Qalacaqdır
Böyük dünya
Tarixində.
Türk silinməz
Yaddaşından
Tarixin də…

****
QARABAĞDIR

Nə zamandır torpaqlarım işğaldadır,
Gör bu elim, bu Vətənim nə haldadır?
Qarabağda qulaq səsdə, göz yoldadır,
Torpaqlarım yenə mənim olmayınca,
Ömrüm-günüm, yaşamağım mənə dağdır,
Hissim, duyğum, arzularım Qarabağdır.

Anam, bacım sən başına qara bağla,
Dolan qara buludlarla dolub ağla,
Yağı düşmən meydan açıb Qarabağda,
Torpaqlarım yenə mənim olmayınca,
Ömrüm-günüm, yaşamağım mənə dağdır,
Hissim, duyğum, arzularım Qarabağdır.

Çadırlarda ey doğulan körpə-uşaq.
Uca səsdən, məlahətdən nə danışaq,
İlan mələr bu yerlərdə səsin boğuq,
Torpaqlarım yenə mənim olmayınca,
Ömrüm-günüm, yaşamağım mənə dağdır,
Hissim, duyğum, arzularım Qarabağdır.

Gözəl Allah, qaytar mənə torpağımı,
İstəyirəm öz evimi, öz damımı
Gözü yaşlı qoyma mənim sən anamı,
Torpaqlarım yenə mənim olmayınca,
Ömrüm-günüm, yaşamağım mənə dağdır,
Hissim, duyğum, arzularım Qarabağdır.

Qarabağın insanları nəzakətli,
Xanəndələr oxuyurlar məlahətli,
Vüqar Əhməd soruşur ki, nə halətdi,
Torpaqlarım yenə mənim olmayınca,
Ömrüm-günüm, yaşamağım mənə dağdır,
Hissim, duyğum, arzularım Qarabağdır.

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button