Ədəbiyyat

“Xudayar dastanı” -İlhamə Dağlı yazır

“Oğul düşmən çəpəridir” – atalar deyib. Niyə görə məhz oğul? “Kitabi-Dədə Qorqud” dastanlarından də bizə məlum olur ki, Oğuz elinin xanlar xanı Bayandur xan məclis qurur, Oğuz elinin bəylərini məclisə dəvət edir. Oğlu olan ağ çadıra, qızı olan qızılı çadıra, övladı olmayan isə qara çadıra aparılır. Bu dastandan da bəlli olur ki, oğlu olmaq böyük şərəf idi. Çünki elin-obanın namusunu, qeyrətini oğul çəkir, torpağı oğul qoruyur, düşmən qarşısına oğul çıxır, vətən darda olanda onu oğul xilas edir. Atalar bunu da deyib: “Aslanın erkəyi, dişisi olmaz”. Deməli, vətənə igid oğullar qoruyur, xanım qızlar, xanım gəlinlər, xanım analar dünyaya oğul gətürüb bu vətən üçün böyüdür. Ehtiyac olanda xanımlarımız aslan kimi döyüşə atılır, düşmənə göz açmağa aman vermir.

Azərbaycanın işğal olunmuş ərazilərini – cənnət Qarabağ torpaqlarını düşməndən xilas etmək üçün igid oğulları qırx dörd gün Vətən müharibəsində qəhrəmancasına döyüşdülər. Dünyanın hərb tarixində görülməmş bir şücaət göstərdilər. Rəşadətli ordumuz qarış-qarış, addım-addım irəlilədi. Vətənin hər qarışına şəhid qanı axdı.Hər addımında düşmən canı alındı. İllərlə mənfur düşmənin tapdağı altında qalan, lakin heç vaxt düşmənə xoşbəxtlik gətirməyən vətən torpağı şəhidlərin qanı ilə yuyulub təmizləndi, daha da müqəddəsləşdi.

Torpaq, əgər uğrunda ölən varsa, Vətəndir!

Biz qırx dörd günlük Vətən müharibəsində düşmənə qan udduran, qəhrəman əsgər və zabitlərimizi daha yaxından tanıdıq. Torpaqlarımızı erməni faşitlərindən azad etmək üçün orduya könüllü yazılıb döyüşlərdə iştirak edən idman üzrə dünya çempionlarımız, həkimlərimiz, müəllimlərimiz, musiqiçilərimiz, şair və yazıçılarımız, mühəndislərimiz, polis işçilərimiz, tibb işçilərimiz və daha kimlər, kimlər var idi. Son zamanlar sosal şəbəkələrdə əsgərlərimizin düşmən üzərində hər uğurlu əməliyyatdan sonra çalıb-oxumağı, rəqs eləməyi, özləri üçün təndirdə çörək və sac üstündə lavaş bişirməyii, kabab çəkmələri əhvalımıza xoş ovqat qatır, bizi sevindirir.

Sosial şəbəkələrdə şəhid şəkilləri görəndə göz yaşlarıma hakim ola bilmirəm. Hər birinin çöhərsi sanki günəşdən nur alıb. Hamısı bir-birndən yaraşıqlı, hamısı bir-birindən qoçaq. Elə bil Allah onları yaradanda nur parçasından yaratmış və aparanda da qara torpağı işıqlandırmaq üçün şəhidlik zirvəsinə qaldırmışdır. Belə nur üzlü şəhidlərdən biri doğma torpağın üstündə oturub bütün ruhu ilə vətənə sevgisini ifadə edən “Vətən yaxşıdır” mahnısını şövqlə oxuyan Xudayar Yusifzadədir. Xudayar anadan olandan iyirmi dörd gün sonra atası vəfat edib.

Demək olar ki, ata üzü görməyib. O, bütün varlığı ilə anasına və vətəninə bağlı idi.
Onun vətənə olan sevgisi ilahi bir eşqdir. Adının mənası da taleyinə təsir göstərib. Xuda sənə yar olsun, oğul! Xuda onu Şəhidlik məqamı ilə mükafatlandırdı. O, əvvəl bir ananın övladı idi, indi Xalqın övladıdır.

“Xudayar təsnifi” Vətən savaşının himninə çevrildi. Zəfər gününü bizə bəxş edənlərdən biri də Xudayar Yusifzadədir.
Torpaqlarımızın azadlığı uğrunda canından keçmiş bütün şəhidlərimizin ruhu şad olsun!

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 3 Ortalama: 3.7]

Back to top button