Ədəbiyyat

Təranə Nuri təqdim edir: ” Qızıl bazubəndin nağılı”… Uşaqlar üçün mətn və video….

Haşiyə:

Təranə Nuri Abşeron rayonunun Novxanı kəndindəki Mehdi Huseynzadə adina tam orta məktəbdə musiqi muəlliməsi işləyir. 20 ildən artiqdir ki bu təhsil ocağında şagirdlərə dərs keçir. Onun youtube kanalında öz  fəaliyyəti və sözügedən məktəbdə hazirlanan möhtəşəm tədbirlər haqqında videolar paylaşılır. Təranə Nuri Analoq.az-a bildirir: “Musiqi dərnəyimin və dərs prosesində sagirdlərimin fəaliyyətini də bu kanalda işıqlandırmışam. Hal-hazirda kanalımızda Azərbaycan və digər xalqların nağıllarını paylaşıram. Məqsədim budur ki, uşaqlarımız qədim nağıl və əfsanələrimizi bilsinlər. İndiki vaxtda uşaqlar kitablara həvəsli deyillər, amma internetdə, youtubedə paylaşılan videoları izləyirlər .Ona gorə də nağıllarımızı youtube kanalında paylaşmaq daha məqsədəuygundur .Yazilan rəylərdən anlaşılır ki, nağıllarımızı bəyənirlər və sevə-sevə dinləyirlər. Danısdığım əksər nağıllar uşaqlıqda Bikə nənəmizdən eşitdiyim nağıllardır. Həm də onlarin itib-batmaması üçün gənc nəsillərə çatdırmaq qərarına gəldim. Youtube kanalımda həm azyaşlılar, həm də böyüklər üçün maraqlı nağıllar var”.

Təranə Nuri uşaqlar üçün “Qızıl bazubəndin nağılı

 

 

Biri var idi, biri yox idi, çox qədim zamanlarda bir padşah var idi. Bu padşah cavan vaxtlarında hərbi səfərə yollanır. Bir gün qoşunla gedərkən bir bulağın başında dayanırlar dincəlməyə. Padşah baxır ki, bulaqdan bir gözəl qız su götürür. Onun qızdan xoşu gəlir. Kimin qızı olduğunu öyrənib elçi göndərir və bu qızla evlənir. Bir müddət onunla yaşayır. Bir gün padşah yola düşmək qərarına gəlir. Görür ki, qız hamilədir. Onu yanına çağırıb deyir:

-Mən artıq gedəsi oldum, səfərim çox uzun olacaq. Səni də özümlə apara bilmərəm. Al bu qızıl bazubəndi verirəm sənə. Əgər qızın olsa, satıb ona xərcləyərsən, bu, çox bahalı bir bazubənddir. Oğlun olsa, bunu verərsən ona, bağlayar qoluna. Gəlib bu bazubəndlə məni tapar.

Padşah bu sözləri deyib qoşunu ilə yola çıxır. Qız qalır öz məmləkətində. Vaxt-vədə tamam olur, bu qızın bir oğlu olur. Oğlan o qədər gözəl idi ki, aya deyirdi, sən çıxma, mən çıxım, günə deyirdi, sən çıxma, mən çıxım.

Aylar keçdi, illər dolandı, bu oğlan gəlib çatdı on beş yaşına. Bir gün o, küçədə uşaqlarla aşıq-aşıq oynayırdı. Uşaqlardan biri çığallıq elədiyi üçün oğlan ona bir şillə vurur. Bu oğlan da ağlaya-ağlaya gedir evlərinə. Bir azdan sonra bu oğlanın anası hücum çəkir bunun üstünə ki, ay atasından bixəbər, niyə mənim uşağımı vurmusan?

Bu sözü eşidən oğlan çox bikef olur. Gəlir evə, anasına deyir:
-Ay ana, küçədə mənə deyirlər, ay atasından bixəbər. Söylə görüm, mənim atam kimdir? Əgər deməsən, bu xəncərlə səni öldürəcəm.

Anası əvvəl demək istəmir, sonra görür ki, oğlan əl çəkməyəcək, məcbur qalıb deyir:
-Ay oğul, sənin atan var, özü də bir ölkənin padşahıdır. Mən sənə demirdim ki, qorxurdum, məni atıb gedərsən. İndi ki belə inadla soruşursan, al bu bazubəndi verirəm sənə, bağla qoluna. Çünki atan demişdi, oğlum olsa, bu bazubəndi verərsən ona, bağlayar qoluna, göndərərsən mənim yanıma. Mən onu bu bazubəndlə tanıyacam. Bax indi mən bunları sənə deyirəm, amma sən gəl, getmə. Məni tək qoyub haraya gedirsən?

Oğlan deyir ki, yox, mən hökmən getməliyəm. Anası məcbur qalıb bazubəndi bağlayır onun qoluna, yoluna da bir az azuqə tədarük edib yola salır.

Oğlan anası ilə halallaşıb düzəlir yola. Az gedir, üz gedir, dərə, təpə, düz gedir, gəlib çatır həmin məmləkətə. Ancaq o bilmirdi ki, bura atasının padşah olduğu məmləkətdir. Şəhərin kənarına çatanda yaxınlaşır bir evə, qapını döyür. Görür, qapını bir qoca qarı açdı. Qarıya deyir:

-Ay nənə, mən qərib adamam, burda heç kimi tanımıram. Məni bir gecə qonaq saxlarsanmı?
Qarı baxıb görür ki, bu, cavan və gözəl bir oğlandır, deyir:

-Allaha da qurban olum, onun qonağına da, saxlaram, niyə saxlamıram ki? Keç içəri.

Oğlan keçir içəri. Qarı Allah verəndən gətirib düzür süfrəyə. Yeyib-içirlər, sonra qarı soruşur:

-Ay oğul, kimsən, nəçisən? Hardan gəlib, hara gedirsən?

Oğlan cavab verir:

-Ay nənə, mən qərib bir oğlanam, həm də kasıbam. Gəlmişəm sizin şəhərdə iş axtarmağa.

Qarı deyir:

-Hə, nə yaxşı oldu. Mən də elə tək arvadam. Qal burda, mənim nəvəm olarsan, birlikdə yaşayarıq.

Oğlan razılaşır. Deyir ki, mən səhər gedərəm meşədən odun yığıb gətirərəm, şəhərdə sataram, onunla dolanarıq. Qarı da deyir, yaxşı.

Səhər açılır, oğlan bir ip götürüb gedir meşədən bir az odun yığıb gətirir bazara. Bir yerə qoyur ki, satsın. O saat adamlar yığışır bunun başına. Baxırlar ki, bu çox gözəl oğlandır. O saat bunun odunlarının hamısını alıb qurtarırlar. Bunun dayandığı yerdə bir dükan da var idi. Dükançı çox diqqətlə ona göz qoyurdu. Oğlan qazancını götürüb gəlir evə. Qarı deyir:

-Oğlum, odun gətirib satmaq çətin işdir. Gəl belə edək, mən çörək bişirim, sən aparıb bazarda sat. Oğlan razılaşır. Arvad başlayır çörək bişirməyə, oğlan da bu çörəkləri aparır bazara, satmağa. Yanındakı dükançı yenə də buna göz qoyurdu. Baxıb görür ki, bunun çörəklərini yenə də bir göz qırpımında alıb qurtardılar. Bilir ki, adamlar bunun gözəlliyinə görə yığışırlar onun başına və nə satsa, hamısını alırlar. Odur ki oğlana deyir:

-Ay oğul, sənin gördüyün bu işlər əziyyətli işdir. Gəl sən mənim dükanımda işlə, mən də ayda sənə filan qədər qızıl pul verərəm.

Oğlan deyir, yaxşı. Başlayır bu kişinin dükanında işləməyə. Camaat yenə də onun başına yığışır. Dükançının bir alveri gedir, gəl görəsən. Bütün şəhərə səs yayılır ki, bəs filankəsin dükanında bir gözəl oğlan işləyir, yemə, içmə, bunun xətti-xalına, gül camalına tamaşa elə. Bütün şəhər axışır bu kişinin dükanına mal almağa.

Günlərin bir günü bu məmləkətin vəzirinin qızı öz qaravaşını göndərir bazara ki, get dükandan filan şey al gətir. Qaravaş gəlir dükana, görür, burda bir oğlan var, dünya gözəlidir. Hamı da onun gözəlliyinə tamaşa eləmək üçün bura axışır. Qaravaş da dayanır bir kənarda və bu oğlana heyran-heyran baxır. O qədər baxır, bir də xəbəri olur ki, artıq hava qaralır, dükan-bazar da yavaş-yavaş bağlanır. Yadından da çıxır ki, nə almağa gəlmişdi. Bir də görür, xanım bunun ardınca başqa bir qaravaş göndərib ki, bəs get gör, bu qız harda qaldı?

Qaravaş gəlir xanımının hüzuruna. Vəzirin qızı qəzəblənib buna bir-iki şillə çəkir ki, harda qalmısan? Bayaqdan sənin yolunu gözləməkdən gözümüzün kökü saraldı. Qaravaş deyir:
-Ay xanım, mən gördüyümü sən görsəydin, heç gecə də gəlib evə çıxmazdın.

Səhər olur, xanım bu dəfə başqa qaravaşı göndərir qulluğa. Bu qız da gəlib dükanda oğlanı görür, onun gözəlliyinə heyran olur. Alacağı şeyi də unudur, eləcə qalır oğlana baxa-baxa. Yenə də hava qaralır və qızın yadına düşür ki, evə qayıtmaq lazımdır. Bu qız da əvvəlki qaravaş kimi əliboş qayıdıb gəlir evə. Vəzirin qızı bunu da döyür ki, bəs hava qaralıb, hələ sən gəlib çıxmamısan. Qaravaş deyir:
-Ay xanım, mən gördüyümü sən görsəydin, heç axşam da qayıdıb gəlməzdin evə.

Vəzirin qızını maraq götürür ki, bu qızlar orda nə görüblər ki, gedən deyir, mən gördüyümü sən görsəydin, axşam da qayıdıb gəlməzdin. Fikirləşir ki, bu dəfə özüm gedəcəm. Görüm, nə məsələdir.

Yenə səhər olur, vəzirin qızı təğyiri-libas olub gedir bazara. Gəlib çıxır həmin dükana. Baxır ki, burda bir oğlan var, həqiqətən, dünya gözəlidir. Aya deyir, sən çıxma, mən çıxım, günə deyir, sən çıxma, mən çıxım. O da bu oğlandan gözünü çəkə bilmir. Vurulur oğlana.

Qız qayıdır sarayına. Qulluqçularına deyir ki, gedərsiz o dükana. Orda işləyən oğlana deyərsiz ki, vəzirin qızı səni qonaq çağırır. Sonra gizli yollarla gətirərsiz saraya.

Dükanda alver yaxşı getdiyi üçün oğlan axşam da orda qalırdı. Ona görə də qarıya demişdi ki, ay nənə, alver yaxşı gedir, mən bir müddət gecəni də dükanda qalaçam.

Gecə oğlan bir də görür ki, iki nəfər qaravaş gəldi. Qızlar deyirlər, ay oğlan, vəzirin qızı səni sarayına qonaq çagırır. Hökmən getməlisən. Getməsən, sənin üçün pis olacaq. Oğlan görür ki, vəzirin qızıdır da, getməmək olmaz. Durub düşür bu qızların qabağına, düzəlirlər yola. Qızlar bunu gizli yollarla gətirirlər vəzirin qızının sarayına. Oğlan gəlib görür ki, burda bir məclis qurulub, gəl görəsən. Süfrələrdə cürbəcür ləziz yeməklər, meyvələr, şərablar düzülüb yan-yana. Bir tərəfdə də xanəndələr, sazəndələr əyləşib. Qərəz, çox gözəl, şahlara layiq bir məclis qurulub.

Vəzirin qızı oturmuşdu pərdənin arxasında. Oğlanı gətirirlər qızın yanına. Qız onu əyləşdirir yanında, başlayır ona qulluq eləməyə. Məclis başlayır. Səhərə qədər yeyib-içirlər, çalıb-oynayırlar.

Səhər açılır, qulluqçu qızlar yenə də oğlanı gizli yollarla gətirirlər, dükana qoyub qayıdırlar.

Beləliklə, üç gün-üç gecə belə davam edir.

Bir gün vəzirin casusları ona xəbər verirlər ki, bəs sənin qızın hər gecə məclis qurur, bir gözəl oğlanı gətirir yanına, səhərə qədər çalıb-oynayırlar. Bir gecə məclisin şirin vaxtında vəzirin adamları gəlirlər və bu oğlanı tutub aparırlar vəzirin hüzuruna. Vəzir üzünü oğlana tutub deyir:

-Sən kimsən ki, hər gecə gəlib mənim qızımla kef məclisləri qurursan, səhərə qədər çalıb-oynayırsan? Səhər açılan kimi səni şəhər meydanında edam etdirəcəyəm.

Oğlanı gətirib salırlar zindana.

Səhər açılan kimi vəzir gəlir padşahın hüzuruna, baş əyib deyir:
-Padşah sağ olsun, bir nəfər oğlanı zindana salmışıq. Hər gecə gəlib mənim qızımın sarayında kef məclisi qururmuş. İndi onu edam etməyə hazırlaşırıq.

Oğlanı gətirirlər meydana, dar ağacının yanına. Şah, vəzir-vəkil, bütün əyanlar da edama tamaşa etmək üçün gəlib öz yerlərində əyləşirlər. Cəllad hazırlaşır bunun boynunu vurmağa, baxır ki, bu, çox gözəl bir oğlandır, əynində də bir ağ köynəyi var. Köynəyi çıxarır ki, qana bulaşmasın. Köynəyi çıxardanda günəşin şüası düşür oğlanın qolundakı bazubəndə, bərq vurur. Padşah bunu görüb deyir ki, tez bu oğlanı gətirin mənim yanıma. Oğlanı gətirirlər padşahın yanına. Padşah oğlanın qolundakı bazubəndi açdırıb baxır və görür ki, bu onun verdiyi bazubənddir. Oğlandan soruşur:

-Oğlum, de görüm, sən kimsən, hardan gəlmisən, atan-anan kimdir? Bu bazubənd səndə hardandır?
Oğlan cavab verir:

-Padşah sağ olsun, mən filan vilayətdən gəlmişəm, anam filankəsdir, atam da bir məmləkətin padşahıdır. Bu bazubəndi də anam mənə verib.

Padşah ayağa qalxıb oğlanı qucaqlayır, bağrına basıb öpür, deyir:

-Həmin padşah mənəm, bu bazubəndi də sənin anana mən vermişəm. Mən sənin atanam, sən də mənim oğlumsan.

Sonra üzünü vəzirə tutub deyir:

-Vəzir, sən mənim oğlumu öldürmək istəyirmişsən?

Vəzir düşür padşahın ayağına ki, qurbanın olum, şah, mən bilməmişəm. Hardan biləydim ki, bu sənin oğlundur. Padşah deyir:
-İndi ki iş belədir, onda qızını verirsən mənim oğluma, oluruq qohum.

Vəzir canla-başla razılaşır. Padşah oğlanı gətirir saraya, vəzirin qızını alır oğluna, qırx gün,qırx gecə toy eləyir.

Nağılımız da burda sona yetir.

Göydən üç alma düşdü. Biri mənim, biri nağıl danışanın, biri də qulaq asanların.

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button