Ədəbiyyat

Mən elə çox darıxıram, ilahi – POEZİYA

Mən elə çox darıxıram, ilahi…
Pəncərələr gözlərimə yas tutub.
Pərdələr də yamaqlardan ağlayır,
Şüşələr də xəcalətdən tərləyib.
Nə gələnim, nə gedənim var daha.
Gör nə vaxtdı bu evciyin bir kərə,
Bircə kərə qapıları acılmır.
Daşa dönüb, cəftələri pas tutub.

Məktublar da cana gəlib əlimdən,
Göyərçinlər yoruldular, ilahi…
Bütün sevgi şeirləri yazıldı,
Bütün sevgi romanları oxundu
Bütün qışı səngərlərdə buz tutan,
Əsgərlərin corab payı toxundu.
Bircə mənim darıxmağım keçmədi.
Məktublarım əlimdəcə saraldı,
Builki qış nə sərt imiş, təəssüf,
Göyərçinlər qırıldılar, ilahi…

Sübh çağıydı, pəncərədən görürdüm,
Allah haqqı, Ay Günəşlə görüşdü.
Mən sobadan, soba məndən donurdu,
Tavandakı hörümcək də tək idi.
Bir otaqda iki tənha varıydı,
Biri ovdan, biri yardan yanırdı.
Şüşələrin arasından izinsiz
qonaq gələn külək belə, tək idi.
Elə soyuq külək idi inan ki,
Buza dönmüş nəfəsimlə qarışdı.
Bu qış idi…Nələr olmadı, nələr,
Qonşu kənddə qan düşməni varıydı,
Dost oldular, onlar belə barışdı!
Bircə mənim darıxmağım keçmədi.
Mən belə çox darıxıram ilahi…

Harda, nə vaxt nə olarsa bilirdim.
Harda, nə vaxt nə olarsa duyurdum.
Külqabıyla ciyərlərim şərikdi,
Tənhalığa yoluxuram ilahi…
Mən o qədər saf deyiləm bilirsən.
Harda, kimsə darıxsaydı duyardım.
Mən hamının, mən hər kəsin yerinə,
Darıxıram, darıxıram ilahi…

Habil RzaNur Mustafayev

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 1 Ortalama: 5]

Back to top button