“Nigaranam siz sarıdan, köhnə Bakı küçələri”-VÜQAR ƏHMƏD
Bizim Bakı küçələri
Cənublu şair Əbülfət Şeyxluya…
Soldu vaxtsız çiçəkləri,
Gül açmadı ləçəkləri,
Nakam qaldı diləkləri,
Köhnə Bakı küçələri,
Bizim Bakı küçələri.
Mənim doğma küçələrim,
Həm şadlığım, həm dincliyim,
Uşaqlığım, həm gəncliyim,
Köhnə Bakı küçələri,
Bizim Bakı küçələri.
Deyir mənə etibarsız,
Harda qaldın – ay vəfasız,
Bizi qoydun sən Vüqarsız,
Köhnə Bakı küçələri,
Bizim Bakı küçələri.
İnanmıram alqış edir,
Baharımı o, qış edir,
Sanki mənə qarğış edir,
Köhnə Bakı küçələri,
Bizim Bakı küçələri.
Məhəlləmdən keçsəm haçan,
Qocalıram mən anbaan,
Nigaranam siz sarıdan,
Köhnə Bakı küçələri,
Bizim Bakı küçələri.
Əjdadımın ruhu burda,
Çox bağlıyam doğma yurda,
Ayaq saxla, deyir: – Dur da!!!
Köhnə Bakı küçələri,
Bizim Bakı küçələri.
Ənzəli də oynayardıq,
Qaç-tutdudan doymayardıq,
Böyük keçsə- dayanardıq,
Köhnə Bakı küçələri,
Bizim Bakı küçələri.
Böyük dinsə, lal tək susan,
Çərşənbədə qapı pusan,
Birsifətli- nəsən, osan!
Köhnə Bakı küçələri,
Bizim Bakı küçələri.
Heç sevməzdi yalanları,
Çox qədimdi dalanları,
Namus, qeyrət qalaları,
Köhnə Bakı küçələri,
Bizim Bakı küçələri.
Uluların düşdü yada,
Hörmət vardı, dosta, yada,
Deyir hərdən gəl sal yada,
Köhnə Bakı küçələri,
Bizim Bakı küçələri.
Vüqar Əhməd
29.05.2020