Bu zalım dünyada doğulma… – ESSE
Həyat mübarizədən ibarətdir. Mübarizənin isə bitib tükənməz formaları, metodları, tərəfləri var. Özünlə mübarizə, düşmənlə mübarizə, təbiətlə mübarizə, yaşamaq uğrunda mübarizə, güclü olmaq uğrunda mübarizə, xəstəliklə mübarizə, pisliklərlə mübarizə, nəfsinlə mübarizə…
Yaradılış əzəldən dialektik sistemdə qurulub: xeyirlə şərin, yaxşı ilə pisin, güclü ilə zəifin mübarizəsi üzərində. Həyat da buna görə mövcuddur. Həyatın mühərriki də budur. Əks halda, yaşamaq eşqi olmaz, bəşəriyyətlə robot kütləsinin heç bir fərqi olmazdı.
Hərdən şikayətlənirik ki, çox pis dünyada doğulmuşuq, çox pis zamanda yaşayırıq, çox çətin şərtlərdə mübarizə aparırıq. Bəli, bu, belədir. Bura cənnət planeti deyil və heç kim də bizə burada kef edəcəyimiz haqda söz verməyib. Dünyamızı da, mühitimizi də, zamanımızı da biz seçmirik deyə bilirik. Amma bu tam tərsinədir. Karma qanununa görə məhz biz seçirik. İnsan həyatı birdəfəlik deyil, kainatdakı hər şey kimi əbədidir. Enerjinin dəyişilməsi qanunu. Kainatda hər şey enerjidir. Enerji isə, artmır, azalmır, yox olmur. Sadəcə formasını dəyişir.
Maddi olan hər şey müvəqqətidir, ruhi olan isə əbədi. Beləliklə, biz əbədi və ruhi kainatdan kənar düşdükdən sonra bu maddi dünyada çox həyatlar yaşaya bilərik. Maddi dünyadan qurtuluş var- bunun üçün tam kamilləşməli və yüksək insanı mərhələyə keçməliyik ki, geri- öz əbədi evimizə qayıda bilək. Əks halda, bu maddi dünyaya hələ çox gəlib gedəcəyik. Bu dünyadakı həyatın məqsədi təcrübə keçmək və imtahandan keçdikdə ali məskənə qəbul olmaqdır. Bu dünyada təhsil sistemi necədirsə, elə. Topladığın bala uyğun yer alırsan. Necə deyərlər, yuxarıda necədirsə, aşağıda da eləcə. Yəni, bu həyat sadəcə məktəbdir. Amma bu məktəbin konkret məcburi müddəti yoxdur. Müddəti biz təyin edirik. Biz öyrənənək dərs davam edəcək.
Deyilir ki, dünya zalımdır və hamıya qarşı ədalətli deyil. Amma ədalət də nisbi məvhumdur və bizim anlayışlarımıza tabe deyil. Bəzən bizim ədalətsiz saydığımız şeylər tam ədalətlidir. Nəyə layiqiksə, onu da alırıq. Nəyi əkmişiksə, onu da biçirik. Bu dünyada yox ha.. Çox vaxt əvvəlki həyatlarımızda əkdiyimizi bu həyatda biçirik, orada qazandığımız həyatı burada yaşayırıq və bu həyatda da növbəti həyatımızı müəyyənləşdiririk. Karma qanunu ədalət üzərində qurulub və məntiqlidir.
Təsəvvür edin, belə bir amansız dünyada, yaşamaq uğrunda mübarizənin getdiyi bir dünyada insanlığını qorumaq, kamilləşmək, müdrik olmaq nə qədər çətindir. Və bu imtahandan keçənlər yüksək məqamlara layiqdirlər və əbədi dünyaya qayıdacaqlar. Keçə bilməyənlər növbəti dəfə daha ağır şəraitdə bu məktəbi bitirməyə çalışacaqlar. Biz burada insan olaraq doğuluruq ki, kamilləşib Adam olaq.
Amma görünən odur ki, hələ həyatın mənasını dərk etməmişik. Dünyamızı, öz evimizi dağıdırıq, məhv edirik. Təbiətə zərər vuran, onu məhv edən yeganə canlı bizik. Hər cür pisliklər, dəhşətlər, faciələr yaradırıq, yaşadırıq, yaşayırıq. Lakin yaxşı işlərimiz də var. Fədakar insanlar var, dünyanı gözəlləşdirməyə çalışanlar var, başqalaırnı xilas etməyə cəhd edənlər var, bəşəriyyət uğrunda canını qurban edənlər var…
Ona görə də, hər pis şeydə günahı Yaradanda axtarmaq əvəzinə özümüzdə axtarmalıyıq. Bizi sadəcə, bütün yaxşı və pis şeylərlə təchiz ediblər. Nəyi harda necə istifadə edəcəyimizə özümüz qərar veririk. Əgər kimlərsə dünyada faciələr törədirsə, bunun günahı da bizdədir, biz ağıllı olsaq, məsələn, 8 və ya 80 insan 8 milyard insana hökm edə bilməz.
Dünyada yaxşıları da, pisləri də görmək lazımdır. Əsl seçim onda olur. Nəyi seçiriksə, onu da yaşayırıq bəşəriyyət olaraq. Bura cəzalanmışlar üçün cərimə batalyonudur, çətin tərbiyə olunan uşaqlar üçün məktəbdir. Biz bu həyatı özümüz qazanmışıq keçən həyatlarımızda. İndi səhvimizi düzəltmək üçün daha bir imkan verilib.
Bu həyatda nələr gördük, nələr eşitdik, nələr yaşadıq? Hamısı bir təcrübədir, bir dərsdir, bir nəticədir, bir bilikdir. Təsəvvür edin, çoxu biorobotlar olan mələklər və digər yüksək varlıqlar bunları yaşaya bilərmi? Əlbəttə ki, xeyr. Ona görə, Yaradan insanı kosmik ictimaiyyət qarşısında təqdim edəndə, “onu hamınızdan üstün yaratmışam, özümdə olan xüsusiyyətlərdən vermişəm və ən əsası ona mütləq azadlıq vermişəm, o fərqli varlıqdır və analoqu yoxdur” demişdi. Bəziləri insanın üstünlüyünə şübhə edərək, onun mənfi xüsusiyyətlərini önə çəkərək, dünyada onun nifaq salacağı, qan tökəcəyini deyəndə, Uca Yaradan onlara demişdi- Mən bildiyimi siz bilmirsiniz!
Bəli, Tanrının bildiyini biz bilmirik və bilə bilmərik də. Lakin bizə çox şeyi öyrənib bilmək, dərk etmək imkanı verilib. Beynimiz kainata bənzər və onun gücündə yaradılıb. Biz necə istifadə edirik, artıq bu qərar özümüzə məxsusdur. Tanrı buna müdaxilə etmir. Müdaxilə etsə ədalətsiz olmuş olardı. Qanunları qoyub və çəkilib kənara. Sadəcə müşahidə edir, Onun üçün insanın özünün öz gücü ilə, öz sevgisi ilə uca mərtəbəyə yüksəlməsi özünün şah əsərinin təntənəsi olacaq. Bu mövzuda bundan böyük nə həzz ola bilər Yaradan üçün?
Bəzən deyirlər, taleyim belədir, qismətim belədir. Xeyr, elə deyil. Tale və qismət adlı bir şey yoxdur. Alnımıza da heç nə yazılmayıb ki, filankəs belə olacaq, filankəs elə. Elə olsa, biz proqramlaşdırılmış robot olardıq, amma bizi azad varlıq yaradıb. Qərarları ya bu həyatımızda veririk, ya da keçmiş həyatımızda verdiyimizin nəticəsini alırıq. Əlbəttə, keçmiş həyatdakı pis karmanı bu həyatda yaxşıya dəyişmək imkanı həmişə saxlanır, eləcə də əskinə. Hər şey bizdən asılıdır.
Bu mübarizəni aparmalıyıq, döyüşərək, vuruşaraq. Əlbəttə ki, şərlə. Döyüşməmək təslim olmaq isə öz seçimimizdir. Nəfsimizə qalib gələ bilməmək də öz seçimimizdir. Yaradan xeyiri şərdən güclü yaradıb, biz təslim olmadıqca şər bizə qalib gələ bilməz. Ağlımız hislərimizdən güclü yaradılıb. Ağlımızı işlədəndə hisslərimizin tələsinə düşmərik. Lakin bu o demık deyil ki, hissələrimiz hamısı lazımsızdır və zərərlidir. Hisslər də 2 qrupa bölünür, müsbət hissələr, mənfi hisslər. Və ruhumuz bu enerjilərin mübarizəsində son qərarı ağılın köməyi ilə verir.
Hisslərimiz ağılla, müsbət enerji ilə dolu olanda məğlubedilməz olur. Kainatda ən güclü enerji Sevgidir. Tanrının özündən belə güclü yaratdığı enerji. Yalnız Sevgi qarşısında Uca Yaradan acizdir. Biz bunu unudanda adamlıqdan çıxırıq və adi ət sümük kütləsinə (insana) çevrilirik.
İndi baxaq, biz hazırda maddi kainatdayıq, burada hər şey müvəqqətidir, biz burada yaşlanırıq, xəstələnirik, ölürük, hər şey zamana tabedir. Bu şəraitdə yaşamaq əlbəttə, çətindir. Lakin kainatın qanunları belədir, yaxşı şeylər asan əldə olunmur, müftə verilmir, ona layiq olmalısan, onu qazanmalısan. Doğrudur, döyüşlər, mübarizələr bərabər şərtlərdə, bərabər imkanlarda getmir. Lakin nəyin nədən üstün olduğunu biz hardan bilə bilərik? Bizim böyük və güclü saydığımız çox şey Tanrı üçün yox kimi bir şeydir, bizim zəif və güclü saydığımız çox şeylər isə Tanrının gözündə ən böyük mərtəbədir. Qısa misalla desək, başqaları üçün gücü çatanın 50 faizini edənlə, 5 faizini edən arasında yerlə göy qədər fərq var. Əlbəttə, 5 faiz edənin sərf etdiyi zəhmət, sərvət və s. 50 faiz edəndən çox ola bilər. Lakin burada maddi üstünlük yox, mənəvi üstünlük əsasdır. Kobud misalla desək, 3 çörəyi olan birinin bir aca 1 çörək verməsi, 100 çörəyi olan birinin 10 çörək verməsindən üstündür. Bax dünyamızın qanunları bu sistem üzərində qurulub. Enşteynin dediyi kimi, hər şey nisbidir. Mütləq olan yalnız Tanrı özüdür.
Xülasə, bu zalım dünyada ədalət də var, ədalətsizlik də. Xeyir də var, şər də. İşıq da var, qaranlıq da. Cahillik də var, kamillik də. Baxır biz hansına yönəlirik. Bəli, müdrik olmaq çətindir, burada hətta ölüm qorxusu da var. Lakin ölüm deyə bir şeyin olmadığını artıq elm də qəbul edir. Metafizika deyir ki, enerji itmir, insan öldükdən osnra belə ondan enerji şəkilində informasiya bazası köçürülür.
Deməli, doğru yoldayıqsa, bu dünyada heç nədən qorxmağa dəyməz. Ölüm dediyimiz sadəcə maddi bədəni, yəni növbəti paltarı tərk etməkdir. Ya maddi dünyadan birdəfəlik qurtuluruq, ya da ən pis halda növbəti dəfə başqa bədəndə bu dünyada peyda olacağıq. Bütün həyatlarımız əbədi informasiya bazasında toplanır. Biz bu dünyaya gələndə əbədi yaddaş bağlanır və cari yaddaş açılır. “Ölüm” zamanı əbədi yaddaş yenidən yüklənir və sən bütün həyatlarını son saniyəsinədək xatırlayırsan.
Ölümün yeganə ağrılı məqamı sevdiklərindən müvəqqəti ayrılmaqdır. Amma yaradılış sevgi enerji üzərində bərqərar edildiyindən (və enerji madə olamdığına görə heç vaxt yox olmadığından) ola bilməz ki, sevdiklərindən əbədi ayrılasan. Cəzan varsa, müvəqqəti ayrılacaqsan. Qovuşmaq üçün imkanların həmişə qalır.
Zamanın nisbi olduğu, keşmiş, indi və gələcəyin eyni vaxtda paralel olaraq mövcud olduğu bir sistemdə zaman haqda danışmaq çətindir. Maddi həyatda bizə uzun və bitməz gələn 100 illik müddət əslində bir an belə deyil. Əslində, qorxulu heç nə yoxdur. Hər şeyi bir anda dəyişmək öz əlimizdədir. Ruhumuzu bu maddi dünyadan xilas etmək üçün imkanımız var.
Beləliklə, aydın olur ki, bizim bu dünyadakı həyatımız müasir elmi-texnoloji dillə desək bir simulyasiyadır, biz maddi dünya adlandırılan matriksdə yaşayırıq. Matriksdən çıxmaq üçün yeganə yol var- kamilləşmək, sevgi ilə dolu olmaq, fövqəlinsan (adam) mərtəbəsinə yüksəlmək.
Buradakı həyatımız son dərəcə zəngin, son dərəcə keşməkeşli, son dərəcə maraqlı, son dərəcə əzablı,son dərəcə sevincli, son dərəcə kədərli hisslərlə aparılan mübarizədə keçir. Müdriklər deyir ki, bu dünyada yaşamağın yerini heç nə verə bilməz. Dinlərdə və mifologiyada qeyd olunur ki, bir çox yüksək varlıqlar insan kimi doğulmağı arzulayırlar. Çünki onlar müəyyən çərçivələr daxilində mövcuddurlar, insan isə kainatda mövcud olan və mümkün olan hər şeylə təchiz edilib, əhatə olunub. Ona Yaradan tərəfindən müstəsna hüquqlar tanınmışdır.
Bu dünya həyatı çox ziddiyyətlidir. Burada sevinci yaşamaq var, kədəri yaşamaq var, ağlamaq var, gülmək var, sarsılmaq var, ucalmaq var, sevmək var, nifrət etmək var, döyüşmək var, təslim olmaq var, qələbə qazanmaq var, məğlub olmaq var, xəyanətə uğramaq var, fədakarlıq var, mərhəmət var, zalımlıq var, ac qalmaq var, dözmək var, səbr etmək var, hər şeyi itirmək var, hər şeyə sahib olmaq var… hər cür hisslər var, duyğular var… var ki, var. Yox yoxdur. Yox olan yeganə şey ölümdür- ölüm yoxdur.
İndi siz deyin, həddən artıq maraqlı olan bu “zalım” dünyada doğulmağa dəyərmi? Heç olmasa bir dəfə…
Elçin Bayramlı
Analoq.az