Yazarlar

Sabirə bax, səbrə bax…

Hardasa bir ayın söhbətidi. Yolum Şamaxıdan düşmüşdü. Bu qədim-qayım yurdumuzda gözəlliklərlə bərabər, ürəkgöynədən bəzi məqamların da şahidi oldum. Həmin təəssüratımı sizinlə paylaşmaq istəyirəm. Çünki gördüyüm hadisə məni düz bir ay susmağa vadar etdi. Və susdum. Bu gün isə artıq öz səssizliyimə qarşı bir üsyan etmək istəyirəm. Nə az nə çox. Axı bu gün may ayının 30-dur.

Bir ay öncə bir dostumuzun dəvəti ilə yollandıq Şamaxıya. Sözün düzü çoxdanki arzum idi oraları görmək. Elə dəvətlə arzum ust-ustə düşdü. Şamaxıya çatar-çatmaz buranın gəzməli-görməli yerlərinə baş çəkdik, havasını icimizə aldıq. Sonra Şamaxıda bişirilib-düşürülən yeməklərin dadına baxdıq. Axşam isə dostumuz bizə gözəl bir samovar çayı qonaqlığı verdi. Səhərə qədər dedik-güldük, necə uyuduq heç bilmədik…

Şamaxı qədim diyardı. Böyük şairlərin, astronomların, münəccimlərin, filosofların, üzü bəri gəldikcə adlı-sanlnı aşıqların yurdudu. Şamaxı dövlətçiliyimizin gəlişdiyi yerdi. Zaman-zaman dövlət gələnəkləri burda bərqərar olub, burda formalaşıb. Nə isə…

Səhər dostumuzdan xahiş etdik ki,bizi Mirzə Ələkbər Sabirin məqbərəsinə aparsın. O sağ olsun, işini-gücünü atıb bizə yoldaşlıq elədi. Yazımın əvvəlində qeyd etdim ki, Şamaxıda gördüyüm bir hadisə mənə çox pis təsir etmişdi. Və indi o gördüyümü nəql eləmək istəyirəm. Gəlib Sabir babamızın məqbərəsinə yetişdik. Yetişdik və… Babamız Sabiri çox fərqli şəkildə gördük. Bu fərqlilik nədən ibarət idi? Düzü, heç ağlımıza gəlməzdi ki, Sabir babamızın uyuduğu məzarlığa arşı belə bir laqeyd, etinasız münasibətin şahidi olacağıq. Düşünürəm ki, ümumiyyətlə Sabirə hər hansı münasibət onun uyuduğu məzarlıqdan başlayır. Qəbiristanlıq başdan-başa araq, çaxır şüşələriylə dolu idi, üstəlik də burada yeyib-içən bəzi “kef əhlinin” “zakuska”ları da, tullantılar da var idi. Qəbirlərin çoxunun üstündə meyvəyə, stəkana, sok şüşələrinə rast gəlmək olurdu. Qəbiristanlıqda bu mənzərəni görəndə əvvəlcə elə bildim, hansısa restoran və ya kafenin zibilxanasındayam. Amma başdaşıları dəqiq qəbirstanlıqda olduğumuzu anladırdı. Və beləcə ucdantutma bütün qəbirlər bu şəkildə “bəzədilmiş” idi. Belə təhqirli “bəzəmə”lərə daha çox Mirzə Ələkbər Sabirin məzarı məruz qalmışdı. (Orada uyuyanların ruhu bizi və bizləri bağışlasın). Böyük şairin məqbərəsi bağlı idi. Mirzənin məqbərəsinə çatdıq, açıb içəri keçdik. İlk baxışdan müəyyən etmək çətin deyildi ki, qəbrin ətrafı sonuncu dəfə nə vaxt təmizlənib, qaydaya salınıb. Yəqin ki, yaxınlıqda çalışan fəhlələr də artıq həmin tarixi unutmuşdular. Yenə də onlara yaxınlaşıb bu laqeydliyin səbəbini soruşduq. Fəhlələrin “150 manat verin, Sabirə də diqqət edək” demələri bizi səksəndirdi. Bu iyrənc təmmana hara, Sabir hara. Bir şeirdə deyildiyi kimi Sabirin səbri hara? Bu laqeyd münasibət əlbəttə ki, kökündən yanlışdı, gördüklərim və bu təmənna qarşısında duyğularımı emosiyalarsız ifadə edə bilmirəm. Nə yaxşı kı, iş adamı şair Gülağa Tənha vaxtilə öz hesabına şairə məqbərə ucaldıb və orada səliqə-səhman yaradıb. Amma o səliqə- səhmandan indi heç bir əsər-əlamət yoxdur. Oradakı qəbirqazanlardan minnətlə süpürgə, bel alıb məqbərədə xeyli təmizıik işləri apardıq. Sabirin məqbərəsində gördüklərimi sətir-sətir yazsam, səhifələr dolar, amma inanılması müşkül olar. Rəhmətliyin özü demiş,

“Görmə!-Baş üstə,yumaram gözlərim”.
-Dinmə!-Mütiəm,kəsərəm sözlərim.
-Bir söz eşitmə!-Qulağım bağlaram
-Gülmə!-Pəkey,şamü səhər ağlaram
-Qanma!-Bacarmam!Məni məzur tut,
Böyləcə təklifi-məhalı unut!
Qabili imkanmı olur qanmamaq?
Məcməri-nar içrə olub yanmamaq?
Eylə xəmuş atəşi-suzanını,
Qıl məni asudə,həm öz canını
Dəyişib dövrü-zaman hamı gümannan danışır,
Molla rüşvətxanadan,kafir imannan danışır.
Bir zaman eşşəyimiz arpa bəyənməzdi bizim,
İndi eşşəyimiz ölüb,at da samannan danışır
Qalmayıb sevgi məhəbbət işığında bir ümid
Məcnun artistlik edir,Leyli yalandan danışır
Keçmişdə məşhur olan “qəhrəman aslanlarımız”
Meşəyə girmək üçün indi siçannan danışır
İstədim dillənib öz haqqımı isbat eləyim,
Dedilər: Pulsuz olan insan haçannan danışır?!

Qəbiristanlıqda işləyən qəbirqazanlardan biri də azyaşlı məktəbli idi. O azyaşlı məktəbli təbii ki, Sabiri tanıyır-tanımır, deyə bilmərəm. Uşaq gördüyün götürər. Burda “Oğuznamə”dən bir misal fikrimi çəkdi: “Günah böyüyün, suç kiçiyindi”.

Tərpənmə amandır bala, qəflətdən ayılma!
Açma gözünü, xabi-cəhalətdən ayılma!
Laylay, bala, laylay!
Yat, qal dala, laylay!

Əvvəlcə böyük şairin qəbri üstə gördüklərimi qələmə almaq istəmədim. Ama yox… gördüm ki, desəm öldürsələr də, deməsəm elə ölləm. Birdən adamın içindən keçir ki, bir anlığa da olsa keçəsən “o dünyaya” deyəsən a rəhmətlik yeyib-içib, ənam-xələt alıb kef çəkə bilmirdin, sənə lazım idimi, bu millətə görə özünü oda-közə vurmaq, ustadın Seyid Əzimdən öyrəndiklərini bizlərə ötürmək, milləti maarifləndirmək, sonra bildiklərini “Molla Nəsrəddin”lə dedirtdirmək. Ən əsası isə “Hop-hopnamə” kimi şah əsər qoyub getmək”.
Ona görə də zaman-zaman gördüyün çətinliklər, dərd-ələmli günlər səni bizdən tez ayırdı. Səni sağlığında da çox incitdik. Bu da qəbrinə, ruhuna olan hörmət.

İstərəm ölməyi mən, leyk qaçar məndən əcəl,
Gör nə bədbəxtəm, əcəldən də gərək naz çəkəm!

Baba, sənə vaxtilə “din düşməni” deyib lənətləyiblər (lənətə gəlmişlər). Eh, indi onlar aşıq demiş pərpətöyün toxumu kimi o qədər artıblar ki, məzarından da qisas almalı olublar, bəlkə. Bir də o var ki, ölən ölüb, ama Sabir diridi, həmişə də diri qalacaq.

Şamaxıda yaşayan dostum dünən zənq etdi və şad xəbər verdi ki, bəs Şamaxıdakı bütün idarələrin xadimələrini töküblər məqbərəyə. Sabir poeziya günləri keçiriləcək, ona görə orada iməclik keçirirlər. Sözün düzü, bu xəbər də heç könlümcə olmadı. Elə Sabirin özü demis:

Demək olmaz dirilər tək yatıb, əlbət, duracaq,
Ölülər yatmağıdır, yox buna payan, ölüb əəə!

Savalan Talıblı

Analoq.az

Daha çox
Back to top button
Close