Siyasət

Fakt ortadadır – Nikol Paşinyan ağ bayraq qaldırıb, təslim olub

İşğalçı Ermənistan ordusunun Azərbaycanın döyüş mövqelərini və mülki əhalisini ağır artilleriyadan atəşə tutması nəticəsində Silahlı Qüvvələrimizin sentyabrın 27-dən başlatdığı hərbi əməliyyatlar düşməni çoxlu sayda canlı qüvvə və hərbi texnika, silah-sursat itirməyə məcbur edib. Bu vəziyyət təcavüzkar ölkənin baş nazirinin sözün məcazi mənasında başını itirməsinə, həqiqi mənasında isə ağır vəziyyətə düçar olmasına səbəb olub.

Artıq onun danışıq tərzi, ritorikası da dəyişib. Əgər o, əvvəllər Azərbaycana heç bir güzəştin olmayacağını bəyan edirdisə, indi güzəştə getməyə hazır olduğunu bildirir. Düzdür, yenə də özünü tox tutmağa çalışır, qarşılıqlı güzəştlərdən bəhs edir. Amma fakt ortadadır – Nikol Paşinyan ağ bayraq qaldırıb, təslim olub.

Vəziyyət o həddə gəlib çatıb ki, artıq Rusiya Prezidenti Vladimir Putin belə onun zənglərinə cavab vermir. Qorxusundan Azərbaycanı dayandırmaq üçün Rusiya Prezidentinə beş dəfə ağız açan Paşinyan digər ölkələrin birinci şəxslərinin də zəhləsini töküb.

Döyüşlər başlayan ilk gündən Prezident kimi diplomatik məharəti, Ali Baş Komandan kimi qətiyyəti ilə heyranlıq doğuran İlham Əliyev isə əmin addımlarla irəliləməkdədir. Bu müddət ərzində Azərbaycan Prezidenti heç bir ölkənin prezidentinə məsələ ilə bağlı zəng etməyib. Azərbaycan Prezidentinin təmasları olub, hərbi əməliyyatları dayandırmaq xahişi ilə Azərbaycan Prezidentinə müraciət ediblər.

Ancaq görünür, zəng edənlər də unudurlar ki, vəziyyətin bu həddə gəlib çatmasının günahkarı bilavasitə Ermənistanın avantürist baş naziri Nikol Paşinyandır. Məhz o, danışıqlar prosesində uzun illər ərzində əldə edilmiş razılaşmaları pozdu, onun baş nazirliyi dövründə işğal olunmuş torpaqların qaytarılmayacağı bəyan edildi, Qarabağın Ermənistana aid olması kimi sərsəm fikirlər ortaya atıldı. Qondarma “DQR”in başçısının “inauqurasiyası” Azərbaycan üçün müstəsna dəyərə malik, Dağlıq Qarabağın işğalından əvvəl əhalisinin əksəriyyəti azərbaycanlılardan ibarət olan Şuşa şəhərində keçirildi. Məhz bu dövrdə qondarma rejimin qondarma parlamentinin Xankəndidən Şuşaya köçürüləcəyi bəyan edildi.

Hərbi əməliyyatların gedişi isə Ermənistan rəhbərliyinin danışıqlarda Azərbaycana şərt qoymaq, danışıqlar prosesinin formatını dəyişmək kimi bütün iddialarını darmadağın etdi. Ermənistan Azərbaycanın tələb etdiyi şərtlər əsasında danışıqlar prosesinə getmək üçün bu gün özü yalvarır.

İşğalçı Ermənistanın Baş naziri Nikol Paşinyanın yürütdüyü siyasət üzündən danışıqlar prosesinin pozulmasına səssiz qalanların indi hərbi əməliyyatları dayandırmaq çağırışı etməsi üçün əslində üzləri olmamalıdır.

Beləliklə, bu hərbi əməliyyatlar Prezident İlham Əliyev əzmli və qətiyyətli siyasətçi və dövlət başçısı olduğunu bir daha sübut etdi. Ermənistanın havadarları olan dövlətlər və böyük güclər tərəfindən təzyiqlərə baxmayaraq, Prezident İlham Əliyev öz prinsipiallığını və qəti əzmini bir daha nümayiş etdirdi. Dövlətimizin başçısı bir daha sübut etdi ki, Azərbaycanın milli maraqları onun üçün ən ali dəyərdir.

Bu hərbi əməliyyatlar Ermənistanın dövlət olaraq iqtisadi əsaslarını da əhəmiyyətli dərəcədə sarsıtdı.Səxavət Həmid

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button