Müsahibə

“Mən təhsilimizin gələcəyinə inanıram”-MÜSAHİBƏ

Elvina Dəmir Mirzə hazırda Azərbaycandkı İstanbul litseyində müəllimə işləyir. Bir vaxtlar ailə həyatı quraraq Azərbaycanda bizlərdən biri olub.Onunla təhsillə, şagirdlərələ bağlı ümumi və konkret fikirlərini paylaşmaq istədik.

-Salam. Necə gedir işləriniz?

-Sağ olun. Pis deyil.

-Nə vaxtdan İstanbul litseyində işləyirsiniz?

-Açılandan ordayam. Əvvəlcə isə Atatürk Litseyində işləmişəm. Ondan əvvəl də Ukraynada, Krımda müəllim kimi fəaliyyət göstərmişəm. İki təhsilim var. Biri ibtidai sinif müəllimliyi və digəri tarix üzərinə təhsil almışam. Tarixi Bakı dövlət unversitetində, ibtidai sinif müəllimliyini isə Krımda bitirmişəm.

-Neçənci ildən etibarən Azərbaycandasiniz?

-1991-ci ildən etibarən burdayam. Məni taniyanlar deyirlər ki, bizdən çox Azərbaycanlısan. Harda oluramsa olum, Azərbaycanın mədəniyyətini, haq- hüquqlarını qorumağa, müdafiə etməyə çalışıram.

-Sizin səhifənizə göz atdım. Ora girən əməlli – başlı gedib türk dünyasını qurar. Bakı İstanbul litseyindəki işlərinizdən başlayaq istərsəniz..

-Mən rus bölməsində ibtidai sinif müəlliməsiyəm. 2-ci, 3-cü siniflərin rəhbəriyəm. Mən rus bölməsində olsam da, valideynlərlə Azərbaycan türkcəsində danışıram. Rus dilini mükəmməl bilməyimin buna dəxli yoxdur. Şagirdlərimə isə Azərbaycanın və türklərin, ümumtürk tarixini, onun zənginliklərini anlatmağa, onlarda buna az yaşlarından maraq oyatmağa çalışıram.

-Aha..

-Keçən il 1-ci sinif idi. İndi 2-ci, 3-cü siniflərə dərs deyirəm. 1-ci sinifdən 4-cü sinifə kimi gətirirəm. Sonra isə burdan etibarən fənlər də ayrılır və hər fənnin öz müəllimi dərsə gəlir.

-Sizin litsey ödənişlimi?

-Bəli…

-Ora qəbul zamanı hansı şərtləri ön plana alırsınız?

-İmtahan verirlər. Ümumi mədəniyyət və dünyagörüşlə bağlı Azərbacan və rus dillərində imtahandan keçirilirlər. İngilis dili də qaçınılmazdır. Həm də baxırıq da, necə bir şagird alırıq məktəbə.

-Sizə müraciət edən uşaqların içində öz dillərini bilməyənlər varmı, olubmu?

-Hazırda 3-cü sinifdə bir şagirdim var. O Azərbaycan türkcəsini bilmir. Valideynləri azərbaycanlıdır. Əvvəllər Ukraynada yaşayıblar. O uşaq öz ana dilini bilmir.

-Litseydə hansı bölmələr fəaliyyət göstərir?

-Rus, ingilis, Azərbaycan, türk bölmələrimiz var. Mən rus bölməsəində işləyirəm. Ancaq həftədə dövlət məktəblərində iki saat Azərbaycan dili olduğu halda, bizdə 5-6 saatdır.

-Ümumiyyətlə, şagirdlərin təhsil səviyyəsi, bilikləri alqılama səviyyəsi sizi qane edirmi?

-Eləmir. Niyə? Azərbaycanda təhsil sistemi güclüdür. Amma indiki problem qlobal bir problemdir. Bu təkcə Azərbaycanın problemi deyil. Bilirsinizmi, uşaqlarımız ətraf mühitə baxmağı artıq unudublar. Dərsə giririəm. Uşaqlara deyirəm ki, pəncərədən baxın. Nə görürsünüz? Uşaqlar bu sualın qarşısında susmalı olurlar. Oysa baxdığında, havanın istimi, soyuqmu, ağacların yarpaqlımı yarpaqsızmı olduğunu, maşınların, insanların keçdiyini baxıb görüb deyə bilərlər. Ancaq görmürlər.

-Nəyə görə sizcə?Dialooq qura bilmirlərmi?

-Bəli. Ya dialoq qura bilmirlər, ya da indiki uşaqların psixoloji durumu lazımi səviyədə deyil. Öz uşaqlarımdan götürmək istərdim. Onlarla istəyirəm danışam, ünsiyyət quram. Alınmır. İşdən gəlirəm. Yorğun oluram. Bu qlobal məsələdir. Sadəcə Azərbaycanda deyil. Bacım Krımda işləyir. Onunla da bu məsələni müzakirə edirik. O da eyni problemdən şikayət edir.

-Bu ki faciədir. Valideynlər bu məsələlərdə heç bir addım atmağa meyilli deyillərmi? Texnologiya uşaqların doğru- düzgün böyüməsinə mane olurmu?

-Texnologiyanı lazımı yerlərdə istifadə etmək olar.
İndiki gənc anaları parklarda, metrolorda görürəm, uşaqları yanındadır, onlara belə baxmırlar, elə gözləri telfonun ekranındadır. Yaxut da uşaqdı da ağlayar, dəcəllik edər. Görmüşəm ki, onu susdurmaq üçün telfona oyunlar, müxtəlif səslər qoyurlar ki, uşaq təki sussun. Bunu biz başqa ölkələrdiki videolordan da görürük.

-Bax bu ekrandakı oyunlar, onların səsləri, lap çizgi filmləri uşaqların şüuruna erkən yaşından necə təsir edir?

-Məncə, hər şeyin bir ölçüsü var. Elə çizgi filmi var ki uşağa kobud təsir edir, eləsi var ki, yaxşı təsir edir. Burda artıq valideyinlər seçim eləməlidir. Valideyn bu oyunların, filmlərin hamısını süzgəcdən keçirməlidir.

-Çağdaş dünyada artıq alimlər də deyirlər ki, bu texnologiyalardan bizə təqdim edilənlər düşünülmüş proyektlər, böyük layihələrin tərkib hissəsidir. Bu gözəl bildiyimiz görüntülərin əksəriyyəti insanların özəlliklə, uşaqların, gənclərin şüuraltında böyük çapda yaralar açır və gələcəkdə böyük problemlər çıxarır ortaya. Üstəlik də, bilirsiniz, son zamanlar oyun vasitəsi ilə ölümlərin baş verməsi də bir yandan bu məsəllərin bariz nümunəsinə çevrilir.

– Mən valideyinlərlə bu barədə söhbət edirəm tez – tez. Uşaqlardan eşitmişdim müəyyən çizgi filmlərinə baxmalarını. Psixoloqdan soruşdum. Dedi ki, bəli, bu filmlər uşaqları başqa yerə sövq edir. Mən uşaqları çalışıb başqa yönə, intellektual, ağıllı oyunlara sövq edirəm. Əgər telefon istifadə olunacaqsa, məncə, faydalı yöndə baxılması daha yaxşıdır.

-Uşaqların tərbiyəsində problem yoxdur ki? Siz uşaqları qəbul edərkən, daha hansı üstünlüklərə önəm verirsiniz?

-Bizdə əsasən işləyən valideynlərin övladları təhsil alır. Onların daha elə problemləri yoxdur ki, kimsə nə vaxt gəlsin uşağı aparsın gətirsin. Uşaqlara axşama kimi nəzarət olunur. Tezdən valideyn uşağın gətirib bizə təslim edir. Axşam da gəlib təslim alır. Onun gün ərzində 3 dəfə yeməyinə kimi yediririk. Tualetinə qədər o uşaqların öz övladlarımız kimi durumlarıyla ilgilənirik. Mən sinif rəhbəriyəm həm də. Əgər ingilis dilindən zəif olan bir şagirdimiz varsa, mən ingilis dili müəllimiylə danışıram ki, onunla əlavə məşğul olsun.

-Ərköyünləriniz də olmamış olmaz yəqin..

-Ərköyünlük belədir ki, uşaqlarımızın hamısı bilir, sinifdə hamı eyni şəkildə davranmalıdır və davranırlar da. Tənəffüsdə nəsə lazım olarsa, gəlib mənə deyə bilərlər. Nizam – intizamsız heç nə mümükün deyil. Uşaqların təhsil və tərbiyə məsələsində bünövrəsini sağlam qoymaq lazımdır.

-Dərsliklər valideynlərin elədiyi ödənişin içindədirmi?

-Bəli, bütün dərsliklər, yeməklər, geyimlər ödənişin içindədir. Hamı eyni formanı geyməlidir. Bizdə kasıbın, zənginin uşağı arasında fərq yoxdu. Şahmat, rəqs dərslərimiz var. Sərgilərə də gedirik. Uşaqların hamısı eyni şəkildə sossial həyatı da paylaşırlar.

-Uşaqlarınız içində xüsusi istedadı olanlar varmı?

-Var. Şeir yazan uşaqlarımız var. 2-ci sinifdə. Məktəb daxilində rus dilində yazırlar və rus dilində şeir yarışması keçirilir. Bu yarışmanın birində 4 nəfər şagirdim yer almışdı. Sertifikatlarla təltif edilmişdilər.

-Sovet dönəmidə divar qəzeti olurdu məktəbdə…

-Bizdə yuxarı siniflər o işlərlə məşğul olur. Aşağı siniflər 3-cü sinifdən başlayacaq. İndiki uşaqlar çox sıxışdırılmalarını sevmirlər. Onları bir az boş buraxmaq, demokratik bir şərait təşkil etmək lazım . Çünki onlar belə bir ortamı, ovqatı sevirlər. Mən krım tatarıyam. Bizim milli məktəblərimiz olmadı. Biz məcburən rus bölməsində oxuduq. Tatar olduğumu bilsəm də, dilimi o qədər də bilmirdim. Rus dilini isə ana dilim kimi bilirdim. SSRİ-nın bayrağını da öz bayrağım zənn edirdim. Milli kimliyimizi bilmirdik. Indi isə hər Azərbaycanlı hansı bölümdə oxumasına baxmayaraq, bunu bilməyə borcludur. Bu yöndə əlimdən nə gəlirsə, eləməyə çalışıram.

-Siz həm də tarixçisiniz. Kitablardakı, dərsliklərdəki mətnlər sizcə Azərbaycanı ifadə baxımdan, yaxut o mövzuların səviyyəsi qənaətbəxş hesab edilə bilərmi?

-Dərsliklər qane edir. Ancaq daha artığı da ola bilərdi. Daha zəngin ola bilərdi.

-Bir tarixçi ruhuyla uşaqların təfəkkürünü əsasən hansı istiqamətə yönəldirsiniz? Ümumtürk məsəllərindən söz salırsınızmı?

-İndiki aşağı siniflərdə tarix dərsləri olmur. Ancaq millikimlikləri, vətən, torpaq sevgisi mövzusnda söhbət salıram. İndik uşaqlar tez tez hansısa xarici ölkələrə gedəcəklərini deyirlər. Bu məni qorxuzur. Soruşuram səbəbini, deyir ki, orda qayda- qanun var. Tıxaclar yoxdur. Mən də uşaq anladığı dildə deyirəm, birdən 10 milyon Azərbaycan vətəndaşı köçüb Almaniyaya getsə səncə, o zaman nə olar? Uşaq fikirləşdikdən sonra mənə dedi ki, yəqin ora da çirklənəcək. Misal çəkdi ki, küçədə gedən insanlar küçəni zibillədir, əllərinə keçəniyerə atır, siqareti yerə atır, yerə tüpürür. Yəni bu saydıqlarını öz gözləri ilə görən o balaca uşaq dedi. Dedim ki,Almaniyaya getsə bütün azərbaycanlı, nə olacaq? Burdan nə çxır dediyimdə, uşaq dedi ki, biz düzəlməliyik. Ən azından bu misalla sanki uşaq özü öz məntiqi sayəsində gerçəklərə toxundu. Nədən bizim beyinlər xaricə axın etməli. Xəritəni internetdən açıb Qubanın Çənlibel gölü ilə İsveçrənin şəklini də açıb göstərirəm və deyirəm ki fərqi görürsünüzmü?Deyirəm baxın, Allah bizə zəngin torpaqlar verib. Biz nədən öz gözəl ölkəmiz ola- ola bu torpqları qoyub gedib başqa bir ölkədə ikinci dərəcəli vətəndaş olmalıyıq? Kürəsəl isinmədən dolayı, hesablamalara görə, Hollandiya bir azdan suyun altında qalacaq. Onlar ya köçməli, ya su üzərində bir həyat düşünməlidirlər. Biz bu gözəl vətənimizi sevməli, inkişaf etdirməli və qorumalıyıq.

-Qarabağla bağlı dərslərdə uşaqlara bəs necə bilgi verirsiniz? Dərslik mətnləri bir müəllim kimi bu yöndə sizi qane edirmi?

-Yetərsizdir. Psixoloqlar bildirir ki, çox şeylərlə uşaqları yaralamaq olmaz. Ancaq gerçəkləri biməlidirlər uşaqlar. İndiki uşaqlar çox duyğusaldırlar. Tez kövrəlib ağlayırlar. Qarabağ məsələsində uşaqlar əslində elə bir şey bilmirlər. Müharibə məsələsindəki dərinlikləri bilmirlər. Onu bilirlər ki Azərbaycanın qonşularından biri də Ermənistandı. Uşaqlar həmən deyirlər, Ermənistan pis qonşudur.

-Sizcə, təhsildə olan əsas problem nədən ibarətdir?

-Məncə, dərsliklərin dilini sadələşdirmək lazımdır. Uşaqların anlayacağı bir dildə yazmaq lazımdır dərslikdəki materialları. Öz uşağımın tarix dərsliyinə baxıram, çox qəlizdir. Mütləq sadələşdirmək lazımdır. İndi xaricə də qapılar açıldı. Müasir dövr başqadır. Xaricə gedib ordan bir şeylər öyrənib gələnlər çalışırlar ki, ölkəyə hansısa xeyir versinlər. Mən təhsilimizin gələcəyinə inanıram. Hər şeyin get – gedə təkmilləşdiyini və inkişafını görürəm.

-Bəs siz, ortaq dərsliklərin yazılmasının tərəfindəsinizmi?

-Əlbəttə, çox istəyirəm. Məncə, biz ədəbiyyatda Puşkini, Qoqolu, Dostoyevskini keçiriksə, Abayı da, Qaspıralını da, Çingiz Aytımatovu da, Oljas Süleymenovu da, Kamal Tahiri də, Bəxtiyar Vahabzadəni də keçməliyik. Bütün sahələrdə ortaq dərsliklərin hazırlanmasının və yeni yetişən fidanlarımızın da bu şüurda böyüməsinin tərəfdarıyam. Bütün türk dilli toplumların aralarındakı fərq sözlərdəki bir hərf qədərdir.

-Yəqin ən azından sizin yetişdirdiyiniz o balacalar, gələcəkdə bu ideyaları reallaşdıracaqlar. Təşəkkür edirəm. Məncə faydalı söhbət oldu.

-Uşaqlarımızın gələcəyinə inanıram mən də. Siz sağ olun ki, müəllimləri unutmursunuz. Onlara da tribuna verirsiniz.

Söhbətləşdi: xanəmir telmanoğlu

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button