AktualSiyasət

Erməni generalın etirafı – ŞOK – “Azərbaycanla münasibətləri tənzimləmək vacibdir”

Movses Akopyan: “Mən də kapitulyasiya sənədinə imza atardım, biz darmadağın olmuşduq”

2020-ci ilin 10 noyabr tarixində Ermənistanın imzaladığı kapitulyasiya sənədinin ardınca Ermənistanda hazırda da mövcud olan revanşist qüvvələr Paşinyan hakimiyyətini xəyanətdə suçlayır və müharibənin davam etdirilməsi tələbini irəli sürürlər. O cümlədən, kapitulyasiya sənədindən imtinanın edilməsi kimi fikirlər də gündəmə çıxarılır. Lakin belələrindən fərqli olaraq, hətta hərbi-siyasi dairələrdə belə, elə şəxslər tapılırlar ki, onlar 2020-ci ilin 10 noyabrında kapitulyasiya sənədinin imzalanmasından başqa çarənin olmadığını bildirirlər.

Habelə qeyd olunur ki, əgər həmin sənəd imzalanmasaydı, bu gün Ermənistanın xəritədəki mövcudluğu sual altında qala bilərdi. Eyni zamanda, əgər indi bu sənəddən imtina edilsə, bu da eyni nəticəni göstərə bilər. Yəni sənədlə bağlı spekulyasiyalara yol verməklə prosesi uzatmaq Ermənistan üçün heç də yaxşı nəticələrə gətirib-çıxarmayacaq.

“Biz 2020-ci ilin noyabrında darmadağın olmuşduq, mən də bu sənədə imza atardım”. SİA xəbər verir ki, bu fikirləri erməni KİV-lərinə Ermənistan silahlı qüvvələrinin sabiq Baş qərargah rəisi, general-polkovnik Movses Akopyan deyib.

Onun sözlərinə görə, düşüncəli insanlar 2020-ci ilin 9 və 10 noyabr tarixlərində yaranmış situasiyanı qiymətləndirə bildilər və həmin sənəd imzalandı: “Biz çox pis yerdə və vəziyyətdə idik, biz belə demək mümkündürsə, darmadağın olmuşduq”.

“Hər kəs anlayır ki, bu sənədə başqa alternativ yox idi… Azərbaycanla münasibətləri tənzimləmək vacibdir”

“Mən düşünürəm ki, sənəd gec imzalanıb. Lakin istənilən halda alternativ yox idi”, deyən erməni general-polkovniki əlavə edib ki, ən azından onun özü cəbhədə necə situasiya yarandığını yaxşı bilir: “Mən davamlı olaraq kuluarlarda bu barədə danışıram. İndi isə canlı efirdə deyə bilərəm ki, əgər mən hakimiyyətdə olsaydım, eynilə həmin sənədi imzalayardım. Bundan əlavə, deməliyəm ki, müxalifət də bu sənəddən imtina etmir. Seçkilər ərəfəsində onlar da hakimiyyətə gələcəyi halda, sənəddən imtina etməyəcəklərini deyirdilər. Çünki hər kəs anlayır ki, bu sənədə başqa alternativ yox idi”.

Akopyana görə, indi bu sənədi dəyişməyin, başqa cür təqdim etməyin mənası yoxdur: “Bu, yeni gərginliyə səbəb ola bilər ki, biz buna təəssüf ki, hazır deyilik. Və bu gün danışıqlar kritik dərəcədə vacibdir. Azərbaycanla münasibətləri tənzimləmək əhəmiyyətlidir. Hər gün bu istiqamətdə işləmək lazımdır”.

Göründüyü kimi, sağlam düşüncə ilə düşünmək və keçmiş səhvlərdən nəticə çıxarmaq insan üçün lazımi bir xüsusiyyətdir. Lakin erməni general-polkovnikindən fərqli olaraq bu günün özündə belə üçtərəfli bəyanata zidd fikirlər bildirənlər, görünür, öz acı aqibətləri barədə düşünmək istəmirlər. Hər halda, onlar Movses Akopyanın fikirlərini dərk edib, sonuncu dəfə düşünməyə məhkumdurlar/sia.az

Rövşən RƏSULOV

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 1 Ortalama: 1]

Back to top button