Müsahibə

Hadi Rəcəbli Hüseynbala Mirələmov barəsində: “Məktəb vaxtı qız dalınca düşməkdən tutmuş…”

Yoldaşlıq elə bir məfhumdur ki, hər adamda istəyərəkdən alınmır. Gərək bu dostluqda hər iki tərəfin qəlbləri, maraqları, ortaq dəyərləri bir olsun. Elə həmsöhbətlərimizin hər ikisinin də bir-birinə qanı məktəb illərindən qaynayıb.Bir yerdə qız dalınca düşməkdən tutmuş gənclərlə dalaşmağa qədər yoldaşlıq ediblər.

Modern.az-ın parta yoldaşlığı layihəsinin budəfəki qonaqları köhnə dostlar – Hadı Rəcəbli və Hüseynbala Mirələmovdur.

Sinif partası arxasından yoldaşlıq edən dostlar taleyin qismətindən sonradan da Milli Məclisin iclas zalında yanaşı əyləşiblər. Parta yoldaşlığının orta məktəb illərindən başladığını deyən Hadı Rəcəbli bu yoldaşlığın sonradan möhkəm dostluğa çevrildiyini söylədi:

“Uşaqlıqdan bir sinifdə oxumuşuq, dostluq etmişik. Məktəb vaxtı qız dalınca düşməkdən tutmuş dalaşmağa qədər bütün sirrlərimiz bir olub.Arada idmanla da məşğul olmuşuq. Hətta 12 yaşında işləyib dərsliklərimizi özümüz almışıq. Bütün həyatımızın ən maraqlı illəri bir yerdə keçib”.

11 illik məktəb partası arxasından başlayan yoldaşlıq taleyin qismətindən Milli Məclisin zalında da davam edib: “Sonradan tale elə gətirdi ki, Milli Məclisdə də yanaşı əyləşdik. Hər ikimiz həmişə deyirik ki, bizə göz dəyməsin. Çünki belə xoş təsadüflər nadir hallarda olur”.

Millət vəkili “yoldaşı” haqqında maraqlı əhvalatı da danışdı:

“Hüseynbala müəllim deputat seçiləndə zarafat edib deyirdik ki, sən de-fakto deputatsan, de-yure deputat deyilsən. Bir dəfə onun məsələsi həll olandan sonra dedi ki, artıq mən də de-yure deputatam”.

H.Rəcəbli Milli Məclisdəki çıxışları zamanı “yoldaşına” müəyyən göstərişlər verdiyini də etiraf etdi. Deputat Milli Məclisdə çıxış edərkən “parta yoldaşına” onu dayandırmaq üçün ətəyini dartmağı tapşırır:

“Bir də görürsən ki, Milli Məclisdə çıxış edirəm. Dayanmaq bilmirəm. Ona deyirəm ki, vaxtım bitəndə mənim ətəyimi dart. O da vaxtın bitməsinə az qalanda ətəyimi dartır ki, vaxtın bitir. Bax, biz belə parta yoldaşıyıq”.

“Parta yoldaşı”dan ağızdolusu razılıq edən Hüseynbala Mirələmov da məktəb partası arxasından başlayan yoldaşlığın Milli Məclisdə də davam etdirilməsini taleyin qisməti hesab edir: “Uşaqlıqdan bir yerdəyik, eyni məktəbdə oxumuşuq, dost olmuşuq. Tale elə gətirdi ki, Milli Məclisdə də “parta yoldaşı” olduq. Həm də onunla oturmayıb kiminlə oturacaqdım!?”.

Daha çox
Back to top button
Close