BannerMaraqlı

Samiraldonu tanıyırsan? Allahverdi Bağırovu tanıyırsan? -SORĞU

Əksəriyyət Samiraldonu tanıyır və bu videoçarx beləcə ictimai tirajlanır, təbliğ olunur. Kimin etməsinin məsələyə dəxli yoxdur. Bu iş görürlər və ya gördürürlər. Niyə? Media sektorunda vəziyyət qəlizdir, o üzdən. İndi milli-mənəviyyat yox, İT, reklam gəlirləri vacibdir. Bu dördüncü hakimiyyətin bu günü, acı reallığıdır, onun milli qanadı qoparılıb.

Əvvəlcə bunu deyim, nə qədər gülməli olsa da indi qısa vaxta yeni media brendləri yaratmaq istəyirlər.

Bir ilə milli-mənəvi dəyərləri, dövlətinin haradan gəlib, hara getdiyini bilən, beş xarici dildə danışan, ciddi xarici və KİV əlaqələri olan, “media peyğəmbərləri” yetişdirmək mümkün deyil. Heç bir nəfər də ola bilməz. Bu bir nəfər üçün azı 20 ilin işidir. O üzdən necə ki, media adamı məmur ola bilməz, eyni cür məmurlar da media adamı yetişdirə bilməz. Bu nəzəriyyə yox, praktika işidir. Gələk bu standartda adamlara. Onlar ölkədə varmı? Var! Qalıb dövlətin onları tapmağı. Bunu da deyim ki, on-on beş belə mediatik sima, bir də informasiya alınacaq yüksək ranqalı dövlət adamı bu layihə üçün yetərlidir. Rusiya, Türkiyənin bu sahədəki praktikasına diqqət etmək yerətlidir.

Məsələn, Rusiya hətta həmin qrupu üzərindən dövlətə gərəkli piarını belə qurur, “oynayır”. Yəni həmin şəxsləri həm də ciddi ictimai xadim edib, xalqa sevdirir və bundan qorxmur. Azərbaycanda bu yoxdur. Şəxsiyyət və sima olanları qurumurlar, əksinə onları “vurur” və ya “vurdururlar”. Bunu həm ölkənin içindən, həm də kənardan edirlər. Eyni münasibət azərbaycandilli ciddi media və onun fərdlərinə də var. Sıradan çıxarıb, neytrallaşdırıblar xeyli peşəkarı. Bəylər nə uçurub, nə qurmaq istədiklərinin fərqində deyillər amma.

Nəticə belədir, nəinki xarici dildə, heç azərbaycan dilində danışanlar da lazımi təsir imkanında deyil ictimai rəyə. Bu intriqa oyunlarından yaranan boşluğu dünya və düşmən yaxşı anlayır. Odur ki, azərbaycan dilində savaşırlar Azərbaycan dövləti ilə. Kütlə və xalqla isə ciddi iş qurublar. Necə?əvvəla sosial şəbəkə qrup, səhifə və kanalları ilə. Sonra,

1. Rusiyaya işləyənlərlə;

2.İrana işləyənlərlə;

3.Qərbə işləyənlərlə;

4.Avropaya işləyənlərlə;

5.Sorosa işləyənlərlə;

6.PKK-ya işləyənlərlə;

7.Erməniyə işləyənlərlə;

8.Dini şovinizmi qızışdıranlarla;

9.Sekta və “xeyriyyəçilərlə” çalışanlarla;

10. Xaricdəki azərbaycandilli siyasi bloqerlərlə;

11.Söyüş bloqerləriylə;

12. Azərbaycandakı küçə mediası ilə.

Sonuncular ölkədən qovulan peşəkarlardan ibarət, xarici media quruluşlarının rəsmi ofislərinin qarşılığında, kənarın formalaşdrdığı təbəqədir (Bəli, o ofislər rəsmi olaraq Azərbaycanın dövlət marağına işləmirdi, amma bütün hallarda peşəkarlardan ibarət heyəti var idi. Dövlətin onlarla bağlı şikayət yönəldəcəyi rəsmi ofisləri mövcud idi. Dünyada tanınan mediatik brendlər idi. Üstəlik orada Azərbaycan maraqlarına çalışan peşəkarların olduğu da istisna deyildi-J.M). Və aralarında demək olar peşəkar jurnalist yoxdur. Küçə və ya xəbərçilik jurnaliatikasını beləcə formalaşdırdıq.

Ən qorxulusu, bunların demək olar hamısına Azərbaycandan və xaricdən maliyə ötürülür. Üstəgəl xarici kanallarda belə Azərbaycan əsillilərin ən nüfuzlularını da artıq götürüblər. Eyni zamanda hətta ödənişli belə, Azərbaycanın milli maraqlarından məqalələri böyük media resuslarında tirajlamağa ciddi qadağalar mövcuddur. Və ya çox çətinliklə, ciddi redaktələrlə çap edirlər həmin yazıları. Bunu birbaşa prosesi bilənlər etiraf edir bəzi hallarda.

Yəni ölkənin media sektorunda vəziyyət çox qəlizdir. Qısa yupka, xarici dil, incə bel, ütülü söz, yaxşı “priçoska”, boş tərif, canım sizə desin, bəzəkli kabinet bu durumu xilas etmir. Milli media palçığa yox, lıqqaya batıb, onu üfürəndə yıxılacaq, qaçacaq, aşacaq, qorxacaq yox, nəhəng biri əl uzadıb çıxarmalıdır. Bunun həmin ələ ancaq və ancaq faydası olacaq.

29.04.2022
Jalə Mütəllimova, azərbaycandilli yazar.

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button